19 Aprel 2024

Cümə, 07:13

YENİ PRİORİTETLƏR

İqtisadi Əməkdaşlıq Təşkilatının hədəfi nəqliyyat və ticarət əlaqələrinin inkişaf etdirilməsidir

Müəllif:

15.03.2021

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) martın 4-də videokonfrans formatında sammitini keçirib. Toplantıya sədrliyi həyata keçirən Türkiyə ev sahibliyi edib. Qeyd etmək lazımdır ki, Türkiyənin təşkilata sədrliyi çətin koronavirus pandemiyası dövrünə təsadüf edib. Bütün dünyada karantin tədbirlərinin tətbiqi dövlətlər, o cümlədən İƏT üzvləri arasında ticarət səviyyəsinin xeyli zəifləməsinə səbəb olub. Amma bu cür qeyri-adi dövrdə belə, tərəflər iqtisadi əməkdaşlığa köklənib, bu regional iqtisadi platformanın möhkəmləndirilməsi yolunda ciddi nailiyyətlər qazanıblar.

 

İƏT beynəlxalq siyasət sistemində

1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılmış İƏT bu 3 dövlətin hələ 12 mart 1977-ci ildə yaratdıqları, İzmir Müqaviləsi əsasında fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının hüquqi varisidir. Qurumun yaradılması bu 3 ölkənin regionda iqtisadi əməkdaşlığa impuls vermək, milli təsərrüfatların potensialını artırmaq, xarici ticarət tərəfdaşları ilə rəqabət gücünü artırmaq istəyindən irəli gəlib. Lakin bir neçə ay sonra Pakistanda dövlət çevrilişi olub və hakimiyyətə general Məhəmməd Ziya-ul-Hak gəlib. Bir neçə il sonra isə İran və Türkiyədə də radikal hakimiyyət dəyişiklikləri yaşanıb – İran şahı taxtdan salınıb, Türkiyədə isə bir neçə hakimiyyət devrilib. Nəticədə, təsisçi ölkələrin başı regional əməkdaşlıqdan daha ciddi işlərə qarışıb.

Müqavilə bir də 1985-ci ildə yada düşüb. Həmin il Türkiyə, İran və Pakistan öz iqtisadiyyatlarında islahatlara başladı və bunun üçün onlar arasında əməkdaşlığın zərurəti artdı. Təşkilat hazırkı adını da 1985-ci ildə qazanıb.

Daha 6-7 il sonra İƏT qarşısında yeni üfüqlər açılıb. Sovet qoşunlarının Əfqanıstandan çıxması və Sovet İttifaqının dağılması ilə «İzmir üçlüyü»nün qonşularındakı yeni hökumətlər də təşkilata qoşulmaq qərarına gəliblər. Bu zaman onlar dayanıqlı regional iqtisadi münasibətlər sisteminin qurulmasına, regionda iqtisadi əməyin bölünməsində effektiv iştiraka ümid edirdilər. Beləliklə, 1992-ci il noyabrın 28-də İslamabadda İzmir Müqaviləsinə əlavə və düzəlişlər haqqında protokol qəbul olunub. İƏT Nazirlər Şurasının fövqəladə İslamabad iclasının qərarına əsasən, Mərkəzi Asiya dövlətləri, həmçinin Azərbaycan və Əfqanıstan təşkilata tamhüquqlu üzv qəbul ediliblər.

Yeni üzvlərin qəbulu «köhnələr»ə öz nüfuzlarını postsovet məkanının müsəlman ölkələrinə də yaymaq, eyni zamanda onlarla iqtisadi-ticarət əlaqələri fəallaşdırmaq imkanı yaradıb. Yeni üzvlər isə qonşuları ilə sərbəst şəkildə münasibət qurmaq, onlarla iqtisadi münasibətləri inkişaf etdirmək imkanı qazanıblar. Bu, onlara ixrac potensiallarını tam həcmdə həyata keçirmək imkanı da verib.

 

XXI əsrin əməkdaşlığı

Bu gün İƏT üzvləri Avrasiyanın dinamik inkişaf edən dövlətləridir. Onlar planetin ən nəhəng iqtisadiyyatlarının kəsişməsində yerləşirlər. İƏT qərbdən Avropa İttifaqı, şimaldan Rusiya, şərqdən Çin, cənubdan isə Hindistanla həmsərhəddir. Bu, əlbəttə ki, onlara aşkar üstünlüklər qazandırır, İƏT-ə Aralıq dənizindən Himalay sıra dağlarına, Sibirin cənub hissəsindən Hind okeanınadək böyük bir məkanda vacib kommunikatora çevrilmək imkanı verir.

Bu gün «Şərq-Qərb», «Şimal-Cənub», Lazurit yolu, Qara dəniz-Xəzər dənizi dəhlizi kimi vacib nəqliyyat-kommunikasiya layihələri məhz bu coğrafiyada reallaşdırılır. Son onillikdə bu coğrafiyada min kilometrlərlə dəmir və avtomobil yolları çəkilib, liman təsərrüfatları yenidən qurulub.

Pakistanın baş naziri sammitdəki çıxışı zamanı üzv dövlətlərə inteqrasiya olunmuş nəqliyyat strategiyasının hazırlanmasını təsadüfən təklif etməyib. Onun fikrincə bu, İƏT daxilində ticarətə öz təsirini göstərəcək, eyni zamanda Şərq və Qərbdə, Şimal və Cənubdakı həmsərhəd iqtisadiyyatlar arasında ticarət üçün tranzitə çevrilmək imkanı yaradacaq. Baş nazir İƏT-in İnvestisiya Agentliyinin yaradılmasını, illik investisiya yarmarkalarının təşkilini də təklif edib. Bu yarmarkada üzv dövlətlərə investisiya yatırımına hazır layihələr təqdim olunacaq, qlobal investorlar isə öyrənilməli olan ideyalarla çıxış edə biləcək.

İƏT haqda danışarkən təşkilat daxilində münaqişə potensiallarının mövcudluğu da mütləq qeyd edilməlidir. Lakin xoşbəxtlikdən, 2020-ci ildə iki vacib problemin əhəmiyyətli dərəcədə həlli mümkün olub: Əfqanıstandakı vəziyyətin dinc yolla həlli istiqamətində irəliləyiş əldə olunub, Qarabağ problemi isə həll edilib.

İƏT-in virtual sammitinin açılışında çıxış edən Pakistanın baş naziri İmran Xan bildirib ki, Əfqanıstandakı sülh prosesi təşkilat üzvlərinin iqtisadi inteqrasiyasının möhkəmlənməsi baxımından həlledici əhəmiyyət daşıyır. O, eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndirib, Prezident İlham Əliyevi Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları münasibətilə təbrik edib.

 

Birlikdə islamofobiyaya qarşı

Müsəlman ölkələrini birləşdirən İƏT-in sammitində müasir beynəlxalq siyasətin kifayət qədər ciddi problemlərindən olan islamofobiyadan da yan keçilə bilməzdi. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni dəfələrlə ən yüksək tribunalarda qaldırıb və ona hər dəfə qardaş dövlətlər olan Pakistan və Türkiyə bu məsələdə də dəstək verib. Pakistan və Türkiyənin təşəbbüsü ilə isə martın 15-nin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması təklif edilib. Bu tarixə 10 gün qalmış sammit iştirakçıları bəzi ölkələrdə islamofobiyanın artmasından növbəti dəfə narahatlıqlarını ifadə ediblər. Onlar dünya liderlərini islamın terrorla əlaqələndirilməsinə istənilən cəhdin qarşısını almağa çağırıb, bunun müsəlmanlara qarşı ən böyük haqsızlıq olduğunu bildiriblər.

Sammitdə qeyd edilib ki, COVID-19 böhranı sağlamlıq və iqtisadiyyata vurduğu zərərlə yanaşı, dünyanın müxtəlif bölgələrində dini ayrı-seçkiliyin, ksenofobiya və islamofobiyanın dərinləşməsinə də yol açıb. Bu kontekstdə «söz azadlığı»ndan islamın imicinin korlanması məqsədilə istifadənin qarşısının alınmasına çağırış edilib.

 

İƏT-də Azərbaycanın prioritetləri

Azərbaycan İƏT üzvləri ilə münasibətlərə böyük əhəmiyyət verir. Üzv dövlət başçılarının İƏT Tədqiqat Mərkəzinin Nizamnaməsini qəbul etmələri bunun bariz nümunəsidir – Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdəki çıxışında sülh və sabitliyin təmini üçün əməkdaşlıq imkanlarından, region ölkələrinin bilavasitə yararlana biləcəyi nəqliyyat layihələrinin reallaşdırılmasından danışıb. Onun çıxışını ünvanladığı bütün dövlətlər səsləndirilən fikirlərdən doğru nəticələr çıxarıb, beləliklə, Azərbaycanla gələcək əməkdaşlıq planlarının qurulmasına dair dəqiq ismarıclar alıblar.

İstisna yalnız Ermənistandır. İrəvan nümayəndələri bu dəfə də Bakıya ünvanladıqları cəfəng ittihamlarla hər kəsi təəccübləndiriblər. Məsələn, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib ki, «Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur ərazisindən uydurma dəhliz haqda danışmaqla, Qarabağla bağlı üçtərəfli razılaşmanı pozur».

Bu bəyanatda erməni diplomatiyasının ənənəvi xətti özünü açıq şəkildə göstərir. Söhbət tamamilə aşkar olan faktlara etinasızlıqdan gedir. Belə hala ilk dəfə rast gəlinmir və biz bunu onilliklər boyu görmüşük. Məsələn, erməni tərəfi 25 ildən artıq müddətdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsini də bu cür şərh edib. Bütün bu dövr ərzində İrəvan iddia edib ki, həmin qətnamələrdə Ermənistandan işğalçı qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunmur. Guya həmin sənədlərin məğzi hər kəsin düşündüyündən fərqli imiş – qətnamələri «yuxarıdan aşağı yox, aşağıdan yuxarı oxumaq» lazım imiş. Ermənilər bu fikirlərini əsaslandırmaq üçün bütün bu illər ərzində saysız-hesabsız absurd «dəlillər» gətirirdilər.

Amma istənilən halda, regional əməkdaşlıq qatarı çox irəli gedib. İrəvan istəsə də, istəməsə də, özünü çox tezliklə bu qatara çatdırmalıdır.

İƏT region dövlətlərinin əməkdaşlığı üçün əlavə imkanlar açır. Türkmənistanın sədrliyi ilə bu imkanlar daha da optimallaşacaq. Türkmənistanla Azərbaycanın tərəfdaş kimi çıxış etdikləri iki üçtərəfli əməkdaşlıq formatı isə (Azərbaycan-Türkmənistan-Türkiyə və Azərbaycan-Türkmənistan-Əfqanıstan) bu işə əlavə təkan olacaq.



MƏSLƏHƏT GÖR:

180