20 Aprel 2024

Şənbə, 06:41

MAKSİMAL YÜKGÖTÜRMƏ QABİLİYYƏTİ

Xəzərdən keçən konteyner yük daşımalarına tələbin artımı fonunda Azərbaycan bərə donanmasını yeniləyir

Müəllif:

15.03.2021

Qlobal iqtisadiyyatın bərpası və pandemiyadan sonrakı dövrdə neftə tələbin və neft qiymətlərinin tədricən sabitləşməsi ilə Xəzər dənizi regionunda quru, konteyner və avtomobil yüklərinin dənizlə daşınmasına ehtiyac artır. İri tranzit layihələri çərçivəsində Azərbaycanın tərəfdaşlarının planları nəzərə alındıqda, yaxın bir neçə ildə Xəzər dənizinin limanları arasında yeni dəmir yolu-bərə marşrutlarının açılması və Çindən malların daşınmasında artım gözlənilir. Bu amillər quru yük gəmilərinə, bərələrə, gəmilərə olan tələbatı artırır ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) bununla bağlı yük donanmasının potensialını tədricən artırır və gəmilərin inşası üçün sifarişlərin çox hissəsini Bakı Gəmiqayırma Zavoduna verir.

  

Tələb artır  

Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizinin (TRACECA) Azərbaycan seqmentində yük daşınmasında 27% azalma ilə başa çatıb. Bu, keçən ilin mart ayının sonundan bu yana neftə tələbi kəskin azalması, həmçinin bölgənin ölkələri arasında sərhədlərarası karantin və sanitariya məhdudiyyətləri üzündən avtomobillə daşımaların kəskin azalması ilə bağlı olub.  

Bununla yanaşı, Avropa-Qafqaz-Asiya dəhlizi ilə tranzit yükdaşımalarında 3,5% artım qeydə alınıb: 7,5 milyon tona və ya bütün yüklərin 21,2%-nə bərabər olub. Tranzit yüklərin böyük hissəsi kombinə edilmiş dəmir yolu və dəniz daşımalarının payına düşüb. Həmçinin, keçən ilin ikinci yarısından başlayaraq konteyner yüklərinin sayı yenidən artmağa başlayıb.

Bu mexanizm Azərbaycan və Qazaxıstan arasında daha səmərəli şəkildə istifadə edilib: qlobal böhran və karantin məhdudiyyətlərinə baxmayaraq, dəmir yolu vaqonlarının və konteynerlərin Aktau-Bakı xətti ilə bərə və fider gəmiləri ilə ştat rejimində ötürülməsini qorumaq mümkün olub. Bundan başqa, Xəzər qonşumuzla razılaşmalara görə, 2021-ci ildə «Beket Ata» fider gəmisi Qazaxıstan və Azərbaycan limanları arasında ayda iki dəfə hərəkət edərək, konteyner daşıyacaq.

Keçən ilin sonunda Azərbaycan, onun Mərkəzi Asiya və Gürcüstandakı tərəfdaşları Çin məhsullarına Türkiyədə və Avropa ölkələrində artan tələbi nəzərə alaraq Çindən gələn konteyner qatarlarının sayını mərhələli şəkildə artırmaq barədə qərar qəbul ediblər. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində konteyner qatarlarının pandemiya zamanı dayandırılmış hərəkəti bərpa edilib.  

Belə ki, keçən ilin sonunda Türkiyədən Çinin ən böyük nəqliyyat habı - Sian şəhərinə 42 ədəd qırxfutluq konteyner daşıyan iki blok qatar (Azərbaycan ərazisindən keçməklə) göndərilib və cəmi 16 günə təyinat yerinə çatıb. Anlaşma əldə edilib ki, ayda iki dəfə müntəzəm hərəkət edəcək konteyner qatarları Türkiyədə istehsal olunan malları Çinə aparacaq. 2021-ci ilin əvvəllərindən bəri Çində konteyner daşınması üçün qiymətlərin nəzərəçarpacaq dərəcədə artmasına baxmayaraq, bu anlaşmaya qaydasınca riayət edilib. 2021-ci ildə Tsindaodan göndərilən 50 konteynerli ilk blok qatar artıq Aktau limanından Bakıya gəlib, buradan da Tbilisi və Türkiyəyə yola salınıb.

Qeyri-neft yüklərinin Xəzər dənizi ilə daşınmasını artırmaq üzrə gələcək planlar, özəlliklə də, COVID-19 pandemiyası üzündən qlobal təchizat zəncirində yaranmış çətinliklər, konteyner çatışmazlığı və Çində dəniz konteyneri ötürmələrinin bahalaşması fonunda yetərincə iddialıdır. Bu problem keçən ilin sonunda ortaya çıxıb, 2021-ci ilin əvvəlində Çin mallarının ABŞ, Avropa, Rusiyaya və digər ölkələrə ixracının kəskin artması, özü də, malların əks istiqamətdə çatdırılmasının azalması fonunda daha da güclənib. Əks istiqamətdə. Bu uyğunsuzluq, həmçinin konteyner gəmilərinin xidmətlərinin bahalaşması və karantin məhdudiyyətləri üzündən logistika zəncirlərinin sıradan çıxması nəticəsində hər konteyner üçün dəniz kirayəsinin qiyməti istiqamətdən asılı olaraq, 1,5-3 min dollardan 5-10 min dollaradək artıb.

Yaranmış şəraitdə ekspeditorlar və iri yükgöndərənlər getdikcə daha çox Trans-Xəzər bərə-dəmir yolu marşrutunun üstünlüklərinə meyil edirlər. Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Beybut Atamkulovun sözlərinə görə, 2025-ci ilədək Xəzər dənizinin Qazaxıstan sektoruna gəmi girişlərinin sayında iki dəfə artım gözlənilir (2020-ci il ərzində - 1283 gəmi girişi olub), həmçinin bu il Rusiyanın Mahaçqala limanı ilə dəmir yolu - bərə xidmətinin açılması planlaşdırılır. Həmçinin yaxın illərdə İranın Xəzəryanı limanları ilə, həm də Türkmənbaşı və «Yeni Bakı» limanları ilə quru və konteyner yüklərin daşınması artacaq.

 

Yeni bərələr

Diqqətəlayiqdir ki, yüklərin dəniz yolu ilə ötürülməsini nəzərdə tutan bütün gerçəkləşdirilən və perspektiv layihələr bütün Xəzəryanı ölkələrin gəmiçilik şirkətlərinin iş həcmini artıracaq, donanmaların quru yük komponentinin yenilənməsini və genişləndirilməsini tələb edir. Bu baxımdan, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi quru yük donanmasını modernləşdirir və yeni gəmilərlə zənginləşdirir. Sözügedən bazar trendi Bakı Gəmiqayırma Zavoduna (Baku Shipyard) da sirayət edib, qurumda bu yaxınlarda iki Ro-Pax tipli bərənin tikintisinin başa çatdığı və digər gəmilərin əsasının qoyulması üçün danışıqlar aparılır.

Martın 1-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Ro-Pax tipli “Akademik Zərifə Əliyeva” bərə-gəmisinin suya buraxılması və oxşar təyinatlı “Azərbaycan” bərə-gəmisinin istismara verilməsi mərasimi keçirilib.

Yeni çoxfunksiyalı Ro-Rax tipli bərələr «Baku Shipyard» tərsanəsinin artıq neçə ildir ki, uğurla əməkdaşlıq etdiyi Odessa Dəniz Mühəndisliyi Bürosunda layihələndirilib. Yük daşıma gücü baxımından «Ro-Pax»lar Xəzərdəki bütün bərələri geridə qoyur, hər bir gəmi 100 sərnişin, 56 sistern vaqonu və ya 50 ağırtonnajlı yük avtomobili (TIR) daşımaq üçün hesablanıb. Beləliklə, «Ro-Pax» gəmiləri minimum dalma ilə maksimum daşıma qabiliyyətinə malikdir, küləkli hava şəraiti üçün tarazlıq sistemi ilə, həmçinin yük lifti və bir vertolyot meydançası ilə təchiz edilib.

Bu gəmilərin tikintisi ASCO-nun sifarişi və əsasən gəlirləri hesabına həyata keçirilib, onların istismarı isə TBNM beynəlxalq nəqliyyat dəhlizinin marşrutları çərçivəsində nəzərdə tutulur.

Diqqətəlayiqdir ki, hazırda Xəzər dənizində Azərbaycan ərazisindən tranzitlə nəqliyyat vasitələrinin və vaqonların daşınmasını 13 bərə və 6 «Ro-Ro» tipli gəmi gerçəkləşdirir. Onların hamısı ASCO-nun donanmasına aiddir və bu gün QSC Xəzərdə yeganə bərə operatorudur.

Qeyd edək ki, yeni gəmilərin inşası və ASCO donanmasının yenilənməsi dövlət başçısının xüsusi nəzarəti altındadır. Bu istiqamətdə atılan addımlar Gəmiçiliyin İnkişafına dair Strateji Plana uyğun olaraq həyata keçirilir. Prezident İ.Əliyev tərəfindən ticari fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, gəlirlərinin artırılması və QSC-nin fəaliyyətindən büdcəyə vergi ödənişləri prosesinin optimallaşdırılması məqsədilə ASCO-nun Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilməsi haqqında sərəncam imzaladıqdan sonra gəmiçilik şirkətinin fəaliyyətinə diqqət daha da artıb.  

Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ardıcıl olaraq regional marşrut layihələrinə inteqrasiya prosesini gücləndirir, yeni marşrutlara yiyələnir. 2013-cü ildən bu yana geniş donanma yeniləmə prosesi gerçəkləşdirən ASCO müxtəlif növ, o cümlədən qeyri-xammalın daşınması üçün də daxil olmaqla, iyirmiyə yaxın yeni gəmi satın alıb.

Planlara görə, QSC 2025-ci ilədək 50-dən çox gəmi satın almağı planlaşdırır və bu sıraya yük və sərnişin gəmiləri, bərələr, tankerlər, katerlər və digər üzən vasitələr daxildir. Özü də, bu gəmilərin əksəriyyəti Azərbaycanda inşa ediləcək və yaxın perspektivdə «Baku Shipyard» tərsanəsinin boş dayanmaq qorxusu yoxdur. Yaxın gələcəkdə tərsanə "Gəncə" tipli təkmilləşdirilmiş layihəli ikinci bir tanker istehsal etməyi planlaşdırır, oxşar xüsusiyyətlərə malik daha iki tanker 2021-ci ildə istismara veriləcək. Təxminən, iki il əvvəl ASCO yeni gəmilərin inşası üçün perspektivli müqavilələr imzalayıb və bu sıraya 100 tonluq yük qaldıran kran gəmilər, 50 tonluq yük qaldıran kran gəmi DP1 və s. daxil olacaq.

Donanmanın yenilənməsi prosesində ASCO Azərbaycanın başqa bir müəssisəsi ilə – Zığ gəmi təmiri və gəmiqayırma zavodu ilə də əməkdaşlıq edir. 2019-cu ildə burada WSB01 (1547) layihəli altı çoxfunksiyalı yedək kateri tikilib. Onlar ASCO-nun «KasmorNIIproekt» institutu və Xəzər Dəniz Mühəndisliyi Bürosu tərəfindən layihələndirilib. Bu katerlər dartı gəmilərini və üzən konstruksiyaları yedəklə çəkmək, yanğınların söndürülməsində iştirak etmək, sənaye personalını dənizdəki stasionar platformalara daşımaq və s. üçün nəzərdə tutulur.  

Statistik göstəricilərdən göründüyü kimi, bu cür infrastruktur layihələrinə qoyulan istənilən sərmayə özünü doğruldur və qoyulan xərclərin çıxarılması üzrə böyük imkanlara malikdir. Azərbaycan məhz bu yatırımlar sayəsində regional nəqliyyat habına çevrilib, Avropa, Mərkəzi Asiya dövlətləri və Çin arasında yüklərin multimodal nəqlini təmin edir.



MƏSLƏHƏT GÖR:

176