19 Aprel 2024

Cümə, 07:24

FƏRSİZ ŞAGİRDİN EV TAPŞIRIĞI

ATƏT-in Minsk qrupunun simasını xilas etməsi və təmizə çıxması üçün tarixi şans yaranıb

Müəllif:

01.05.2021

ATƏT-in Minsk qrupunun fəaliyyət gündəliyini xatırlamaq kifayətdir ki, 44 günlük müharibənin regionda siyasi reallığı tam dəyişdiyinə dair tezisin doğruluğuna bir daha əmin olasan. Bu gün müharibəyədək Minsk qrupunun diqqət mərkəzində olmuş bütün aktual məsələlər keçmişdə qalıb. Bu, regionda və ondan kənardakı müxtəlif siyasi dairələrin ürəyincə olsa da belədir, olmasa da. Amma təəssüf ki, bu şəraitdə belə, «palçığa iki dəfə batmazlar» prinsipi ilə hamı razı deyil. Onlar hələ də vəziyyəti 27 sentyabr 2020-ci ilə qədərki dövrə qaytarmaq ümidi ilə yaşayırlar. Məhz onlar artıq aktuallığını itirmiş və heç vaxt geri qayıtmayacaq mövzuların müzakirə olunmasını təklif edirlər.

 

Yaranmış vəziyyət

Azərbaycan tərəfi real vəziyyətə əsaslanan mövqeyindən geri çəkilmək niyyətində olmadığını bu qüvvələrin nəzərinə dəfələrlə çatdırıb. Belə mesajlardan növbətisini Azərbaycan Prezidenti İlham Əliyev aprelin ortalarında səsləndirib. O, bildirib ki, Azərbaycan tərəfinə Minsk qrupunun nə ilə məşğul olacağı, hələ ki, məlum deyil. Bununla yanaşı, dövlət başçısı onlardan kreativ ideyalar gözlədiyini söyləyib. Minsk qrupu İlham Əliyevin bu bəyanatına cəmi bir gün sonra reaksiya verib. Ümumi fikirlərdən ibarət reaksiyanın məqsədi Bakının mesajının alındığını göstərmək olub.

Bununla yanaşı, qarşı tərəf hər hansı kreativlik nümayiş etdirməyib. Bəyanatda yalnız ortada olan faktlar sadalanıb və həmsədrlərin mövcud vəziyyətə verdikləri qiymət əks olunub. Eyni zamanda hələ də köhnə yanaşmanın əlamətləri, münaqişə tərəflərinə münasibətdə fərqin olmadığı da ortadadır. Məsələn, vasitəçilər Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 10 noyabr bəyanatından sonra saxlanılmış şəxslərin münaqişənin gedişində ələ keçirilmiş insanlarla bir tutulması cəhdi aşkar görünür. Həmsədrlər hesab edirlər ki, «bütün hərbi əsirlər və digər saxlanılmış şəxslər beynəlxalq humanitar hüququn prinsipləri əsasında» azad edilməlidir. Onların fikrincə, burada saxlanılmış şəxslərin hərbi əməliyyatların gedişində, yoxsa müharibədən sonra diversiya aktı törətməyə çalışarkən ələ keçmələrinin fərqi yoxdur.

Halbuki Azərbaycan üçün, eyni zamanda elə həmin beynəlxalq hüquqa görə onlar Azərbaycan ordusunun arxa cəbhəsinə hərbçilərə və mülki şəxslərə qarşı terror aktları törətmək məqsədi ilə atılmış diversantlardır. Başqa sözlə, burada söhbət «hərbi əsir»lərdən yox, «terrorçu»lardan gedir. Daha da dəqiq desək, onlar konkret separatçı hədəfləri olan millətçi terrorçulardır. Beynəlxalq humanitar hüquq terrorçulara şamil oluna bilərmi? Ciddi sualdır.

Həmsədrlərin bəyanatında «dini və mədəni irsin qorunub saxlanması və mühafizəsi» məsələsinə də diqqət ayrılıb ki, bu da Azərbaycan tərəfində anlaşılmazlığa, hiddətə səbəb olub. Məsələ ondadır ki, son müharibəyədək Minsk qrupu heç zaman Azərbaycanın işğal altındakı ərazilərində yerləşən abidələrin vəziyyətinə xüsusi diqqət göstərməyib. Halbuki həmin illər ərzində Bakı beynəlxalq humanitar strukturlara bununla bağlı dəfələrlə müraciət edib, lakin hər dəfə onun müraciətləri qulaqardına vurulub. Minsk qrupu Ermənistanı işğal altındakı ərazilərdəki Azərbaycan abidələrinin, dini obyektlərinin dağıdılmasından çəkinməyə çağırmağı belə, lazım bilməyib.

Bu gün işğaldan azad edilmiş ərazilərdə bir dənə də müsəlman abidəsi qalmayıb və bu vəziyyətin yaranmasında bu münasibətin də rolu az deyil. Əvəzində ermənilərin həmin torpaqların özlərinə aid olduğunu göstərmək üçün tələm-tələsik yaratdıqları yeni «abidələr»in qorunması, mühafizə edilməsi tələb olunur. Görünür, məqsəd separatçıların uyğun bildikləri vaxtda yenidən «xoşbəxtliyə can atması»na zəmin yaradılmasıdır.

 

Erməni arzuları

Bakının Minsk qrupunun son açıqlamasını (sənəddə bəzi praqmatik çağırışlara da rast gəlinir) təhlil etməklə məşğul olduğu vaxtda, Ermənistan tərəfi bir neçə tələsik bəyanat səsləndirməyi lazım bilib. Erməni tərəfi deyir ki, guya həmsədrlər son bəyanatlarında Bakını «destruktiv siyasətdən imtinaya» çağırıblar. İrəvanın Azərbaycanın hansı addımını «destruktiv» saydığı bəlli olmasa da, məsuliyyəti qarşı tərəfin üzərinə atmaq cəhdi açıq-aydın görünür. Görünən odur ki, erməni tərəfi həmsədrlərin regionun minalardan effektiv təmizlənməsi üçün bütün məlumatların qarşılıqlı mübadiləsinin vacibliyi, icmalar arasında birbaşa əlaqə və əməkdaşlığın qurulması və s. tədbirlərin önəmi haqda dediklərinə əhəmiyyət vermir. Qeyd olunan tələblərlə məhz Bakı çıxış edir. Demək, Minsk qrupu faktiki olaraq, Azərbaycan tərəfinin bu təklifləri ilə tam razı olduğunu bildirir.

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan isə hesab edir ki, Qarabağ probleminin birdəfəlik həlli yalnız bölgənin statusunun müqəddəratı təyin etmə prinsipi əsasında müəyyənləşdiriləcəyi təqdirdə mümkündür. Bu yerdə postmüharibə dövrünün geosiyasi reallıqları erməni arzularını darmadağın edir – indi bütün əsas regional aktorlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi səhifəsinin birdəfəlik qapadılmalı olduğunu düşünür.

Beləliklə, Minsk qrupu faktiki seçim qarşısında qalıb. O, ya İrəvanın dediklərini əsas götürərək, yeni şəraitə köhnə gündəmlə qatılmalı, ya da postmüharibə reallıqlarını qəbul edərək, digər regional oyunçuların da gözləntilərinə uyğun daha realist gündəm müəyyənləşdirməlidir.

Yeri gəlmişkən, Minsk qrupunun son bəyanatında status məsələsinə eyham belə, yoxdur. Bu fakta əsasən düşünmək olar ki, artıq bu struktur keçmişdə qurdalanmağı deyil, gələcəyə hesablanmış addımlar atmağı üstün tutur.

 

Təmizə çıxmaq üçün tarixi şans

Məlum olduğu kimi, ötən illərdə Minsk qrupu fəaliyyətində çox sayda yanlışlığa yol verib və bu səhvlər onun faydalı iş əmsalına və ümumilikdə imicinə son dərəcə mənfi təsir göstərib. Hər halda, bu strukturun fəaliyyəti çərçivəsində müzakirə olunmuş heç bir əhəmiyyətli məsələnin məntiqi sonluğuna çatmaması təsadüf deyil. Həmsədrlərin fəaliyyətini 5 ballıq şkala ilə qiymətləndirsək, ona tərəddüd etmədən «2» yaza bilərik. Doğrudur, bu fəaliyyəti daha aşağı – «1» ilə qiymətləndirənlər də var, amma bu, ümumi mənzərəni dəyişməyən nüanslardır. Beləliklə, bu gün həmsədrlərin «ev tapşırığı»nı uğurla həll edərək, aldıqları «2»ni düzəltmək şansı yaranıb. Necə deyərlər, onlar özlərini təmizə çıxara bilərlər.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko hələ bu ilin fevralında bildirmişdi ki, indiki mərhələdə ATƏT-in Minsk qrupu və onun həmsədrləri «fəaliyyətlərini ermənilərlə azərbaycanlılar arasında inamın güləndirilməsi işinə yönəldə bilər». Onun fikrincə, «məhz vətəndaş cəmiyyətləri arasında dialoqun inkişafı regionda vəziyyətin sağlamlaşdırılmasına imkan verəcək, siyasi müstəvidə gələcək addımların atılmasına zəmin yaradacaq».

Ümumiyyətlə, Minsk qrupu ATƏT-in ona verdiyi mandata uyğun fəaliyyət göstərməlidir. ATƏT-in əsas prinsiplərindən biri isə məlum olduğu kimi, üzv dövlətlərin suverenliyinə, sərhədlərinin toxunulmazlığına hörmətdir. Minsk qrupunun həmsədrləri başda olmaqla, üzv dövlətlərin mütləq əksəriyyəti isə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Elə 44 günlük müharibənin gedişində də həmsədr ölkələrdən olan Rusiya və Fransanın prezidentləri hərbi əməliyyatların Azərbaycan ərazisində aparıldığını dəfələrlə dilə gətirmişdilər. O zaman Türkiyə, Belarus və İtaliya Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək vermiş, Almaniya kansleri Angela Merkel isə AŞPA-nın son sessiyasındakı çıxışı zamanı mövqeyini kifayət qədər açıq ifadə etmişdi: «Birlikdə qəbul edilmiş qanunlara əməl olunması vacibdir. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmət olunmadığı hallarda bu qanunlardan istifadə edilməlidir. Qarabağı misal göstərmək olar». Merkel bununla Qarabağ münaqişəsinə Azərbaycanın suverenliyinin pozulmasının səbəb olduğunu təsdiqləyib.

İrredentizm və separatizmin həvəsləndirilməsinə istənilən cəhd suverenlik və ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilə bilər, deməli, ATƏT-dən belə cəhdlər üçün istifadə etmək yolverilməzdir. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın reallaşdırılması ilə regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olunması istiqamətində işlərin görüldüyü bir vaxtda, ATƏT-in Minsk qrupu son hədəfə çatılması üçün effektiv şəraitin qurulması üçün institusional alətə çevrilə bilər. Məsələn, nəinki Qarabağın azərbaycanlı və erməni əhalisinin, ümumiyyətlə ermənilərin və azərbaycanlıların sülh şəraitində yaşamının təmini istiqamətində İrəvan və Bakı ilə işləməyin böyük perspektivləri var. Bakının illərdir tələb etdiyi icmalararası dialoqun yeni reallıqlar fonunda baş tutması vacibdir. Elə etmək lazımdır ki, regiona sülhün qayıtması prosesi daha sürətlə getsin. Bunun üçün isə minalanmış ərazilərin xəritələri Azərbaycana təqdim olunmalıdır. Bu, artıq siyasi deyil, vacib humanitar addım olardı.

Qeyd edək ki, Minsk qrupu ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin bərpasını istəyir. Lakin həyat göstərib ki, «heç nə görmürəm, heç nə eşitmirəm, heç kimə heç nə deməyəcəm» prinsipinə əsaslanan xüsusi nümayəndə fəaliyyəti bu təşkilatın işinin heç də ən uğurlu mərhələsi olmayıb. Effektivlikdən danışırıqsa, yəqin ki, ən yaxşısı köhnə vərdişlərdən imtina olardı. Minsk qrupunun bunu bacarıb-bacarmayacağını isə yaxın gələcəkdə görəcəyik.



MƏSLƏHƏT GÖR:

178