28 Mart 2024

Cümə axşamı, 23:54

MÜHARİBƏYƏ, YOXSA SÜLHƏ MANDAT?

Beynəlxalq qüvvələrin Əfqanıstanı tərk etməsi nə ilə nəticələnə bilər?

Müəllif:

15.05.2021

Əfqanıstan prezidenti Əşrəf Qəni hesab edir ki, ölkədə problemin siyasi həlli üçün, ilk növbədə, taliblərlə razılığa gəlinməlidir. O, Qərb koalisiyası qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra ölkədə nələrin baş verə biləcəyi haqda düşüncələrini Amerikanın «Foreign Affairs» jurnalı ilə bölüşüb. Qəni bildirib ki, «Taliban» ilə keçid hökumətinin formalaşdırılması və seçkinin təşkili haqda razılığa gəlinərsə, o, vəzifəsini tərk etməyə hazırdır. «Bu halda seçkidə namizəd olmayacaq, postumu prezidentlik müddətim bitmədən tərk edəcəyəm. Amma bunun üçün yeri tutacaq şəxs sülh mandatına malik olmalıdır», - deyə Əşrəf Qəni qeyd edib.

 

Kədərli yubiley

ABŞ-ın Donald Tramp administrasiyası taliblərlə hələ ötən ilin fevralında razılaşma imzalamışdı. Sənədə əsasən, ABŞ və digər NATO ölkələri Əfqanıstandan öz qoşunlarını 2021-ci ilin mayınadək çıxarmaq öhdəliyi götürmüşdülər. «Taliban» isə öz növbəsində, ölkə hökuməti ilə sülh danışıqlarına qatılmağa razılıq vermiş, nəzarətində olan bölgələrdə «Əl-Qaidə», «İslam Dövləti» və digər terror təşkilatlarının, hökumətə qarşı olan qüvvələrin aqressiv davranışlarına imkan verməyəcəyinə dair öhdəlik götürmüşdü.

Lakin koalisiya qoşunlarının Əfqanıstandan çıxarılması üçün müəyyənləşdirilmiş son tarix – mayın 1-i əvvəldən də şübhəli görünürdü. Çünki bunun üçün lazımi hazırlıq işləri aparılmamışdı, demək, vaxt çatmayacaqdı. Artıq apreldə ABŞ-ın yeni prezidenti Co Bayden yeni müddəti elan etdi – beynəlxalq koalisiyanın Əfqanıstanda qalmış hərbçilərinin oradan çıxarılmasına mayın 1-də başlanacaq və proses 2021-ci il sentyabrın 11-də, təxminən, 3 min insanın həyatına son qoymuş məlum faciəvi hadisənin 20-ci ildönümü günü başa çatdırılacaq.

Məlum olduğu kimi, 20 il əvvəl «Əl-Qaidə»nin Nyu-Yorkda yerləşən Ümumdünya Ticarət Mərkəzinə və Pentaqona hücumundan sonra Əfqanıstanın o zaman taliblərin əlində olan hökumətindən Üsəma ben Ladenin və digər şübhəlilərin Vaşinqtona verilməsi tələb olunmuşdu. Əfqanıstan hökumətinin bu tələbi rədd etməsinin 1 ay sonra «Taliban»a qarşı olan, «Şimal alyansı» kimi tanınan Əfqanıstan qüvvələri Amerika və Britaniya qoşunlarının dəstəyi ilə talibləri hakimiyyətdən uzaqlaşdırmış, nəticədə, «Əl-Qaidə»nin rəhbərləri Pakistana qaçmışdı. Lakin Əfqanıstanda hərbi əməliyyatlar bu günədək davam edir.

20 illik Əfqanıstan müharibəsi ABŞ-a 2200-dən artıq hərbçinin ölümü və 1 trilyon dollardan artıq vəsait hesabına başa gəlib. Bu dövrdə yalnız hökumət qüvvələri 70 mindən artıq itki verib. Mülki əhali arasında ölənlərin sistemli sayılmasına isə yalnız 2009-cu ildə başlanılıb və onların sayının 100 mindən çox olduğu üzə çıxıb. BMT-nin məlumatına görə isə 2019-cu ildə Əfqanıstan və ABŞ orduları qanlı aviareydləri ilə daha çox mülki əfqanları öldürüb, nəinki talibləri və ya digər anti-hökumət qüvvələrini.

 

Razılaşma çərçivəsində qətl

Vətəndaş müharibəsinin yaratdığı xaosdan yaranmış «Taliban» Kabili 1996-cı ildə ələ keçirib və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın 2001-ci ildə onu devirməsinədək Əfqanıstanın böyük hissəsinə nəzarət edib. Bununla yanaşı, ölkədə uzun illərdir xarici hərbi qüvvələrin yer almasına baxmayaraq, «Taliban» nəinki tədricən bərpa olunub, hətta ölkə ərazisində nüfuzunu daha da artırıb.

Lakin «İslam Dövləti» təşkilatının Əfqanıstanda peyda olması ilə taliblər ciddi çağırışla üz-üzə qalıblar. Nəticədə, o, bu vaxtadək düşmənçilik etdiyi qüvvələrin belə, dəstəyini alıb. «Taliban» liderləri regionun bir neçə dövləti ilə danışıqlara gedib, onların «İslam Dövləti»nin Əfqanıstanda möhkəmlənməsinə imkan verməyəcəklərinə inandırıblar. Bu, həmin dövlətlərin sərhədlərində sabitliyə təhdidin də aradan qaldırılması demək idi. Belə bir vəziyyətdə İran, Çin və Rusiya kimi dövlətlər taliblərlə əməkdaşlıqdan imtina siyasətinə yenidən baxmaq məcburiyyətində qalıblar.

2020-ci ilin sentyabrında isə «Taliban» Birləşmiş Ştatlarla belə, razılaşma imzalayıb. Bu, nəzəri baxımdan Əfqanıstanı sülhə aparan yolun başlanğıcı kimi qiymətləndirilir. Amma imzalanmış sənədlə «Taliban» üzərinə yalnız beynəlxalq koalisiya qüvvələrinə hücumlara imkan verməmək öhdəliyi götürüb. Bu, Əfqanıstanın hökumət qüvvələrinə və mülki əhaliyə aid deyil. Nəticədə, son zamanlar ölkədə qətllərin sayı kəskin şəkildə artıb. Halbuki, ötən ilin sentyabrında Əfqanıstandaxili sülh danışıqlarına da start verilib.

«Hər kəs ümid edirdi ki, «Taliban» ABŞ ilə əldə etdiyi razılaşmadan sonra hərbi gücdən siyasi qüvvəyə çevriləcək, zorakılıqdan imtina edəcək», - deyə Əfqanıstanın sabiq müdafiə naziri Tamim Asey bildirir: «Lakin «Taliban»ın dəyişdiyini göstərən heç bir əlamət yoxdur. O, sadəcə olaraq, taktikasını dəyişib – «nöqtə qətl»lərə keçib. Çünki bu, razılaşmaya zidd deyil».

İndi qətlə yetirilənlər daha çox siyasi və ictimai xadimlər, qadın hüquqları uğrunda hərəkatın fəalları, hətta sadə təhsilli şəxslərdir. Bu, əlbəttə ki, məqsədli şəkildə edilir – hakimiyyətə qayıtmağa hazırlaşan taliblər onlara qarşı olan nüfuzlu, populyar insanların bir hissəsini öldürür, bir hissəsini isə qorxutmağa çalışır.

BMT-nin hesabatında deyilir ki, ABŞ ilə razılaşmadan sonra Əfqanıstanda mülki şəxslərin qətli 1 il əvvəllə müqayisədə 45% artıb.

 

Hakimiyyət hərisliyi

Bu gün Əfqanıstan paytaxtında bir neçə sülh planı müzakirə olunur. Onların arasında bir-birinə düşmən olan Qulbeddin Hekmatiyar və Abdurrəşid Dustum kimi səhra komandirlərinin planları da var.

Dustumun planı etnik azlıqlara daha çox hüquqların verilməsini, siyasi və hərbi nəzarətin desentralizasiyasını nəzərdə tutur.

Hekmatiyar isə koalisiya hökumətini lazımsız sayır. Onun fikrincə, hökumət «mübahisə doğurmayan simalardan» ibarət olmalıdır.

Bütün bu planlar məzmununa və dərinliyinə görə bir-birindən ciddi şəkildə fərqlənir. Lakin onlar Kabildə keçid hökumətinin formalaşdırılması ideyasına dəstəyin artdığını göstərir. İndi Qəninin siyasi rəqiblərinin çoxu bir yandan özləri üçün təhlükəsizliyi təmin etmək, digər tərəfdən isə hakimiyyətdən mümkün qədər çox pay qoparmaq haqda düşünür.

 

Regional maraqlar

Dünya ictimaiyyəti bir reallığı etdikcə daha yaxşı anlamaqdadır: Əfqanıstanda və ümumilikdə regionda sülhə yalnız əsas regional liderlərlə əməkdaşlıq yolu ilə nail olmaq mümkündür –Pakistan, Rusiya, İran, Çin, Hindistan və Səudiyyə Ərəbistanı. Lakin hələlik şübhə, inamsızlıq region üçün son dərəcə strateji əhəmiyyət daşıyan Əfqanıstan kimi ölkədə sabitliyə nail olunmasına əsas maneədir.

Regional alyansların dəyişməsinə 3 əsas amil təsir göstərib: İD-nin Əfqanıstanda peyda olması, yeni hökumətin yanaşmasındakı dəyişiklik və ABŞ ilə regional liderlər arasındakı gərginlik.

Son illər Əfqanıstanda hərbi əməliyyatların ölkənin şimal əyalətlərinə yayılması Rusiya və Mərkəzi Asiya dövlətlərinin həyəcan təbili çalmasına səbəb olub. Çünki bu, döyüşlərin getdikcə onların sərhədlərinə yaxınlaşması deməkdir. Moskva uzun illər ərzində taliblərə qarşı çıxıb, onları terrorçu sayıb, Əfqanıstanda 1990-cı illərdə baş vermiş vətəndaş müharibəsi zamanı «Taliban»a qarşı döyüşən «Şimal alyansı»nı dəstəkləyib. Lakin İD kimi ümumi düşmənlə üz-üzə qaldıqdan sonra o, mövqeyini dəyişib. 2015-ci ilin dekabrında yüksəkrütbəli rusiyalı diplomatlardan biri İD ilə mübarizədə «Taliban»ın maraqlarının obyektiv olaraq, Moskvanın mövqeyi ilə üst-üstə düşdüyünü bildirib. O, ölkəsinin «Taliban»la «informasiya mübadiləsi kanallarına malik olduğunu» da deyib.

Rusiya kimi, İran da 1990-cı illərdə taliblərə qarşı olan qüvvələri dəstəkləyib. 2001-ci ildə o, «Taliban»ı devirməyə çalışan, ABŞ-ın başçısı olduğu Qərb koalisiyası ilə əməkdaşlıq da edib. Amma eyni vaxtda, iranlılar taliblərə ABŞ ilə mübarizədə onları dəstəkləməyə hazır olduqlarına dair mesajlar da göndəriblər. Nəhayət, İD-nin peyda olması ilə Tehranın «Taliban»la münasibətləri möhkəmlənib.

 

Prioritetlərin dəyişməsi

Prezident Co Bayden bildirir ki, ABŞ qoşunlarının Əfqanıstanı tərk etməsinin vaxtıdır. Onun fikrincə, amerikalı əsgərlər Əfqanıstanın yenidən əcnəbi cihadçıların Qərbə qarşı birləşdikləri meydana çevrilməməsi üçün mümkün olan hər şeyi ediblər.

Nəzərə alsaq ki, ABŞ-ın Əfqanıstanda mövcudluğu taliblərin qarşısını kəsməyib, sadəcə, onların hərbi-siyasi uğurlarını ləngidib, Baydenin sözləri mübahisəlidir. Bu gün Əfqanıstanda «Taliban»ın nəzarət etdiyi ərazilər 20 il əvvəl olduğundan daha böyükdür. Bundan başqa, «Əl-Qaidə», İD və digər yaraqlı qrupları heç də məhv edilməyib və beynəlxalq qüvvələrin bölgəni tərk etməsi fonunda onlar yenidən baş qaldırır.

Lakin görünən odur ki, Vaşinqton Əfqanıstanda əsas məqsədinə çatdığını düşünür – «Əl-Qaidə»nin imkanları əvvəlki dövrlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır, İD-nin isə «əl-qolu bağlanıb», çünki taliblər onlara imkan vermir.

Jurnalistlərin «Əfqanıstanda mümkün vətəndaş müharibəsinə görə məsuliyyət ABŞ-ın üzərinə düşməyəcək ki?» sualına cavabında Bayden bildirib ki, Vaşinqtonun xarici təhdidlərə qarşı mübarizədə öz prioritetləri var və o, həmin prioritetlərə əsaslanacaq. Mümkün qisasçılıq məsələləri isə Əfqanıstanın daxili problemidir. «Əfqanıstanda yaşanmaqda olan problemin hərbi yolla həlli yoxdur. Odur ki, biz də səylərimizi sülh prosesinin dəstəklənməsinə yönəldəcəyik», - deyə Ağ Evdən bildiriblər.

 

Yeni təhlükə

Hələlik Əfqanıstan hökuməti ilə «Taliban» arasında danışıqlar çox ləng gedir. Odur ki, ABŞ qoşunlarının oranı tam tərk etməsinədək hakimiyyət bölgüsü haqda razılığın əldə olunacağına ümid etmək çətindir. BBC hesab edir ki, taliblər beynəlxalq birlik tərəfindən tanınmağa çalışdıqları üçün kompromislərə gedə bilərlər. Lakin çoxları «Taliban»ın sadəcə, ABŞ qoşunlarının getməsini gözləyəcəyi, bundan sonra hərbi qələbə, yaxud mütləq üstünlük üçün səfərbər olacağından narahatdır.

Əfqanıstan kəşfiyyatının qiymətləndirməsinə görə, hökumət «Taliban»ın önünü bir neçə il kəsə bilər. Bu müharibədə Kabil üçün ən vacib amil beynəlxalq dəstəkdir. Odur ki, indi münaqişənin yenidən qızışacağı, hətta daha qanlı xarakter ala biləcəyi ilə bağlı narahatlıq var.

Əksər Qərb dövlətlərinin xüsusi xidmət orqanlarında hesab edirlər ki, «Taliban»ın qələbə çalacağı təqdirdə, Əfqanıstan 1990-cı illərdə olduğu kimi, yenidən ekstremist ocağına çevrilə bilər. Qərbdən buraya təlim bazaları yaratmaq üçün əcnəbi yaraqlı-terrorçuların yeni axını tamamilə mümkün görünür. Bu, «Taliban»ın qələbə qazandıqdan sonra «Əl-Qaidə» və İD-yə «əl-qol açmaq» imkanı verib-verməyəcəyindən, həmçinin beynəlxalq birliyin bu qruplaşmalarla bölgədə hərbi resursları olmadan mübarizə aparmağa nə dərəcədə hazır olacağından asılıdır.



MƏSLƏHƏT GÖR:

165