25 Aprel 2024

Cümə axşamı, 00:00

“QEYRİ-KAFİ” ÇIXIŞ

Güləşimiz “karantindən çıxa bilmir”

Müəllif:

01.04.2021

Macarıstanın paytaxtı Budapeştdə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turniri keçirilib. Təəssüf ki, bu dəfə Avropa Təsnifat turnirində ölkəmizi təmsil edən güləşçilərimizin çıxışını qənaətbəxş adlandırmaq olmaz. Budapeştə 16 güləşçiylə səfərə çıxan millimiz Bakıya cəmi 3 lisenziya ilə qayıdıb. İki il öncə baş tutan dünya çempionatındakı uğursuzluqdan sonra əsas ümid lisenziya xarakterli turnirlərə yönəlmişdi. Lakin Macarıstanda güləşimizin gerilədiyini izlədik.

 

Sərbəst güləş: maksimum nəticə alınmadı

Pandemiya dövründə baş məşqçi Namiq Abdullayevə tapşırılan sərbəst güləşçilərimiz Avropa təsnifat turnirində layiqli çıxış etməyi bacarmadı. Daha doğrusu, maksimum nəticə göstərmədi. Budapeştdə Tokio Olimpiadasına lisenziya qazanmaq üçün idmançılar mütləq finala qədər irəliləməli idi. Bu mənada ilk olaraq 86 kq-da çıxış edən Abubakr Abakarov sıradan çıxdı. Dörddə bir finalda uduzan təmsilçimiz turnirlə erkən vidalaşdı. Daha bir güləşçimiz 57 kq-da yarışan İslam Bazarqanov yarımfinalda məğlubiyyət acısı yaşadı. Ağır çəkili Cəmaləddin Maqomedov da 125 kq-da uduzaraq lisenziyasız qaldı.

Sərbəst güləşçilərdən yalnız Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) əsas hədəfə nail oldu. Üçqat dünya və Avropa çempionu olan Hacı Əliyev o qədər də formada olmamasına baxmayaraq, finala qədər irəlilədi. Finala vəsiqə qazanması artıq Hacının Tokio Olimpiadasına vəsiqə qazanması demək idi. Güləşdə lisenziyaların idmançıya deyil, ölkəyə verilməsinə baxmayaraq Tokioya 65 kq-da ölkəmizin adından məhz Hacı Əliyevin yollanacağı gözlənilir. Bu mənada lisenziya qazanan idmançımız qarşıdakı aylarda yalnız hazırlıqla məşğul olmalıdır. Əks halda titullu idmançımızın Yaponiyaya səfəri turistik xarakter daşıyacaq.   

74 kq-dakı güləşçimiz Hacımurad Hacıyev yalnız müsbət fikirlərə layiqdir. Qısa müddətdə ustalığını artıran idmançı Macarıstanda lisenziya qazandı və demək olar, millidə əsas heyət üzvü kimi özünü təsdiqlədi. Sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş, İslam Bazarqanov (57 kq), Cəmaləddin Məhəmmədov (125 kq) isə yarışı bürünc medalla başa vurub.

 

Zərif cinsin zəif mübarizəsi

Səfərə liderlərsiz yollanan qadın güləşçilərdən ibarət yığmamız Macarıstanda sevinmədi. Zərif cinsin nümayəndələrinin yekun nəticəsi cəmi bir bürünc medal oldu. 62 kq-dakı təmsilçimiz Tatyana Omelçenkonun üçüncü yeri tutması qənaətbəxş nəticə sayıla bilməz. Azərbaycanı turnirdə təmsil edən beş qadın güləşçidən heç biri Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib. Bütün görüşlərdə rəqiblərindən zəif mübarizə sərgiləyən xanım idmançılarımız məşqçilərin və güləş həvəskarlarının ümidini puç etdi. Belə davam edəcəyi halda Tokioda qadın güləşində yeganə təmsilçimiz titullu Mariya Stadnik olacaq.

 

Yeganə qızıl

Budapeştdə son olaraq yunan-Roma güləşçiləri mübarizəyə qoşuldu. Altı idmançımızdan beşi yarışda iştirak etdi. Ağır çəkidə çıxış edən Beka Kandelakinin zədə səbəbindən turnirdə iştirakı mümkün olmadı. Digərləri arasında yalnız İslam Abbasovun (87 kq) nəticəsi sevindiricidir. Abbasov həm turnirin qalibi oldu, həm də Tokio Olimpiadasına lisenziya qazandı. Yarışda özünə rəqib tanımayan, finalda mübarizəsiz qalib elan olunan (rəqibi finaldan imtina etdi) İslam Abbasov lisenziyaya layiq mübarizə nümayiş etdirdi. Amma bu mübarizəylə Yaponiyada mükafatçılar sırasına düşmək mümkün olmayacaq. Budapeştdən fərqli olaraq, Tokioya planetin ən güclü güləşçiləri toplaşacaq. Ona görə olimpiadaya xüsusi proqramla hazırlaşmaq mütləqdir.

 

İslahatlar qaçılmazdır

Beləliklə, səfərə ümumi 16 güləşçiylə yollanan milli komandalarımızda yalnız 3 pəhləvan lisenziya qazandı. Digərlərinin yarışa hazır olmadığı məlum oldu. Zəif nəticəni pandemiya və karantin qaydalarıyla əsaslandırmaq doğru deyil. Hazırda təkcə ölkəmiz deyil, bütün dünya karantindədir. Koronavirus bütün ölkələrdə həyatı çətinləşdirib. Azərbaycan güləşinin gerilədiyi dəqiqdir. Sərbəst güləşdə baş məşqçi Namiq Abdullayev, yunan-Romada söz sahibi Aleksandr Tarakanov, qadın yığmasının çalışdırıcısı Aslan Ağayev real vəziyyəti düzgün qiymətləndirməlidir. Məşqçilər federasiyadan gələn təklifi qəbul edəndə Tokio Olimpiadasına az vaxt qaldığından xəbərdar idi. Ona görə vəziyyəti dəyişdirməyə çalışmalıdırlar. Budapeştdə Avropa təsnifat turnirində lisenziya qazana bilməyən komanda Yaponiyada medala iddialı ola bilməz. Güləş hər zaman Azərbaycanın fəxri sayılan idman növü olub. Bütün olimpiadalardan ölkəyə medal gətirən yeganə idman növündə təcili islahatlara ehtiyac var.

Digər problem heyətdə çoxlu sayda milliləşdirilmiş legionerlərin olmasıdır. Budapeştə yollanan 16 pəhləvandan 11-i milliləşdirilmiş idmançılar sayılır. Bütün dünyada rast gəlinən milliləşdirməyə qarşı çıxmırıq. Sadəcə, əgər milliləşdirilmiş güləşçi təsnifat turnirində ikinci görüşdə uduzursa, onun olimpiadaya aparılması artıq xərcdir.

 

Son şans

Hazırda Azərbaycan güləşçilərinin ümumilikdə beş lisenziyası var. Hacı Əliyev, Hacımurad Hacıyev, Cəmaləddin Məhəmmədovdan əvvəl Mariya Stadniklə Şərif Şərifov Tokioya vəsiqə qazanıb. İdmançılarımız üçün son şans 6-9 mayda Bolqarıstanda keçiriləcək dünya təsnifat yarışı olacaq. Macarıstanda yalnız Avropadan güləşçilər olduğu halda Sofiyada bütün dünyanın lisenziya qazana bilməyən pəhləvanları yarışacaq. Deməli, işimiz daha çətin olacaq. Bununla belə, Bolqarıstanda lisenziya sayımızı artırmağa borcluyuq. 

Sonda 2016-cı ildə Braziliyada təşkil olunan olimpiadanı xatırlatmaq istərdik. Rioda ölkəmizi 14 güləşçi təmsil edib. Tokioda pəhləvanlarımızın sayının az olacağı artıq dəqiqdir. Rioda güləşçilərimiz 3 gümüş və 6 bürünc medal qazanıb. Rəqəmləri xatırlayaraq düşünməyə dəyər.



MƏSLƏHƏT GÖR:

181