29 Mart 2024

Cümə, 15:39

ÖRDƏK ƏHVALATLARI

Almaniya yolayrıcındadır: Angela Merkel erası bitir

Müəllif:

15.04.2021

2021-ci il Almaniyada XDİ/XSİ siyasi bloku (Xristian-Demokrat İttifaqı – Xristian-Sosialist İttifaqı) üçün ikiqat uğursuzluqla başlayıb. Söhbət 2018-ci ilədək 18 il müddətinə davamlı olaraq Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi alyansdan gedir. O, bu gün də formal olaraq idarəçiliyi başqa əllərə versə də, xristian-demokratların qeyri-rəsmi lideri sayılır.

Merkelin siyasi karyerası boyunca şəxsi reytinqi, seçicilərin ona inamı hər zaman partiyanın reytinqindən xeyli yüksək olub. Xristian-demokratlar son 16 ildə, demək olar ki, onun şəxsi reytinqi sayəsində hakim partiya olub, bəzi hallarda indi olduğu kimi, sosial-demokratlarla (ASDP) alyans qurub, amma bu alyansda da «böyük qardaş» rolunda çıxış edib.

Nəhayət, Merkel erası sona çatır. 2018-ci ildə o, könüllü şəkildə partiya sədri səlahiyyətlərindən imtina edib. Merkel bunu yeni rəhbərliyin federal parlament seçkisinə hazırlaşması üçün zaman qazanması məqsədilə edib – seçki bu ilin sentyabrında keçirilməlidir.

Amma işlər lap əvvəldən heç də yaxşı getmir. Merkeli əvəzləmiş Anneqret Kramp-Karrenbauer, təxminən, in bir il sonra xalq arasında reytinqinin çox aşağı olması və partiyadaxili problemlər üzündən liderliyə namizədliyini geri götürüb. O, ötən müddətdə səlahiyyətlərinin icrasını yalnız SOVID-19 epidemiyası üzündən davam etdirib və 2021-ci ilin yanvarında qurultay keçirən XDİ Armin Laşeti özünə yeni sədr seçib.

Amma Laşeti də reytinq məsələsində sələfindən öndə deyil. Üstəlik, o, partiyanı heç də ən yaxşı vaxtında təhvil almayıb. Epidemiya və onun yaratdığı iqtisadi problemlər azmış kimi, ortaya XDİ/XSİ-nin parlament blokunun üzvlərinin iştirak etdiyi böyük korrupsiya qalmaqalı çıxıb.

Bu il keçirilmiş ilk seçkilərdəcə (Baden-Vyutenberq və Reynland-Pfaltsda) alınmış sarsıdıcı nəticələr məhz bununla izah olunur. Hələ yanvarda Baden-Vyurtemberqdə keçirilən sorğularda XDİ-ni 32% seçici dəstəkləyirdisə, seçkinin real nəticələri onlar üçün əsl hok olub – 24%. Beş il əvvəlki seçki ilə müqayisədə XDİ bu torpaqlardan birində 3, digərində 4% itirib.

Amma bu iki federal torpaqda praktik olaraq, bütün əsas partiyalar geriləyib. Yeganə uğur qazanan «yaşıllar»dır – beş il əvvəlki seçki ilə müqayisədə onlar Baden-Vyurtemberqdə 2,3, Reynland-Pfaltsda isə 4% artıq səs qazanıblar. Bu fakt bir daha göstərib ki, xristian-demokratların məyus etdiyi keçmiş seçiciləri, bir qayda olaraq, «yaşıllar»ı dəstəkləyir.

 

XDİ qane etmir

«Xristian-demokratların passivliyini anlamaq mümkün deyil», - deyə ekspertlər bildirir. Onlar XDİ liderlərinin martdakı məğlubiyyəti və ümumilikdə xalqın inamının sürətlə itirilməsini necə rahatlıqla qəbul etdiklərindən böyük təəccüblə qarşılayırlar.

Əlbəttə ki, müəyyən tədbirlər görülür. Məsələn, haqqında kompromatların üzə çıxdığı deputatdan istefaya getməsi tələb olunub, digər parlamentarilərinə isə «Şərəf bəyannaməsi» imzaladılıb. Bununla, XDİ/SDİ blokundan olan deputatlar pandemiya ilə mübarizə işində heç bir maddi gəlir güdməyəcəklərinə and içiblər. Bundan başqa, təcili olaraq vəzifəli şəxslər və deputatlar üçün «davranış kodeksi» qəbul olunub. Orada məmur və parlamentarilərin məşğul olmaları qadağan edilmiş işlərdən ibarət böyük siyahı yer alır. Amma bütün bunlar seçiciləri qane etməyib.

Armin Laşetdən partiyanın hara və necə gedəcəyinə dair ideyalar və proqramlar istəyirlər. Yeni sədr XDİ və tərəfdarları üçün uzunmüddətli perspektivi, yeni oriyentirləri müəyyənləşdirməlidir. Amma bu, hələ ki, görünmür. Halbuki pandemiya ilə davam edən mübarizənin yükünü öz üzərinə götürmüş Merkel bununla Laşetə kansler roluna hazırlaşması üçün əlavə vaxt da verib.

Hələliksə rəyi soruşulanların yalnız 14-24%-i (fərqli sorğularda) Laşeti ölkə lideri postuna layiq bilir. Reytinqdə o, Bavariyanın baş naziri, XDİ ilə bir blokda yer alan Xristian-Sosialist İttifaqının lideri Markus Zoyderdən xeyli geri qalır – rəyi soruşulanların, təxminən, 50%-i məhz sonuncunu dəstəkləyir. Hakim blokun tərəfdarları arasında Laşetin reytinqi daha da aşağıdır. Onu 12%, Zyoderi isə 63% dəstəkləyir.

Ola bilsin ki, Armin Laşet XDİ/XSİ blokundan namizədliyini irəli sürməyi bu səbəbdən uzadır. O, məsələyə aprel-may aylarında baxılacağını bildirir.

 

Şübhəli şöhrət

Son bir neçə həftədə televiziya tamaşaçılarında elə təsəvvür yaranır ki, hakim blokun pandemiya ilə mübarizə kursunu Markus Zoyder müəyyən edir. O, tok-şoulara həddindən artıq çox qatılır.

Bavariyanın və müvafiq olaraq, hakim blokdakı «kiçik qardaş» XDİ-nin liderləri indiyədək heç zaman Almaniya kansleri postunu tutmasalar da, bu ənənənin, nəhayət, pozulmasına, Markus Zoyderin kanslerliyə namizəd göstərilməsinə çağırışlar getdikcə daha çox eşidilməkdədir. Burada artıq söhbət ənənələrə əməl olunmasından, hətta blokun kansler postunu qoruyub saxlamasından yox, yaxın gələcəkdə hakim koalisiyanın yaradılmasında hansısa formada iştirak imkanlarından gedir.

Amma Zoyderin namizədliyi keçməyə də bilər. O, Bavariyanın rəhbəri kimi özünü, şübhəsiz ki, çox yaxşı göstərib. Bu, xüsusilə pandemiya ilə mübarizəyə aiddir. Lakin XSİ-nin partiya olaraq imici çoxdan formalaşıb: onun üzvləri siyasətlə şəxsi biznesi (özü də, heç də həmişə qanuni olmayan biznesi) bir-birindən ayırmaq haqda düşünmürlər. XDİ/XSİ-nin parlament fraksiyasında baş qaldırmış korrupsiya qalmaqalı fonunda isə hakim blokun reytinqi kəskin şəkildə azalıb və belə bir şəraitdə kansler postuna XSİ-dən namizəd irəli sürülməsi heç də ən yaxşı variant deyil. Bu gün hər 10 almandan 7-si hesab edir ki, XSİ deputatlarının şübhəli əlavə fəaliyyətilə bağlı problemləri var.

 

İkisinin bir problemi

1993-cü ildən «İttifaq 90» ilə vahid blokda yer alan «yaşıllar» üçün martda əldə olunmuş uğur çox vacibdir. Bu uğur «yaşıllır»ın nəinki sentyabr seçkisi nəticəsində federal hökumətdə təmsil olunmasına yol aça, bəlkə də, onların kansler postuna öz namizədlərini irəli sürməsinə aparıb çıxara bilər. «Yaşıllar» əslində çoxdan, hələ 2019-cu ildən Almaniyanın əhəmiyyətinə görə ikinci siyasi qüvvəsi sayılır. Belə bir şəraitdə XDİ/XSİ üzərinə düşən problemlərin öhdəsindən gələ bilməzsə, «yaşıllar»ın liderliyə yüksələcəyini istisna etmək olmaz.

Yeri gəlmişkən, onların dövlət idarəçiliyi təcrübəsi də kifayət qədərdir. 1998-2005-ci illərdə ASDP ilə koalisiya formasında ölkəyə məhz «yaşıllar» rəhbərlik edib. Elə həmin Baden-Vyurtemberqdə 2011-ci ildən baş nazir «yaşıllar»ın təmsilçisidir. 2016-cı ildən isə partiya Reynland-Pfaltsa da rəhbərlik edir. Amma burada o, sosial-demokratlar və Azad Demokrat Partiyasından (AzDP) olan liberallarla koalisiya qurub.

Prinsipcə, Almaniyada federal parlamentə seçkidən sonra yalnız iki ssenarini real sayırlar: ya XDİ/XSİ «yaşıllar»la koalisiya quracaq, ya da «işıqfor-koalisiya» da adlandırılan «böyük koalisiya» formalaşacaq: «yaşıllar», ASDP («qırmızılar») və AzDP («sarılar»).

Amma «yaşıllar» da bu gün «yetim qalmış» xristian-demokratlarla eyni problemi yaşayır. Partiyanın həmsədrləri Annalena Baerbok və Robert Xabekin xalq arasında ciddi populyarlıqları yoxdur.

 

«Növbəti kansler mənəm»

Sosial-demokratlar ümid edirlər ki, hazırkı kansler müavini və ölkənin maliyyə naziri Olaf Şolts seçicilərin gözündə «Angela Merkelin ən yaxşı varisi»nə çevrilə bilər. Çünki o, dövlət xadimi kimi uzun illik təcrübəyə malikdir.

Şolts özü də, adətən, çıxışlarına belə başlayır: «Almaniyanın növbəti kansleri mənəm». Şolts xüsusilə Hamburq sakinlərinin dəstəyinə çox arxalanır. 7 il bu şəhərdə burqomistr olmuş Şolts burada sosial mənzil tikintisini əhəmiyyətli dərəcədə artırıb – digər federal torpaqlarda bunu görmək mümkün deyil.

Rəqiblərin kadr seçimi ilə məşğul olduqları bir vaxtda Şolts ilin əvvəlindən fəal seçki təbliğatına başlayıb. Elə gün olmur ki, o, sosial şəbəkələrdə yeni sosial müavinətlər, baza pensiyalarının artırılması və s. haqda vədlər verməsin. Amma maliyyə naziri kimi, o, bir sıra tənqidlərlə də üz-üzədir. Şolts xüsusilə şirkətlərə yardımların ödənilməsindəki ləngimələrə görə tənqid edilir.

Amma digər partiyaların mümkün namizədləri ilə müqayisədə Olaf Şolts yenə də uduzur. Sorğular göstərir ki, almanlar Angela Merkelin mümkün varisi kimi daha çox Markes Zoyder, Armin Laşet və ya Robert Xabekə üstünlük verirlər. Ölkədə səsvermə hüququ olan şəxslərin yalnız 20%-i Şoltsu kansler görmək istəyir. ASDP tərəfdarları arasında belə, ona inananlar yalnız 54%-dir.

 

«Axsaq ördək»

Merkelin mütləq liderliyinin sona çatmaqda olduğu hələ 2018-ci ildə, XDİ/XSİ-nin parlament fraksiyasına, təxminən, 13 il rəhbərlik etmiş Folker Kauderin təkrar seçkini uduzduğu zaman aydın idi. «Frankfurter algemayne tsaytunq» qəzeti yazır ki, öz namizədini irəli sürə bilməyən Angela Merkel öz partiyasında belə, «axsaq ördəy»ə çevrilib.

XDİ-ni Merkel kimi, Almaniyanın başında saxlayacaq parlaq liderin yoxluğu, həmçinin partiyanın reytinqini daha da azaltmış korrupsiya qalmaqalı bəzi alman jurnalistləri vəziyyəti «ördək hadisələri» adlandırmağa vadar edir. Xalqın Merkelə inamı hələ də yüksəkdir və bu, hələ də, XDİ/XSİ-nin üzdə qalmasına kömək edir. Sanki insanlar hələ də Merkel erasının başa çatdığını anlamır. Lakin bu vəziyyət partiyanın kansler postuna namizədini açıqlaması ilə bir anda dəyişəcək. Artıq indi almanların 54%-i hesab edir ki, Merkel idarəçiliyinin sonu həm də XDİ/XSİ hakimiyyətinin sonu olacaq.

Ola bilsin ki, Baden-Vyurtemberq və Reynland-Pfaltsdakı seçkilərin nəticəsi xalqın mövcud siyasi partiyalara simpatiya və antipatiyasının səviyyəsini göstərib. Amma bu, hələ ölkənin başına kimin keçəcəyi və yeni liderin mövqeyinin nə qədər güclü olacağı sualına aydınlıq gətirmir.



MƏSLƏHƏT GÖR:

169