Müəllif: Salatın MİRZƏYEVA
Elvin Xoca Qəniyev Azərbaycanın əməkdar artistidir, solo skripkaçı, dünyanın məşhur orkestrləri və aparıcı dirijorları ilə birgə çıxış edən virtuozdur. Onun repertuarına virtuoz və solo skripka əsərləri, skripka və orkestr üçün konsertlər, skripka və fortepiano üçün sonatalar daxildir.
...2003-cü il. 6 yaşlı bir uşaq səhnədə öz skripkası ilə tamaşaçılar qarşısında dayanmışdı və onun hər hərəkətini maraqla izləyirdilər. Səhnədə onun yanında isə boy-buxunlu görkəmdə babası - Azərbaycanın xalq artisti, Türkiyənin Bilkent Universitetinin professoru Sərvər Qəniyev dayanmışdı. Bunlar onun böyük səhnəyə ilk addımları idi. Gur alqışlar, tamaşaçı sevgisi. Üç il sonra, 2006-cı ildə Elvin Qəniyev babası və Bilkənt Orkestri ilə birlikdə Türkiyədə Vivaldinin konsertini ifa edir.
Elvin musiqiçi ailəsində anadan olub. Artıq üç yaşından «dirijorluq» etməyə başlayıb – onun ilk dirijor çubuğu sevimli karandaşları olub. Çünki valideynlərinin, babasının və əmisinin evdə məşqləri bu formatda keçirilirdi. 8 yaşında Moskvada keçirilən "Klassik irs" müsabiqəsində birinci yer tutan Elvin Xoca Qəniyev yüksək texnikası və ifaçılıq ustalığı ilə yüksək musiqi biliyi nümayiş etdirir. Yaradıcılığı boyunca onu izləyici rəğbəti və hörməti müşayiət edir. Dünyanın hər yerində - ABŞ, İsveçrə, Rusiya, Fransa, İspaniya, Almaniya, Çin, İngiltərə və digər ölkələrdə keçirilən müsabiqələr, festivallar, konsertlər ona başqa ifaçıların musiqiləri ilə tanış olmaq və öz musiqiləri haqqında danışmaq imkanı verir.
İstanbul Musiqi Festivalının nəticələrinə görə, “2020-ci ilin ən yaxşı gənc musiqiçisi” olmuş Elvin Qəniyev öz yolunu klassik musiqi dünyasına salıb. Bu yol, şübhəsiz ki, onu zirvələrə – dünyada tanınmağa aparacaq. Azərbaycan və Türkiyənin gənc musiqiçisi necə yaşayır?
- Sizin iki soyadınız var...
- Çoxları təəccüblənir və məndən bu barədə soruşurlar. Halbuki, cavab çox sadədir. Atamın soyadı Xoca, anamınkı isə Qəniyevadır (gülümsəyir). Çox sevdiyim babam, görkəmli skripkaçı, Azərbaycanın xalq artisti Sərvər Qəniyevin şərəfinə iki soyadı birləşdirib özümü bu şəkildə təqdim etməyə qərar verdim - Elvin Xoca Qəniyev.
- Alman dirijor Sercu Çelibidake düşünürdü ki, qiyabi ifa edilən musiqi heç də musiqi deyil. Bununla yanaşı, pandemiya zamanı sizin bir çox çıxışlarınız, hətta beynəlxalq musiqi yarışmalarında iştirakınız onlayn rejimdə baş verib. Bu cür çıxış formatı sizin üçün məqbuldurmu?
- Düşünürəm ki, musiqisiz, ümumiyyətlə, həyat yoxdur. Bu da pandemiya dövrünü ötürməyimizə kömək edir. Axı, əgər musiqiçi, yaradıcı insan musiqi ilə məşğul olmursa, formasını itirir, alışdığı duyğuları itirir. Musiqiçinin formasını itirməsi çox pisdir. İndi heç bir konsert yoxdur, hər yer bağlanıb və deməliyəm ki, professorlardan onlayn dərs almaq, təhsili davam etdirmək, yeni əsərlər üzərində işləmək fürsətinə sağ ol düşür - əlbəttə ki, öz ifanı toplumla onlayn olaraq bölüşməlisən.
- Siz tamaşaçılardan ən çox səs toplayaraq, beynəlxalq Yaşa Xeyfets skripka müsabiqəsinin ikinci turuna keçmisiniz. Toplumun bu qədər sevgisini nə ilə izah edirsiniz?
- İlk konsertim mənim 6 yaşımda olub. O vaxtdan bəri səhnəni, tamaşaçıları, alqışları çox sevirəm. Müsabiqə mənim üçün, ilk növbədə, bir konsertdir, imtahan deyil. Konsertlərdə çıxış edərkən mən həmişə hisslərimdə səmimi oluram və dinləməyə gələn insanlar üçün ürəkdən ifa edirəm. Fürsətdən istifadə edərək bu müsabiqədə məni dəstəkləyən hər kəsə təşəkkür edirəm.
- Qarşıda yeni bir müsabiqə "George Enescu Festival" gəlir. Nə ifa edəcəksiniz?
- İlk öncə bildirmək istərdim ki, Corc Enesku adına müsabiqə nüfuzlu, genişmiqyaslı və çətin bir yarışma olduğu üçün finala və yarımfinala hazırlaşmaq çox ciddi keçir. Müsabiqə üçün çox müraciət var idi, ancaq yalnız 80 nəfər birinci turu keçə bildi. İkinci turda 17 nəfər qaldıq. Mən də daxil olmaqla yalnız 8 iştirakçı finalla birlikdə mayda keçiriləcək yarımfinala çıxdı. Hər bir müsabiqədə təşkilatçılar tərəfindən hazırlanmış xüsusi bir proqram olur. Bu müsabiqədə yarımfinalda kamera musiqisinin səsləndirilməsi planlaşdırılır və final orkestrlə olacaq. Professor Kriştof Venqjin mənə müsabiqəyə hazırlaşmaqda kömək edir.
- Berlində keçirilən ikinci beynəlxalq müsabiqədə siz qızıl medal qazandınız. Sizin qələbənizi Türkiyədə necə qarşıladılar? Bütünlükdə, bizim üçün qardaş ölkədə sizin yaradıcılığınızı necə qiymətləndirirlər?
- Berlində Azərbaycan və Türkiyəni təmsil edərək qızıl medal qazandım. Əlbəttə ki, həm Azərbaycanda, həm də Türkiyədə bu qələbəyə çox sevindilər. Mən Ankarada anadan olmuşam və Ankaradakı Bilkənt Universitetinin yanında musiqi məktəbini bitirmişəm, buna görə, əlbəttə ki, Türkiyədə uğurlarımı böyük sevinclə qəbul edirlər. Keçən il də İstanbul Musiqi Festivalından "Ən yaxşı gənc musiqiçi 2020" kateqoriyasında mükafat aldım.
- Türkiyədə yaşamağınıza baxmayaraq, Azərbaycan musiqiçiləri və dirijorları Fuad İbrahimovla, Rauf Abdullayevlə sıx əməkdaşlıq edirsiniz. Hansı Azərbaycan musiqisini daha çox ifa etməyi sevirsiniz?
- Son altı ildə mən daimi olaraq Avropada yaşayıram. Dörd illik bakalavriatı İsveçrədə, iki illik magistraturanı Almaniyada keçirdim. İndi mən magistraturanın ikinci ilindəyəm, pandemiya üzündən gələn ilə qədər uzadılması lazım gələcək. Gələcəkdə solist-usta kimi ikinci magistraturanı keçməyi düşünürəm və inşallah sonralar doktorantura təhsilimi başa çatdıra bilərəm. Hələ ki, öyrənməliyəm. Fuad İbrahimovla biz o hələ Kölndə oxuyarkən Almaniyada tanış olduq, mən onda öz professorum Zaxar Bronun dərslərinə gəlirdim. Onda cəmi doqquz yaşım var idi. Maestro Rauf Abdullayevi uşaqlıqdan tanıyıram, babam tez-tez onunla birlikdə çıxış edirdi. Mənim maestro Rauf Abdullayevlə Bakıda, Türkiyədə, Moskvada və xaricdə bir çox konsertim olub. Bilirsiniz, musiqiçinin harada yaşaması önəmli deyil. Mən özüm hələ bilmirəm ki, gələcəkdə harada olacam. Hər şey iş müqavilələrindən asılıdır. Anna Netrebko Vyana və Nyu-Yorkda yaşayır, dünyanın hər yerində mahnı oxuyur, amma yenə də o, Rusiyadandır. Zubin Meta İtaliyada yaşayır, ABŞ-da və İsraildə işləyib, amma hamı onun Hindistandan olduğunu bilir. Onlar yaşadıqları hər yerdə yenə də öz ölkələrinin vətəndaşı olaraq qalırlar və həmişə öz ölkələrinin musiqiçiləri ilə böyük məmnuniyyətlə əməkdaşlıq edirlər. Məndən ötrü öz vətənimdə konsert vermək hər zaman ən böyük zövqdür. Mən Azərbaycan bəstəkarlarının musiqisini çox sevirəm. Repertuarımda Qara Qarayev, Arif Məlikov, Firəngiz Əlizadə, Fikrət Əmirov, Tofik Quliyev, Aqşin Əlizadə, Rauf Hacıyev və başqalarının əsərləri var. Ümid edirəm ki, repertuarımı genişləndirəcəm və musiqimizi dünyanın müxtəlif səhnələrində məmnuniyyətlə ifa edəcəm.
- Bir çox görkəmli musiqiçilər, klassik musiqi kanonlarına riayət etməyə və akademik çərçivədən kənara çıxmamağa çağırırlar, sanırlar ki, klassik musiqinin arenjeman cəhdləri diletantlıq göstəricisidir. Sizin üçün musiqidə dəqiq sərhədlər varmı, yoxsa musiqi bir incəsənət növü kimi özünüifadə azadlığıdır?
- Bəli, bu gün bir çox musiqiçilər improvizasiya edirlər. Ancaq istənilən halda mən kanonik musiqiçiləri kateqoriyasına aidəm. Klassika sarsılmazlıqdır. Mosartı və ya Bethoveni instiktiv çalmaq olar? Bununla yanaşı, yaxşı ifaçı öz gözəl səsi, vurğusu, nüansları və texnikası ilə fərqlənə bilər. Eyni cür ifa etmək qeyri-mümkündür. Belə vəziyyətdə ifaçılıq səviyyəsi, musiqililik, əsəri anlamaq önəm daşıyır. Hər şey bəstəkarın bunu necə istəməsinin çərçivəsində olmalıdır. Ancaq çağdaş bəstəkarların musiqisi var ki, burada bəstəkarlar özləri ifaçının özünü ifadə etməsində sərbəstlik təklif edirlər.
- Siz sovet və alman skripkaçısı, RSFSR-in əməkdar incəsənət xadimi Zaxar Bronun tələbəsisiniz, daha sonra onunla bir səhnəni bölüşmüsünüz. Müəlliminizlə eyni səhnədə ifa etmək necə idi?
- Bəli, mən əfsanəvi skripkaçı, Rusiyanın xalq artisti, professor Zaxar Bronun son tələbələrindən biriyəm. O, əfsanədir və unikal bir müəllimdir, Maksim Venqerov, Vadim Repin, Daniel Hopp, Devid Qerrid kimi skripkaçıları və başqalarını yetişdirib. Zaxar Bronla tanışlığım Qazaxıstanda bir festivalda baş verdi, onda səkkiz yaşım vardı. Artıq səkkiz yaşımdan mən ayda bir həftə İsveçrəyə onun yanına məşğələyə gedirdim. Bronla eyni səhnədə çıxış etmək böyük məsuliyyət və zövqdür. Onun tələbəsi olmaq, onsuz da, taleyin böyük bir hədiyyəsidir. Mən də onunla dərslərə məsuliyyətlə və maraqla yanaşıram. Onun tələbələri arasında söhbətlərimiz zamanı tez-tez ifadə olunan bir fikir var ki, nəhəng bir kütlə qarşısında çıxış etmək tək onun qarşısında ifa etməkdən daha asandır (gülür). Buna görə Bronun dərsindən sonra konsertlər bizim üçün çox asan görünürdü (gülür). Axı, hər bir ayrıca səsə, nota diqqət yetirir, hər ştrixi ustalıqla düzəldir. Mənim babamın və Bronun məktəbləri oxşardır. Babam Dmitri Tsıqanovun, Bron isə David Oystraxın tələbəsi olub. Tsıqanov və Oystrax dost olublar və onların kvarteti var imiş, orada birinci skripka Oystrax, ikinci skripka Tsıqanov olub. Onların hər ikisi Çaykovski adına Moskva Konservatoriyasında iki simli kafedranın müdiri olublar. Beləliklə, müəllimlər sarıdan mənimki gətirib (gülür).
- Babanız, dirijor Sərvər Qəniyevlə dərs prosesi necə gedirdi? Babanız dərs prosesində sizə güzəştlər edirdimi, hər halda, qarşısında sevimli körpəsi dururdu?
- Mənim ilk müəllimim, mənim babam həm skripkaçı və həm də bir insan kimi mənə örnəkdir! Vətənə sevgisinə, peşəsinə, musiqiçi həmkarlarına münasibətinə, xeyirxahlığına görə çox sayda insanın yaddaşında əbədi qalacaq. Əlbəttə ki, mənim üçün hər zaman hər şeydə mənə örnək olacaq. Beş yaşımdan ondan musiqi təhsili almağa başladım. Bacım Cahan və dayım qızı Ceyla da skripkaçılardır, onlar da babamın yanında oxuyublar. Mən də onu deyə bilərəm ki, o, bütün tələbələri ilə öz nəvələri və övladları kimi davranırdı.
- Sizin Sərvər Qəniyevlə eyni səhnədəki çıxışlarınızdan çəkilən videodan belə təəssürat yaranır ki, siz öz babanızı güclü dayaq və emosional dəstək kimi görürsünüz. Daha başqa kimlərlə yanaşı duranda eyni inamı hiss edirsiniz?
- Musiqiçi həmişə səhnəni kiminləsə bölüşür, istər pianoçu olsun, istər də kamera orkestri, dirijor, ya da müğənni olsun. Şəksiz ki, biz hamımız çox fərqliyik, hər bir kəs bu və ya digər əsəri özünəməxsus şəkildə qavrayır, hər bir kəsi yetişdirmiş fərqli məktəblər var, hətta yaş fərqinin də önəmi var - öz yaşıdınla ifa etmək səndən yaşca böyük və dəfələrlə təcrübəli görkəmli ulduzla ifa etməklə eyni deyil. Mənim babam möhtəşəm Moskva məktəbində yetişib, ən yaxşı müəllimlərdən - Dmitri Tsıqanovdan, David Oystraxdan dərs alıb, Şostakoviç, Rostropoviç, Aşkenazi, Rojdestvenski və bir çox başqa əfsanəvi musiqiçilərlə birlikdə çıxış edib... (düşünür). Bizim birlikdə çıxış etdiyimiz iki konsertimiz yaddaşımda əbədi olaraq qalacaq... mənim orkestrlə və babamla ilk konsertim, həm də bir neçə il sonra babamın çıxış etdiyi son konserti. Bu dəfə də səhnəni mənimlə bölüşdü. Bunda xüsusi bir mistika var! Mənə elə gəlir ki, o, səhnəyə, musiqiyə, skripkaya olan sevgisini mənə ötürdü ki, mən ifamı davam edim və öz üzərimdə işləməyə davam edim, musiqiçi, skripkaçı kimi inkişaf edim...
- Sizin babanız Sərvər Qəniyevin əsli Şuşadandır. Babanız sizinlə bu gözəl şəhər, Qarabağla bağlı hansı xatirələri bölüşürdü?
- Mənim babam Qarabağdan, Şuşadandır. Cavanşirlər nəslindəndir. Onun anası Cahan bir çox şuşalının təhsil almasına yardım etmiş, Şuşada tanınmış xeyriyyəçi Cəmil bəy Behbudovun qızıdır. Babam həmişə mənə Şuşa haqqında, doğmaları, qohumları və dostları haqqında danışırdı. Həmişə yenidən ora gedə biləcəyi günü arzu edirdi. Cıdır düzü, Daşaltı haqqında, oranın sehrli havası, ecazkar təbiəti, İsa bulağı, moruq mürəbbəsi ilə samovar çayı haqqında danışırdı. Uşaqlıqdan bəri Şuşanı görməyi arzulayıram.
- Sizin uşaqlıq arzunuz artıq gerçəkləşə bilər...
- Elədir ki, var. Şuşanı qaytardıq, Vətən müharibəsi Böyük Qələbə ilə başa çatdı, nəhayət, babamın doğma Şuşasını, deməli, həm də özümün doğma Şuşamı görə biləcəm. Orada mütləq konsertlə çıxış etməyi planlaşdırıram – konsert Qələbəyə, bu müharibənin qəhrəmanlarına, Vətəni müdafiə edərək şəhid olan igidlərə, hörmətli cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qəhrəman Ordumuza və bütün Azərbaycanımıza həsr olunacaq.
MƏSLƏHƏT GÖR: