29 Mart 2024

Cümə, 09:50

SEÇİM İMKANI ÇOX OLSA DA…

Ermənistanda yeni «taktiki manevr» - yayda yeni «varçapet» seçiləcək

Müəllif:

01.04.2021

Ağır doxsanıncı illərdə, hələ pullu reklamların televiziyalara yeni-yeni çıxdığı vaxt daha uğurlu reklam şüarları az qala aforizmə çevrilirdi. Onların arasında «Alternativ» adlı elmi-istehsalat birliyinin reklamı da var idi: «Seçim imkanı nə qədər çox olsa da, başqa alternativ yoxdur!» O vaxt bu birliyin nə ilə məşğul olduğunu indi heç kəs xatırlamır. Üstəlik, o dövrdə eyni kommersiya strukturu bu gün toyuq budu, sabah kompüter, iki gün sonra corab sata, bir həftə sonra isə maliyyə piramidası ilə məşğul ola bilərdi. Bu, da öz növbəsində, reklamçıları qeyri-ənənəvi gedişlər düşünməyə, məhsulun yox, markanın reklamına vadar edirdi.

Görəsən, bu gün Ermənistanda həmin reklamı xatırlayırlarmı? Bunu demək çətindir. Amma həmin şüar Ermənistanın hazırda üzləşdiyi vəziyyətə çox uyğun gəlir.

 

Paşinyanın «texniki geri çəkilməsi»

Ermənistanın daxili siyasi həyatında yeni dönüş baş verib. Baş nazir Nikol Paşinyan müxalifətçi «Çiçəklənən Ermənistan» partiyasının rəhbərliyi ilə keçirdiyi görüşdən sonra iyulun 20-nə növbədənkənar seçki elan edib. Nəzəri baxımdan Ermənistan müxalifəti bu qərardan sonra qələbəni bayram etməli idi. Amma…

Ermənistan Müdafiə Nazirliyinin artıq sabiq mətbuat katibi Artsrun Ovannisyanın «taktiki geri çəkilmə» ifadəsi 44 günlük müharibənin ən parlaq memlərdən birinə çevrilmişdi. Amma Ovannisyan bu ifadə ilə erməni ordusunun darmadağın olması, qaçması faktını gizlətməyə çalışırdısa, Paşinyanın elan etdiyi növbədənkənar seçkilə bağlı vəziyyət bir qədər fərqlidir. Bu, həqiqətən də, gözlənilən daxili siyasi kapitulyasiyadan çox, taktiki gedişdir.

Beləliklə, Paşinyan seçkiyə getməyə razılaşmaqla, xalqa «varçapet», yəni baş nazir postunda kimi görmək istədiyini nümayiş etdirmək imkanı yaradıb. O, qərarını saysız-hesabsız süni-emosional bəyanatlarla da «bəzəyib». Bildirib ki, səsverməyə, növbəti parlamentin seçilməsinə və yeni hökumətin formalaşmasınadək baş nazir səlahiyyətlərini icra edəcək. Amma bu, Ermənistan müxalifətini qətiyyən qane etməyib. Məsələn, birləşmiş müxalifətin təmtəraqlı adı da olan «Vətənin xilası uğrunda hərəkat»dan baş nazirliyə namizəd Vazgen Manukyan bildirib ki, Paşinyan vəzifəsindən istefa verməsə, onu öz komandasından olmayan kimsə əvəzləməsə, seçki keçirmək olmaz. «Əgər Nikol Paşinyan istefaya gedərsə, lakin hakimiyyət onun komandasında qalarsa, qətiyyən seçki keçirmək olmaz. Üstəlik, Paşinyan özü də vəzifəsində qalacaqsa, bu, qəti mümkün deyil», - deyə «News.am»ın məlumatına görə, Manukyan qeyd edib.

 

Lidersiz yarış

Ermənistan müxalifətinin yeni seçkiyə şübhə ilə yanaşması üçün kifayət qədər ciddi səbəbləri var. Onun sıralarında önə çıxacaq, 2018-ci ilin yazında Paşinyanın elədiklərini təkrarlayacaq parlaq, xarizmatik lider hələ də yoxdur. Halbuki Ermənistanda, ilk növbədə, sayılmayan, «poqoslar» adlandırılan kütləni ətrafında toplayacaq belə liderə ehtiyac duyulur. Söhbət şəhər və kəndlərin aşağı təbəqədən olan sakinlərindən gedir. Paşinyanın rəqibləri onun ünvanına atmacalar atırlar, «kəndçi» kimi təqdim edirlər. Deyə bilərlər ki, indiki baş nazirin elektoratı «paytaxtın mərkəzində, Maştots prospektində alt paltarlarını asan», «Sevanda xalatda çimən» kütlədir. Amma birincisi, seçkilərdə istər qələbəni, istərsə məğlubiyyəti məhz bu kütlə həll edə bilər. İkincisi, bu cür atmacalar müxalifət tərəfdarlarının sayını qətiyyən artırmayıb. Nəhayət, üçüncüsü, məhz bu xalqı – mayka və xalatdakı xalı - arxasınca aparacaq lider olmadan qələbəyə ümid etməyinə dəyməz.

Ermənistanda məmnuniyyətlə müsahibələr verən, xalqın adından danışan və s. siyasətçi kifayət qədərdir. Amma onlardan hansının sanballı elektoratının olduğu ciddi sualdır. «Keçmişin adamı» Vazgen Manukyan kompromis fiqurdur. Müxalifət onun vasitəsilə aralarındakı ziddiyyətləri yumşaltmağa çalışır. Müxalifət bu düşərgədəki liderlərdən kimin hökumətə başçılıq etməli, kimlərin «geri çəkilməli» olduğu haqda çətin qərarın qəbulunu ən azı 1 il uzatmağa çalışır (Manukyan baş nazir postunda məhz bu qədər qalmalıdır). Qarabağ klanının durmadan müsahibələr verməkdə olan liderləri xalqın sevgisinə ümid edə bilməzlər. Onların qurduqları kriminal xunta rejimi dövrünün reallıqları Ermənistan vətəndaşlarının yaxşı yadındadır. Əlbəttə, düşünmək olar ki, iyuna hələ çox var və bu müddətdə Ermənistanda kimsə qəfildən ortaya çıxa bilər. Amma bu güman olunan personajın özünü təsdiqləməsi üçün də vaxt azdır.

Nəzəri baxımdan Paşinyan rahat ola bilər. Üstəlik, hazırkı baş nazir özünə o qədər inanır ki, partiyasının Vətəndaş Müqaviləsi Partiyasının namizədlər siyahısına şəxsən özü başçılıq edir. Amma bu, yalnız nəzəri baxımdan belədir. Hər halda, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyanın vəzifədən azad olunması ilə bağlı yaşananlar ortadadır.

 

Kim kimi üstələyəcək?

Bu oyun çoxdan başlamışdı. Onik Qasparyan müharibədəki məğlubiyyətdən dərhal sonra vəzifədən getmək qərarına gəlmiş, lakin sonradan fikrini dəyişərək Paşinyanı istefa verməyə çağırmışdı. Məhz bundan sonra baş nazir Qasparyanı vəzifədən uzaqlaşdırmaq qərarına gəlmişdi. Nəhayət, o, prosesi məntiqi sonluğuna çatdırmış, lakin İnzibati Məhkəmə vəzifədən kənarlaşdırılmış baş qərargah rəisini dəstəkləmişdi. Buna baxmayaraq, N.Paşinyan bu posta yeni təyinat edib. Baş qərargaha vaxtilə bu vəzifəni tutmuş lakin karantin qaydalarına zidd olaraq oğluna toy etdiyi üçün kürsüsünü itirmiş Artak Davtyan gətirilib. O, vəzifəyə gələr-gəlməz, ordunun daxili siyasi proseslərə qatılmayacağını bəyan edib.

Amma buna inanmaq o qədər də asan deyil. Üstəlik, indi Ermənistan ordusunda iki baş qərargah rəisi var. Bu halda vəziyyətin qarışacağı an ayrı-ayrı zabitlərin, hərbi hissələrin onlardan hansını dəstəkləyəcəyi sualı açıq qalır. Xatırladaq ki, Ermənistada ordu siyasətə hələ 1998-ci ildə də cəlb olunmuşdu. O zaman ölkənin ilk prezidenti Levon Ter-Petrosyan vəzifədən heç də generalitetin iştirakı olmadan uzaqlaşdırılmamışdı. 2008-ci ildə Serj Sarqsyan ordunu Ter-Petrosyanın tərəfdarlarından təmizləməyə başlamışdısa, 10 il sonra bu dəfə Nikol Paşinyan silahlı qüvvələrlə qarabağlıların mövcudluğuna son qoymaq qərarına gəlmiş, lakin bunu bacarmamışdı.

Bütün bunların fonunda güc tətbiqi ssenarisinə artıq mülki siyasətçilər də üstünlük verməyə başlayıb. Ermənistanda siyasi qruplar əmindirlər ki, seçki vaxtı real hakimiyyət Paşinyanın əlində olacaqsa, qələbəni onun tərəfdarlarının «adına yazacaqlar». Çoxsaylı QHT-lər erməni lobbisindən pul almaq ümidi ilə Ermənistanda demokratiyanın inanılmaz yüksək səviyyəsi haqda mədhiyyələr söyləyə bilər. Reallıqda isə ölkədə seçki artıq hakimiyyətdə olanların statusunun təsdiqlənməsi vasitəsidir.

1998-ci ildə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan «sürünən çevriliş» nəticəsində vəzifəsindən kənarlaşdırılarkən də belə olmuşdu. Seçkidə isə artıq o vaxt prezident səlahiyyətlərini icra etməkdə olan Robert Koçaryan qalib elan edilmişdi. 2017-ci ildə bu dəfə Serj Sarqsyan «idarəolunan» parlament seçkisi keçirmiş və qələbə onun Respublika Partiyasının adına yazılmışdı. 2018-ci il dekabrın 9-dakı parlament seçkisi isə artıq «küçə çevrilişi» ilə hakimiyyətə yiyələnmiş Nikol Paşinyanın qələbəsini möhkəmləndirmişdi. Bütün bunlar müxalifətə aydın strategiyanı diktə edir: əvvəlcə hakimiyyəti götür, seçkini yalnız bundan sonra keçir.

Bu, vəziyyəti və qüvvələr nisbətini bir qədər Qarabağ klanının xeyrinə dəyişir. Vazgen Manukyan və onun səs-küylü ətrafı burada spoyler rolu oynaya bilər. Xatırladaq ki, Robert Koçaryan artıq iki dəfə hakimiyyətə sui-qəsd və siyasi qətllər vasitəsilə gələ bilib. İlk dəfə o, bu yolla Qarabağdakı işğalçı rejimin başına keçmiş, ikinci dəfə isə Ermənistan prezidenti olmuşdu. İndi xüsusilə qarabağlıların ordu və güc strukturlarındakı mövqelərini nəzərə alsaq, bu ssenarinin təkrarlanacağını istisna etmək olmaz.

Belə bir vəziyyətdə Qarabağ klanı istər-istəməz revanş vədinə əməl etməli, vəziyyəti gərginləşdirməyə çalışmalıdır. Bu isə Ermənistan üçün yeni hərbi fəlakət deməkdir – eyni zamanda həm vətəndaş müharibəsi, həm də «Dəmir yumruq»dan ikinci zərbə.



MƏSLƏHƏT GÖR:

218