19 Aprel 2024

Cümə, 18:49

MEHRİBAN DÜŞMƏN

ABŞ-Rusiya qarşıdurması sürətlə qızışır

Müəllif:

01.04.2021

İki nəhəng nüvə fövqəldövləti – Rusiya ilə ABŞ arasında münasibətlər ciddi şəkildə pisləşməkdə davam edir. Güman ki, Amerikada yeni administrasiyanın gəlişi ilə bu tendensiya daha da sürətlənəcək. Qlobal dünyanın gələcəyinə, təhlükəsizliyinə görə tarixi məsuliyyət daşıyan bu iki güc mərkəzi arasında dialoqun pisləşməsi, təbii ki, bütünlükdə beynəlxalq arenada da gərginliyi artıracaq.

 

Təmkinlilər və zirəklər

ABŞ-Rusiya münasibətlərində növbəti böhrana Birləşmiş Ştatlar prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinin ünvanına işlətdiyi sözlər səbəb olub. Bayden «ABC News»a müsahibəsində Rusiyanı «Amerikadakı seçkilərə müdaxilə etdiyi üçün» cəzalandırmaq niyyətini dilə gətirməklə kifayətlənməyib, həm də «Putin qatildirmi?» sualına müsbət cavab verib.

Co Baydenin bu qədər aşkar çağırışı, təbii ki, Rusiya tərəfindən cavablandırılmaya bilməzdi. Putin amerikalı həmkarına məşhur «meymun baxar güzgüyə, adını qoyar özgəyə» məsəli formasında cavab verib: «Biz hər zaman qarşımızdakı insanda öz keyfiyyətlərimizi görür və düşünürük ki, o da bizim kimidir».

Rusiyanın aparıcı dövlət və siyasi xadimlərinin Baydenin fikirlərinə reaksiyaları daha sərt olub. Məsələn, Dövlət Dumasının sədri Vyaçeslav Volodin dövlət başçısına hücumun dövlətə hücum olduğunu deyib, odur ki, Baydenin dediyi sözlərlə Rusiya vətəndaşlarını təhqir etdiyini söyləyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ağ Ev rəhbərinin sözlərini «çox pis» qiymətləndirib. Baydenin görünməmiş fikirləri və Rusiya tərəfinin cavab bəyanatları fonunda Moskvanın diplomatik demarşı da diqqət çəkir: Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Anatoli Antonov məsləhətləşmələrin aparılması üçün təcili olaraq vətənə çağrılıb.

Bəs, ABŞ prezidentinin Rusiya liderinin ünvanına işlətdiyi fikirlər məqsədli addımdır, yoxsa bir anlıq ehtiyatsızlıq?

Bu yerdə yada salmaq lazımdır ki, Putinin ünvanına belə sərt ifadələrlə yadda qalmış Amerika lideri yalnız Bayden deyil. Məsələn, ondan əvvəlki demokratlar administrasiyasının rəhbəri Barak Obama da bənzər addımlar atmışdı. Yeri gəlmişkən, Obamanın prezidentliyi dövründə ABŞ-ın vitse-prezidenti elə Co Bayden idi. Vaxtilə bənzər ifadələri Amerikanın başqa yüksək rütbəli rəsmiləri də işlədib. Misal kimi, Nümayəndələr palatasının spikeri Nensi Pelosini göstərmək olar. Amma bu dəfə maraqlı olan başqa məqamdır: Baydenin Putin haqda dediklərini onun mətbuat katibi Cen Psaki belə, «malalamağa» çalışmayıb. Psaki açıq şəkildə bildirib ki, Ağ Ev rəhbəri işlətdiyi ifadələrə görə peşman deyil, çünki «birbaşa qoyulmuş suala birbaşa cavab verib».

Beləliklə, ABŞ prezidentinin rusiyalı həmkarı haqda dediklərini təsadüfi anlaşılmazlıq saymaq olmaz. Üstəlik, nəzərə almaq lazımdır ki, Bayden heç də emosional siyasətçi deyil. O, kifayət qədər təcrübəli, təmkinli siyasətçidir və demək, hər sözünün qiymətini yaxşı bilir. Bu üzdən, Baydenin səs-küyə səbəb olmuş həmin müsahibəsi Amerika-Rusiya münasibətlərinin hazırkı vəziyyətini kifayət qədər aydın əks etdirir. Bu, tərəflər arasında ikitərəfli dialoqun tam pozulmasınadək gedib çıxa bilər.

Putinin canlı efirdə açıq söhbət təklifinin Bayden tərəfindən rədd edilməsi də Vaşinqton-Moskva əlaqələrinin perspektivinin göstəricisi sayıla bilər. Beləliklə, bu perspektiv heç də yaxşı görünmür və ABŞ ilə Rusiyanın qlobal siyasətdəki rolunu nəzərə alsaq, bu vəziyyət bütünlükdə dünya ictimaiyyətinə də yaxşı heç nə vəd etmir. Canlı debat təklifinin rədd olunmasına gəlincə, Vaşinqton bunu ABŞ prezidentinin həddindən artıq məşğul olması ilə əsaslandırıb. Amma əsl səbəb, yəqin ki, başqadır. Güman ki, Bayden şərti hər zaman Amerika liderlərinin irəli sürdüyünü əsas götürüb və qarşı tərəfin şərtini qəbul etməyi bu üzdən məqbul saymayıb.

 

Böyüklər və nüfuzlular

Bayden administrasiyası Ağ Evə yalnız Birləşmiş Ştatların tarixi baxımından deyil, bütünlükdə dünya düzəni nöqteyi-nəzərindən kifayət qədər əlamətdər dövrdə gəlib. Bu, Amerikanın birqütblü liderliyinin bitiş dövrüdür. Son illərin təcrübəsi göstərir ki, davamlı olaraq bir-birini əvəzləyən Amerika prezidentləri bu vəziyyəti düzəldə bilmir. Lakin istənilən fövqəldövlət kimi, ABŞ da bütün gücü ilə çalışır ki, beynəlxalq siyasətin zirvəsindən düşməsin. O, təbii ki, bundan sonra da bu istiqamətdə əlindən gələni edəcək. Məhz bu üzdən, Vaşinqton əsas rəqiblərinin strateji hədəflərinə nail ola bilməməsi üçün onlara davamlı problem yaradır. Rəqiblər Amerika ictimaiyyətində əbəs yerə Çin kimi «əsas rəqib» və ya Rusiya kimi «əsl düşmən» adlandırılmır.

Çinin, ilk növbədə, dünya miqyasında iqtisadi ekspansiya hesabına qlobal nüfuzunu artırmasına baxmayaraq, yəqin ki, ABŞ bundan sonra da beynəlxalq arenada «bir nömrəli maneə» kimi Rusiyanı görəcək. Çünki hərbi potensialına görə Birləşmiş Ştatlara yalnız Rusiya tay tutula bilər. Bu amil özünü fəaliyyətə yanvarda başlamış Bayden administrasiyasının fəaliyyətində artıq göstərməkdədir.

Maraqlıdır ki, ABŞ prezidentinin qalmaqallı müsahibəsindən cəmi bir gün sonra Konqres dövlət başçısının Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru postuna namizədini təsdiqləyib. Bu postu ABŞ-ın Rusiyadakı sabiq səfiri Uilyam Börns tutub. Yeri gəlmişkən, o, Amerika tarixində xarici kəşfiyyata rəhbərlik edəcək ilk diplomatdır. Börns hələ 2017-ci ildə bildirirdi ki, «Rusiya hələ də çox böyük, təkəbbürlü və nüfuzludur, odur ki, ona əhəmiyyət verməmək olmaz. O, hələ də ABŞ ilə müqayisə oluna biləcək yeganə nüvə fövqəldövlətidir». Demək, indi MKİ-nin yeni direktoru «Rusiya təhlükəsi»nin önlənməsi üçün əlindən gələni etmək niyyətindədir.

Bayden administrasiyasının qarşısına qoyduğu vacib strateji vəzifələrdən birinin son illər nüfuzunu əhəmiyyətli dərəcədə artırmış Rusiyanın sıxışdırılması olduğu aşkardır. Təsadüfi deyil ki, Ağ Evin hazırkı rəhbəri özündən əvvəlki prezident Donald Trampı Moskvanın nüfuzunu artırmasına göz yummaqda günahlandırır. Üstəlik, söhbət Rusiyanın qlobal qarşıdurmanın yaşandığı bütün aparıcı regionlardan sıxışdırılıb çıxarılmasından gedir: Yaxın Şərqdən Cənubi Qafqaza, Ukraynadan Belarusa, Mərkəzi Asiyadan Sakit okean regionuna, Şimali və Mərkəzi Afrikadan tutmuş, Latın Amerikasınadək. Görünən isə odur ki, Vaşinqton bu hədəfə nail olmaq üçün elə həmin Börnsün hücum siyasətini əsas götürəcək: «səs-küylü gedişlər və hərbi hədələr yox, kiçik addımlar və sınanmış sxemlər».

Bəs, Amerikanın yeni administrasiyası bu «antirusiya layihəsi»nin reallaşdırılmasında uğur qazana biləcəkmi? Bu, artıq başqa məsələdir. Dəqiq olanı odur ki, Vaşinqton üçün bir nömrəli hədəf Rusiyadır. Vaşinqtonun maraqlarına təhdid hesab olunan «rus şəri» kimi isə diqqətlər Rusiya prezidenti Vladimir Putinə yönəlib. Prezident Bayden də müsahibə zamanı ona ünvanlanmış təxribatçı suala çoxmənalı cavabında bunu etiraf etməkdən çəkinməyib. Bəli, Baydenin qalmaqallı cavabına ən uyğun ifadə məhz «etiraf etmək»dir. Çünki dünya KİV-i artıq Putini Amerikanın total qlobal hecemonluq planlarının «qatili» və «dağıdıcısı» adlandırır.

 

Sanksiyalar taktikası və silahlanma strategiyası

Şübhəsiz ki, ABŞ antirusiya fəaliyyətində bundan sonra da sanksiyalardan istifadə edəcək. Artıq martın 18-də Moskvaya qarşı yeni sanksiyalar qüvvəyə minib. Səbəb «rusiyalı müxalifətçi Aleksey Navalnının zəhərlənməsi»dir. Əslində, bu sanksiyalar əvvəlki Amerika administrasiyasının Rusiyaya 2018-ci ildə tətbiq etdiyi məhdudiyyətlərin təkrarıdır. O zaman bu qərar Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti Sergey Skripal ilə qızının zəhərlənməsindən sonra qəbul edilmişdi.

Yeni sanksiyalar paketi ABŞ-ın milli təhlükəsizliyi meyarlarına əsasən nəzarətdə olan Amerika mal və texnologiyalarının Rusiyaya ixracına məhdudiyyətlərin sərtləşdirilməsini də nəzərdə tutur. Yəni bundan sonra amerikalı tədarükçülərin Rusiyaya «ikili təyinatlı» məhsulların ixracı və ya təkrar ixracı üçün lisenziya almaq istəklərinin mütləq əksəriyyəti rədd olunacaq. Bu, əvvəlki məhdudiyyətlərdə istisna sayılan bəzi məhsullara, məsələn, lisenziyasız icracına icazə verilən ehtiyat hissələri və avadanlıqlara da aiddir. Belə çıxır ki, indi Amerika istehsalı olan yüksək texnoloji məhsullara malik Rusiya şirkətləri hansısa avadanlığın sıradan çıxdığı halda problemi aradan qaldıra bilməyəcəklər.

Rusiya Vaşinqtonun bu qərarını ölkənin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirib və bunun üçün Navalnının guya hərbi kimyəvi silahla zəhərlənməsinə dair təxribatdan da bəhanə kimi istifadə olunduğunu deyib. Bayden administrasiyasından gələn mesajlar isə göstərir ki, «Navalnının zəhərlənməsi səbəbilə» tətbiq olunmuş sanksiyaların ardınca yeni sanksiyalara da əl atılacaq. Bu dəfə əsas kimi Rusiyanın ABŞ-da 2020-ci ildə keçirilmiş prezident seçkisinə mümkün müdaxiləsi götürüləcək.

Bütün bunlar göstərir ki, ABŞ ilə Rusiya arasında dialoq bundan sonra da məhdudlaşmaqda davam edəcək. Bunun fonunda qlobal sülh və təhlükəsizlik nöqteyi nəzərindən, heç olmasa, bir sevindirici xəbər var: Bayden ABŞ-ın özündən əvvəlki prezidentindən fərqli olaraq, Rusiya ilə 2010-cu ildə imzalanmış və 2011-ci ildə qüvvəyə minmiş Strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılması haqqında Müqavilənin müddətini daha 5 il uzadıb. Bu, Rusiya ilə Amerika arasında nüvə silahlarının yayılmamasına dair qüvvədə qalan yeganə müqavilədir.

Bəs, bu müqaviləni qoruyub saxlamaqla bütün dünyada sülh və təhlükəsizliyi gücləndirmək mümkündürmü? Təəssüf ki, dünyanın ən nəhəng iki nüvə fövqəldövləti arasındakı münasibətlərin hazırkı səviyyəsi bu suala birmənalı müsbət cavab verilməsini mümkünsüz edir.



MƏSLƏHƏT GÖR:

210