29 Mart 2024

Cümə, 13:34

MÜHARİBƏNİN YARIM ADDIMLIĞINDA

Qırğızıstanla Tacikistan arasında sərhəd probleminin həlli olunmaması az qala faciəvi nəticələr verəcəkdi

Müəllif:

15.05.2021

Tacikistan-Qırğızıstan sərhədində mütəmadi bu və ya digər səviyyəli insidentlərlə pozulan sülh aprelin sonlarında ciddi şəkildə təhdid altına düşmüşdü. Budəfəki insidenti əksər ekspertlər qısamüddətli, lakin tammiqyaslı müharibə kimi xarakterizə edir. Hər halda, bu dəfə qarşıdurmaya ağır hərbi texnika da cəlb olunmuşdu.

 

Bişkeklə Düşənbə «qabaqcıl» problem

Münaqişə aprelin 29-da sərhədin mübahisəli hissəsində, Ak-Suu çayı üzərində yerləşən «Qabaqcıl» supaylayıcısı yaxınlığındakı insidentlə başlamışdı. Tacikistanlı hərbçilər burada videokameralar quraşdıraraq, suyun necə paylandığına nəzarət edirdilər. Bu isə Qırğızıstan sakinlərinin kəskin reaksiyasına səbəb olmuşdu.

Su çatışmazlığının getdikcə daha ciddi xarakter aldığı bir şəraitdə regionda sudan birgə istifadə hər zaman ciddi problem olub. «Qabaqcıl» supaylayıcısı Qırğızıstanın Batken rayon ilə Tacikistanın Sogd vilayətinin sərhədində yerləşir. Nəticədə, onun su resurslarından həm qırğızlar, həm də taciklər istifadə edir.

Tacikistan tərəfi 1924-1927 və 1989-cu illərin xəritələrinə istinad edərək, bu qurğunun tamamilə Tacikistan Respublikasının ərazisində olduğunu deyirsə, Qırğızıstan supaylayıcının 1968-ci ildə Qırğızıstan SSR-in təşəbbüsü ilə inşa edildiyini, başqa sözlə, o vaxt Qırğızıstanın balansında olduğunu iddia edir. Bundan başqa, bu qurğudan əvvəllər Tacikistan, Qırğızıstan və Özbəkistan sərhədində irriqasiya işləri, əkinçilik təsərrüfatlarının suvarılması üçün istifadə olunub. Maraqlıdır ki, insident ərəfəsində – aprelin 22-də Tacikistan, Qırğızıstan və Özbəkistanın su təsərrüfatı sahəsinin nümayəndələri Özbəkistanın Fərqanə vilayətində görüşərək, bu məsələni müzakirə etmişdilər. Təəssüf ki, görüşdə razılığa gəlinməmişdi.

Sonradan proseslərin bu qədər dramatik xarakter almasında bu görüşün nəticəsinin, daha doğrusu nəticəsizliyinin də rol oynadığı istisna deyil.

Bundan başqa, insidentdən bir neçə həftə əvvəl, martın sonlarında Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Qamçıbek Taşiyev bir təkliflə çıxış etmişdi. O, bildirmişdi ki, Tacikistanla sərhəd razılaşmasına Qırğızıstanın Aorux eksklavının qarşı tərəfə verilməsi, əvəzində Tacikistana bitişik ərazinin taciklərin balansına keçməsi haqda razılaşma da salına bilər. Bu təklifə reaksiya kimi, aprelin 7-də Tacikistan prezidenti Emoməli Rəhmon gözlənilmədən bölgəyə səfər etmişdi. Orada yerli sakinlərlə görüşən prezident bildirmişdi ki, Qırğızıstanla aparılan danışıqların heç bir mərhələsində Voruxun başqa ərazi ilə dəyişdirilməsi məsələsi müzakirə edilməyib.

Tacikistan prezidenti onu da deyib ki, Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Hökumətlərarası Komissiyanın 19 illik fəaliyyəti ərzində 519,9 kilometrlik sərhəd müəyyənləşdirilib və razılaşdırılıb, həmçinin dövlət sərhədi haqqında müqavilənin layihəsi imzalanması üçün hazırlanıb. Rəhmonun sözlərinə görə, Tacikistan hökuməti bu müqavilə ilə bağlı daxili prosedurları başa çatdırıb və o, əslində, 2016-cı ilin mayında imzalanmalı imiş. «Lakin razılaşdırılmış ərazilərlə bağlı müqavilə Tacikistandan asılı olmayan səbəblərdən hələ də imzalanmayıb», - deyə Emoməli Rəhmon bildirib.

Yəni rəsmi Düşənbə deyir ki, Tacikistan tərəfinin Qırğızıstanla dövlət sərhədinin mövcud vəziyyətinə hər hansı etirazı yoxdur. Demək, vəziyyətdən narazı olan Bişkekdir ki, razılaşmanın ratifikasiyasına hələ də imkan vermir.

Bu söz atışması artıq münaqişə atmosferinin hökm sürdüyündən xəbər verirdi. Sonrakı hadisələr bu narahatlığın əbəs olmadığını sübut etdi…

 

Böyük geosiyasət fonunda münaqişə

Maraqlıdır ki, münaqişə beynəlxalq ictimaiyyətin diqqətinin məhz bu regiona yönəldiyi bir vaxtda baş verib. Məsələ ondadır ki, ABŞ az qala 20 ildir Əfqanıstanda olan hərbi kontingentini bu ölkədən çıxarmaqla bağlı planını məhz bu insident ərəfəsində açıqlamışdı. Müşahidəçilər artıq proqnozlar verir, amerikalıların gedişindən sonra regionda gərginliyin artacağını, «Taliban»ın revanşa qalxacağını bildirirdilər.

Bu qərara artıq dünyanın bütün aparıcı dövlətləri reaksiya vermişdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsələyə reaksiya isə quruma üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası şəklində idi. Qurum Tacikistan-Qırğızıstan sərhədində münaqişənin başlamasından cəmi bir neçə gün əvvəl – aprelin 26-da toplanmışdı. İnsidentin KTMT-nin Amerika qoşunlarının Əfqanıstandan çıxmasına mümkün hazırlığı dönəmində baş verməsi bir məqamın da göstəricisi sayıla bilər: bölgədə hər hansı fors-major vəziyyət yaranarsa, KTMT ona lazımi səviyyədə reaksiya vermək iqtidarında deyil. Bəli, KTMT-də belə mübahisələrin həlli mexanizmi yoxdur. Belə şəraitdə qurumun baş katibliyi qarşıdurmanın dayandırılmasının vacibliyinə dair bəyanatla çıxış etməkdən başqa heç bir iş görə bilməyib. Üstəlik, gözlənildiyi kimi, onun çağırışına məhəl qoyan da olmayıb. Əvəzində Stanislav Zasın Tacikistan və Qırğızıstanın Təhlükəsizlik şuralarının katibləri Nasrullo Mahmudzado və Rıkeldi Musayev ilə şəxsi görüşündə yaranmış vəziyyət daha detallı müzakirə edilib.

Hər halda, sərhəd insidenti az qala tammiqyaslı müharibəyə çevrilmişdi. Qarşıdurma nəticəsində nə az, nə çox – düz 36 nəfər ölüb, 183 insan yaralanıb. Məlumata görə, aprelin 29-da tacikistanlı hərbçilər Qırğızıstanın «Kapçaqay», «Min-Bulaq», «Dostuq» sərhəd zastavalarını, həmçinin «Kojaqar» və «Bulak-Başi» sərhəd postlarını atəşə tutublar. Minaatanlardan endirilmiş zərbələr nəticəsində «Dostuq» sərhəd zastavasının binası yanıb.

Bundan sonra Qırğızıstan Sərhəd Xidmətinin «Boru» xüsusi təyinatlı dəstəsi cavab olaraq, Tacikistanın «Xoca Alo» sərhəd zastavasını ələ keçirib.

Bir sutka ərzində münaqişə Qırğızıstanın Batkən vilayətinin Leylək rayonuna da yayılıb. Buradakı Arka və Maksat sərhəd kəndlərində iki ölkənin Sərhəd xidmətlərinin hərbçiləri arasında intensiv atışma olub. Getdikcə münaqişə zonası daha da böyüyüb və nəticədə, 33 mindən artıq insan təxliyyə olunub.

Uzun illər burada belə miqyaslı münaqişə baş verməmişdi. Bu qarşıdurma regiona yayılarsa, o, bütün dünya üçün geosiyasi fəsadları olacaq ciddi problemə çevrilə bilər.

 

Vəziyyətin normallaşdırılması perspektivləri

Xoşbəxtlikdən, faciəvi ssenaridən yayınmaq mümkün olub. Mayın ilk günlərində bölgədə gərginlik azalmağa başlayıb. Elə həmin günlərdə iki ölkənin Dövlət Milli təhlükəsizlik komitələrinin rəhbərləri Saymumin Yatimov ilə Kamçıbek Taşiyev dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqda fikir mübadiləsi aparıblar. Topoqrafik işlərlə məşğul olan qruplara isə yaxın zamanlarda qalan hissələrdə də dövlət sərhədinin çəkilməsi tapşırılıb. Bununla yanaşı, tərəflər hərbi texnikaların dərhal daimi dislokasiya yerinə qaytarılması haqda da razılığa gəlib. Bəzi məlumatlara görə, tezliklə iki ölkə prezidentləri arasında görüş də keçiriləcək.

Amma problemin artıq həll olunduğunu demək olmaz. Məlum olub ki, Qırğızıstanın münaqişənin baş verdiyi Batken vilayətinə yaxın zamanlarda xüsusi status tanınacaq. Bu, yerli hakimiyyət orqanlarına «dövlət qurumlarının ərazi bölmələrinin, həmçinin yerli özünüidarəetmə orqanlarının fəaliyyətini koordinasiya etmək, həmçinin hüquq-mühafizə orqanları və güc strukturları ilə daha rahat əməkdaşlıq imkanı yaradacaq». Ən başlıcası isə, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması yolu ilə vilayətin iqtisadi cəlbediciliyinin artırılması nəzərdə tutulur.

Məsələ ondadır ki, Batken vilayəti Qırğızıstanın ən yoxsul regionudur. Məhz bu regionda sosial problemlər həddindən çoxdur. Vilayətin əhalisi bölgədə bərabər şəkildə paylanmayıb və onlar sosial və sənaye infrastrukturunun zəifliyindən çox əziyyət çəkirlər. Buradan əhali axını da müşahidə olunur ki, həmsərhəd vilayətlərdə yüksək sıxlıq şəraitində bu, müəyyən demoqrafik risklər yaradır.

Geridə qalmış regionda təsərrüfat fəaliyyətini stimullaşdırmaq, buraya investisiya cəlb etmək fikrində olan Qırğızıstan hökuməti əhaliyə güzəştli maliyyə, büdcənin formalaşdırılmasında xüsusi qaydalar, güzəştli vergi rejimi, həmçinin dövlət satınalmalarının həyata keçirilməsində sadələşdirilmiş mexanizm vəd edir. Bununla yanaşı, vilayət sakinlərinə dövlət və bələdiyyə xidmətləri zamanı da güzəştlər nəzərdə tutulur.

Bəs, bütün bunlar vəziyyəti düzəldə, belə həssas regionda Qırğızıstanın mövqeyini gücləndirəcəkmi? Bunu zaman göstərəcək. İstənilən halda, köhnə problemləri yalnız iqtisadi rıçaqlarla çözmək mümkün deyil. Bunun üçün bütün maraqlı tərəflər arasında, ictimaiyyətin, xüsusilə yerli insanların da iştirakı ilə geniş dialoq lazımdır. Bu isə çox çətin və uzun prosesdir. Ümid edək ki, ona start verilib.



MƏSLƏHƏT GÖR:

155