29 Mart 2024

Cümə, 09:06

“TOKİO SON ŞANSIM OLACAQ”

Azərbaycan ağırlıqqaldıranlarının Moskva çempionatındakı nəticələri Tokio Olimpiadası ilə bağlı ümidləri artırır

Müəllif:

01.05.2021

Pandemiya dövründə yarışları bərpa edən idman növləri sırasında ağırlıqqaldırma da var. Bu idman növündə qələbə xəbərləri az hallarda eşidilir. Son illər daha çox dopinq problemiylə diqqəti cəlb edən millimizdən, nəhayət, xoş xəbər gəldi. Rusiyanın paytaxtı Moskvada təşkil edilən ağırlıqqaldırma üzrə Avropa Çempionatında millimiz yüksək nəticə göstərməklə olimpiada ərəfəsində məşqçi heyətini ümidləndirdi.

Millinin heyətində ən yüksək nəticəni Boyanko Kostova əldə etdi. 59 kq çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırma hərəkətində 95 kq nəticə ilə kiçik bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq-la kiçik qızıl medal qazandı. Toplam 211 kq (95 + 116) nəticə göstərən Boyanka Kostova yekun sıralamada Avropa çempionatının qızıl medalına sahib çıxdı.

Ümidləri doğruldan digər idmançımız Dadaş Dadaşbəyli oldu. Atletimiz birdən qaldırma hərəkətində 177 kq nəticə ilə bu hərəkətdə bütün rəqiblərini üstələdi və kiçik qızıl medala sahib çıxdı. Təkanla qaldırma hərəkətində 202 kq nəticə göstərən idmançımız bu hərəkətdə 7-ci oldu. Toplam 379 kq (177+202) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada böyük bürünc medala sahib çıxdı.

İdman həvəskarlarının nəzərinə çatdıraq ki, ağır atletikada təkanlaqaldırma və ya birdənqaldırmada yüksək nəticə göstərən idmançı kiçik medal qazanır. Mütləq – iki hərəkətin cəmində uğur qazanan atlet isə müvafiq olaraq böyük əyarlı medala layiq görülür. Əsas nəticə məhz iki hərəkətin cəmində hesablanır.

 

Gərgin məşqlər və inam

Uzun müddət mətbuata danışmayan dördqat Avropa və dünya çempionu Boyanka Kostovayla əlaqə saxladıq. Nüfuzlu yarışda 211 kq (95 + 116) nəticə göstərən Kostova “Region plus”un suallarına cavab verdi.

- Dördüncü dəfə Avropa çempionatında qızıl medal qazanan idmançı özünü necə hiss edir?

- Qızıl medal qazanan atlet özünü necə hiss edər? (gülür) Əlbəttə, yaxşıyam. Pandemiya dönəmində qazanılan qələbə çox vacibdir. Ona görə çox sevinirəm.

- Pandemiya dövründə ilk böyük yarışda iştirak etdiniz. Qələbədə həlledici amil nədən ibarətdir?

- Gərgin məşqlər və inam. Yaxşı məşq keçmişdim. Düşünürəm ki, əziyyətimin bəhrəsini gördüm. Bu nailiyyətə görə qadın millisinin baş məşqçisi Sərdar Həsənova və şəxsi məşqçim Laçezar Kişkilova təşəkkür edirəm. Onların keçdiyi məşq sayəsində buna nail oldum.  

- Avropada dörd dəfə çempion olmusunuz. Demək olar qitə çempionatında Kostovaya rəqib tapılmır?

- Avropa çempionatında da güclü idmançılar çıxış edir. Sadəcə ən güclülər olimpiada və dünya çempionatına qatılır. Ümumilikdə mənim çəkimdə ən güclü rəqibim Çin Taybeyindən olan Hsinq-Çun Kuodur. Hazırkı Avropa çempionatında isə Rusiyanı təmsil edən Olqa Tyo yaxşı idmançıdır. Birinci yer uğrunda mübarizəni məhz onunla aparırdım. Yekunda o, gümüş medal qazandı.

- Karantin müddətində yarışlara hazırlaşmaq nə dərəcədə çətin idi?

- İnanılmaz dərəcədə çətin oldu. Qapalı məkanlarda məşq etmək qadağası var idi. Üstəlik, pandemiya dönəmində yalnız mənfi xəbərlər yayılır. İdmançı üçün əhvali-ruhiyyə çox vacibdir. Bu mənada bəzən yarış barədə düşünmək olmurdu. Olimpiadanın təxirə salınması belə idmançılara zərbə oldu.

- Bu il Tokio Olimpiadasının nəhayət baş tutacağı gözlənilir. Yəqin, Avropa çempionatından sonra yalnız olimpiada barədə düşünürsünüz...

- İndi düşündüyüm yalnız olimpiadadır. Karyeramda uğurlar az olmayıb. Amma zirvəyə qalxmaq istəyirəm. Tokio Olimpiadası yəqin son şansım olacaq. Olimpiada karyeranın zirvəsi sayılır.

- Niyə son şansınız?

- Mayın 10-da 28 yaşım olacaq. Hazırda idmançı üçün ən yaxşı yaş dövründəyəm. Zaman sürətlə keçir. Axı, ailə qurmaq, övlad sahibi də olmaq lazımdır. 2024-cü il Paris olimpiadasında iştirak edəcəyimi düşünmürəm. Tokio Olimpiadasında əlimdən gələn hər şeyi edəcəyəm. Arzuladığım mükafatı qazanmaq üçün gecə-gündüz məşq etməyə hazıram.

- Çin Taybeyindən olan Hsinq-Çun Kuonu üstələmək üçün idmançıya hansı keyfiyyət lazımdır?

- Mən öz çıxışımı düşünürəm. Rəqibləri düşünsəm çox çətin olar. Çalışıram lazım olan anda mümkün ağırlığı qaldırım. Azərbaycana qızıl medal gətirmək istəyirəm. Bunun üçün səylə, ikiqat qüvvə ilə çalışacağam.

- 59 kq çəki dərəcəsində reytinqdə 34-cü pillədə idiniz. Avropa çempionatında qələbə sizə lisenziya qazandırır?

- Bu qələbədən sonra Tokio Olimpiadasına lisenziya qazandığımı söyləmək olar. Mayın sonunda rəsmi açıqlanacaq.

- 2012-ci ildə London Olimpiadasında iştirak etdiniz, medal qazana bilmədiniz. Doqquz ildən sonra nə dəyişib?

- London Olimpiadasında beşinci oldum. Birdənqaldırmada kiçik bürünc medala layiq görüldüm. Doqquz il Kostovanı daha təcrübəli idmançıya çevirib. 2012-ci ildə 19 yaşım var idi, indi 28. İllər idmançını dəyişir.

- Beş il öncə dopinq qalmaqalında adınız hallanırdı. Testiniz pozitiv çıxdığı üçün London Olimpiadasındakı nəticəniz ləğv edildi. Ağırlıqqaldırmada dopinq xəbərləri çox tez-tez yayılır. Bu sizi qorxutmur?

- Yaxşı xəbərlərdən danışaq. Ağır məşq və intizamla böyük uğur qazanmaq mümkündür. Dopinq sanksiyası 2018-ci ildə başa çatdı. Sonra bir sıra yarışlarda iştirak etdim, lisenziya xalları qazandım. Həmin xəbər əzmkarlığımı qırmadı.  

- Görünür, Tokio Olimpiadasından sonra karyeranızı başa vurmağı düşünürsünüz?

- Dəqiq söz demək çətindir. 28 yaş idmanı tərk etmək üçün tezdir. Sadəcə, növbəti olimpiadada iştirak edəcəyimə söz verə bilmirəm. 2020-ci il həyatımızda çox dəyişiklik etdi. Üç il sonra nə baş verəcəyini proqnozlaşdırmayaq.  

- Müsahibəyə görə təşəkkür edirik. Bir daha təbriklər!

- Diqqətə görə çox sağ olun! Uğurumuzda mətbuatın rolu az deyil.



MƏSLƏHƏT GÖR:

162