19 Aprel 2024

Cümə, 02:49

SƏRHƏDSİZ GİMNASTİKA

14 aylıq fasilədən sonra Bakıda ilk beynəlxalq yarış

Müəllif:

15.05.2021

Azərbaycan paytaxtı Bakı 14 aylıq məcburi fasilədən sonra yenidən beynəlxalq yarışa ev sahibliyi etdi. 2020-ci ildə ölkədə sərt karantin tətbiq olunan dönəmdə Milli Gimnastika Arenasında gimnastika turniri yarımçıq dayandırıldı. 2021-ci ildə mayda ilk bərpa olunan yarış yenə gimnastika oldu.

Bakıda çoxdan gözlənilən bədii gimnastika üzrə dünya kuboku baş tutdu.  Milli Gimnastika Arenası uzun müddətdən sonra yenidən öz qapılarını ən incə və zərif gimnastika növünün nümayəndələri üçün açdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq icazəsi ilə keçirilən Olimpiya Oyunlarına təsnifat xarakterli yarışda 35 ölkədən 150-dən çox gimnast yenidən Bakıda fərqlənmək üçün mübarizə apardı.

 

Əhvalımız “bürünc”dür

Ölkəmizi doğma divarlar arasında fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Məryəm Səfərova, Darya Sorokina, Ləman Əlimuradova və Yelizaveta Luzan təmsil etdi.

Qrup hərəkətkəri üzrə komandamız ən güclü yığmaların gərgin mübarizəsindən medalsız ayrılmadı. Hər iki çıxış proqramı üzrə finala adlayan komandamız 5 topla final çıxışına görə fəxri kürsünün 3-cü pilləsində yer almağı bacardı. Çoxnövçülükdə isə sevimli təmsilçimizi bürünc medaldan cəmi 0,050 xal ayırdı. 2 cüt gürz və 3 halqa ilə qızlarımız 5-ci oldular.

Qrup komandamızın məşqçisi, gimnast kimi dəfələrlə Avropa çempionatları, dünya kubokları və digər beynəlxalq yarışların mükafatçısı olan Siyana Vasileva bürünc medala görə çox şad olduğunu bildirdi: “Çox şadam ki bu yarış baş tutdu. Və biz yaxşı çıxış edib, yaxşı nəticə göstərərək, bizi izləyən tamaşaçıları sevindirə bildik. Belə bir şans üçün hamıya təşəkkür edirik! Mən özüm gimnast kimi çıxış etdiyim vaxtlardan bilirəm, həmişə doğma arenada yaxşı çıxış etmək istəyirsən. Ona görə də qızlar çox həyəcanlı idilər. Onlar da Vətəndə yaxşı çıxış etmək, hamını sevindirmək istəyirdilər. Buna görə çox fəxr edirəm ki, bu bizdə alındı.”

Bu il beynəlxalq yarışda ilk dəfə doğma arenada çıxış edən Zöhrə lentlə finala vəsiqə qazandı. Lakin final mərhələsində çox az xal fərqi ilə medalın bir addımlığında dayandı. Çoxnövçülükdə isə Zöhrə 10 ən güclü gimnastlar arasında yer aldı. Böyüklər arasında ölkəmizdə baş tutan beynəlxalq yarışda ilk dəfə çıxış edən Arzu ən yaxşı nəticəsini topla nümayiş etdirərək 15-ci oldu.

Yarışda karantin qaydalarına riayət olunması, insanlar arasında ünsiyyətin maksimum azaldılması, eləcə də Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qayda və tövsiyələrinə əməl olunması məqsədilə Yerli Təşkilat Komitəsi tərəfindən bir sıra addımlar atıldı. Bununla əlaqədar, hər kəsin səbirsizliklə gözlədiyi bu kubokda bir sıra yeniliklər tətbiq olundu. Ən çox marağa səbəb olunan yeniliklərdən biri mükafatçılara medalların “dron”lar vasitəsilə təqdim edilməsi oldu.

Daha bir yenilik isə media ilə bağlı oldu. Bu yarışda gimnastların çıxışlarından sonra müsahibə verməsi üçün nəzərdə tutulan “MixedZone” adlandırılan zona onlayn müsahibələrlə əvəz edildi. Jurnalistlər hətta arenaya gəlmədən də istədikləri gimnastdan müsahibə almaq imkanı əldə etdilər.

 

Soçi uğuru

Dünya Kubokuyla yanaşı gimnastikamız Avropa çempionatından qazandığı medallarla yadda qalıb. Rusiyanın Soçi şəhərində təşkil olunan batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatında yığmamızın üzvləri komandamızın hesabına 1 gümüş və 2 bürünc medal yazdırdı. Çempionatın ilk medalı gənclər arasında yarışan tamblinqçilərimizdən gəldi. Hüseyn Əsədullayev, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət komandamız fəxri kürsünün 3-cü pilləsinə yüksəldi.

Növbəti medal son Dünya Yaş Qrupları Yarışlarının gümüş medalçıları Hüseyn Abbasov və Mahsud Mahsudov sinxron cütlüyündən gəlib. Onlar “dünya” üzrə nəticələrini təkrarlayaraq qitə birinciliyində də gümüş medala sahib oldu.

Qeyd edək ki, bu yarışda 13-17 yaşlılar arasında çıxış edən 13 yaşlı Hüseyn və Maqsud özlərindən daha böyük və təcrübəli gimnastlarla mübarizə apararaq fəxri kürsüdə yer alıb.

Çempionatın son medalı isə təcrübəli tamlinqçimiz Mixail Malkindən gəlib. Uzun müddət zədə səbəbindən beynəlxalq yarışlarda iştirak etməyən Avropa çempionu bu dəfə də final mərhələsində medalsız qalmadı. Kiçik səhvlərə yol verən Malkin bürünc medalla kifayətləndi.

Fərdi batut yarışlarında yeganə qadın gimnastımız Selcan da qitə birinciliyinin finalına vəsiqə qazandı. Qitə birinciliyində ilk dəfə çıxış edən Selcan yekunda 6-cı oldu. Xatırladaq ki, Azərbaycanın qadın təmsilçisi Avropa çempionatının böyüklər arasında ən güclü 8 gimnastı arasında ilk dəfə mübarizə aparıb.

Soçidəki Avropa çempionatı Azərbaycan gimnastikası üçün “ilk”lərlə tarixə yazılıb. Belə ki, həm tamblinqçilərimizin komanda hesabındakı “bürüncü”, həm də sinxron cütlüyümüzün layiq görüldüyü gümüş medal  gənclər yaş qrupunda gimnastlarımızın Avropa çempionatından ölkəmizə qazandırdığı ilk medallardır. Eləcə də, gimnastımız Selcanın çempionatın finalında iştirakı gimnastikadakı nailiyyətlərimiz sırasında bir ilkdir.

Xatırladaq ki, Azərbaycan Gimnastika Federasiyasının 2021-ci ildə təşkil edəcəyi ən irimiqyaslı yarış aerobika gimnastikası üzrə Dünya Çempionatıdır. Ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi bu yarış 27-29 may tarixlərində keçiriləcək. Azərbaycanda son dövrlərdə inkişaf etdirilən bu növ üzrə Avropa Çempionatı ilk dəfə olaraq 2019-cu ildə təşkil edilib. Milli Gimnastika Arenası bu dəfə Dünya çempionatı zamanı gimnastikanın ən dinamik növünün nümayəndələri üçün öz qapılarını açmağa hazırlaşır.



MƏSLƏHƏT GÖR:

172