19 Aprel 2024

Cümə, 19:32

SİYASƏT SƏHVLƏRİ BAĞIŞLAMIR

Baydenin «erməni soyqırımı»nı tanımaqla bağlı bəyanatı Vaşinqtona regiondakı strateji tərəfdaşını itirmək bahasına başa gələ bilər

Müəllif:

01.05.2021

ABŞ-ın 46-cı prezidenti Cozef Bayden sələflərinin atmağı lazım bilmədikləri addımı atıb – o, Osmanlı imperiyasında XX əsrin əvvəllərində baş vermiş hadisəni «erməni soyqırımı» adlandırıb. Doğrudur, Ağ Ev rəhbərinin bəyanatının hüquqi qüvvəsi yoxdur və o, sadəcə rəmzi gedişdir. Buna baxmayaraq, bu bəyanatın xüsusilə Ön Asiya regionundakı siyasi proseslərə təsir göstərəcəyinə şübhə yoxdur. Çünki bu məsələ regionun ən azı 3 dövlətinin maraqlarına birbaşa təsir göstərən hadisədir. Söhbət Türkiyə, Azərbaycan və Ermənistandan gedir. Ağ Ev rəhbərinin pafos dolu fikirlərinin bir andaca bütün regionda emosiyaları coşdurması təsadüfi deyil. Bu hadisənin ABŞ-ın bölgədəki maraqlarına vuracağı zərbə isə heç də rəmzi yox, tamamilə real olacaq.

 

Ağ Evdə kimlərin maraqları əsas götürülür?

ABŞ siyasi isteblişmentinin əksər görkəmli təmsilçisi davamlı olaraq bir fikri təkrarlayır: Vaşinqtonun milli maraqları ölkənin xarici siyasətini müəyyənləşdirən əsas amildir. Amma ABŞ-ın milli maraqları sırasında müttəfiqlərlə uzunmüddətli və sarsılmaz münasibətlərin qurulması da var. Ankara ilə Vaşinqtonun münasibətlərindəki gərginliyə baxmayaraq, Türkiyə onilliklərdir Birləşmiş Ştatların belə müttəfiqlərindən biri olaraq qalmaqdadır. Amerika rəhbərləri uzun illərdir məhz bu üzdən «erməni soyqırımı» ifadəsini işlətməkdən çəkinirdilər…

Bu termini ilk dəfə 1982-ci ildə Ronald Reyqan işlədib. O zaman bu işdə 40-cı prezidentin çıxışlarının mətnini hazırlayan erməni Ken Xaçikyanın rolu az olmamışdı. Lakin Reyqan prezidentliyinin sonrakı illərində bu termini bir dəfə də olsun, dilə gətirməmişdi. Onu inandırmışdılar ki, rəhbərlik etdiyi dövlətin milli maraqları erməni lobbisinin məhdud maraqları ilə müqayisədə çox genişdir. Hər halda, Vaşinqton üçün çətin Yaxın Şərq siyasətinin həyata keçirilməsində Türkiyə daha effektli tərəfdaş idi, nəinki erməni diasporu. Sonuncuya yalnız daxili elektoratın yönləndirilməsi mərhələlərində, o da qismən ehtiyac yaranır.

Yeri gəlmişkən, statistikaya görə, Amerikada türk və erməni diasporu say etibarilə, təxminən, bərabərdir. Erməni diasporu hətta türklərdən bir qədər geri qalır – ABŞ-dakı türk diasporu üzvlərinin sayı ermənilərlə müqayisədə 50-100 min nəfər çoxdur. Doğrudur o, Birləşmiş Ştatların ictimai-siyasi həyatında ermənilər qədər fəal və nüfuzlu deyil. Amma onlar da Amerika xalqının bərabər hüquqlardan yararlanmalı olan, eyni hörmət gözləmək haqqına malik hissəsidir.

Eyni sözləri ABŞ-da yaşayan və tarixində heç də bundan geri qalmayan dramatik səhifələr olan digər xalqların nümayəndələri haqda da deyə bilərik. Lakin nədənsə Amerika liderləri hər il yalnız Osmanlı imperiyasında baş vermiş hadisələri yada salır. Halbuki bu hadisənin üzərindən, həqiqətən, kifayət qədər uzun vaxt keçib. Buna rasional izah tapmaq, həqiqətən, çətindir.

İzahı olmayan daha bir fakt hadisənin üzərindən 100 il keçdikdən sonra ABŞ-ın müxtəlif ştatlarının qəribə ardıcıllıqla həmin hadisələri ermənilərə qarşı «soyqırımı» kimi tanımasıdır – bu, ştatların qanunverici orqanları səviyyəsində baş verir. Həmin ştatlarda erməni silahlı birləşmələrinin türklərə və kürdlərə qarşı həyata keçirdikləri qətliamları nədənsə xatırlamırlar və ya xatırlamaq istəmirlər.

Vaşinqton-Ankara münasibətlərinin pisləşməsi fonunda ABŞ-ın yeni administrasiyasında erməni əsilli şəxslərin yer alması, ölkənin vitse-prezidenti Kamala Harrisin erməni lobbisi ilə sıx əlaqələri, o cümlədən Baydenin özünün ermənilərə simpatiyası sonrakı proseslərin neqativ çalar almasına öz təsirini göstərib. Bununla yanaşı, 2019-cu ildə ABŞ-ın bütün ştatlarında «erməni soyqırımı»nın tanınması, elə həmin il Konqresin hər iki palatasında – Senatda və Nümayəndələr palatasında analoji qətnamələrin qəbulu fonunda Cozef Baydenin «erməni soyqırımı» ifadəsini işlətməkdən qaçacağını gözləmək də sadəlöhvlük olardı. Aşağı palatanın 100 üzvünün erməni diasporunun təşəbbüsü ilə Baydeni 1915-ci il hadisələrini «soyqırımı» adlandırmağa çağırması da prosesdə stimullaşdırıcı rol oynayıb.

 

Bəs, sonra?

Amerikanın qanunverici orqanlarının heç bir hüquqi əsası olmayan bəyannamələr qəbul etməsindən, ABŞ prezidentinin isə «erməni soyqırımı» ifadəsini işlətməsindən sonra Ankara-Vaşinqton münasibətləri ciddi şəkildə pisləşib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb: «Öz tariximiz haqda heç kimdən dərs alacaq deyilik. Siyasi opportunizm sülh və ədalətə ən böyük xəyanətdir. Biz sırf populizmə əsaslanan bu iddianı tamamilə rədd edirik».

Bunun ardınca XİN elə nazirin bəyanatı ilə eyni tonda olan rəsmi açıqlama ilə çıxış edib: «ABŞ-ın bəyanatı tarixi faktların təhrifidir və Türkiyə vətəndaşları bunu heç zaman qəbul etməyəcəklər. Bu bəyanat dərin yara açaraq, aramızdakı inamı, dostluğu sarsıdır».

Ankara tarixə ədalətli qiymətin verilməsi üçün Ermənistan tərəfinə dəfələrlə bütün arxivlərin açılmasını, 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş bütün hadisələrin üzə çıxarılmasını təklif edib. Eyni müraciət beynəlxalq elm ictimaiyyətinə də edilib. Təəssüf ki, bu çağırışa reaksiya olmayıb və demək, «erməni soyqırımı» mövzusundan yalnız Türkiyəyə siyasi təzyiq aləti kimi istifadə edilir.

Bu gün «erməni məsələsi»nin Türkiyə üçün «dəyənək» olduğuna artıq heç kəs şübhə etmir. Bu, Ankaranın müstəqil xarici siyasət yürütmək, o cümlədən Türkiyə Ordusunun hərbi-texniki baxımdan müasirləşdirilməsi, yenidən silahlandırılması məsələsində istədiyi kimi davranmaq cəhdlərinə cavabdır. Hər halda, ABŞ Türkiyəni Baydenin məlum çıxışından cəmi bir neçə gün əvvəl «F-35» təyyarəsi istehsalı proqramından kənarlaşdırılıb. Səbəb Ankaranın Rusiyadan «S-400» zenit-raket kompleksi almasıdır.

Halbuki bu, reallaşdırılması haqda memorandumun hələ 2007-ci ildə imzalandığı çoxkomponentli proqram idi. Türkiyə bu proqram çərçivəsində üzərinə 100 ədəd «F-35» almaq öhdəliyi götürmüşdü. O, həmin təyyarələr üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edirdi. İndi ABŞ-ın Türkiyəni proqramdan kənarlaşdırmasına baxmayaraq, Ankara hələ də bu komponentlərin istehsalını davam etdirir.

Bütün bunarın fonunda Bayden administrasiyası Yaxın Şərqlə bağlı miqyaslı hədəflərinə çatmağa çalışır. Onun bölgədəki yeganə institusional müttəfiqi isə NATO üzvü olan Türkiyədir. Bu iki ölkə arasında münasibətlərin sərinləşdiyi şəraitdə Vaşinqtonun bu planları reallaşdırması perspektivi dumanlı görünür. Üstəlik, Amerikanın bölgədəki digər əsas müttəfiqi olan İsrail Vaşinqtonun bölgə ilə bağlı hazırkı kursunun bir çox sual yaratdığını aydın şəkildə ifadə etməkdədir. Məsələn, Donald Tramp ötən il İsrailin Holan təpələri üzərində suverenliyini tanımışdısa, hazırkı administrasiya bunu etməkdən boyun qaçırır.

Beləliklə, Birləşmiş Ştatların yeni rəhbərliyinin daxili elektorata hesablanmış «emosional qərarlar»ı get-gedə praqmatik nöqteyi nəzərdən daha səmərəstz, praktik baxımdan isə daha əlverişsiz hal almağa başlayır.

 

Vaşinqtonun bəyanatının Cənubi Qafqazdakı əks-sədası

Baydenin «erməni soyqırımı»nı tanıması yalnız Bosfor sahillərində deyil, Xəzər sahillərində də mənfi reaksiyaya səbəb olub. «ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur. Qondarma «erməni soyqırımı» mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir. 100 il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir», - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Xatırladaq ki, bir vaxtlar Birləşmiş Ştatlar bu regionda daha fəal rol oynamağa, xüsusilə Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmağa çalışırdı. O zaman ABŞ administrasiyası iki xalqın barışığına yol açmalı olan Sürx protokollarının təşəbbüskarları arasında idi. Lakin həmin proses zamanı Azərbaycanın maraqlarını da nəzərə alan Ankara ədalətli olaraq, İrəvanla münasibətlərinin normallaşmasının Qarabağ probleminin həllinə bağlı olduğunu bəyan etmişdi. Bu, bütün regional problemlərin kompleks şəkildə həllinə imkan verirdi. Və Vaşinqtonun maraqları da regional siyasətin tərkib hissəsinə uyğun olaraq, regional gündəliyə uyğunlaşırdı.

Lakin məhz İrəvanın regional problemlərə kompleks yanaşmaqdan imtinası, arxivlərin açılmasına razılıq verməməsi, həmçinin Azərbaycan ərazilərinin işğalına son qoymaq istəməməsi ABŞ-a da regional maraqlarını təmin etmək imkanı verməmişdi. O zaman Vaşinqtonun təkliflərini öz maraqlarına zidd sayan Ermənistan Moskva ilə əlaqələri gücləndirməyi üstün tutmuşdu. Lakin erməni liderlər bu işin də öhdəsindən gələ bilməmişdilər. Bir yandan Türkiyə ilə Rusiya arasındakı sıx əlaqələr, digər tərəfdən Rusiya-Azərbaycan münasibətləri münaqişədən sonrakı dövrdə regional düzəndə əsas rolu Bakı, Ankara və Moskvanın, daha dəqiqi, onların arasındakı siyasi dialoqun oynaması ilə nəticələnib.

ABŞ formal olaraq Dağlıq Qarabağ nizamlanmasında iştirak etsə də, böyük oyundan, sanki, kənarda qaldı və bu, Vaşinqtonun heysiyyatına toxunmaya bilməzdi. Bu gün İrəvan yenidən Vaşinqtonla oyun oynamağa çalışır və bununla da, Minsk qrupunun artıq keçmişdə qalmış gündəliyini yenidən canlandırmaq istəyir. Söhbət Dağlıq Qarabağın statusu məsələsinin əsas yer tutduğu gündəmdən gedir. Lakin Azərbaycanla Türkiyə bu cəhdlərə tam əks reaksiya verir. İndi Rusiya tərəfi də bu məsələnin gündəmə gətirilməsinin vaxtı olmadığını dəfələrlə təkrar edib.

Amerika administrasiyasının siyasi konyunktura əsaslanaraq faktiki olaraq türk xalqının hisslərini təhqir etdiyi, dünya erməniliyinə simpatiyasını göstərdiyi indiki şəraitdə o, Azərbaycan xalqının iztirablarına da qərəzli yanaşdığını ortaya qoyub. Bayden və sələfləri Ermənistanı nə Xocalı hadisəsinə, nə azərbaycanlıların kütləvi şəkildə amansızcasına qətlə yetirilməsinə, nə də Ermənistandan və artıq işğaldan azad olunmuş ərazilərdən kütləvi şəkildə qovmasına görə açıq məzəmmət edib. Başqa sözlə, Vaşinqton üçün 100 il əvvəl yaşanmış hadisə bu gün baş verənlərdən daha vacib imiş. Belə bir vəziyyətdə Amerika prezidentinin Osmanlı imperiyasının erməniləri üçün «tarixi ədalət»dən danışması 30 ildir Ermənistanla münaqişənin bütün ağırlığını üzərində hiss etmiş milyonlarla azərbaycanlının ələ salınmasıdır.

Bir sözlə, tarixi hadisələrlə spekulyasiya edən bir qrupun maraqlarından çıxış edən Vaşinqton nəticədə uzunmüddətli maraqlarının üst-üstə düşdüyü strateji tərəfdaşlarını itirir. Təəssüf ki, Amerika administrasiyasında milli maraqlarla heç də üst-üstə düşməyən, hansısa qrupun mənfəətinə hesablanmış maraqlar üstünlük təşkil edir. İnanmaq istərdik ki, Vaşinqtonda bu addımların yanlış olduğunu nə vaxtsa anlayacaqlar.

«Erməni soyqırımı»nın siyasi tərəfdarlarının istinad etməyi sevdikləri tarix səhvləri bağışlamır. ABŞ-ın regionda zəifləməsi ilə yaranacaq vakuumu asanlıqla başqa oyunçular doldura bilər. Bundan sonra geri qayıtmaq, artıq itirilmiş mövqeləri bərpa etmək çox çətin olur.



MƏSLƏHƏT GÖR:

174