Müəllif: Nigar ƏLİYEVA
Musiqi digər incəsənət növləri kimi həmişə bəşəriyyətin yaşadığı bu və ya digər hadisələri əks etdirib. Bu, yalnız insanın özəl yaşantılarına deyil, həm də tarixi hadisələrə, dönüş anlarına aiddir - onların bütün kədəri və sevinci ilə birlikdə. Bizim milli tariximiz xalqımızın musiqi mədəniyyətində də öz əksini tapıb. Böyük musiqi salnaməçilərinin adları çoxdan Azərbaycan incəsənətinin qürurudur və xalqımızın mədəni xəzinəsinə daxil olub. Bu əzəmətli insanların ənənələrini çağdaş musiqidə bu gün də davam etdirən davamçıları var. Milli musiqi kodunun belə daşıyıcılarından biri də bəstəkar, nəğməkar şairə Aytən İsmixanovadır ki, onun adı çoxdan brendə və keyfiyyət nişanına çevrilib. Bu özünü sübut etmiş peşəkarın yaradıcılıq həyatında indi nələr baş verməsi bizə maraqlı idi.
- Keçən il cürbəcür hadisələrlə zəngin oldu: yerli önəm daşıyandan qlobal əhəmiyyətlilərə qədər. Bəs, sizin yaradıcılıq həyatınızda son vaxtlar nələr baş verdi?
- Bəli, il hadisələrlə zəngin oldu - virus, evə qapanma, işsizlik, savaş, Qələbə! Həm də duyğular - çırpıntılar, göz yaşları, Qələbə sevinci, geri qaytarılmış torpaqların sevinci! Əlbəttə ki, bu, bəstəkarların, şairlərin, müğənnilərin yaradıcılığından yan keçə bilməzdi. Çox sayda yeni mahnılar yarandı. Hər kəs qəhrəman əsgərlərimizin igidliyini vəsf etməyə çalışırdı. Mən çox şadam ki, mənim mahnım - türk şairi Ozan Arifin sözlərinə 22 il əvvəl yazılmış və əfsanəvi "Dəyirman" qrupunun ifa etdiyi "Ya Qarabağ, ya ölüm!" mahnısı müharibənin o dəhşətli günlərində heç kimin tanımadığı bir qız - Azərbaycan Diplomatiya Akademiyasının məzunu Günay Bədəlova tərəfindən geniş auditoriya üçün tamamilə yenidən səsləndirildi. Qız öz kaver ifasını «İnstagram» səhifəsində paylaşdı və biz Günaya bu mahnını yeni aranjemanda yazdırmağı, klip çəkdirməyi təklif etmək qərarına gəldik. "Ya Qarabağ, ya ölüm!" mahnısının iyirmi iki yaşı var, bu mahnının yaşıdları Qarabağda vuruşub, torpaqlarımızı işğalçılardan geri aldı. 22 il əvvəl mahnının ilk versiyasının leytmotivi ağrı - fiziki və mənəvi ağrı idisə, indiki variantda - Qələbəyə ümid və inamdır!
Bu mahnı Azərbaycan leybli «Base»nin yola başladığı ilk layihə oldu. Biz İkinci Qarabağ müharibəsinin çətin günlərində həmrəylik, birlik və vəhdət ruhunu belə ifadə etdik. "Ya Qarabağ, ya ölüm!" bütün nəsillər üçün önəmlidir, ancaq Günayın özü üçün həm də şəxsi səbəblərə görə yaxın oldu. "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin dəstəyi ilə Əlixan Rəcəbovun rəhbərlik etdiyi qrup tərəfindən klipin çəkilişi zamanı Günay üçün doğma olan Zəngilanın azad edilməsi xəbəri gəldi!
Mən həm də sevimli Azərbaycanımız haqqında gözəl və çox istedadlı qız Nazilə Əliyevanın ifasında mahnı yazmışam.
- Biz uzun müddətdir musiqidə qonşuların açıq plagiat nümunələri ilə üz-üzə qalırıq. Yenə də bəstəkara sualımız var: musiqidə plagiata nə ad vermək olar?
- Plagiat başqalarının düşüncələrinin, ideyalarının, əsərlərinin müəllifinə istinad edilmədən köçürülməsi və ya istifadəsidir. Bizim qonşularımızda kiminsə işindən istifadə etməyə və ya mənimsəməyə həvəs olduqca böyükdür. Bu yaxınlarda «YouTube»da bu cür bir oğurluqla qarşılaşdım. Hansısa aşpaz qadın yemək bişirir və bişirmə üsullarından danışır, bunun fonunda isə mənim "Məhəllə" filmi üçün yazdığım musiqi səslənir. Mən dərhal şikayət etdim və blok etdilər. Çox vaxt öz aranjimanları üçün mənim mahnılarımdan sitat götürürlər və mənbəyi göstərmirlər. Bu yolverilməzdir. Qaydaları unutmaq olmaz: başqasının düşüncəsindən, kitabından, məqaləsindən, musiqisindən, şeirindən istifadə edirsinizsə, mütləq onun müəllifinə istinad edilməlidir. İstənilən plagiatla qanun çərçivəsində mübarizə aparılmalıdır.
- Ölkəmiz son 30 ildə iki Qarabağ müharibəsi yaşayıb. Sizcə, baş verənlər musiqi incəsənətimizə necə təsir edib?
- Müharibələr insanların doğmalarını, uşaqlıqlarını və xoşbəxtliklərini, gələcəyə inamlarını əlindən alır, amma musiqi həmişə qalır. Musiqi çətin anlarda insanları ovundurur, onları sakitləşdirir. O, insana hava, su kimi lazımdır. Cəbhədə olanda mahnı oxuyan igid əsgərlərimizin hələ də təsirindən çıxa bilmirəm. Xudayarın səsini hər dəfə eşidəndə ağlayıram. Müharibə dövründə bütün radiostansiyalarda Vətən haqqında, igid əsgərlərimiz haqqında, ölkəmizin gücü və haqq işi haqqında mahnılar yayımlanırdı. Demək olar ki, bütün müğənnilər əsgərlərimizi və bütün xalqımızı mahnıları ilə dəstəkləməyə çalışırdılar, ruhlandırmağa, Qələbəyə inam aşılamağa çalışdılar! Biz musiqiçilərin öz silahımız var - musiqi!
- Azərbaycan torpağı həmişə öz istedadları, vokalçıları, melodistləri ilə tanınıb. Kimisi dərhal tanınıb, bir başqaları isə uzun müddət layiq olduqları uğuru qazana bilməyiblər. Sizin fikrinizcə, gənc və perspektivli ifaçılar arasında televiziya və radioda çox az görünən ifaçılar varmı?
- Bu və ya başqa müğənnini radioda az verir və ya televiziyada az göstərirlərsə - bu, onun öz günahıdır. Bizdə yetərincə istedadlı ifaçılar var, ancaq öz tənbəllikləri bəzən onların yüksəlməsinə, tanınmasına mane olur. Bu gün hər kəsin 20 il əvvəl olduğundan daha çox imkanı var. Rəqəmsal platformalar var ki, müğənnilər öz mahnılarını, instrumentalistlər öz ifalarını yükləyə bilərlər. Daima öz üzərimizdə çalışmalı, yeni imkanlar axtarmalıyıq. Bax, bizm Günayı da geniş kütlə tanımırdı, sıradan bir ali məktəb məzunu idi. Qız sadəcə mahnı oxudu və kaverini öz «İnstagram» səhifəsində paylaşdı, onu gördük və bu mahnını yeni bir aranjimanda yazdırmağa və bunun üçün klip çəkməyə dəvət etməyə qərar verdik. Bundan sonra Günay Bədəlova bu mahnı ilə müxtəlif verilişlərə dəvət olunmağa başladı. Tanınmaq üçün bu da bir seçim deyilmi?
- Siz akademik musiqi yazırsınızmı? Hər halda, klassik konservatoriya təhsilinizi nəzərə alsaq, bu, məntiqli olardı.
- Klassik təhsil, əlbəttə ki, əsasların əsasıdır. Tələbəlik illərində çox əsər yazmışam - fortepiano, skripka və fortepiano, klarnet üçün sonatalar, kvartetlər və s. Azərbaycan Bəstəkarlar İttifaqının plenumlarında öz əsərlərim ilə çıxış etmişəm. Mənim fortepiano prelüdlərimi möhtəşəm pianoçular Fərid və Murad Adıgözəlzadələr uğurla səsləndiriblər. 2012-ci ildə Bakıda keçirilən qadınlar arasında dünya futbol çempionatının bağlanış mərasimində mənim xüsusi olaraq yazdığım əsər səsləndirilmişdi.
- Bizim zamanda dünyanın fərqli yerlərindən olan həmmüəllifləri seçməklə bağlı əlverişli sərbəstlik var. Azərbaycandan kənarda çalışan peşəkarlarla birlikdə işləmək barədə təklif və ya arzular varmı?
- Əlbəttə! ABŞ, Türkiyə, Böyük Britaniya, Rusiyada yaşayan müğənnilərlə birgə yaradıcılıq təklifləri var. Ümid edirəm ki, bizim birgə yaradıcılığımız davam edəcək.
- Gəlin, filosofluq edək. Uşaqlarda və gənclərdə yaxşı musiqi zövqünü necə tərbiyə etmək olar? Ümumiyyətlə, bunu etmək lazımdırmı? Bəlkə, onları sakit buraxaq, heç nəyə yönəltməyək və özlərinə maraqlı olanlarını dinləsinlər?
- Musiqi zövqünü mütləq inkişaf etdirmək gərəkdir. Uşaqlarla müxtəlif cür musiqilər dinlətmək lazımdır. Bu sıraya uşaqlar üçün musiqi yazan məşhur bəstəkarların əsərləri - məsələn, Prokofyevin "Petya və canavar", Çaykovskinin "Şelkunçik", Sent-Sansınn "Heyvanların karnavalı"nın əsərləri, həmçinin başqa gözəl əsərlər daxildir. Klassiklərdən başlamaq lazımdır. Axı, bu musiqi zamanın sınağından keçib, harmoniyası, intonasiyasının nəcibliyi ilə seçilir. Tez-tez yaxşı ifaçıların konsertlərinə getmək, sonra eşidiləni müzakirə etmək lazımdır. Ən müxtəlif musiqi növləri - klassika, caz, fank, rok kimi musiqiləri dinləmək olar, lakin bu istiqamətlərdə böyük xiridar və həvəskar olmağa ehtiyac yoxdur. Uşaq daha sonra ürəyinə yatanını seçməlidir. Məsələn, qızımın musiqi seçimi mənimkindən fərqlidir, amma mən ona hörmət edirəm, tez-tez birlikdə keyfiyyətli musiqi də dinləyirik.
- Son zamanlar ölkəmizin musiqi həyatında təəssürat yaradan, qürur mənbəyinə çevrilən nədir və əksinə?
- Mən daha öncə dedim, indi musiqidə çox sayda müxtəlif istiqamətlər yaranıb, o, daha çox bir günlük, yüngül, dayaz hala gəlib. Ağrılıdır ki, mahnılar birgünlük, sözləri - mənasızdır, ifaçıların isə, demək olar ki, hamısı "haymorit xəstəsi"dir. Həm də kədərlidir ki, oturuşmuş musiqi zövqü və istiqaməti olan müğənnilər də trenddə qalmaq üçün dəbdə olan mahnıları oxumaq məcburiyyətində qalırlar. Bu gün 80-ci illərin üslubunda mahnılara müraciət etmək dəb halına gəlir. Yəni istənilən halda, o illərin mahnıları üçün nostalji var?! 80-ci illərdə breykbit, hip-hop və digər musiqi üslubları: industrial, ekstremal metalın müxtəlif alt janrları – treş, qraynd, «ağır» rəqs musiqisi – texno, haus yaranıb və inkişaf etməyə başlayıb; etiraz pank səhnəsi çox güclü olub, andeqraund kollec-rok mühiti fəaliyyət göstərirdi və s. Birmənalı olaraq, bu mahnıları bu günə qədər xatırlayırlar və sevirlər. Buradan belə nəticə çıxır: musiqini keyfiyyətli, yüz illər üçün yazmaq lazımdır!
- Bəstəkar və aranjimançı Aytən İsmixanovanın yaxın gələcək üçün nə kimi planları var? Bu layihələr hansı ifaçılarla bağlı ola bilər?
- Təəssüf ki, son zamanlar mən çox az mahnı yazıram. Musiqi istiqamətləri və zövqləri çox dəyişib. Bu meyillərə uyğunlaşmaq istəmirəm, çünki bu istiqamətlərin heç də hamısı xoşuma gəlmir. Bu gün əsasən bir-iki aydan sonra unudulan birgünlük mahnılar yaradılır. Hər şey çox sadələşib, musiqi daha çox elektron olub, güclü aranjimançıların sayəsində o, çox «çevik» səslənir, amma olan-qalanı elə budur. Mahnıların sözləri məna yükü daşımağı dayandırıb, onlar ani diqqət çəkmək üçün "oyun daşına" çevrilib. Mən həmişə gözəl harmoniyaya üstünlük vermişəm. Mahnı gözəl, əsrlər boyu yaddaqalan olmalıdır. Məlumat üçün – mən həm də mahnıların sözlərinin müəllifiyəm. Həm də müxtəlif bəstəkarların mahnılarına söz yazmaqla yanaşı, dünya şöhrətli bəstəkar və müğənni Sami Yusufun "Azərbaycan" mahnısının sözlərinin də müəllifiyəm, mahnını o, 2019-cu ilin iyun ayında Bakıda UNESCO-nun Dünya İrsi Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilmiş konsertdə ifa edib. İndi başqa birgə kompozisiya üzərində işləyirik, amma bu barədə ətraflı danışa bilmərəm. Tezliklə siz eşidəcəksiniz və görəcəksiniz.
MƏSLƏHƏT GÖR: