25 Aprel 2024

Cümə axşamı, 20:12

BALABANÇININ XOŞBƏXTLİYİ

Ələfsər RƏHİMOV: «Azərbaycan balabanı dünyada öz milli musiqi alətimiz kimi daha çox qabağa çəkilməlidir»

Müəllif:

01.05.2021

Mingəçevir ərazisində eramızdan əvvəl I əsrə aid sümükdən hazırlanmış nəfəs musiqi aləti - balaban aşkar edilib. O, müasir balabanın prototipi sayılır. Onun "bala" - kiçik və "ban" – xoruz banı sözlərindən yaranmış adı, alətin özünəməxsus tembri ilə bağlıdır.

Azərbaycan həmişə bu alətin güclü məktəbi ilə tanınıb. Bu məktəbin təmsilçiləri öz peşəkar ifaları ilə Azərbaycan balabanını təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda təbliğ edirlər.  

Balabançı, bəstəkar Ələfsər Rəhimov Türkiyədə yaşayır və yaradıcılıqla məşğul olur. O, balabanın səsinin mümkün bütün çalarlarının açılmasının və inkişaf etdirilməsinin tərəfdarıdır. Ələfsər balabanda müxtəlif janrlara aid musiqi ifa edir. Onun balaban üçün yazdığı iki əsəri «Panic» və «Quantum» 2021-ci ildə çıxmış ilk albomu «Panic»ə daxil edilib.  

İfaçının duyğusallığı və həyat sevgisi yalnız səhnədə deyil, həm də gündəlik həyatında hiss edilir. Onun şan-höhrətə ehtiyacı yoxdur, səhnəyə ehtiyacı var. Onun tamaşaçısı - etnik və milli ayrım bilməyən Dünyadır. Onun arzusu - milli alətin intibahı və yenilənməsidir. Bununla belə, musiqiçi qəti əmindir ki, hər şeyin əsasında milli köklər dayanır və onları unutmaq olmaz. Balabanın gerçəkliyi və önəmi bundadır. Musiqiçi Azərbaycandan kənarda yaşamasına baxmayaraq, yerli musiqiçilərlə sıx əməkdaşlıq edir. Onun Şəhriyar İmanov, Alim Qasımov, Elnur Hüseynov və Etibar Əsədli ilə duetləri diqqətəlayiqdir...

- Sizi “Panic” albomunun işıq üzü görməsi münasibətilə təbrik edirik. Albomun ümumi ideyası nə ilə bağlıdır və ona hansı kompozisiyalar daxil edilib?

- Çox sağ olun. Bu, mənim ən ümdə arzularımdan biri olub. Səbir etdim, doğru zamanda, doğru məkanda buna nail oldum. Albom yaradıcı şəxsin bir növ pasportu hesab olunur və onun inkişafında böyük rol oynayır. Cazz janrında olan ilk albomum “Panic”ə daha çox Azərbaycan xalq mahnıları və başqa bəstəkarların mahnılarının daxil edilməsinə baxmayaraq, ona öz bəstəm olan iki kompozisiya – «Panic» və «Quantum»u da daxil etdim. İndi qarşıma yeni hədəf qoymuşam: daha iki albom buraxmaq. Ancaq onlar tamamilə öz bəstələrimdən ibarət olacaq.

- Sizin "Panic" kompozisiyanız nə barədədir?

- «Panika» dediyimiz hal hər kəsin, bütün dünyadakı insanların istər-istəməz yaşadığı və yaşayacağı sonu olmayan haldır. Bəlkə də, panika bizim doğruları görməyimizə, ayağımızı sağlam yerə basmağımıza səbəb olan bir vasitədir. Önəmlisi olan, panikaya düşənlərə əl uzatmaqdır. «Panic» albomuna görə mənə bu əli uzadan insan istedadlı pianoçu, dostum Etibar Əsədli oldu. Albomun bütün melodiyalarının aranjimanını edən və möhtəşəm çalğısıyla rəng qatan o oldu. Buradan yararlanaraq, ona ürəkdən təşəkkürümü bildirirəm.

- Albomda gənc müğənni Elnur Hüseynov və əfsanəvi xanəndə Alim Qasımovla duetlər yer alıb. Birgə yaradıcılıq fikri necə yarandı?  

- Elnurla çoxdan tanışıq. Onu hələ «Eurovision»a qatıldığı zamandan tanıyıram. Hətta müsabiqəyə onda biz də ona dəstək konsertləri vermək üçün Belqrada getmişdik. Açıqcası, o illərdə Elnurla aramızda elə də səmimiyyətimiz yox idi. İki il öncə o, İzmirə konsertimizə gəlmişdi və o konsertdə yaxından tanış olduq. Aramızda çox gözəl dostluq münasibəti quruldu və indi duetə qədər qalxdı. Mən hər zaman demişəm, hər zaman da deyəcəm: Elnur Azərbaycan üçün nadir tapıntı olan sənətçilərdəndir. Sağ olsun, mənim arzularımın çin olması üçün albomuma öz dəstəyini əsirgəmədi və bizim adı çəkiləndə ayağa qalxdığımız ustad sənətkarımız Alim Qasımovla bu dueti gerçəkləşdirə bildik. Ulu şair İmadəddin Nəsimiyə mənim böyük sevgim var, nədənsə, onun qəzəlləri məndə özümə inam yaradır. Bu özümüzə inam mənə dəyərli sənətçilərlə bir yerdə möhtəşəm bir yeni nəfəsli “Qafil Oyan” kompozisiyası yaratmaq imkanı verdi. Kompozisiya dərhal da insanların sevgisini qazandı.

- Bəstəkarlıqla məşğulsunuz və əslində, siz balaban sənətinin əsas problemlərindən birinin - yeni kompozisiyaların olmaması probleminin həllinə öz töhfənizi verirsiniz...

- Musiqi incəsənəti elə bir sahədir ki, yaradıcılığın yoxdursa, tez parlayıb, tez də sönəcəksən. Təəssüf ki, yaratmaq da hər kəsə qismət olmur. Günümüzdə balabanla məşhurlaşan bir çox gözəl bəstələr, xalq mahnıları var. Lakin illər boyu nə qədər bu çərçivə içərisində qalmaq olar?! Balabanın görünməyən tərəfləri o qədər genişdir ki, amma bizdə bunu görmək istəməyənlər çoxdur. Sosial media, internet dövründə yaşayırıq. Ağır da olsa, sizə bir gerçəyi söyləyəcəm. Baxın, görün, Ermənistanda balaban üçün layihələrə, konsertlərə ciddi şəkildə necə dəstək var? Balabanı hər sahədə inkişaf etdirmək və heç bir zaman da yeniliklərə qarşı çıxmamaq - biz buna çalışmalıyıq. Bəs, bizdə vəziyyət necədir? 2018-ci ildə Bakıda keçirilən beynəlxalq muğam yarışmasına qatıldım, bəzi yaşlı sənətçilər qruplaşma yaradıb, gənc ifaçıların göstərdiyi yeniliklərə qarşı çıxırdılar. Bəzən, bunu haqlı edirdilər, amma haqsız edənlər də az deyil. Bəli, hər hansısa musiqini bərbad hala salanlara mən də qarşıyam, amma bunu pozmadan, daha gözəl şəkildə insanlara sevdirən onlarla musiqiçilərimiz var.

Mənim fikrim belədir ki, bu gün Azərbaycanda balaban sənəti üçün gərək olan addımlar atılmır. Balaban üçün əlimdə elə layihələr var ki, maddiyyat baxımından üstünü toz basıb. Gücüm yetdiyi qədər çalışacam ki, milli dəyərlərimizi itirmədən bu sənəti yaşadım və bu sənətin yeni yanaşma tərzini gənclərə göstərə bilim. Mən inkişafın tərəfindəyəm.

- Bu, doğrudurmu, gənclər balaban sənətini maddi cəhətdən gəlirsiz hesab etdikləri üçün balabanla yanaşı özlərinə gəlir gətirə biləcək başqa bir alət seçməli olurlar. Sonucda balaban kənarda qalır. Sizcə bu, Azərbaycanda balaban məktəbinə zərbə vururmu?

- Siz nöqtəsindən vurdunuz. Musiqi məktəblərində ən populyar alətlər qarmon və nağaradır. Valideynlər uşaqlarına təsir edərək, onları məhz «gəlirli» tərəfə yönəldirlər. Bəzi musiqi məktəblərində balaban öyrənənləri barmaqla saymaq olar.  

- Necə düşünürsünüz, balabanın hansı musiqi aləti ilə sintezi daha yaxşı alınır?

- Ən çox fortepiano, trompet və simli alətlərlə. Bircə, qarmonla alınmır, mənim fikrimcə. Səs frekansına görə yaraşmırlar bir-birinə, amma akkordionla çox yaraşırlar. Bu məsələni mən də sona kimi çözə bilməmişəm.

- Melodiya seçimlərinizdə kəskin kontrast hiss etdik. Məsələn, Henri Mançininin "Çəhrayı pantera" kinofilmi, daha sonra eyniadlı cizgi filmi mövzusu və Habil Əliyevin, Səid Rüstəmovun bəstələri. Daxili hisslərə arxalanırsız, yoxsa dinləyicinin zövqünü və tələblərini araşdırmağa çalışırsınız?

- Tam doğrusunu hiss etmisiniz (gülümsəyir). Bəzi sənətçilər özlərinə bir yol seçərlər, bəziləri də bir neçə yol. İkisi də gözəldir. Mən folk, klassik, etnik caz janrları əsasında repertuar qururam. Çünki hər birini sevərək dinləyirəm. Çalışdığım şey balabanın hər janrda yol almasıdır. Mən hər bir dinləyici kütləsinin sevgisini qazanmaq istəyirəm.

- Yaradıcılığı dinləyici zövqü üzərində qurmaq nə dərəcədə düzgün və ya vacibdir? Axı, hər kəsdə bir cür zövq var…

- Bu gün meydanda at oynadan bəsit musiqilərin, musiqiçilərin şahidisiniz. Dərhal yadda qalır və kütlə tərəfindən sevilirlər. Bu gün Azərbaycanda musiqi biznesi, demək olar ki, toylardadır. O toylara gerçək sənəti olanlar da məcbur çörək pulu üçün gedir, sənəti olmayanlar da. Problem yaxşı sənətçilərlə zəif sənətçilərin bir-birinə qarışmasıdır. Pis musiqilər də, musiqi zövqünün «dinlənilən»ə çevrilməsi də buradan qaynaqlanır. Bəllidir, tələb təklif doğurur. Ölkədə musiqiçilərin kütləvi şəkildə peşəkar konsertlərdən gəlir mənbəyi olsa, bu zaman sağlam rəqabət başlayacaq, dinləyicinin zövqü təkmilləşəcək. Hər kəs yaxşı olmağa can atıb, ifa ustalığının etalonu olacaq səhnəyə çıxmağa çalışacaq. Şəksiz, səhnədən qazanılacaq gəlir toydakından üstün olmalıdır ki, sağlam musiqi yetişsin. Yoxsa, hər kəsin çörəyini doğru saydığı yolla qazanmaqda haqqı var. Türkiyədə yaşayaraq, mən sağlam musiqi rəqabətinin şahidi oluram.

- Yeri gəlmişkən, fəaliyyətinizi davam etdirmək üçün niyə məhz Türkiyəni seçdiniz?

- Əsas səbəblərdən biri - balabana Türkiyədə daha çox tələbat və maraq var. Burada sevdiyin sənətlə məşğul olmaq və qazanmaq mümkündür. Bilirdim ki, bəzi arzularım və yaradıcılıq hədəflərim burada gerçəkləşə bilər. Məsələn, daha öncə dediyim kimi, peşəkar albom çıxarmaq bunlardan biridir. Həm də səhnələrdən və konsertlərdən pul qazanmaq. Türkiyə bir növ meydandır və dünya musiqiçiləri bura daha çox konsertlər verməyə gəlirlər, onlarla münasibət qura bilmək üçün daha çox şans yaranır. Səbəblər çox-çoxdur (gülür). Təbii ki, başqa şəxsi səbəblərim də oldu, bura gəlmək üçün, bunlar bir arada cəmləşincə qərar vermək çox da çətin olmadı.  

- Qatıldığınız "Türk Zurnazen Festivali'nin 5'incisi" festivalı sizin yaradıcılığınıza necə təsir bağışladı?

- Elə bir festival yoxdur ki, musiqiçinin həyatına rəng qatmasın. Mənim üçün, tamaşaçıyla üz-üzə görüşüb onların enerjisini almaq qədər mükəmməl bir hiss yoxdur bu həyatda. Dünyanın bir çox yerindən musiqiçilər gəlir. Düşünün ki, bir gün içində bütün dünya bir ailə olmağa başlayır. Yeni dostlar qazanırsan. İndi pandemiyadır, konsertlər dayanıb. Ən çox da səhnəarxası olan zarafatları özləyirəm. Festivalda plastik qablarda verilən yeməklərin yerini belə, heç ən bahalı restoranlar verə bilməz. Bir gün səhnəyə çıxırsan, normal ifa edirsən, zamanla səhnə daha gözəl olur və get-gedə alışırsan və daha mükəmməl ifa edirsən. Çox darıxmışıq səhnə üçün.

- "Ya yaxşı bir musiqiçi ol, ya da yaxşı bir menecer" – bu, musiqi sahəsinin çağdaş şüarıdır. Bu gün ifaçıların tanınmasında reklam və ya təbliğin rolu çox böyükdür. Sizin sənətinizdə bu rol oynayırmı?

- Mən belə deyərdim ki, nə olursan ol, amma ən yaxşılardan ol. Dünyanın çox ölkəsində hər bir peşəkar sənətçi üçün menecer, aldığımız nəfəs qədər önəmlidir. Çünki o, sənin istedadının, sənətinin daha da önə çıxarılmasına səbəb olur. Bakıda bütün işlərimi, danışıqlarımı özüm edirdim, amma İstanbulda hər şey fərqlidir. Sənətçinin pul mövzularını və yaxud başqa təşkilat məsələlərini danışmasını doğru görmürlər burda. Bütün işlərimi Hilal Beyazit yönləndirir və çox da razıyam. Həqiqətən, öz sahəsində işini bilən birisidir. Sənətimə dəstək olan iki insan vardır: biri anamdır, biri də Hilal xanım. Hər birinə dərin təşəkkür edirəm.

-“Mən hər dəfə Ələfsəri dinləyəndə ayaqlarım yerindən üzülür, xalqımın keçdiyi min illik yollarından keçir, tariximizə - ulu babalarımızın ruhuna qovuşuram”: bunlar dahi Azərbaycana şairi Bəxtiyar Vahabzadənin babanız haqqında dediyi sözlərdir. Babanız Ələfsər Rəhimov sənətdə əməyi olan məşhur bir zurna ifaçısıdır. Siz onu, təəssüf ki, görə bilmədiniz, bəs, ondan sizə mənəvi və ya maddi şəkildə “yadigar” nə qalıb?

- Ələfsər Şəkilinin nəvəsi olduğum üçün çox qürur duyuram. Bəli, mən onu görə bilmədim, amma düşünürəm ki, görsəydim, hər şey daha fərqli olardı. Ələfsər Şəkilinin zurna sənətində etdikləri danılmazdır. Köhnə dövrün zurnaları yeddi pərdədən ibarət olub. Ələfsər babam sayəsində bu gün zurnalar səkkiz pərdədir və bu özəlliyi nəticəsində ifaçılıq imkanları artıb. Babamı tanıyanların hər biri onun sənəti və ən önəmlisi də insanlığı barədə çox maraqlı xatirələr danışırlar. Zatən, dahi Bəxtiyar Vahabzadə bizim yüz kəlmədə söylədiklərimizi o bir kəlməylə deyib. Hər birinin ruhu qarşısında baş əyirəm.

- Sizin əsas arzunuz xoşbəxt olmaqdır. Ələfşər bəyi nə xoşbəxt edir? Xoşbəxtlik insanın həyatındakı baş verən hadisələrlə bağlıdır, yoxsa daxili bir duyğudur?  

- Mən pul-parayla xoşbəxtlik arayışında deyiləm. Biz hamımız bilirik ki, belə xoşbəxtlik nisbi və ötərgidir. Məşhur komediya aktyoru Cim Kerrinin gözəl bir sözü var: “Dilərəm ki, bir gün hər kəs zəngin olsun, məşhur olsun və arzuladığı hər şeyə qovuşsun. Beləcə anlasınlar ki, axtardıqları əsas cavab bunlar deyil”. Mənim bir çox arzularım, hədəflərim var, amma bunları söyləsəm, onlar arzu olmaqdan çıxar, ona görə məndə qalsınlar (gülür). Hə, bunu deyim ki, iki ildir İstanbulda yaşayıram, tam da şəhər gurultusu içindəyəm. Özümə sevdiyim insanla birgə təbiət qoynunda sakit həyat arzu edirəm. İş-güc olduğunda şəhərə gəlim və bitdiyi an yenə o sakit həyatıma dönüm.

- Sizə arzularınızın çin olmasını arzulayırıq! Cavabınız üçün təşəkkür edirik!

- Bu gözəl suallar üçün mən sizə təşəkkür edirəm. Sevgilərlə Ələfsər.



MƏSLƏHƏT GÖR:

205