24 Aprel 2024

Çərşənbə, 18:04

QİZIL DƏYƏRLİ NƏTİCƏ

Azərbaycan gimnastları dünya kubokunda uğurlu çıxış etdilər

Müəllif:

15.04.2021

Karantin günlərində qaydalara uyğun məşqləri davam etdirən bədii gimnastika üzrə yığma komandamız növbəti beynəlxalq yarışdan qayıdıb. Avropa Çempionatında çoxnövçülükdə gümüş medala layiq görülən qrup hərəkətləri komandamız Bolqarıstanın Sofiya şəhərində keçirilən Olimpiadaya təsnifat xarakterli Dünya Kubokunda da bu uğuru təkrarlayıblar. Çoxnövçülük yarışlarında kompozisiyanı yüksək səviyyədə nümayiş etdirən Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət komandamız fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Yarışın son günü bədii gimnastlarımız Sofiyada daha bir medal qazanmağı bacarıb. Hər iki çıxış proqramı üzrə finala vəsiqə qazanan qrup hərəkətləri komandamız üç halqa və iki cüt gürzlə bürünc medala layiq görülüblər. Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzan bu dəfə fəxri kürsünün üçüncü pilləsində yer alıb.

 

Çətinliklərə rəğmən

Pandemiyaya görə bir ildən artıq idmançıların rahat məşqdən məhrum olması onların hazırlığına ciddi təsir göstərib. Məhz bu səbəbdən, əksər idman növlərində titullu təmsilçilərimiz beynəlxalq yarışlardan kənarda qaldı. Sevindirici haldır ki, gimnastika üzrə milli komandalarımız çətinliklərə baxmayaraq, ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir. Sofiyadakı Dünya Kubokunda bir gümüş və bir bürünc medal qazanan yığma komandamız çətin hərəkətləri mükəmməl şəkildə yerinə yetirməklə hakimlərin rəğbətini qazanıb. Güclü rəqabətə baxmayaraq, güclü komandaların iştirak etdiyi yarışda gümüş medala layiq görülmək xüsusi qeyd olunmalıdır.

Gimnastların çıxışını “Region plus” üçün şərh edən milli komandanın baş məşqçisi Mariana Vasilyeva nəticədən razı qaldığını bildirdi: “Gimnastlar bizi yaxşı nəticə ilə sevindirdi. Dünya Kuboku yarışlarında çoxnövçülükdə ilk dəfə gümüş medal qazandıq. Artıq bir ildən çoxdur ki, pandemiya dövründə yaşayırıq. Ona görə bu nəticə bizi çox sevindirdi. Adi olmayan günlərdə əldə olunan nəticə ikiqat əhəmiyyətli olur. Pandemiya idmançılara və idmana ciddi təsir edib. İdmançılar həm fiziki, həm də psixoloji cəhətdən böyük zərbə aldı. Əksər idmançılarda motivasiya yoxdur, bəzilərində gələcəyə olan maraq itib. Əsas komandalarımız müvafiq qaydalar çərçivəsində məşqləri davam etdirir. Bizə bu imkan yaradıldığı üçün sevinirik. Nəticə qazanmaqdan ötrü məşq etmək çox vacibdir. Avropa Çempionatı, eləcə də, Tokio Olimpiadasında iştirak edəcək əsas milli komandamız  məşqlərdə iştirak edir. Qrup hərəkətləri üzrə komandamız çox gəncdir. Yenidən formalaşır. Dünya Kubokunda qazanılan nəticə onları növbəti yarışlara daha çox həvəsləndirəcək. Hazırkı dövrdə təkcə bizim deyil, bütün idmançılar o cümlədən rəqiblərimiz də müəyyən problemlərlə rastlaşır. Amma qələbə qazanmaq üçün çətinlikləri adlamaq lazımdır. Biz irəliyə getmək üçün çalışırıq. Bu yarış əslində mövsümün ilk turniri oldu,” - deyə baş məşqçi bildirib.  

Təqvimə uyğun olaraq mayda Bakıda Dünya Kuboku təşkil olunmalıdır. Sonra daha bir neçə yarışlar keçiriləcək. M. Vasilyeva çox şeyin pandemiyanın gedişindən asılı olduğunu deyir: “Tokio Olimpiadasına lisenziya qazandığımıza görə sevinirəm. Amma pandemiya dövründə vəziyyət dəyişdi. Noyabrdakı Avropa çempionatından sonra hərəkətlərdə çətinliyi artırmışıq. İndi gimnastların xalça üzərində göstərdiyi kompozisiya daha mürəkkəbdir. Gimnastlarımız gəncdir, həvəslidir. Biz güclü rəqabətə hazır olmaq üçün hazırlaşacayıq. Fiziki və psixoloji cəhətdən gimnastlar çətinliklərə hazır olacaq. İnanırıq ki, qarşıda layiqli çıxışlarımız və qələbələr olacaq”.

 

Medallar motivasiyanı artırır

Qrup hərəkətləri komandamızın üzvü Zeynəb Hümmətova Bolqarıstandakı çıxış zamanı məşqçilərin onlara çox dəstək olduğunu söylədi: “Pandemiya bütün idmançılara təsir edib. Bununla belə, biz çıxışlarımızı davam etməliyik. Sofiyadakı Dünya Kubokunda gümüş və bürünc medal qazandıq. Qrup hərəkətləri komandamız çətin dönəmdə Vətənə iki medalla qayıtmağı bacardı. Məşqçilərimiz bizə çox dəstək oldu. Baş məşqçimiz Mariana Vasilyevna lazımi məsləhətlərini verdi. Eyni zamanda gimnastika həvəskarlarının inamı bizim üçün çox önəmli idi. Hazırda yeni kompozisiya üzərində işləyirik. Yeni hərəkətləri məşq edirik. Növbəti yarışlarda da mükafatçılar sırasında yer almağa çalışacayıq. Böyük yarışlar üçün çox darıxmışıq. Dünya Kubokundakı iki medal bizə yüksək əhval-ruhiyyə verəcək”.

Azərbaycan Gimnastika Federasiyası hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahdan cavab gözləyir. 2020-ci ildə Bakıda təşkil edilməli olan bədii gimnastika üzrə Dünya Kuboku ilin may ayında baş tutmalıdır. Olimpiya Oyunlarına təsnifat xarakterli bu kubok 2021-ci ilin 7-9 may tarixlərində elə eyni məkanda – Milli Gimnastika Arenasında keçiriləcək. 2020-ci ilin 24-26 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan yarış bütün dünyada yayılan COVID-19 pandemiyası ilə əlaqədar olaraq təxirə salınmışdı. Yarışların ilk 2 günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaq. Yarışın son günü isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək. Ənənəyə uyğun olaraq, bu Kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku da təqdim olunacaq.



MƏSLƏHƏT GÖR:

170