19 Mart 2024

Çərşənbə axşamı, 07:10

«TEATR ÖLDÜ – YAŞASIN TEATR?!»

Azərbaycan teatrının 148-ci ildönümünü pandemiya karantini şəraitində qarşılamaq kədərlidir

Müəllif:

01.04.2021

"Tanrı dəyişikliklər dövründə yaşamaqdan qorusun!" 90-cı illərin sonlarında məşhur olan bu atalar sözünü xatırlamaq, bəlkə də, yerinə düşərdi, amma bunun mənası yoxdur. Bu sözün müəllifini müəyyən etməyi qarşısına məqsəd kimi qoymuş inadkar tarixçilər və analitiklər sübut ediblər ki, çinlilərə aid edilən bu atalar sözünün əslində onlara dəxli yoxdur. Ehtimal edilir ki, bu atalar sözü iyirminci əsrin birinci yarısının indi unudulmuş çağlarında anqlo-saksların arasında yaranıb.  

Ancaq düşündükdə, bu nəticəyə gəlmək olur ki, insanlıq hər zaman ağlasığar və ağlasığmaz dəyişikliklərdən keçərək zaman axınında irəliləyir. Gah savaşlar, gah inqilablar, gah milliləşdirmə, gah ekspropraksiya, gah da yenidənqurma, indi də pandemiya və s. Bir sözlə, elə bir əsr olmayıb ki, istisna kimi insanlığın mənəvi yüksəlişi və çiçəklənməsi ilə sevindirsin.  

İndi də bütün ölkələr və xalqlar pandemiya daşları altında əzilirlər. Sanki həyatın axışı yavaşıyıb və insanlar alışdıqları həyat tərzindən məhrum edilib. Ən başlıcası – özlərini insan kimi hiss etmək imkanını itiriblər: muzeylərə, kinoteatrlara gedə, sərgiləri, teatrları ziyarət edə, dostlarla görüşə bilmirlər, onlarla telefonda deyil, real vaxt rejimində danışmaq imkanından məhrum olublar.  

Fəaliyyətləri pandemiya ilə iflic edilən teatrların da qisməti və taleyi kədərlidir. Bir ildən çoxdur ki, aktyorlar, rejissorlar, rəssamlar yaradıcılıq prosesindən, peşəkar fəaliyyətdən və izləyici ilə ünsiyyətdən məhrumdurlar. Bəs, pandemiyanın dondurduğu repertuar tamaşaları nə olacaq? Teatrların onları yenidən canlandırması üçün nə qədər vaxt gedəcək? Aktyorların peşəkar formalarına qayıtması nə qədər vaxt aparacaq?  

Azərbaycan teatrının yaranmasının 148-ci ilini pandemiya karantini şəraitində qeyd etməsi kədərlidir. Beynəlxalq Teatr Gününü qapalı teatr salonları ilə qarşılamaq kədərlidir. Biz aparıcı teatr mütəxəssisləri - alimlər və praktiklərlə pandemiyanın yaratdığı çətinlik və problemlərdən danışırıq. Yəni prosesi bilən, müşahidə edən və təhlil edən, onun birbaşa iştirakçıları olan insanlarla. “R+” onlardan iki suala cavab vermələrini istəyib. 6 mart 2020-ci il tarixindən başlamış məcburi yaradıcılıq fasiləsi repertuar teatrlarına necə təsir göstərə bilər? Teatrlarımızın yaxın gələcəyi necə görünür: rəqəmsal texnologiyalara keçid prosesində, yoxsa onlar istənilən halda real vaxt rejimində "insan teatrı və insanlar üçün teatr" olaraq qalacaqlar?

 

Aydın Talıbzadə

Professor, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Teatrşünaslıq kafedrası»nın müdiri, fəlsəfə üzrə sənətşünaslıq doktoru.

“Onlayn teatr - cəfəngiyyat və çərənçilikdir. Rəqəmsal texnologiya əsasında teatr, ümumiyyətlə, teatrın mahiyyətinə ziddir. Əslində, teatr - bir mərasim, ayin, birgə iştirak, bir məkanı paylaşma, yaşantıları paylaşma, birgə meditasiya və dua, ortaq yaradıcılıq prosesinə can atmaqdır. Əgər bu pandemiya deyilən bəla teatrı birdəfəlik “dəfn etməz”sə, onda onun dirilməsinin iki yolu olacaq: ya o, öz ənənvi köklərinə, ovsunlu təmizlənmə işığına qayıdacaq və ya postdramatik mutasiya yolu ilə gedəcək. Ancaq istənilən halda, mən düşünürəm ki, repertuar teatrı artıq teatr incəsənətində uzaq keçmişdir."

 

Vidadi Qafarov

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun «Teatr, kino və televiziya» şöbəsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, «teatro.az» art-portalının təsisçisi və baş redaktoru.  

“Teatr – bu, canlı və kollektiv insənətdir. İnsanların incəsənəti və insanlar üçün incəsənət. Buna görə də teatrın ayrılmaz parçası olan izləyici amilini gözdən qaçırmaq olmaz. Nə zaman ki, yaradıcılıqda boş dayanma baş verir, ilk öncə, bu kollektiv incəsənətin parçaları arasında bağlantı pozulur; ikincisi, yaradıcı fərdlər, yəni bu kollektivin üzvləri yaradıcı və peşəkarlıq formalarını itirirlər, çünki aktyor oyunu harmonik psixofiziki haldır. Uyğun olaraq, peşəkarlıq formasını itirmiş aktyor lazımi halı çatdırmaq gücündə ola bilməyəcək. Peşəkar formanı 1-2 ay ərzində bərpa etmək, demək olar ki, mümkün deyil. Beləliklə, teatrlar açıldıqdan sonra da, biz elə tezliklə yüksək bədii səviyyəli tamaşaları görə bilməyəcəyik. İzləyicilər də, teatr tamaşaları üçün darıxsalar da,

teatra getmək vərdişini itirdikləri üçün, zalları dərhal doldurmayacaqlar. Bununla yanaşı, biz bilirik ki, teatr məkan-zaman incəsənətidir. Ancaq hər şeyin faktiki olaraq virtual baş verdiyi rəqəmsal texnologiyalı incəsənət bu kateqoriyaya daxil olmadığından, deməli, canlı teatrı əvəz edə bilməz. Buna görə də teatr bir incəsənət növü kimi “real vaxt rejimində insanlar üçün teatr” olaraq qalacaq”.

 

Çingiz Ələsgərov

Teatrşünas-dramaturq, 35 pyesin müəllifi (bunlardan 25-i ölkə teatrlarında səhnəyə qoyulub), 15 kitabın, 5 ssenarinin müəllifi (bunlardan üçünün əsasında film çəkilib); Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ədəbiyyat-dram bölməsinin rəhbəri.

“Ölkəmizdə bir ildən çoxdur ki, teatrlar işləmir. Bu həm teatrlara, həm də izləyicilərə böyük zərər vurur. Pandemiyanın səbəb olduğu repertuar durğunluğu, bütünlükdə, teatr yaradıcılığı prosesinə öldürücü təsir göstərə bilər. Teatrların əvvəlki fəal və dinamik yaradıcılıq axınına qayıtması, tamaşaçılarla yüksək bədii səviyyədə qarşılıqlı münasibət qura bilməsi üçün çox zaman və güc tələb olunur. İlk öncə, aktyorların yaradıcı və peşəkar fəaliyyət forması qaytarılmalıdır. İkincisi, bir ildən çoxdur ki, göstərilməyən bütün repertuar tamaşaları dirildilməlidir. Bu ciddi problemdir. Tamaşalar nə qədər ki, onları oynayırlar, yaşayır və nəfəs alır. Onları uzun müddət oynamadıqda, ölürlər.

İkinci məsələyə gəldikdə isə, belə deyəcəm: teatrlar real vaxt rejimində işləməlidirlər. Çünki tamaşaların izləyici ilə aktyor arasında ekranın olduğu onlayn rejimində nümayişi yalnız canlı teatrın təbiətini öldürməklə qalmır, aktyorların işinə də pis təsir edir. Tamaşaların onlayn nümayişi izləyiciləri uzaqlaşdırmaqla yanaşı, həm də teatrın təbiətinin məğzini öldürür, bir bəyan kimi teatr ideyasını da öldürür. Əminəm ki, canlı və ani incəsənətin nəticəsi olan tamaşa yalnız real vaxt rejimində - “burada və indi” yaşaya bilər və yaşamalıdır. Aktyor səhnədə və izləyici zalda – bu, teatr fəaliyyətinin tək qarşılıqlı münasibət forması və məğzidir”.

 

Elçin Cəfərov

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ”Teatrşünaslıq” kafedrasının müəllimi, “teatro.az” art-portalın həmtəsisçisi və şef-redaktoru, «YUĞ» dövlət teatrının ədəbiyyat-dram bölməsinin müdiri, Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin vitse-prezidenti.

“Teatrın həyat fəaliyyətinin bu məcburi dayandırılması bütün yaradıcılıq prosesinə çox pis təsir edəcək. Teatr isə, canlı incəsənət növü olaraq, bundan mütləq zərər çəkəcək. Çünki teatr yaradıcılığı prosesində ardıcıllıq və sabitlik çox önəmlidir. Uzun sürən durğunluq teatrın həm yaradıcı, həm də idarəetmə strukturlarına ağır zərbə vurub. Yeri gəlmişkən, bu problem təkcə maliyyə baxımından dövlət tərəfindən dəstəklənən repertuar teatrlarını deyil, həm də antrepriz yönümlü özəl teatrları da təsiri altına salıb. Buralarda yeni yaranan alternativ teatr incəsənəti əsaslı şəkildə zərər görəcəklər - icarə haqqı ödəmək və antrepriz truppasını saxlamaq üçün vəsaitləri olmadan məcburi durğunluq şəraitində onların yaşaması praktik olaraq mümkün deyil. Pandemiyadan əvvəl qeyri-dövlət teatr kollektivləri – HUMAN, DOM, «Şah və Mat», «Cosmo», inklüziv teatr ƏSA, «M-teatr» və s. - mövqelərini möhkəmləndirmək üçün çox səy göstəriblər və praktik olaraq öz həyat fəaliyyətlərini yalnız ruh yüksəkliyi əsasında qoruyublar. Qorxuram ki, pandemiya onlara ölümcül zərbə vursun. İnşallah, gümanım yanlış olar. Repertuar teatrlarına gəldikdə isə, pandemiya, müəyyən mənada, onlar üçün lakmus kağızına çevrildi və teatrlarla çağdaş cəmiyyət arasında dayanıqlı dialoq axtarışı üzrə problemlərlə bağlı mövqelərini göstərdi. Onların çoxu ətalət ilə mövcuddurlar. Məcburi fasilə aşkarlamağa imkan verdi ki, teatr təmsilçilərinin çoxu və izləyici auditoriyası bu gün "Mən teatrsız yaşaya bilmirəm", "Teatr mənim üçün hava kimi lazımdır!" deməyə hazır deyil.

Onlar yaranmış durumu öz laqeyd münasibətləri ilə təsdiqləyirlər ki, bu sözlər onlar üçün boş bir söz yığınıdır. Niyə özümdə belə bir açıqlamaya cəsarət tapıram? Ona görə ki, sosial şəbəkələrdə istər teatr təmsilçiləri, istərsə də izləyicilər tərəfindən teatrların bağlanması barədə edilmiş həyəcan dolu açıqlamalara nadir hallarda rast gəlmək olur. Ancaq hər gün restoran və idman salonlarının qapadılması ilə bağlı etirazlara rast gəlirəm. Düşünürəm ki, bu, teatrın bir incəsənət hadisəsi kimi öz Diriliyini dayandırmasıdır. O qədər diri ki, teatrlarla şəhər sakinləri arasında sabit marağı qoruya bilsin. Demək istəyirəm ki, bu dövr Piter Brukun teatrın cansız olması ilə bağlı dediklərinin doğruluğunu təsdiqlədi. Bu, ölü deyə biləcəyimiz teatr haqqında deyil. Beləsi ölərdi və hər şey bitərdi: artıq mövcud olmazdı. Cansız teatr daha qorxuncdur! Çünki ölmüş kimi görünmür, amma gerçək kimi də yaşamır, əksinə, sürünür və izləyicisi üçün gərək olmağı bacarmadan öz acınacaqlı varlığını davam edir.  

Bir sözlə, pandemiya əvvəllər diqqətimizdən qaçan bir şeyi görməyə imkan verdi: teatr sahəsində heç də hər şey qaydasında deyil. Bu isə, o deməkdir ki, dəyişmək lazımdır, deməli, sınanmış çərçivələrdən, tamaşaçılarla alışılmış qarşılıqlı əlaqə formalarından kənara çıxmaq lazımdır, "bürüncləşmiş" kürələri tərk edərək, gerçəkliyə qayıtmalıyıq ki, ən azından topluma toxuna bilək.

Pandemiya bizim teatr incəsənətimizi bir həddə dayandırıb və qarşımızda sual qoyub: necə olmalı? Bəziləri sanırlar ki, bu vəziyyət teatr sənətinin sonunu gətirəcək. Şəxsən mən o qədər də ümidsiz deyiləm, amma pandemiyadan sonrakı dövrdə teatrın əvvəl olduğu kimi qala bilməyəcəyinə qəti əminəm. Çünki pandemiya hər şeyi dəyişdirdi: dünyanı, cəmiyyəti, insanların həyata, insanlararası münasibətlərə baxışını. Teatr da cəmiyyətin mikromodeli olaraq dəyişməyə məhkumdur. Ola bilər ki, o, tam yeni formalara düşəcək, amma həmişə yaşayacaq. Rəqəmsallaşmaya gəldikdə isə, bunları söyləyəcəm: bütün yeni texnologiyalar teatr üçün köməkçi ifadə vasitələri kimi yararlıdırlar. Təkbaşına onlar teatr ola bilməzlər və ya onu əvəz edə bilməzlər. Əslində, teatr həmişə canlı sənət olub və elə də qalacaq, insanlarla insanlar haqqında danışacaq, konkret zaman və məkan çərçivəsində insanlar üçün yaşayacaq."

 

Teatra - hə!

Postdramatik teatr... Alman teatrşünası Hans-Tis Lemana məxsus olan və rus rejissor Anatoli Vasilyev tərəfindən Rusiya teatr məkanına informativ şəkildə yayılmış bu anlayış bu gün zamanın yetərincə gerçək özəlliklərini qazanır. Teatr bir sənət gerçəkliyi kimi çoxçeşidli görkəm qazanır. Formaların çoxçeşidliliyi vahid birləşdirici üslubun müəyyənləşdirilməsinə imkan vermir. Çağdaş teatr ölçüyəsığmaz sürətlə inkişaf edir. O, çoxdan nə zamansa qoyulmuş qaydalardan kənara çıxıb. O, məzmun və forma arasındakı klassik tarazlığın bütün qanunlarını pozub, buna görə insani marağın səthinə elə şey çıxarıb ki, teatr artıq teatr olmaqdan çıxıb və mutasiyaya uğramış hibrid formasını alıb. Heç də həmişə cəlbedici olmayan forması və az anlaşılan məzmunu ilə. Nə baş verir? Teatr ölüb? İstər-istəməz! Yarandığı gündən bəri o, o qədər ölüb və dirilib ki, növbəti söz-söhbətlər və ehtimallar vaxtından erkən ola bilər. Çağdaş formaların çox çeşidliliyinə baxmayaraq, forma və məzmunun ayrılmaz olduğu teatr bu dəfə də bütün ötərgi rəqiblərini yola verəcək. Bu, artıq baş verib. Özü də, bir dəfədən çox. O cümlədən sizin və bizim şəhərimizdə. 1911-ci ildən 1920-ci ilə qədər olan dövrü xatırlayaq! Bakıda o qədər fərqli teatr və kiçik teatrlar, o qədər müxtəlif üslub və yönümlü böyük və kiçik teatr formaları olub ki, onlardan yalnız biri yaşaya bilib. Klassik teatr. Yaxud, daha dəqiqini istəsəniz – ənənəvi teatr. Teatr var olub, teatr var və teatr var olacaq. Həmişə. Ən azından, nə qədər ki, insanın ruhu, canlı hissləri və duyğuları var. Bu isə o deməkdir: "Yaşasın Teatr!" İndi və həmişə...



MƏSLƏHƏT GÖR:

217