25 Aprel 2024

Cümə axşamı, 21:01

“ZİQZAQLI” SURİYA SİYASƏTİ

Suriya münaqişəsinin 10 illiyinə həsr olunur, və ya Vaşinqtonun Dəməşqlə “ulduzu niyə barışmır?”

Müəllif:

01.05.2021

“Soyuq müharibə” dövründə Suriyanın SSRİ ilə yaxınlaşması Dəməşqi avtomatik olaraq ABŞ-ın düşmənləri siyahısına keçirib. Hələ 1957-ci ildə SSRİ Suriyaya 500 milyon dollar dəyərində yardım planı irəli sürüb. SSRİ-Suriya əlaqələri 1970-ci ildə Hafiz Əsədin (SSRi-də hərbi məktəbdə təhsil almışdı – K.R.) dövlət başçısı olmasından sonra daha da istiləşib. 1971-ci ildə SSRİ-nin Suriyanın Aralıq dənizi sahilindəki liman şəhəri Trtusda hərbi-dəniz bazası qurması ilə əlaqədar Dəməşqlə müqavilə imzalaması bu əlaqələri daha dadərinləşdirib.

 

“Şər üçbucağı”nın son elementi

Bunun əvəzinə Suriya-ABŞ münasibətləri ildən ilə soyuqlaşıb. Xüsusən də Suriyanın İsraillə müharibələri, 1967-ci ildə Colan təpələrinin işğal edilməsi ilə Vaşinqton-Dəməşq əlaqələri daha da pisləşib. 1976-cı ildə Suriyanın vətəndaş müharibəsini əsas gətirərək Livana ordu yeritməsi əlaqələri daha da pisləşdirib. 1979-cu ildə ABŞ Suriyanı terroru dəstəkləyən dövlətlər siyahısına daxil edib. 1982-ci ilə Hama hadisələrindən sonra Suriyaya qarşı beynəlxalq təzyiqlər artıb. Və nəhayət Dəməşqin Livanda ABŞ-a qarşı qruplara dəstək verməsi iki ölkə münasibətlərinə ağır yaralar vurub.

Lakin SSRİ-nin zəifləməsi və süqutu Suriya-ABŞ münasibətlərinə müəyyən qədər təsir edib. General Hafiz Əsəd 1991-ci il körfəz müharibəsi zamanı digər region ərəb ölkələri ilə birlikdə İraqa qarşı beynəlxalq koalisiyaya qoşulub. Baxmayaraq ki, ideoloji olaraq Əsəd və Səddam daha yaxın idi. Bu müsbət jestin qarşılığında 90-cı illər Suriya-ABŞ münasibətləri nisbətən yumşalma mərhələsi yaşayıb. Baxmayaraq ki, sanksiyalar qüvvəsində qalıb, diplomatik əlaqələr yüksək səviyyədə olmayıb, xüsusən də Suriyanın Livanda ordu saxlaması Vaşinqtonda tez-tez tənqid olunub.

2001-ci il 11 sentyabr hadisələri və ardınca ABŞ-ın xarici siyasətdəki yeni fəallıq dövründə Suriya ilə münasibətlər yenidən kəskinləşib. Bu zaman artıq Hafiz yox idi, 2000-ci ildə dünyasını dəyişən ata Əsədi gənc oğlu, Londonda göz həkimliyi oxumuş gənc Bəşər Əsəd əvəz etmişdi.

Bu dövrdə artıq regionda nizam dəyişmişdi. Suriya Yaxın Şərqdə İsrailə qarşı silahlı qrupların əsas himayəçilərindən biri, Hizbullah, Həmas kimi təşkilatlara açıq dəstək verən ölkə idi. Həmasın Siyasi Bürosu və onun rəhbəri Dəməşqdə rəsmi ayrılmış ofisdə fəaliyyət göstərirdi. Eyni zamanda Əsəd İranla yaxınlaşırdı. Bundan başqa Suriya hökumətinin 2003-cü il İraq işğalından sonra bu ölkədən qaçan hərbi-siyasi qrupları Suriyaya qəbul etməsi Vaşinqtonu daha da narazı salırdı. Bu dövrdə ABŞ prezidenti Corc Buş Suriyanı “Şər üçbucağına” daxil etdi. “Üçbucağın” digər “ucları” İran və Şimali Koreya idi.

2002-ci ilin dekabrında prezident Buş Suriyaya qarşı terrora dəstək, kütləvi qırğın silahları yaratmaq, terrora dəstək verməsi, həmçinin Livandan ordusunu çəkməsi və İraqa əcnəbi silahlıların daxil olmasına imkan verməsini pisləyən qərar (Syria Accountability Act) qəbul edir.

2004-cü il may ayında Vaşinqton Suriyaya qarşı sanksiyalar elan etdi, bu ölkə ilə ticarət əlaqələri dayandırıldığını bəyan etdi. Ancaq bu sanksiyalar Suriya hakimiyyətini narahat etmədi. Çünki birincisi, Suriyanın ABŞ-la ticcarət həcmi çox az – 300 milyon dollar – idi, bunun əvəzinə illik 7 milyard dollarlıq ticarət dövriyyəsinin olduğu Avropa ilə əlaqələr davam edirdi. İkinci tərəfdən, anti-Amerika ovqatı yüksək idi və İran kimi ölkələr Əsədə açıq dəstək verirdi. Digər tərəfdən, İsrailin Colan təpələrini işğalda saxlaması, 2003-cüildə Dəməşq ətrafını bombalaması ölkə daxilində ictimai rəydə Əsədə və onun Amerika əleyhdarı siyasətinə dəstəyi artırırdı.

 

Siyasətin dəyişdirilməsi siyasəti

ABŞ-la münasibətlərin pisləşməsi ilə paralel olaraq Bəşər Əsəd Türkiyə və Avropa ilə əlaqələri daha dayaxşılaşdırmağa çalışdı. Türkiyyə dostluq mesajı verildi. 2005-ci ildə Livanda baş nazir Rəfiq Həririnin sui-qəsdlə öldürülməsindən sonra beynəlxalq təzyiqlər nəticəsində Əsəd ordunu Livandan çəkdi və bununla da xarici əlaqələrini daha da aktivləşdirdi. Yeri gəlmişkən, R.Həriri sui-qəsdinə görə ABŞ Suriya ilə diplomatik əlaqələri dayandırıb, səfirini geri çağırıb.

2008-ci il seçkilərində Corc Buşu demokrat Barak Obama əvəz etdikdən sonra ABŞ-ın Yaxın Şərq siyasəti də dəyişir. Obama 2009-cu ildə Misirə, dah asonr türkiyəyə səfər edərək müsəlman aləmi ilə siyasəti dəyişəcəyi mesajını verir. Bunun ən barzi nişanəsi Suriya ilə baş verir. Vaşinqton  5 illik fasilədən sonra Dəməşqə yeni səfir (Robert Ford həm də sonuncu səfir olur – K.R.) təyin edir və 2010-cu ilin fevralında dövlət katibinin müavini Uilyam Börns Dəməşqə səfər edərək XİN rəhbəri Vəlid Muallim və Bəşər Əsədlə görüşür.

Lakin bu yumşalma da uzun davam etmir. 2011-ci il martın 15-də Suriyada başlayan etirazlar tezliklə vətəndaş müharibəsinə çevrilir və ABŞ-Suriya münasibətləri yenidən pozulur. Obama Yaxın Şərq siyasətində (eləcə də bütün dünyada – K.R.) müdaxiləçi siyasətdən çəkindiyi üçün Suriya məsələsində də ehtiyatlı və daha çox regional müttəfiqləri, yəni Türkiyə və Ərəb Liqası ilə birgə hərəkət edir. 2011-ci ilavqustunda prezident Barak Obama “prezident Bəşər Əsədin getməli olduğunu” açıqlayıb. 2012-ci ilin fevralında isə ABŞ Dəməşqdəki səfirni geri çağıraraq Suriya ilə diplomatik əlaqələri dayandırıb.

Ancaq ABŞ hakimiyyətinin Suriya ilə bağlı beynəlxalq siyasi təzyiq mexanizmləri, o cümlədən “Annan planı” və BMT TŞ-də təklif etdiyi qətnamələr Rusiya və Çin tərəfindən bloklandığı üçün Vaşinqton Dəməşqə qarşı müdaxiləçi siyasət apara bilməyib. Üstəlik Obama hakimiyyəti Buşun İraq kampaniyasından fərqli olaraq BMT-dən kənar birbaşa müdaxilə qərarına qol qoymayıb.

Digərə tərəfdən, Vaşinqtonu Suriya məsələsində sərt müdaxilədən çəkindirən bir sıra yerli faktorlar da olub. Bunlardan birincisi, əl-Qaidə və bənzəri terror qruplarının Suriyada güclənməsi və müxalif cəbhədə üstünlüyə malik olması olub. Vaşinqton suriyalı müxaliflərə dəstək versə də, radikal dini qruplara soyuq baxıb və məsafəli davranmağa çalışıb. Baxmayaraq ki, müəyyən qədər əlaqələr həm Türkiyə üzərindən, həm də İordaniyadakı düşərgələr üzərindən mövcud olub ilk vaxtlarda. Lakin 2012-ci ildə Liviyada ABŞ səfiri Kristofer Stevensonun Benqazidə silahlı radikal qruplar tərəfindən öldürülməsindən sonra Vaşinqton bu cür qruplarla əlaqələri kəsib.

Vətəndaş mühairbəsi dövründə ABŞ-Suriya münasibətlərində gərginlik 2013-cü ildə yenidən yüksəlib. Suriya hakimiyyətinin müxaliflərə qarşı kimyəvi silahdan (sarin qazı) istifadə etməsi iddialarından sonra ABŞ-ın Suriyaya hərbi müdaxiləsi gündəmə gəlib, Pentaqon Aralıq dənizinin şərq sahillərinə hərbi gəmilər göndərib. Ancaq BMT TŞ-də Suriyaya hərbi müdaxilə qərarı qəbul olunmayıb, bunun əvəzinə Rusiyanın təklifi ilə Suriya hakimiyyətində olan kimyəvi silahların təhvil alınması planı qəbul olunub.

Üstəlik 2013-cü ildə Suriyanın şimalında İŞİD-in ortaya çıxması, qərb sərhədlərində isə Livan Hizbullahının Quseyr şəhərini ələ keçirməsi ilə Suriyada vətəndaş müharibəsi xarici hərbi qüvvələrin iştirak etdiyi geniş müharibəyə çevrildikdən sonra Vaşinqtonun münaqişədəki iştirak formasında dəyişiklik olub. 2014-cü ilin əvvəlində İŞİD-in İraq və Suriyada sürətlə güclənməsi Vaşinqtonu Suriya müxalifəti deyil, şimalda İŞİD-lə qarşı-qarşıya olan kürd qüvvələrinə yaxınlaşdırdı. Lakin buna baxmayaraq Vaşinqton Suriyada siyasi-hərbni müxalifətə siyasi, maliyyə dəstəyi verməkdə davam edib.

2014-cü ilin avqustunda Vaşinqton İŞİD-ə qarşı 60-dan çox ölkənin qatıldığı hərbi koalisiya yaradıb. Bu koalisiya İraq və Suriya ərazisində aktiv bombardmanlar həyata keçirib, Suriyanın şimalında İŞİD-lə vuruşan kürd qüvvələrinə dəstək verib. Bununla da münaqişənin formatında və Vaşinqtonun yanaşmasında cidid dəyişiklik olub.

 

Yeni prezidentdən yeni siyasət

Suriya münaqişəsi ilə bağlı Vaşinqtonun siyasətində növbəti dəyişiklik 2016-cı il noyabr seçkilərində respublikaçı Donald Trampın qalib gəlməsindən sonra dəyişdi. 2017-ci il yanvarda prezident kimi and içib səlahiyyətlərinin icrasına başlayan D.Tramp Suriyaya qarşı sərt münasibətini ortaya qoydu.

2017-ci ilin əvvəlində Suriya ordusunun Xan Şeyxun qəsəbəsində müxaliflərə qarşı sarin qazından istifadə etməsinə cavab olaraq ABŞ ordusu Xan Şeyxunu bombalayan Suriya təyyarələrinin havaya qalxdığı “Əş-Şayrat” aerodromunu bombaladı. ABŞ Hərbi-Dəniz Qüvvələri aprelin 7-də Suriya vaxtı ilə səhər saat 04:40-da Aralıq dənizinin şərqində yerləşən “USS Porter” və “USS Ross” adlı iki döyüş gəmisindən Humus şəhəri yaxınlığında yerləşən Suriya ordusuna məxsus “Əş-Şayrat” bazasına 59 “Tomahavk” raketi atdı.

Hava zərbələrindən sonra ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı çıxışında bildirdi ki, Suriyaya hava zərbəsi əmrini o verib. Ancaq bu əməliyyat davam etmədi və ABŞ ordusu proqnozlaşdırılanın əksinə, Suriyaya hücum etmədi. Bir il sonra ABŞ ordusu yenidən Suriya silahlı qüvvələrinin mövqelərini bombaladı. 2018-ci il aprelin 14-də ABŞ ordusu Suriya silahlı qüvvələrinin Dəməşq yaxınlığındakı Quta rayonunda kimyəvi silahdan istifadə etməsini əsas gətirərək, Dəməşq və eləcə də Hums şəhəri yaxınlığında yerləşən Suriya ordusuna məxsus kimyəvi silah laboratoriyalarını vurdu. ABŞ ordusuna Böyük Britaniya və Fransa silahlı qüvvələri də hərbi aviasiya ilə dəstək verdi. Lakin bu zərbələr də Suriyada genişmiqyaslı hərbi müdaxiləyə çevrilmədi.

2020-ci ildə keçikrilən prezident seçkilərində respublikaçı Tramp uduzdu. Artıq ABŞ-ın prezidenti demokrat Baydendir. Bayden bundan əvvəl Obama dövründə ABŞ-ın vitse-prezidenti postunu tutub, başqa sözlə Obama dövrü siyasətinin formalaşmasında iştirak edib. İndi bir çoxları ABŞ-ın Suriya siyasətində dəyişikliklərin olacağını güman etsə də, görünən odur ki, ciddi dəyişiklik olmayacaq. Baxmayaraq ki, ilin əvvəlində Bayden kabineti Suriyada siyasi həll prosesini sürətləndirmək üçün 2015-ci ildə (Obama zamanında – K.R.) ABŞ-ın təklifi ilə BMT TŞ-nin qəbul etdiyi 2254 saylı qərarınınçərçivəsində siyasi həll prosesini sürətləndirmək üçün TŞ daimi üzvləri ilə danışıqlar aparmağa başlayıb. Ancaq Vaşinqton bəyan edib ki, Bəşər Əsəd hakimiyyəti ilə əlaqələr bərpa olunmayacaq.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bəyna edib ki, Bayden administrasiyası Suriyada müharibəyə son qoyacaq siyasi həll prosesini dəstəkləyir. Bu mövzuda müttəfiq ölkələr, o cümlədən BMT-nin Suriya təmsilçisi ilə koordinasiyalı fəaliyyətini davam etdirir. Siyasi həllə nail olmaq üçün Vaşinqton beynəlxalq vasitələrdən istifadə edəcək. ABŞ rəsmisi müharibənin başa çatması üçün ilk növbədə Əsəd hökumətinin davranışlarını dəyişdirməli olduğunu deyib.

Bu açıqlamalar həm də o deməkdir ki, Vaşinqtonun Suriya ilə bağlı siyasətində yaxın dövrdə ciddi dəyişiklik olmayacaq. Məsələ ondadır ki, Tramp dövründə Vaşinqton Dəməşqə qarşı sanksiyaları daha da sərtləşdirib. Bunun nəticəsində Suriyada kəskin devalvasiya qeydə alınıb, Surioya lirəsi dəyər itirib. Eyni zamanda Dəməşqin xaricdən mal, o cümlədən ərzaq alması çətinləşib. Nəticədə ötən ilin yayından etibarən Suriyada taxıl qıtlığı müşahidə olunmağa başlayıb.

Bundan başqa BMT Suriyada baş verən cinayətlərin beynəlxalq məhkəmədə araşdırılması üçün çağırış edib. Artıq ilk nümunə Almaniyada qeydə alınıb. Almaniya məhkəməsi Suriya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşını 4,5 il azadlıqdan məhrum edib.

BMT-nin beynəlxalq komitəsinin üzvü Hani Macali hazırda Suriya ilə bağlı 300-ə yaxın məhkəmə iddiasının araşdırma mərhələsində olduğunu bildirib. Görünən odur ki, Suriya hakimiyyətinə qarşı beynəlxalq təzyiq daha da artacaq, Dəməşqin əl-qolu daha da bağlanacaq.

Lakin indi Dəməşq üçün mühüm amil ABŞ-ın Çin və Rusiya ilə münasibətlərinin günü-gündən daha da pisləşməsidir. Bu halda Suriya hakimiyyətinə qarşı yekdil beynəlxalq qərarların qəbulu mümkün olmayacaq. Üstəlik Vaşinqtonla Yaxın Şərqdə rəqabət aparan Pekin və Moskva Dəməşqi itirməmək üçün onu daha çox dəstəkləyəcəklər. Baydenin isə indi qarşısında Suriyadan daha vacib mövzular var.



MƏSLƏHƏT GÖR:

180