20 Aprel 2024

Şənbə, 01:42

İLK BEŞLİKDƏ

Azərbaycan Dövlət Neft Fondu yenidən dünyanın ən şəffaf suveren fondları sırasına daxil olub

Müəllif:

15.03.2021

Azərbaycan Dövlət Neft Fondu yenidən nüfuzlu beynəlxalq reytinqdə dünyanın ən şəffaf suveren fondlarının siyahısına daxil olub və bununla da, neft gəlirlərinin idarə olunması üzrə siyasətin uğurlu olduğunu bir daha sübut edib. Digər tərəfdən bu, Azərbaycanın şəffaflıq siyasətini pisləməyə çalışan, ancaq işğal siyasəti ilə bütün beynəlxalq hüquq və insan hüquqları prinsiplərini pozan Ermənistanın hasilat sənayesinin "uğurları"ndan ağızdolusu danışan bəzi qurumlara yaxşı cavabdır.

Lakin haqq-ədalət, gec də olsa, mütləq qalib gəlir. Qonşular təşviş içində yataqlarımızın istismarı nəticəsində vurduqları zərərin ödənilməsi barədə qərarları gözləyərkən, Azərbaycan sərbəst və şəffaf iqtisadiyyata sahib ölkələr arasında mövqelərini daha da gücləndirəcək.

 

Xarici balans

“İqtisadi sahəyə gəldikdə, burada da yeni dövr artıq göz qabağındadır. Bu, şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisarlara son qoymaq dövrüdür”, - deyən Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda ölkə iqtisadiyyatının indiki mərhələdəki inkişaf modelinin əsas prinsiplərini elan edib. Bütün sahələrdə tam şəffaflıq - hakimiyyətin son illərdə apardığı bütün islahatlar və struktur dəyişiklikləri buna yönəlib. Bunun nəticəsi kimi - bu yaxınlarda «Heritage Foundation» tərəfindən tərtib edilmiş iqtisadi azadlıq reytinqi «Economic Freedom Index 2021»də Azərbaycanın altı pillə qalxaraq 38-ci yeri tutduğu məlum oldu.

Bəlkə də, şəffaflıq sahəsində ən uğurlu fakt kimi haqlı olaraq Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) fəaliyyətini saymaq olar. Artıq 22 ildir ölkədə iqtisadi sabitliyin qorunması ilə yanaşı, ən önəmli sosial proqramların həyata keçirilməsində aparıcı rol oynayan fondun əsas missiyası neft və qaz gəlirlərinin indiki nəsillərlə gələcək nəsillər arasında ədalətli bölüşdürülməsidir. Kənar amillərin, qlobal iqtisadiyyatda və qonşu ölkələrin iqtisadiyyatındakı durumun güclü təsirlərinə baxmayaraq, gəlirlərin konservativ və savadlı idarə edilməsi hesabına ARDNF-in büdcə bəndləri ildən-ilə artır.

Məhz Azərbaycan MDB ölkələri arasında beynəlxalq ehtiyatlarla təmin olunan ölkələrdən biri olaraq, qalır. "Dövlət büdcəsinə transfertlərin artmasına baxmayaraq, 2020-ci ilin nəticələrinə görə, Dövlət Neft Fondunun aktivləri pandemiya fonunda 0,6% artıb", - deyə Rusiya "Qazprombank"ının icmalında vurğulanıb. Fonda yığılmış xarici aktivlərin önəmli həcmi ilə dəstəklənən güclü xarici balans Azərbaycan üçün beynəlxalq agentliklərin dayanıqlı yüksək reytinqlərini təmin edir.

“Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik - istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından. Yəni biz istənilən meyar üzrə qabaqcıl yerlərdəyik və bu sahədə şəffaflığı təmin etdik”, - deyə Prezident İlham Əliyev bu yaxınlarda bildirib.

 

Beynəlxalq etiraf

Ədalət və şəffaflıq bütün bu illərdə ARDNF-in əsas prinsipləri olub, fond suveren fondlar arasında "şəffaflıq hərəkatı"nın pionerlərindən biri olub. Hər il fondun fəaliyyəti müstəqil beynəlxalq auditorlar tərəfindən qiymətləndirilir, bütün müfəssəl hesabatlar, o cümlədən beynəlxalq auditoriyanı da əhatə etməklə baxış üçün açıq məkanda dərc olunur.

Azərbaycan Respublikası Dövlət Neft Fondu hələ 2007-ci ildə BMT-nin “Dövlət xidmətində şəffaflığın, hesabatlılığın və sadiqliyin gücləndirilməsi” kateqoriyasında xalq qarşısında xidmətə görə mükafatına (UN Public Service Award) layiq görülüb. Bu zaman ARDNF Şərqi Avropa və MDB ölkələrinin dövlət strukturları arasında "BMT Dövlət Xidməti Mükafatı" alan ilk qurum olub.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun hesabatları və fəaliyyəti məşhur Santyaqo prinsiplərinə tam uyğundur. Bunlar Beynəlxalq Suveren Fondların İşçi Qrupu tərəfindən qəbul edilmiş 24 prinsipdir və fondların effektiv idarəetmə, hesabat, investisiya fəaliyyəti, ən əsası şəffaflıq çərçivələrini müəyyənləşdirir. ARDNF 2009-cu ildə Santyaqo prinsiplərinin yerinə yetirilməsi sahəsində təcrübə mübadiləsi məqsədilə yaradılmış Beynəlxalq Suveren Fondlar Forumunun fəal üzvüdür. Üstəlik, forumun ilk illik iclası Bakıda keçirilib.

2018-ci ildə ARDNF Suveren Rifah Fondları İnstitutu (SWFI) tərəfindən tərtib edilən reytinqə görə dünyanın ən nüfuzlu investorlarının ilk onluğuna daxil olub. Bu reytinqə 100 təşkilat, o cümlədən iri suveren fondlar, pensiya və xeyriyyə fondları, mərkəzi banklar daxil olub. ARDNF bu reytinqdə 10-cu yeri tutub.

Bununla yanaşı, fond öz "həmkarları" arasında mümkün olan ən yüksək xalı qazanaraq, suveren fondların şəffaflıq dərəcəsini təyin edən məşhur Linaburq-Maduel xalı indeksində ən yüksək yeri tutur.

Bununla belə, Azərbaycanın neft gəlirlərinin idarə edilməsindəki uğurlarının tanınmasına baxmayaraq, Dövlət Neft Fondu bəzi beynəlxalq təşkilatların haqsızlığı ilə də üzləşib. Lakin nəticədə bütün bu mənfiliklər ARDNF-in qlobal səviyyədə növbəti parlaq uğuru ilə dağıdılıb.

 

Sabit şəffaf

Mart ayının əvvəlində nüfuzlu Peterson Dünya İqtisadiyyatı İnstitutu (PIIE, ABŞ) tərəfindən 64 fond üçün tərtib edilmiş reytinq cədvəlində Dövlət Neft Fondunun beşinci yeri tutduğu məlum olub. Hər kateqoriya üzrə mümkün 100 baldan 92 bal, demək olar ki, maksimum bal toplayan ARDNF növbəti dəfə nüfuzlu beynəlxalq hesabatda dünya suveren fondlarının zirvə siyahısına daxil oldu (kateqoriyalar sırasında qlobal suveren fondlarının vəsaitlərinin idarəsi, idarəetmə, dayanıqlılıq, şəffaflıq və hesabatlılıq kateqoriyaları, habelə Santyaqo prinsiplərinin tətbiqi yer alır).

Məlumat üçün qeyd edək ki, beynəlxalq iqtisadiyyatın öyrənilməsi üzrə ixtisaslaşmış özəl qeyri-kommersiya təşkilatı olan PIIE öz adını məşhur amerikalı iqtisadçı, siyasətçi, iş adamı, milyarder Peter Corc Petersonun şərəfinə alıb. Birləşmiş Ştatların 1 saylı analitika mərkəzi olan institut 2020-ci ildə ABŞ-ın ən yaxşı universiteti seçilib, o həm də 2020-ci il üçün dünya beyin mərkəzləri reytinqində 9-cu sırada yer alıb. Onun tədqiqat sahələri sırasına qlobal makroiqtisadi problemlər, beynəlxalq maliyyə, energetika mövzuları və s. daxildir.  

Bir sözlə, PIIE-nin qiymətləndirmələrinin nüfuzu və beynəlxalq səviyyədə tanınması danılmazdır, yəni ARDNF bu uğuru yetərincə obyektiv qazanıb.  

“Dövlət Neft Fondunun fəaliyyəti çox şəffafdır. Gəlir və xərcləri barədə məlumatlar vaxtaşırı ictimaiyyətin diqqətinə çatdırılır. Fondun xərcləri parlament tərəfindən təsdiqlənir. Hökumətin təklifi ilə büdcənin təsdiqlənməsi zamanı Milli Məclis transfertlərin miqdarını da müəyyənləşdirir. Yəni maksimum şəffaflıq mövcud imkanlardan səmərəli istifadə etməyimizə imkan verir. Bu gün Azərbaycan şəffaflığa görə yüksək beynəlxalq qiymətlərə layiq görülən ölkələr sırasındadır”, - deyə Prezident İlham Əliyev daha öncə bildirib.

 

İkili standartlara rəğmən

Dünya reytinqlərində lider mövqeləri qorumaq yetərincə çətin məsələdir. Şəffaflıq prinsiplərinə necə əməl edilməsinə baxmayaraq, hələ ki, heç kim ikili standartları ləğv etməyib. Azərbaycan da bir vaxtlar Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (EITI) oxşar yanaşması ilə qarşılaşmışdı. Yada salaq ki, Azərbaycan hökuməti bu təşəbbüsə ilk dəfə 2003-cü ildə qoşulmuşdu. Artıq 2004-cü ildə yerli və xarici şirkətlərlə, eləcə də Vətəndaş Cəmiyyəti Təşkilatları Koalisiyası ilə neft-qaz şirkətləri tərəfindən əldə olunan vəsaitlərin və dövlətin hasilat sənayesindən əldə etdiyi gəlirlərinin şəffaflığı ilə bağlı Anlaşma Memorandumu imzalanmışdı. Bu Təşəbbüs çərçivəsində 2003-cü ildən bəri Azərbaycan 20-dən çox hesabat dərc edib, bu sahədə təcrübəsini dəfələrlə başqa ölkələrlə bölüşüb.

Ancaq... Təşəbbüs birdən-birə Azərbaycan daxil olmaqla bir sıra ölkələrə qarşı hasilat sənayesində şəffaflıqla heç bir əlaqəsi olmayan iddialar irəli sürməyə başladı. “Biz uzun illər bu təşkilat çərçivəsində fəaliyyət göstərdik. Ancaq gördükdə ki, mənasını itirir, siyasiləşmə prosesləri gedir və Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli yanaşma tətbiq olunur, biz məsələ qaldırdıq ki, buna son qoyulmasa, Azərbaycan bu təşkilatı tərk edəcək… Həyat necə doğru addım atıldığını göstərdi. Bizdən bir müddət sonra ABŞ da bu təşəbbüsdən çıxdı. Beləliklə, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü adlanan qurum etibarlılığını tamamilə itirdi və bu gün heç bir yerdə xatırlanmır”, - deyə bununla bağlı Prezident İ.Əliyev bildirib.

Ən maraqlısı budur ki, siyasi sahədə, o cümlədən insan haqları sahəsində Azərbaycana əsassız iddialar irəli sürməyə başlayan bu təşkilat sonradan Ermənistanı ən yüksək "qənaətbəxş tərəqqi" reytinqinə layiq görüb və Təşəbbüsün rəsmi saytında, Ermənistan "sürətlə böyük şəffaflığa doğru irəliləyən" ölkə olaraq göstərilir. Bu qiymət o Ermənistana verilib ki, 30 il ərzində bir milyondan çox azərbaycanlının hüquqlarını ən qəddar formada və vəhşicəsinə pozaraq, onları Qarabağdakı daimi yaşayış yerlərini tərk etməyə məcbur edib. Həmin Ermənistana ki, vəhşicəsinə işğal etdiyi ərazilərdə qızıl yataqlarında və başqa yataqlarda hasilat işləri aparmaq üçün utanmadan investorlar cəlb edib.

Budur «şəffaflıq», budur «tərəqqi»? Əgər təşkilatın standartları bu cür açıq-aşkar ədalətsizliyi və qanunsuzluğu qəbul etməyə və hətta təşviq etməyə imkan verirsə, onda doğrudan da Azərbaycanın orada yeri yoxdur.

Müstəqillik illərində, Qarabağ uğrunda mübarizə illərində Azərbaycan özünə qarşı bir sıra beynəlxalq təşkilatlar tərəfindən ikili standartlara və haqsız rəftara alışıb. Haqsızlıqla barışmaq çətindir, ən yaxşısı onunla hüquq dilində mübarizə aparmaqdır. Qarabağda müzəffər müharibə Azərbaycanın tarixi və siyasi ədalətini bərpa etdi. Ermənistan və onun cəlb etdiyi "investorlar" tərəfindən ərazilərimizin və mineral ehtiyatlarımızın qanunsuz istismarı nəticəsində dəymiş iqtisadi zərərin ödənilməsi üçün beynəlxalq məhkəmələrdə qazanılacaq qələbələr isə iqtisadi ədaləti bərpa edəcək.

Təşəbbüs və şəffaflığa gəldikdə isə... Göründüyü kimi, Azərbaycan bu təşkilata üzvlükdən imtina etməklə heç nə itirməyib. Əksinə, qazandığımız uğurlar daha nüfuzlu səviyyələrdə tanınır. Bunun davamı isə mütləq olacaq.



MƏSLƏHƏT GÖR:

182