29 Mart 2024

Cümə, 13:03

«ƏLYAZMALAR YANMIR»

Azərbaycan Əlyazmalar İnstitutunda dahi Nizaminin hansı əlyazmaları saxlanılır?

Müəllif:

01.05.2021

Tarixi və memarlıq binaları ilə cəlbedici olan İstiqlaliyyət küçəsində, 8 nömrəli binada Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu yerləşir. 1986-cı ildən institut statusu alıb, 1996-cı ildə ona dahi milli şairi Füzulinin adı verilib. 1950-ci ildən isə orta əsrlərə aid şərq ədəbi abidələrinin toplanması, sistemləşdirilməsi, qorunması və nəşri üzrə Respublika Əlyazmalar Fondu kimi fəaliyyət göstərib. Bu gün institutda 17 elmi tədqiqat şöbəsi, bir gigiyena və bərpa laboratoriyası işləyir. Burada qədim türk, ərəb, fars dilli əlyazmaları öyrənir, araşdırır və çağdaş Azərbaycan dilinə çevirirlər. Köhnə çap kitablarını da öyrənirlər, elmi tədqiqatların nəticələrinə görə isə institut tərəfindən çağdaş Azərbaycan alimlərinin monoqrafik çalışmaları nəşr etdirilir ki, bu əsərlərdə dünyaya etnosun mədəniyyət, tarixi, linqvistik, fəlsəfi identifikasiyası barədə danışılır.

Hələ 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə müsəlman qızlar üçün məktəb kimi tikilən binada, 20-ci əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının parlamenti, sovet dövründə isə Azərbaycan SSR Ali Soveti yerləşib, bu gün isə Vətənin şöhrəti naminə gündəlik iş gedir. Burda elə insanlar işləyir ki, ağır zəhmətlə çalışaraq, addım-addım, günbəgün öz həmyerliləri və bütün dünya insanları üçün Şərqin və Azərbaycanın fəlsəfi və mənəvi düşüncəsinin inkişaf səviyyəsinə şahidlik edən çoxəsrlik sətirlərin sirrini açırlar. İnstitutun ekspozisiya və oxu zallarını görmək istəyən hər kəs buna əmin ola bilər, orada nadir eksponatları görə, qədim əlyazmalar və müəlliflər haqqında maraqlı hekayələri dinləyə və nadir əlyazmaların mulyajlarına baxa bilərlər. Ən əsası isə işini sevən maraqlı, məlumatlı insanlarla ünsiyyət qura bilərlər. Onların bilikləri o qədər genişdir ki, institutun fəaliyyəti və işinin müxtəlif istiqamətləri barədə danışmaq üçün bütöv gün belə yetərli olmaz.

“R+”un müxbiri Əlyazmalar İnstitutunun elmi işçisi Samirə Gəncəvinin, dosent, filologiya elmləri namizədi, elmi fondun şöbə müdiri Nailə Mustafayevanın, institutun elmi katibi, filologiya elmləri namizədi, dosent Əzizağa Nəcəfzadənin sayəsində milli mədəni irsin nadir nəşrlərini görmək imkanı qazanıb.

 

Cəmi bir kitab

Bildirmək gərəkdir ki, Əzizağa çox gözəl nəql edir. Onunla birlikdə ekspozisiya salonunda və Zeynalabdin Tağıyevin otağında keçirdiyimiz iki saat ərzində biz əlyazmaların tarixi, əlyazma kitablarının hazırlanması ilə bağlı qədim texnologiyalar barədə çox sayda son dərəcə maraqlı, heyrətamiz faktlar və detallar öyrəndik. Axı, bizlərdən nadir insan 800 il, hətta 300 il əvvəl kitabların necə yaradılması barədə düşünür! Sən demə, bu proses o qədər zəhmətli olub ki, nəinki aylarla, hətta illər çəkə bilərmiş. Bu işə çox sayda insan cəlb olunurmuş. Hər şey öz əlləri ilə kağız düzəldən adamdan başlayırmış. Bu iş çox çətin və vaxt aparan olub. Bəzən kağız vərəqlərin səthinin sürüşkən olması üçün onun üzünə yumurta ağı çəkirdilər. Sonra bu vərəqlər gərək olan formatda kəsən şəxsə verilirdi. Bundan sonra növbəti personaj işə başlayırdı və o, hər bir vərəqə çərçivə - səhifə boşluğu çəkirdi. Sonra başqa bir adam qurumdan mürəkkəb düzəldirdi.

Mürəkkəb zəhərli olduğundan mirzələr erkən ölürdü. Nəhayət, mirzə işə başlayırdı. Məhz o, mətn müəllifi ilə kağız səhifəsi arasında vasitəçi olurdu, müəllifin misrasının dəqiqliyi məhz ondan asılı idi. Təsəvvür edin, o da müəllif hesab olunurdu! Bu haqda artıq bizim alimlərimiz bilir ki, məhz mirzələr tez-tez öz düşüncələrini müəllif mətninin içinə əlavə edirdilər! Ancaq heç bu da prosesin sonu deyildi. Bundan sonra kitabın tərtibatından məsul olan başqa şəxs meydana çıxır. O da kitabın üz qapağını bəzəyən naxışları çəkirdi! Ancaq o, "rəssam" sayılmırdı. O, sadəcə, bir tərtibatçı idi. Ancaq səhifələri miniatür rəsmlərlə dolduran növbəti şəxs rəssam sayılırdı. Bəllidir ki, İran miniatürlərinin yarandığı yer Təbrizdir (Cənubi Azərbaycandır). Yada salmaq lazımır ki, miniatürlər xüsusi fırça ilə çəkilirdi. O, kiçik pişik balasının alnından qırxılaraq, yarılmış qaz lələyinə daxil edilmiş tüklərdən hazırlanırdı. Nəhayət, mətnlər yazılmış və miniatürlər çəkilmiş vərəqlər hazır olandan sonra, bu briqadanın daha bir üzvü səhnəyə çıxırdı və bu vərəqlərdən dəftər, dəftərlərdən isə kitab tikirdi. Bundan sonra bu müddətdə kitabın üz qabığını düzəldən şəxs prosesə qoşulurdu. Onu 10-20 təbəqə kartondan düzəldirdilər, üstünə ceyran dərisi çəkirdilər, sonra basma üsulu ilə dərinin üzərinə medalyonlar çəkirdilər. Beləcə, dəri ilə cildlənmiş kitab yaranırdı! O, əsrlər boyu yararlı olurdu. Tarixdə elə hadisələr olub ki, bir ata qızına cehiz olaraq təkcə bir kitab verib. Bu isə əsrlər boyu qiymətini qoruyan bir sərvət idi!

- İnstitutda ən qədim əlyazma hansı əsrə aiddir?

Əzizağa Nəcəfzadə: - Bu, “Quran”dan "Ən-Nisa" surəsidir. 9-cu əsrdə dəri üzərində yazılıb. Ancaq bu nüsxənin müəllifi yoxdur. Əgər müəllifliyini qoruyub saxlayan kitabdan bəhs etsək, bu, ərəb dilinin linqvistikası barədə 1117-ci ilə aid kitabdır. Müəllifi İsmayıl Cövhəridir. Bu əlyazma ərəb dilindədir.

- İnstitutda çox sayda əlyazma saxlanır?

- 40 mindən çox nüsxə var. Bunlardan 12 minə qədəri - ərəb əlifbası ilə yazılmış əlyazmalardır. Bunlar Yaxın və Orta Şərq, Şimali Afrika müəlliflərinə aid unikal əsərlərdir. Məsələn, Əbu Əli İbn Sinanın “Tibb qanunları”, Əbül-Qasım əz-Zəhravinin “Cərrahiyyə və cərrahi alətlər” əsərləri, Nəsiminin “Divan”ı, Sədinin “Bustan”ı və s.-dir. Bu əlyazmalar XII-XVI əsrlərə aiddir. Əlyazmalar fondunda tamamilə unikal nüsxələr var. O qədər unikaldırlar ki, 2005-ci ildə UNESCO-nun Dünya Yaddaş Proqramının reyestrinə daxil edilib.

- Deyin, görək, bizim bir etnik qrup kimi çoxəsrlik formalaşmağımızın identifikasiyasının bütün intellektual və mənəvi abidələri yalnız alimlər üçün əlçatardır? Ölkəmizin istənilən insanının bu materialları görməsi və ya onlarla işləməsi üçün imkanı və hüququ varmı?

- Bunun üçün ekspozisiya zalında tanışlıq mühazirələri aparırıq. Bunlar öz xalqının intellektual irsi ilə maraqlanan geniş insan kütlsi üçün əlçatardır. İnstitutumuz insanlığın sərvətinə çevrilməli olan hər şeyi "rəqəmsal"a keçirir. Biz "Elektron əlyazmalar kitabxanası" internet portalının yaradılması üzərində işi davam etdiririk.

- İnstitutda Nizaminin neçə əlyazması saxlanılır və onlar hansı dövrlərə aiddir?

- Bu il ölkəmizdə dahi şairin anadan olmasının 880 illiyi ilə bağlı “Nizami ili” elan olunduğunu nəzərə alaraq, bizdə saxlanan əsərlər fondunu bir daha nəzərdən keçirdik və dahi şairin 30-dan çox əlyazmasını aşkar etdik. Bunlar ən qədim əlyazmalardır, onların arasında 1421-ci ilə (XV əsrə!) aid olanlar var. Bizim əlimizdə onun əlyazmalarının həm 17-ci, həm də 19-cu əsrlərə aid çox maraqlı nüsxələri var. Məsələn, iki fərqli müəllifə aid eyniadlı iki əsəri - Nizami Gəncəviyə və Əmir Xosrov Dehləviyə məxsus "Xəmsə"ləri bir kitaba köçürən mirzə Davudinin əlyazmaları var - XVI əsrə aiddir. 17-19-cu əsrlərə aid əlyazmalar var ki, gözəl yerinə yetirilmiş miniatürləri var. Rəssamların adları həmişə bizə məlum olmasa da, əsərlərin Təbriz miniatür məktəbi ilə bağlı olduğunu bilirik. Çox maraqlı miniatürlərdir! Nizaminin 1421-ci ilə aid "Xəmsə"si ən qədim və ən dolğun əsərdir. "Xəmsə"nin ən son əlyazması isə 19-cu əsrə aiddir. Gözəl nüsxədir, gözəl miniatürlərlə bəzədilib, lakin çox təəssüf ki, mirzənin adı göstərilməyb.

- Belə çıxır ki, qədim anlayışa görə, gerçək müəllifin mətnini yenidən köçürən şəxs də müəllif sayılırdı?

- Məhz belədir. Əlyazmanın müəllifidir. Yəni onun əli ilə yenidən yazılmış mətnin müəllifidir. Amma şairin, filosofun, tarixçinin, həkimin və ya linqvistin özü tərəfindən yazılmış əsərinə avtoqraf deyilir. Yəni öz əliylə yazılıb. Bu ilk yazı da müəllifliyin əsasında durur.

- Olsun, amma insan amilini nəzərə alsaq, istənilən bir mirzənin gerçək müəllifin yaradıcı düşüncəsinə müdaxiləsini istisna edə bilərikmi?

- Yox, istisna edə bilmərik. Bizdə saxlanan əlyazmalarda da belə bir "müdaxilə"lər var. Ancaq bu da elmi araşdırma mövzusudur!

- Nizaminin əlyazma irsindən konkret oxucuya ünvanlanan nəsə varmı?

- Əlbəttə var. "Xəmsəyə xülasə" kitabı. Burada "Xəmsə"nin müxtəlif əsərlərinin ayrı-ayrı hissələri var. Bu, "Beşliyin" bütün əsərlərinin süjet əsasları ilə qısa tanışlıq üçün nəzərdə tutulmuş bir növ qədim antologiyadır.

- Nizaminin mətninin gözlənilməz və orijinal təqdimatı olan əlyazmalar varmı?

- Var. Bu, naməlum bir mirzə tərəfindən ibrani əlifbasının hərfləri ilə köçürülmüş, ancaq fars dilində yazılmış bir əlyazmadır. Bu əlyazmanı göstərdiyimiz İsrail alimləri nədən söhbət getdiyini anlaya bilmədilər.

- Bu, necə ola bilər?

- Bu sualla tanınmış nizamişünas, Nizami haqqında bir çox tədqiqat əsərlərinin müəllifi, Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimliyə müraciət etsəniz daha yaxşı olar, onun bu il “Nizami və tarix” monoqrafiyası çapdan çıxıb.

- Aydındır. Nizaminin hansı eksponatı institut üçün ən dəyərli hesab olunur?

- Onların hər biri özünəməxsus şəkildə dəyərlidir: tərtibatına, miniatür rəsmlərinə, hürufatına, mirzələrin "müdaxiləsi"nə və s.-ə görə. Onların hər biri Zamanın izini daşıyır və bizə o izlərlə gəliblər. Məsələn, Qarabağın son hakimi Xurşidbanu Natəvanın şəxsi kitabxanasından Nizami "Xəmsə"si var – biz onu knyagina Usmiyeva adlandırırıq.

- "Nizami ili" ilə bağlı iş planlarınızda nələr var?

- Nizami yaradıcılığına həsr olunmuş əsərləri müxtəlif səbəblərdən çap olunmayan müəlliflərin əsərlərini çap etməyə hazırlaşırıq. Məsələn, Məmməd Səid Ordubadinin "Nizami: dövrü və həyatı" və Məmməd Ələkbərovun "Nizami və Azərbaycan xalq yaradıcılığı" əsərlərini. Planlara "Nizami: sələfləri və ardıcılları" konfransının keçirilməsi də daxildir.

 

Nadir gözəllik və harmoniya

İnstitutun oxu zalı. Burada möcüzə baş verdi. Unikal eksponatları görməyimizə icazə verildi. Bu qısa səyahətdə bizi fondun tədqiqatçısı Samirə xanım Gəncəvi və elmi fondun şöbə müdiri Nailə xanım Mustafayeva müşayiət etdilər.

Nailə xanım qayğı ilə iri formatlı karton qovluğu açdı. Gözlərimizin qarşısında qədim nadir gözəllik və harmoniya ustasının işi açıldı. Bu, naməlum bir ustanın ilan dərisi üzərində işlədiyi “Quran” surəsinin bir hissəsidir. Bütün boya və çalarlarını qoruyub saxlayan bu dar dəri zolağından uzaqlaşmaq mümkün deyil. Ancaq əlləri ilə bu möcüzəni yaradan insanı təsəvvür etmək daha çətindir.

Budur, Nizaminin "Xosrov və Şirin" poeması, hicri 1245-ci ildə (1829-1830) Məhəmməd Əli ibn İbrahim tərəfindən köçürülüb. Bu da arami dilində 1753-cü ilə aid «İncil» - 1667-ci ildə Kafe (Feodosia) şəhərində mirzə Nikoqayx tərəfindən köçürülüb. Zamanla qaralmış kağızın üzərində yazı var: “İncil yadinanclıların əlinə keçdi və 1752-ci ildə Qarabağdan olan bir tacir tərəfindən satın alınıb, 1753-cü ildə gümüşlə haşiyələnib”. «İncil»in üz qabığı əsl bir sənət əsəridir: Məsihi əhatə edən həvarilərin üzləri və fiqurları…  

Budur, ciddi, qəhvəyi, zərif dəri cilddə Nizaminin "Xəmsə"si; Hafizin üz qabığı gözəl səpələnmiş çiçəklərlə bəzədilmiş "Divan"ı və zərif, incə işlənmiş “Quran”. Kiçik, lakin çox rahat formatlı bir kitabça. Gözəl fakturalı vərəqin içində kalliqrafik ərəb yazısı və kiçik formatlı miniatürlər. Zamanın ölməzliyi hissini yaradırlar: keçmiş və indi bir araya gələrək əbədiyyət və dinclik hissi bəxş edir. Bir anlığa möcüzə baş verdi: kiminsə əlinin nazik barmaqları “Quran” səhifələrini qayğı ilə çevirir. Beləcə, vəhy kimi düşüncə gəlir: insanın Ruhu sağ qaldıqca zamanla əlaqə pozulmur...



MƏSLƏHƏT GÖR:

203