19 Dekabr 2024

Cümə axşamı, 21:05

AZARKEŞLƏRƏ YAŞIL İŞIQ

UEFA əsas tələbini açıqladı: Bakıdakı oyunlara azarkeşlər buraxılacaqmı?

Müəllif:

01.04.2021

Ötən il pandemiyaya görə təxirə salınan futbol üzrə Avropa çempionatı 11 iyun-11 iyul tarixlərində baş tutmalıdır. Qitə çempionatının 60 yaşı münasibətilə Avropa Futbol Qurumu – UEFA turniri 12 şəhərdə keçirmək barədə qərar qəbul edib. Amma dünyanı cənginə alan koronavirus pandemiyası qitənin ən böyük futbol bayramının təşkilinə problem yaradır.

 

12 şəhər planı və problem

Çempionatın oyunlarının Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Amsterdam (Niderland), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Dublin (İrlandiya) və London (İngiltərə) şəhərlərində təşkili nəzərdə tutulub. Təqvimə əsasən Azərbaycanın ən böyük arenası Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

İlk növbədə, problem Avropada əksər ölkələrin hava məkanının bağlı olmasıdır. Lakin bu UEFA üçün ciddi problem deyil. Onsuz da, iştirakçı komandalar səfərlərini xüsusi çarter reysləriylə həyata keçirir. Hava məkanının bağlı olması yalnız xarici azarkeşlərə əngəl olur. Buna görə də Avro-2020 matçlarının stadiondan yalnız yerli azarkeşlər tərəfindən izləniləcəyi gözlənilir.

UEFA prezidenti Aleksander Çeferin AVRO-2020-nin oyunlarının azarkeşlərlə keçiriləcəyini təsdiqləyib. 54 yaşlı funksioner bu barədə "Sky Sports" nəşrinə açıqlamasında deyib və təşkilatçı şəhərlərə əsas şərti açıqlayıb.  O bildirib ki, yarışın təşkili ilə bağlı bir neçə ssenari mövcuddur: "İdeal ssenariyə əsasən, Avropa çempionatını 12 şəhərdə keçirəcəyik. Amma bu, mümkün deyilsə, yarış 10 və ya 11 şəhərdə təşkil olunacaq. Bu, bir və ya bir neçə şəhərin tələb olunan şərtlərə cavab verməyəcəyi təqdirdə gerçəkləşəcək. Yeganə təminatımız odur ki, Avro-2020-nin istənilən matçı boş stadionda keçirilmə ehtimalı istisnadır. Hər bir şəhər fanatların tribunaya buraxılmasını təmin etməlidir".

Sloveniyalı funksioner 12 şəhərdən hansınısa ev sahibliyindən məhrum etmə niyyətində olduğuna dair xəbərləri təkzib edib. O, bildirib ki, şəhərlər üçün stadionlarda azarkeşlərlə bağlı son müddət 7 aprelədəkdir. Yekun qərar isə aprelin 20-də veriləcək.

 

İlk qaranquşlar

UEFA prezidentinin sözündən aydın olur ki, iştirakçı ölkələr mütləq şəkildə azarkeşlərin stadionlara buraxılmasına icazə verməlidir. Əks halda onlardan təşkilatçılıq hüququ alına bilər. İştirakçı ölkələr arasında ən çevik reaksiya göstərən Böyük Britaniya oldu. Krallıq bu il futbol üzrə Avropa çempionatının bütün oyunlarını öz ərazisində keçirməyə hazır olduğunu bəyan etdi. "Sunday Times" nəşrinin yaydığı məlumata əsasən krallıq xüsusi təkliflə UEFA-ya müraciət edib. İngilislər azarkeşlərin mayın sonlarınadək stadionlara dönüşü üzrə plan hazırlayıb. Britaniya rəhbərliyi qayıdışın qitənin bir çox ölkəsindən tez mümkünlüyünü açıqlayıb. Təqvimə əsasən, Londondakı "Uembli" stadionu yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi etməlidir. Lakin hökumətdəki mənbələr daha çox matç keçirmə imkanı olacağı təqdirdə, razılıq verəcəklərini söyləyiblər.

Böyük Britaniyadan sonra qonşu Rusiya UEFA-ya müraciət edərək stadionlara azarkeşlərin buraxılmasını dəstəkləyib və buna hazır olduğunu açıqlayıb. Mümkün fors major vəziyyətində Rusiya hətta Avro-2020-nin bütün oyunlarını keçirməyə qadir olduğunu rəsmi şəkildə bildirib.

 

Üç variant

UEFA azarkeşlərlə bağlı məsələni üç variantda həll etməyi düşünür. Hava məkanı işləyəcəyi təqdirdə bir qisim azarkeşlərin oyunların keçiriləcəyi şəhərlərə səfər etməsinə şərait yaradılacaq. Hava məkanı işləməyəcəyi təqdirdə matçlara yalnız yerli azarkeşlər buraxılacaq. Bu halda oyunlara stadionun tutumunun 30-50%-i qədər azarkeşin buraxılacağı gözlənilir.

UEFA Avro-2020-nin oyunlarını izləmək istəyən azarkeşlərdən COVID-19 pasportları və antikor sertifikatlarının tələb olunma ehtimalını gizlətmir. Turnirin Rusiya hissəsinin Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin  bildirib ki, hazırda UEFA fanatlarla bağlı bütün mümkün variantları nəzərdən keçirir: "Burada bir çox suallar var. Xəstələnsəm və ya vaksin olunsam, necə olacaq? Hər şey təşkilatçı şəhərlərlə razılaşdıqdan və azarkeş sayı dəqiqləşdikdən sonra müəyyənləşəcək. COVID-19 pasportları və antikor sertifikatları yoxlanıla bilər. Ölkələrdəki vəziyyətin necə olacağını bilmirik. Bizim üçün ən vacib məsələ əcnəbi azarkeşlərin maksimum sayı və qəbuluna dair razılığa gəlməkdir".

Daha əvvəl UEFA bilet sahibləri üçün xüsusi izahat dərc edib. Həmin açıqlamada bildirilir ki, stadionlarda yerlər ixtisara salındıqda və ya tribunalar tam qapadıldıqda UEFA biletlərin tam məbləğini azarkeşlərə qaytaracaq. Bilet sahibləri isə stadionlarda qəbul olunmuş sanitar normalarına və təşkilatçı ölkənin müəyyənləşdirdiyi normalara riayət etməlidirlər. UEFA azarkeşlərin tribunalara buraxılma formatı barədə qərarı aprelin 7-də açıqlayacaq. Bu tarixə qədər təşkilatçı şəhərlər son qərarını açıqlamalıdır.

 

Bakının reaksiyası necədir?

Məsələni araşdırmaq üçün, ilk növbədə, Bakı Olimpiya Stadionuna müraciət etdik. Arenadan stadionun Avropa Çempionatına tam hazır olduğu bildirildi. Azarkeşlərin məsələsinə gəlincə, bu sualın onlara aid olmadığı deyildi.

Avro-2020-nin Bakı üzrə Təşkilat Komitəsindən mötəbər yarışa tam hazır olduqlarını söylədilər. Təşkilatçılıqla bağlı bəzi məsələlərin UEFA və Nazirlər Kabineti yanında Operativ Qərargahla məsləhətləşdiriləcəyi vurğulandı. Hazırda Azərbaycanda karantin müddəti iyunun 1-dək artırılıb. Bu mənada Avro-2020 zamanı hansı qərarın qüvvədə olacağı məlum deyil.

Xatırladaq ki, iyunda Bakıda Formula-1 üzrə Azərbaycan Qran-Prisi baş tutacaq. Yarışın azarkeşlərsiz və məhdud sayda jurnalistin iştirakıyla keçiriləcəyi təsdiqlənib. İstisna hal kimi futbol üzrə Avropa Çempionatının oyunları zamanı azarkeşlərin iştirakına icazə verilə bilər. Əks halda UEFA-dan oyunların azarkeşsiz təşkilinə icazə almaq çətin olacaq.



MƏSLƏHƏT GÖR:

224