18 Aprel 2024

Cümə axşamı, 11:18

«KƏPƏK ÜZƏRİNDƏ DOĞULMUŞ»

Anar CƏBRAYILOV: «Arzum dünyanın ən nüfuzlu sirk festivalı Monte-Karlo festivalında Azərbaycanın adından çıxış etməkdir»

Müəllif:

15.04.2021

Şlyapa ilə qeyri-adi nə göstərmək olar? Gənc istedadlı jonqlyor Anar Cəbrayılov öz janrında gerçək mükəmməlliyə çatıb. Onun unikal fəndləri kütləni heyran edir, ifa tərzi isə azart və yaxşı əhval-ruhiyyə bəxş edir. Bu il 30 yaşını qeyd edən Anar sirk artistləri ailəsində anadan olub. Sirk mühitində bu cür uşaqlara zarafatla "kəpək (taxta kəpəyi) üzərinə doğulmuş" deyirlər. O, uşaqlıq illərini həmişə məmnuniyyətlə xatırlayır – projektorların parlaq işığı, sirk marşının şaqraq gurultusu, popkornun şirin qoxusu və manejə zərif kostyumlarda çıxan artistlərin yüksək səslə "Parad-alle!" deməsini...

- Anar, sən sirkdə böyümüsən. Gənc yaşlarından manejdə böyük uğurlar qazana bilmisən...

- Mən sirk artistlərinin əhatəsində böyümüşəm. Atam Kamal Cəbrayılov Azərbaycan sirk kollektivinin «Alov» at-akrobat attraksionunda aparıcı çaparlardan biri olub. Mən 1991-ci il mayın 22-də Minsk şəhərində anadan olmuşam, həmin vaxt Azərbaycan sirki orada qastrol səfərində olub. Yadımdadır, atları necə dəlicəsinə sevirdim - saatlarla ətrafımda sürətlə qaçmalarına baxmaqdan doymurdum. Uşaqlıq arzularımda özümü həmişə çılğın bir atın üstündə görürdüm və atamın məni yəhərə aldığı anlar həyatımdakı ən xoşbəxt anlar idi. Ancaq çox tez başa düşdüm ki, manejdə asanlıqla və zərif şəkildə ifa olunan mürəkkəb fəndlərə artistlər ağır zəhmət və iradə bahasına nail olurlar. Sirk - xüsusi, sehrli bir dünyadır, burada özünəməxsus davranış kodeksi, qarşılıqlı anlaşma, qarşılıqlı yardım mühiti hakimdir. Bəzən hətta sirk artistlərinin həyatı da bundan asılı olur. Bu ənənələr əsasında tərbiyə olunan sirk uşaqları çox erkən böyüyür, işləməyi, qonşularına qulluq etməyi, heyvanlara qulluq etməyi və məşq etməyi öyrənirlər, özlərini yetişdirirlər. Onlar öz sülalələrinin davamçıları, eləcə də əsrlərdən bəri davam edən sirk ənənələrinin qoruyucularıdırlar.

- Məktəb illərin necə keçib?

- Anam Cəmilə xanım bizim təhsilimizə xüsusi diqqət yetirirdi. Ancaq biz daima təkər üstündə idik və növbəti bir şəhərə gəldiyimiz gün valideynlərimin i kişi bizi sirkin yaxınlığındakı məktəbə yerləşdirmək olurdu. Buna görə anam ev tapşırıqlarımıza ciddi şəkildə nəzarət edirdi və həm mənim üçün, həm də bacım Sehranə üçün ən sərt məktəb müəllimi idi. Atam isə bizim fiziki inkişafımızın qayğısına qalırdı. Biz kiçik yaşlarımızdan başqa sirk uşaqları ilə birlikdə akrobatika, rəqs və gimnastika ilə məşğul olurduq, həm də öz ulduz valideynlərimizi çox gülməli həkildə yamsılayırdıq. Mən qəti qərar verdim ki, çapar olacam, artıq uşaqlıqdan qorxmadan at çaparaq, sadə tryukları ifa edirdim. Bir dəfə atamın tərəfdaşlarından biri, keçmiş jonqlyor Cəlal Cəlalov mənə bir dəst şlyapa verdi və onlarla jonqlyorluq etməyin yolunu göstərdi. Əvvəl məndə heç nə alınmırdı, mənə çox darıxdırıcı kimi gəldi, amma atam öz məsləhətləri ilə məni dəstəklədi və tədricən məni elə maraqlandırdı ki, saatlarla məşq edə bildim. Bu marağım sayəsində artıq 15 yaşımda Donetsk sirkində bu nömrə ilə çıxış etməyə başladım. Elə həmin il Luqanskda keçirilən «Sirkin gələcəyi» festivalında birinci yeri qazandım. Hazırda şlyapalar mənim vizit kartımdır. İşimi ardıcıl olaraq çətinləşdirməyə, yeni bənzərsiz elementlər daxil etməyə çalışıram və bu məsələdə son hədd görmürəm.

- Sirk sənəti sizin üçün nə deməkdir?

- Hər axşam mənim üçün heyrətamiz bir dünyanın pərdəsi açılır. Manejə çıxarkən mən həmişə həyəcan hiss edirəm. Minlərlə insan üzünün böyük bir mənzərədə çulğaşmasına və mənim bütün diqqətimin tryukun yerinə yetirilməsinə cəmləşməsinə baxmayaraq, şüurum tamamilə aydın şəkildə amfiteatrın dərinliklərindən kiminsə narahat baxışını, kiminsə təbəssümünü tutur, qəflətən ümumi uğultu içindən şaqraq uşaq gülüşü seçilir. Sirk artisti üçün zalı, tamaşaçıların əhval-ruhiyyəsini hiss etmək çox önəmlidir. Yalnız onda azart, asanlıq, cəsarət gəlir... Sirk tamaşası kompozisiyasının özünəməxsus xüsusiyyətləri var. Adətən, proqramın əvvəlində artistlər çıxış edirlər, onlar tamaşaçıları ruhlandırır, onlarda elə bir əhval-ruhiyyə yaradırlar ki, bu, bütün tamaşanın sonrakı tempini müəyyən edir. Mən son illərdə Rusiyanın əməkdar artisti Anatoli Sokolun rəhbərliyi altında "Su, od və işıq şousu" verilişində çalışıram və orada giriş çıxışını mənə etibar edirlər. Sirk mənim taleyimdir, mən öz işimi çox sevirəm və hər dəfə tamaşaçıya öz enerjimi verməyə çalışram. Çıxış zamanı zalla ünsiyyət qurmaqdan o qədər zövq alıram ki, bəzən manejdən ayrılmaq belə istəmirəm. Bu, paylaşılmaz bir hissdir – sən çıxışının sonunda dayanırsan, izləyicilər səni alqışlayır, "bravo" deyə qışqırır, işinə görə sənə təşəkkür edir.

- Yəqin ki, bu janrda birincilik qazanmaq asan deyil?

- Yerinə yetirilən tryuklar nə qədər mürəkkəb olsa da, sirk artistləri bir şeyi bilirlər: sirkin incəsənətə çevrilməsi üçün obrazın yaradılması üzərində çalışmaq lazımdır. 2011-ci ildə istedadlı sirk rejissoru Ruslan Qaneyevlə birlikdə "Artist" adlı yeni tamaşa yaratdıq. Nömrənin adı artıq özü danışır. Mənim qəhrəmanımın obrazı - daima irəli gedən adamdır, o, şlyapası ilə şən oyununda bütün tamaşaçılara təbəssüm və enerji yükləyir. Düşünürəm ki, istənilən gerçək artistin missiyası məhz budur.  

- Son illərdə siz həm də təlim görmüş meymunlarla çıxış edirsiniz.

- Atam akrobat-çapar kimi karyerasını başa vurduqdan sonra sirkdən ayrılmaq istəmədi və meymunlarla çox əyləncəli, orijinal bir nömrə yaratdı. Bacım və mən bacardığımız qədər atama kömək etdik, lakin bu heyvanlar yırtıcı sayıldıqlarına görə onda manejdə onlarla işləmək üçün bizə icazə verilmədi. Ona qədər evimizdə Maylo adlı sevimli köpəyimiz var idi, amma meymunlar həyatımıza yeni rəng gətirdi. Onlarla oynamaqla və onlara qulluq etməklə bu heyvanlara getdikcə daha çox bağlandıq, hər zaman onların fəhminə, çevikliyinə, bizi yamsılama qabiliyyətinə heyran qaldıq. Onlarla ünsiyyət qurmaq xoşuma gəlir, çıxışlar zamanı uzun müddət atamın köməkçisi olmuşam və nəhayət, atam təlimçi kimi onlarla işləməyimə icazə verdi. Meymunlar sürü heyvanlarıdır və təbiətdə yalnız başçılarına itaət edirlər. Bəzən bizim dişi meymun Qoşa biz tərəfə baxıb kimə - mənə və ya atama itaət edilməli olduğunu təyin etməyə çalışanda məni gülmək tutur. Bununla belə, həmişə ehtiyatlı olmaq lazımdır - bunlar yırtıcıdırlar və onların nə edəcəyini heç də hər zaman bilmək olmur.

- Yeri gəlmişkən, indi sirkdə heyvanların istismarı barədə çox müzakirələr aparılır.

- Bir çox məsələdə qadağa tərəfdarları ilə razıyam. Sirkdə çox sayda təsadüfi insan var ki, brakonyerlərdən heç nə ilə fərqlənmir. Amma mən sizə heyvanların həqiqi artistlərin həyatında tutduğu yer barədə danışmaq istəyirəm. Əgər hansısa heyvanın problemi varsa, sirk insanı heç vaxt yanından ötüb getməz. Mən uşaqlıqdan bəri təlimçilərin kiçik heyvanlara necə qulluq etdiyinin şahidiyəm, volyerin yanında gecə-gündüz növbədə dururdular və ya gecə evlərinə aparırdılar. Özü də, indi sirkdə vəhşi təbiətdən tutulmuş heyvanlar azdır. Manejdə əsasən vəhşi təbiətdən kənarda doğulmuş heyvanlar çıxış edir. Sirkdə həm də brakonyerlərin əlindən qurtarılmış, həmçinin ətraf mühitin çirklənməsindən və təbii fəlakətlərdən zərər görmüş heyvanlara qayğı göstərirlər. Heyvanlar burada təbiətlə müqayisədə daha uzun yaşayır. Çox vaxt yaşlı heyvanları zooparka təhvil vermirlər, onlar sirkdə yaşamağa davam edir. Bizim iyirmi yaşlı Şef adlı bir meymunumuz var, atam öz nömrəsini onunla yaratmağa başlayıb. Artıq çıxış etmir və ata zarafatla ona "pensioner" deyir. Biz hamımız ona çox qayğı göstəririk.  

- Sizin beynəlxalq sirk festivallarında qazandığınız uğurları Azərbaycanda qürurla izləyirlər...

- 2011-ci ildə mən İjevskə sənətinə pərəstiş etdiyim böyük artist və adı böyük hərflərlə yazılmalı vətəndaş, SSRİ xalq artisti Yuri Vladimiroviç Nikulinin anadan olmasının 90 illiyinə həsr olunmuş IV Beynəlxalq sirk sənəti festivalına dəvətnamə aldım. Münsiflər heyətinə dünyanın ən nüfuzlu sirk xadimləri daxil idi, iştirakçılar arasında da çox sayda məşhur artistlər var idi. Mən çox həyəcanlı idim, çünki festivalda Azərbaycanı təmsil etmək arzusunda olduğumu bildirmişdim və təşkilatçılar mənimlə razılaşmışdılar. Onda mən ilk dəfə anlamışdım ki, öz ölkəmin adından danışmaq – çox böyük bir məsuliyyətdir. İndi mənim hesabımda bir çox mükafat və prizlər var, amma həmin festivalda qazandığım Udmurtiya Dövlət Sirkinin Xüsusi Mükafatı mənim üçün xüsusi önəm kəsb edir. 2015-ci ildə məni Aşdod şəhərində keçirilən 1-ci İsrail beynəlxalq sirk festivalına dəvət etmişdilər. Festivaldakı rəqiblər çox güclü idilər, əsəblərim tarım həddində idi, amma ilk dəqiqələrdən tamaşaçılar məni o qədər isti dəstəklədilər ki, birnəfəsə çıxış etdim. Məni festivalın qalibi elan edəndə heyran qalmışdım. Edə biləcəyim tək şey qələbədən dərhal sonra sosial şəbəkələrdə bunları yazmaq oldu: “Uşaqlar, mən «qızıl» qazandım! Mənə dəstək verən hər kəsə təşəkkür edirəm!" Böyük Moskva Sirkinin Vernadski prospektindəki manejində keçirilən Ümumdünya sirk sənəti "İdol-2016" festivalında iki ölkənin - Azərbaycan və Rusiyanın adından çıxış edərək Xüsusi mükafata layiq görüldükdən sonra 2017-ci ildə məni Tsvetnoy Bulvardakı Y.V.Nikulin adına sirkdə keçirilən XVI Moskva beynəlxalq gənclik sirk festival-müsabiqəsinə dəvət etdilər. Bu festivalda mən iki nömrə - "Korrida meymunu " və "Artist" nömrələri ilə çıxış etdim. Mən bürünc medala layiq görüldüm, tamaşaçı rəğbəti mükafatını da aldım və Tsvetnoy Bulvardakı sirkin proqramına da daxil edildim. 2018-ci ilin payızı mənə növbəti qələbəni gətirdi - Pxenyanda keçirilən XXXI Beynəlxalq «Aprel baharı» festivalında qızıl mükafat qazandım. Məni dəstəkləyən, sənətdə öz yolumu tapmağıma kömək edən hər kəsə minnətdaram.

- Vətəndən kənarda yaşamaq və işləmək çətindirmi?

- Mən çağdaş, müstəqil Azərbaycanın yaşıdıyam. Saysız-hesabsız qastrollar sayəsində Bakıya nadir hallarda gələ bilsəm də, Vətənimlə bağlı hər bir hadisə ruhumu dərindən həyəcanlandırır, hadisələri ürəkdən yaşayıram, ölkəmin uğurlarına sevinirəm. 44 günlük müharibədəki tarixi qələbəmiz, atalarımın vətəni olan Zəngilan da daxil olmaqla işğal olunmuş ərazilərimizin azad edilməsi mənə böyük güc verir. Yaxşı anlayıram ki, müstəqil Azərbaycan uğrunda, ölkənin yüksək beynəlxalq imici uğrunda mübarizə bütün sahələrdə, xüsusən də incəsənətdə davam edir. Buna görə hər bir artist həmişə birinci, ən yaxşı olmalı və Vətənə şöhrət gətirməlidir. Bizim kollektivimizdə müxtəlif millətləri təmsil edən artistlər çalışır. Azərbaycan dueti Ell və Nikinin «Eurovision-2011» müsabiqəsində qalib gələndə və ya bütün kollektivlə televiziyada birinci Avropa Oyunlarının rəngarəng açılışını izləyəndə, hamı yanıma gəldi və məni təbrik etdi, mən ölkəmin adına çox sevinirdim. Atam səksəninci illərin sonlarında çıxış etdiyi Azərbaycan milli kollektivinin parlaq, orijinal proqramını tez-tez xatırlayır, istedadlı akrobatlarımız, kəndirbazlarımız, çaparlarımız, dəvə təlimçiləri, klounlar haqqında danışır. Milli geyimlər, gözəl musiqi, göz oxşayan tərtibat arenada baş verənləri mükəmməl şəkildə tamamlayırmış. Təəssüf ki, indi Azərbaycanda sirk xadimlərini öz ətrafında toplaya biləcək bir təşkilat yoxdur, buna görə də bizim artistlərimiz bütün dünyaya səpələniblər. Öz ölkəsini beynəlxalq arenada layiqincə təmsil edə bilən çox sayda istedadlı artist tanıyıram.

- Ən böyük arzun nədir?

- Belə alınıb ki, mən də Rusiya sirkinin tərkibində işləyirəm, amma gələcəyimi Azərbaycansız təsəvvür edə bilmirəm və bizim zəngin milli mədəniyyətimizi əks etdirən bir çıxış hazırlamaqla bağlı arzum var. Mənim əsas arzum hər il Monte Karloda keçirilən dünyanın ən nüfuzlu sirk festivalında ölkəm adından çıxış etməkdir. Əgər kino sənəti ilə müqayisə etsək, bu festivalın əsas mükafatı «Qızıl Kloun»u «Oskar»la müqayisə etmək olar. Bizim artistlərimiz artıq bu festivalda çıxış ediblər, amma təəssüf ki, onlar başqa ölkələri təmsil ediblər.

Bu gün milli sirk sənəti xalqımız üçün getdikcə daha çox önəm kəsb edir. Artistlərimiz Vətəni bütün dünyada ləyaqətlə təmsil edir, Azərbaycanı şöhrətləndirir, öz gücləri, cəsarətləri, çeviklikləri və misilsiz qabiliyyətləri ilə tamaşaçıları heyran qoyurlar. Biz bütün soydaşlarımız adından Anar Cəbrayılovu qarşıdan gələn 30 illik yubileyi münasibətilə təbrik etdik, ona çətin incəsənət sahəsində uğurlar və nüfuzlu festivallarda yeni "qızıl" mükafatlar arzuladıq.



MƏSLƏHƏT GÖR:

202