19 Mart 2024

Çərşənbə axşamı, 09:34

QARABAĞA BAHAR GƏLDİ

28 il sonra ilk dəfə Şuşada Azərbaycanın bayram tonqalı qalandı

Müəllif:

01.04.2021

«Qalx dağın başına, üç tonqal qala. Bir tonqal qalayanda elimiz şənliyə toplaşır,

iki tonqal qalayanda basqınlardan qorunmağa yığışır.

Qoy, indi üç tonqal görəndə hamı cütlə, xışla gəlsin,

bilsinlər ki, işləməyə gəlirlər».

“Dədə Qorqud” dastanından

 

Düz 28 il biz Novruzu bir istəklə qarşılamışıq: «Gələn il bayram tonqallarımız Qarabağda qalansın!» Elə bir ailə məclisi, elə bir bayram tədbiri olmazdı ki, orada bu arzunu eşitməyəsən. Özü də bu, təkcə azərbaycanlıların Novruzun sehrli qüvvəsinə inamından deyil, həm də gec-tez haqq-ədalətin zəfər çalacağına, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əminliyindən irəli gəlirdi. Düz 28 il hamı bu arzu ilə yaşayırdı və budur, arzumuz həyata keçdi! Azərbaycanın bayram tonqalları Qarabağda ucaldı! Onların işığı çoxillik işğalın zülmətinə nur saçdı, alovu dostların qəlbini isitdi, odu düşmənləri yandırıb-yaxdı.

 

Şuşadan bayram müraciəti

Cəmi bir neçə ay əvvəl bizə desəydilər ki, bu il Azərbaycanın əsas bayram tonqalı Şuşada, Cıdır düzündə qalanacaq, çoxumuz, yəqin ki, inanmazdıq. İndi isə bu, artıq reallıqdır.

«Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik», - deyə Azərbaycan Prezidenti İlham Əliyev Şuşadan xalqa ünvanladığı bayram müraciətində bildirib.

Bu hadisənin təkcə tarixi və mənəvi deyil, həm də böyük siyasi əhəmiyyəti var. İlham Əliyevin Azərbaycanın qədim mədəniyyət paytaxtından etdiyi müraciət təkcə öz xalqına deyil, həm də bütün dünyaya yönəlmişdi.

«Son illər ərzində mən həm çıxışlarda, həm müsahibələrdə dəfələrlə demişəm ki, bizə məsələnin yarımçıq həlli lazım deyil. Bu, nə deməkdir, Azərbaycan xalqı, yəqin ki, gözəl başa düşür. Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz», - deyə Azərbaycan Prezidenti bəyan edib.

Yerləşdiyi bölgənin inkişafına, dünya iqtisadiyyatına, qlobal təhlükəsizliyə, sivilizasiyalararası dialoqa, dünya mədəni irsinin qorunmasına və müasir çağırışlara qarşı mübarizəyə əhəmiyyətli töhfə verən Azərbaycanın öz qayğılarına da dünyadan adekvat münasibət gözləməyə haqqı çatır. Özü də söhbət hansısa xüsusi, imtiyazlı münasibətdən yox, sadəcə, beynəlxalq hüquqa əsaslanan ədalətli yanaşmadan gedir. Lakin bu gün dünyada hökm sürən ikili standartların nəticəsində Qarabağ probleminin həlli ilə bağlı çoxillik danışıqlar da nəticəsiz qalmışdı. Sonda rəsmi Bakı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarını işğaldan yalnız öz gücünə güvənərək azad etməyə məcbur oldu. Bu illər ərzində heç kim Ermənistandan soruşmadı ki, nə üçün bir ovuc Qarabağ ermənisinin guya öz müqəddəratını həll etməsi naminə 1 milyon azərbaycanlı ev-eşiyindən didərgin düşməli və adi insan haqlarından məhrum olmalı idi.

Hətta indi, bütün dünya erməni işğalından geriyə qalan dəhşətli mənzərəni gözüylə gördükdən sonra belə, işğalçı ilə işğala məruz qalanı eyniləşdirmək cəhdlərinə son qoyulmur. Bir çox hallarda hətta təcavüzkar qurban kimi qələmə verilir. Bu gün Ermənistanı beynəlxalq konvensiyaların qadağan etdiyi yandırılmış torpaq taktikasından istifadə etdiyi, dinc şəhərləri gecələr ballistik raketlərdən atəşə tutduğu, işğal altında saxladığı torpaqlarda dini və mədəni abidələri təhqir etdiyi üçün məsuliyyətə cəlb etmək əvəzinə, Azərbaycanı azad etdiyi torpaqlarda guya xristian irsini məhv etməkdə günahlandırırlar. Bu zaman həmin güclər nə Azərbaycanın öz mədəni irsi saydığı xristian abidələrini əsrlər boyu qoruduğunu, nə də Ermənistanın öz ərazisində müsəlman sivilizasiyasının bütün izlərini sildiyini görmək istəyirlər.

Lakin Azərbaycan tutduğu yoldan dönmək fikrində deyil. Qarşıda Ermənistanın külə döndərdiyi torpaqlarda böyük quruculuq işləri var.

«Biz Şuşanı bərpa edəcəyik, mütləq bərpa edəcəyik. Artıq bərpa işlərinə start verildi. Bu gün Şuşada olarkən artıq verdiyim tapşırıqların yerinə yetirilməsi ilə tanış oluram. Biz nəinki Şuşanı, azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Quruculuq işləri başlamışdır, infrastruktur layihələrinə start verilmişdir. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır. Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır, onun ilkin versiyası mənə təqdim edildi. Mənim tapşırıqlarımı nəzərə almaq şərtilə indi bunun üzərində iş gedir və yaxın gələcəkdə baş plan təsdiq olunacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq», - deyə Azərbaycan Prezidenti öz müraciətində vurğulayıb.

 

Sülhə aparan yollar təmizlənir

Ölkə başçısının bəhs etdiyi Ağdamda isə yenə minalar partlayır. Lakin indi insanları öldürmək üçün yox, xilas etmək üçün. Elə Azərbaycanla Ermənistanın fərqi də bundadır. Bakının bölgə iqtisadiyyatına yatırımlar etdiyi, böyük miqyaslı beynəlxalq layihələr həyata keçirdiyi, dünya mədəni irsinin bərpası və qorunmasını maliyyələşdirdiyi zaman, İrəvan on illərlə ətrafa ölüm səpib, minalar əkib, işğal etdiyi torpaqlarda topdağıtmaz istehkamlar qurub. İndi Azərbaycan inşaatçılarının bərpa işlərinə başlaması üçün minaaxtaranlar bu yerlərin hər qarışını diqqətlə yoxlamağa məcburdur.

Budur, onlarla yerli KİV və QHT rəhbərinin gözü qarşısında daha bir tank əleyhinə mina partladılır. Foto və video çəkən jurnalistlərin əlləri qeyri-ixtiyari titrəyir. Gözlərdə sevinc hissi ilə yanaşı, sual da oxunur: görəsən, bu qorxulu irsdən xilas olmaq üçün nə qədər vaxt və güc lazım gələcək? Ermənistan mina sahələrinin xəritələrini verməkdən imtina edir və bununla daha bir beynəlxalq cinayətə imza atır. Ancaq, axı, bu yerlərdən vaxtilə Bakı-Xankəndi-Bakı qatarı keçirdi. Ermənistan anlamalıdır ki, mina sahələrinin xəritəsi yolların yenidən işə düşməsi, bu yerlərə sülhün qayıtması, azərbaycanlı və erməni əhalisinin yenidən dinc qonşuluq etməsi üçün lazımdır. Lakin erməni siyasətinin əsas simaları azərbaycanlılara erməniləri «genetik uyğunsuz» xalqlar hesab etdiyi halda hansı birgəyaşayışdan söhbət gedə bilər?! Axı, onlar Qarabağın dağlıq hissəsində yaratdıqları qondarma separatçı qurumu heç də təsadüfən kabus şəhərlərdən ibarət bir kəmərlə qurşamamışdılar. Azərbaycanlılarla qonşu olmamaq üçün işğal etdikləri ətraf yeddi şəhəri yer üzündən təsadüfən silməmişdilər ki…

İşğaldan azad edilmiş Ağdama səfərimiz Novruz ərəfəsinə təsadüf edirdi. Lakin mən isti izlərlə reportaj hazırlamaq istəmədim. Gözlədim ki, o dəhşətli mənzərənin doğurduğu emosiyalar yatsın və gördüklərimizi oxucuya soyuqqanlı şəkildə, quru faktların dili ilə çatdıra bilim. Lakin hətta əcnəbi jurnalistlərin bu mənzərəni gördükdə hisslərini cilovlaya bilmədiyi halda, müharibənin bütün acılarını öz üzərində yaşamış bir insanın Ağdam təəssüratlarını soyuqqanlı təsvir etməsi mümkündürmü?

«Həmişə arzu edirdim ki, Ağdam dəmir yolunun relslərini yenidən görə bilim. Əvvəlki xətdən, bax, bu son metrlər qalıb. Bu köhnə dəmir parçaları danışa bilsəydi, sadə bir xalqın böyük tarixini dilə gətirərdi. Bir milyon insanın necə qaçqına çevrildiyini, şəhərlərin necə məhv edildiyini, dünyanın buna necə susduğunu, necə göz yumduğunu, böyük ümidlərin ulduzlarının necə söndüyünü danışardı. Qadınlar, uşaqlar, qocalar – hamı öz sevgisini və göz yaşlarını doğma torpağında qoyub, bax, bu yolla çıxıb getmişdi». Bu, 28 ildən sonra işğaldan azad edilmiş Ağdama qayıdan Birinci Qarabağ savaşının canlı şahidi olmuş litvalı jurnalist Riçardas Lapaytisin təəssüratlarının bir hissəsidir.

İndi isə Riçardasın bəhs etdiyi həmin o qaçqın uşaqlarından birini təsəvvür edin. Ailəmiz Xankəndidə etnik təmizləmələrdən güclə can qurtararaq Ağdama yollananda mənim cəmi 13 yaşım var idi. Doğma şəhərimizi tərk etdiyimiz sərnişin qatarı Bakı-Xankəndi-Bakı marşrutu ilə hərəkət edən son qatarlardan biri idi. Xatırlayıram ki, valideynlərimiz vaqonun pəncərəsindən bayıra baxmağa icazə vermirdi, çünki ermənilərin yaşadığı kəndlərdə qatarı daş-qalaq edirdilər.

Sonra öz yurdundan qovulmuş minlərlə azərbaycanlı ailəsinin, o cümlədən Xocalı soyqırımından sağ çıxa bilmiş insanların ümid yeri olan Ağdamın özü də işğalın qurbanı oldu. Bu gün onu gah «kabus şəhər», gah «ruhlar şəhəri», gah da «Qafqazın Xirosiması» adlandırırlar. Obyektivlik naminə yenə gördüklərimizi litvalı jurnalistin dili ilə təsvir edim.

«Artıq neçənci gündür ki, öz evimizdəyik, lakin tamamilə məhv edilmiş Ağdam hər gecə yuxumuza girir! Onu Çernobılla müqayisə etmək olmaz. Çernobılda insan səhvi olub, burada isə hər şey bilərəkdən məhv edilib! Maraqlıdır ki, burada, hətta quşlar da gözə az dəyir. Hər şey Tarkovskinin məşhur «Stalker» filmində olduğu kimidir. Düşünürdük ki, görəsən, bir gecə burada qalsaq nə hiss edərdik? Şəhər 30 il dağıdılıb və talan edilib. Onun ətrafında onlarla kilometrlik istehkamlar, bütöv bir yeraltı dünya var. Ağdam qəbiristanlığında ətrafa səpələnmiş insan sümükləri gözə dəyir. Atılmış itlər, pişiklər aclıqdan ölüblər. Bağların yerində kolluqlar qalıb. Xarabalıq, xarabalıq, xarabalıq… Hər şey insanları məhv etmək üçün edilib», - deyə R. Lapaytis «kabus-şəhər»ə səfərindən sonra yazır.

 

Oriyentir şəhər

Ağdamda nisbətən salamat qalmış yeganə tikili məşhur Ağdam məscididir və əgər Ermənistan onu atəş açmaq üçün oriyentir kimi istifadə edirdisə, Azərbaycana o, şəhərin ilkin görkəmini bərpa etməkdə kömək edəcək.

Ağdamdan yadigar qalan daha bir «bələdçimiz» isə milli qəhrəman Allahverdi Bağırovun məzarıdır. Yerli sakinlər deyir ki, bu məzarlıqda Birinci Qarabağ savaşının 1500-ə yaxın qurbanı uyuyurdu. İndi isə bu qəbirlərin yerində yalnız sahibsiz çalalar və ətrafa səpələnmiş insan sümükləri qalıb. Bu adi insan təxəyyülünə sığmayan bir mənzərədir. Yalnız bir «sağ qalmış» məzar doğmalarının yer üzündən silinmiş qəbirlərini axtaran insanlar üçün istinad yerinə çevrilib. Görünür, bu, Allahverdi Bağırovun alın yazısı imiş – sağlığında olduğu kimi, ölümündən sonra da insanlara öz doğmalarını axtarıb tapmaqda kömək etmək. Axı, məhz onun sayəsində 90-ların əvvəlində yüzlərlə azərbaycanlı əsir və girovluqdan xilas edilib, o cümlədən Xocalı sakinləri.

İşğalçılar Ağdamda «İmarət» kompleksinə də rəhm etməyiblər. Burada XVIII əsrdə Qarabağ xanları və onların varisləri dəfn edilib. Lakin indi nə həmin «İmarət» var, nə də xan ailəsinin məzarları. Xan qızı Natəvanın məzarı da açılıb və qalıqları oğurlanıb. Bax belə, ermənisayağı «öz müqəddəratını təyinetmə».

Lakin artıq hər şey geridə qalıb. Qarabağa sözün bütün mənalarında yaz gəlib. İllər keçəcək və Azərbaycan buranı Cənubi Qafqazın ən çiçəklənən diyarına çevirəcək. Prezident İhlam Əliyevin bayram müraciətində deyildiyi kimi: «Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır».

 



MƏSLƏHƏT GÖR:

207