25 Aprel 2024

Cümə axşamı, 16:40

MEHRİBAN QONŞULUQ MARAQLARI İLƏ

Azərbaycanla Gürcüstan dostluq və əməkdaşlığı daha da gücləndirmək əzmini təsdiqlədilər

Müəllif:

15.05.2021

Azərbaycanla Gürcüstan münasibətləri gücləndirmək niyyətindədirlər. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Bakıya mayın əvvəlində etdiyi səfərin nəticəsi bunu təsdiqləyir.

Yeri gəlmişkən, bu, Qaribaşvilinin Gürcüstanın baş naziri postuna bu ilin fevralında seçildikdən sonra ilk xarici səfəri idi. Bakıda aparılmış danışıqların məzmunu bu nümunəvi fakta kifayət qədər uyğun olub.

 

Qardaş münasibətləri potensialı

Azərbaycan Prezidenti İlham Əliyev gürcüstanlı ali qonaqla görüşündə bildirib ki, bu səfər iki xalq arasında əsrlərdən gələn mehriban qonşuluğa, dostluğa əsaslanan qardaşlıq münasibətlərini daha da gücləndirəcək. Gürcüstanın baş naziri isə öz növbəsində, ölkəsinin Azərbaycanla bundan sonra da birgə nəhəng layihələr reallaşdırmaq niyyətini dilə gətirib, bunun iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyini söyləyib.

Həqiqətən də, Bakı ilə Tbilisi arasında dostluq münasibətlərinin, dialoqun gücləndirilməsi potensialı kifayət qədər böyükdür. Bunun əsasını, əlbəttə ki, indiyədək həyata keçirilmiş birgə iqtisadi layihələr təşkil edir. Prezident İlham Əliyevin də dediyi kimi, həmin layihələr bütünlükdə regionun siyasi, iqtisadi, nəqliyyat və enerji xəritəsini dəyişib. «Bakı-Supsa», «Bakı-Ərzurum», «Bakı-Tbilisi-Ceyhan», «Cənub Qaz Dəhlizi» kimi neft-qaz kəmərləri layihələri, «Bakı-Tbilisi-Qars» kimi dəmir yolu layihəsi yalnız Azərbaycanla Gürcüstan arasında tərəfdaş və müttəfiq münasibətlərinin inkişafı kontekstində deyil, həm də bütün Avrasiya məkanında inteqrasiya prosesləri anlamında böyük əhəmiyyət kəsb edir.

Bununla yanaşı, iki qonşu dövlətin maraqlarının üst-üstə düşdüyünü göstərən saysız-hesabsız fakt var. Məsələn, Azərbaycanın dövlət neft şirkəti olan SOCAR Gürcüstan bazarında kifayət qədər güclü mövqeyini davam etdirir. O, Gürcüstan iqtisadiyyatının ən nəhəng investorlarından biri, eyni zamanda onun ən böyük vergi ödəyicisidir. Bu, Azərbaycan şirkətinin Gürcüstanın sosial-iqtisadi həyatında hansı rolu oynadığını da göstərir.

Qaribaşvilinin səfərindən dərhal sonra qeydə alınmış bir fakt da ikitərəfli iqtisadi əməkdaşlığın getdikcə genişlənməkdə olduğunu təsdiqləyir. Söhbət Azərbaycan və Gürcüstanın dəmir yolu idarələri arasında ikitərəfli əməkdaşlığa dair protokolun imzalanmasından gedir. Bu sənəd tərəflərin Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu çərçivəsində gələcək əməkdaşlıq perspektivinə, Azərbaycan və Gürcüstan ərazisindən daşıma üçün əlavə yüklərin cəlbi perspektivinə cavab verir.

Azərbaycan-Gürcüstan dostluğunu maraqlı edən daha bir cəhət onun yeni «qarşılıqlı dəstək» nümunələri ilə zənginləşməsidir. Qaribaşvilinin Bakı səfəri ərəfəsində BMT baş katibinin səhiyyə məsələləri üzrə məsləhətçisi Georgi Pxakadze ciddi bəyanatla çıxış etmişdi. O, Gürcüstanın praktik olaraq, Azərbaycanın hesabına «salamat qaldığını» deyərək xatırlatmışdı ki, ötən ilin noyabrında Gürcüstanda gündə, təxminən, 7 min koronavirus xəstəsinin qeydə alındığı günlərdə Bakı qonşusuna təmənnasız tibbi oksigen tədarük edib. «Azərbaycan olmasaydı, Gürcüstanda ölüm hallarının sayı son dərəcə yüksək olardı», - deyə Pxakadze bildirmişdi.

Bu cür nümunələr, əlbəttə ki, zamanla çoxsaylı sınaqlardan çıxmış ikitərəfli strateji tərəfdaşlığı daha da gücləndirir. Bu mənada, Gürcüstanın enerji kollapsı yaşadığı dövrdə Bakının ona dəstəyini xatırlatmaq kifayətdir. Yaxud, məlum olduğu kimi, 44 günlük müharibə zamanı Tbilisi Ermənistanın Gürcüstan ərazisi ilə hərbi-texniki məhsullar tədarük etməsinə, bununla da, işğalçı ordusunu gücləndirməsinə imkan verməyib.

Təhlükəsizlik sahəsində əməkdaşlıq, şübhəsiz ki, Azərbaycan-Gürcüstan əməkdaşlığında prioritet istiqamətlərdən biri olaraq qalır. Bu məqam Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin gürcüstanlı həmkarı Qriqol Liluaşvilinin dəvəti ilə Tbilisiyə aprelin sonlarında etdiyi səfər zamanı da təsdiqlənmişdi.

Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığın inkişafı ilə bağlı qarşılıqlı maraqlarından danışan zaman, əlbəttə ki, onların bir-birinin ərazi bütövlüyünə dəstəyini xüsusi vurğulamaq lazımdır. Tərəflər dövlət müstəqilliklərini bərpa etdikləri andan bu prinsipial mövqelərini davamlı olaraq ifadə ediblər. Amma təəssüf ki, müəyyən dairələr Azərbaycanla Gürcüstan arasındakı strateji münasibətlərə zərbə vurmaq cəhdlərini dayandırmır.

 

Təxribatçılar

Bu problem Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin bitməməsi ilə bağlıdır. Bu gün iki ölkənin 480 kilometrlik sərhədinin, təxminən, 166 kilometri razılaşdırılmamış qalır. Bu, Keşikçidağ monastır kompleksinin (Gürcüstan tərəfi onu David Qareci adlandırır) yerləşdiyi əraziyə də aiddir. Hüquqi sənədlərə, faktiki istifadə prinsipinə və topoqrafik xəritələrə, o cümlədən Sovet İttifaqı dövründə Gürcüstan Ali Sovetinin 1963-cü ildə təsdiqlədiyi xəritəyə əsasən, bu hissə Azərbaycan ərazisidir. Lakin gürcü tərəfi kompleksin Azərbaycana məxsus olmadığını iddia edir. Rəsmi Tbilisi məsələni Bakı ilə mehriban qonşuluq münasibətləri fonunda çözməyə çalışırsa, Gürcüstanın bəzi siyasi qüvvələri zaman-zaman aşkar təxribatçı addımlar atır.

Bu mənada, 2019-cu ilin iyulunda baş vermiş böhranı yada salmaq olar. O zaman Gürcüstan vətəndaşlarından ibarət qrup Keşikçidağ kompleksi ərazisində Azərbaycan sərhədçilərinə hücum çəkmişdi. Həmin vaxt münaqişənin qarşısı yalnız Azərbaycan tərəfinin təmkin nümayiş etdirməsi nəticəsində alınmışdı.

Lakin Gürcüstandakı destruktiv dairələr bu istiqamətdə vəziyyəti qarışdırmaq cəhdlərindən əl çəkmirlər. Üstəlik, artıq bir neçə aydır ki, Gürcüstanın bəzi KİV-də bu məsələ ilə əlaqədar anti-Azərbaycan kampaniyası aparılır. Aydındır ki, məqsəd Gürcüstan ictimaiyyətini Azərbaycana qarşı kökləmək, Tbilisi ilə Bakı arasındakı strateji tərəfdaşlığı, həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə arasında fövqəladə effektiv əməkdaşlıq formatını pozmaqdır. Xüsusilə Gürcüstanda anti-Azərbaycan çıxışları ilə tanınan «Gürcüstan vətənpərvərləri alyansı», Gürcüstan Leyboristlər Partiyası kimi təşkilatlar məhz buna çalışır. Onlar mütəmadi olaraq «gürcülərə məxsus David Qareci» şüarı ilə «yürüş»lər təşkil edirlər. Bu təşkilatların fəaliyyətində üçüncü tərəflərin maraqları özünü kifayət qədər aşkar göstərir. Söhbət ənənəvi olaraq Azərbaycan-Gürcüstan dostluğuna zərbə vurmağa çalışan qüvvələrdən gedir. Gürcüstanın baş naziri Qaribaşvilinin Bakıya səfəri ərəfəsində əl atılmış növbəti təxribatın da bu dairələrin, onların arxasında dayanan qüvvələrin işi olduğuna şübhə yoxdur.

Söhbət gürcü keşişlərindən ibarət qrupun Gürcüstan Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı İveri Melaşviliyə hücumundan və müxalifətçi «Mtavari arxi» telekanalı əməkdaşlarının Azərbaycanla sərhəddən, Keşikçidağ kompleksinin yerləşdiyi ərazidən hazırladığı reportajdan gedir. Bu, Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycanla sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasındakı fəaliyyətinə görə guya milli maraqlara zərbə vurmaqda təqsirləndirilən Melaşvilidir. Prokurorluq onu kartoqrafiya materiallarından «məqsədyönlü istifadədə» günahlandırırdı. Guya məhz bunun nəticəsində «Gürcüstan mübahisəli David Kareci monastır kompleksi ərazisində 3500 hektarlıq ərazini itirmək təhlükəsi ilə üz-üzə qalıb»mış.

İndi Gürcüstan DİN-də Melaşviliyə hücumun günahkarları və «Mtavari arxi» telekanalının jurnalistlərilə bağlı araşdırma başlanılıb. Onlar Cinayət Məcəlləsinin döymə və ya başqa formalı zorakılığa görə cəzalandırmanı nəzərdə tutan maddələri ilə ittiham olunurlar.

Yaranmış vəziyyət bir daha göstərir ki, Keşikçidağ monastırı ətrafında emosiyaları coşdurmağa çalışan qüvvələrin əməlləri nə Gürcüstanın, nə də Azərbaycanın maraqlarına cavab verir. Bu, iki ölkə arasındakı dostluq, mehriban qonşuluq münasibətlərilə tam ziddir. Təəssüf ki, ehtirasların coşmasına Gürcüstan daxilindəki bəzi qüvvələr, o cümlədən leyboristlər partiyasının təmsilçiləri ilə yanaşı, hakimiyyətdəki bəzi dairələr də təkan verir.

Bununla yanaşı, rəsmi Tbilisi məsələnin konstruktiv həllinə hazır olduğunu göstərir, problemin «qardaşlıq və dostluq münasibətlərinin tələblərinə uyğun çözülməsinin» vacibliyini bildirir. Bu fikirləri Gürcüstanın baş naziri Qaribaşvili Bakıya son səfəri zamanı da səsləndirib. O, Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası ilə məşğul olan, lakin pandemiya üzündən fəaliyyətini dayandırmış birgə komissiyanın işini yaxın vaxtlarda bərpa edəcəyinə ümidini də dilə gətirib. Eyni gözləntini Azərbaycan tərəfi də ifadə edir.

 

İnteqrasiya və təhlükəsizlik

Azərbaycan-Gürcüstan əməkdaşlığının perspektivlərindən danışan zaman onun regional fonunu da diqqətdən kənarda qoymaq olmaz. Azərbaycanın Qarabağ müharibəsindəki hərbi qələbəsi nəinki Qarabağdakı erməni işğalına son qoyub, həm də Cənubi Qafqazın geosiyasi simasını dəyişib. Yeni regional şərtlərdə Gürcüstan tərəfi Cənubi Qafqazda, ilk növbədə, Azərbaycanla Gürcüstanın irəli sürdüyü çoxtərəfli «3+3» əməkdaşlıq formatını narahatlıqla qarşılayır. Narahatlığın motivi isə aydındır: gürcülər hesab edirlər ki, nə qədər ki, Gürcüstanın ərazi bütövlüyü bərpa olunmayıb, onun Moskva tərəfindən müstəqil dövlətlər kimi tanınan qiyamçı Abxaziya və Cənubi Osetiya regionları Tbilisinin nəzarətinə qayıtmayıb, Rusiya ilə eyni inteqrasiya formatında yer almağın perspektivi yoxdur.

Lakin aydındır ki, bütün beynəlxalq qurumlarda Gürcüstanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyən Azərbaycanla Türkiyə bu prinsipi pozacaq hər hansı regional layihənin reallaşmasını mümkünsüz sayır. Bu mənada, «3+3» formatının məqsədi bütün regional dövlətlərin diqqətini çoxtərəfli əməkdaşlığın elementlərinə cəlb etməkdir. Söhbət bütün iştirakçıların milli maraqlarına cavab verəcək elementlərdən gedir. Odur ki, bu layihənin reallaşmasından birmənalı olaraq, regional «altılığın» hər bir üzvü udacaq. Bu mənada, ilkin prioritet bütün nəqliyyat kommunikasiyalarının açılmasıdır. Məhz bu hədəf Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 44 günlük müharibəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli birgə bəyannaməsində də əksini tapıb.

Nəqliyyat kommunikasiyalarının açılması hədəfi Gürcüstan tərəfində narahatlıq yaradan daha bir məqamdır. Narahatlıq bu halda Ermənistanın təcrid vəziyyətdən çıxaraq Gürcüstanın əsas regioanl tərəfdaşları olan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlamasına yol açacağı ilə bağlıdır. Tbilisidə düşünürlər ki, bu halda onlar Bakı və Ankara üçün tranzit ölkə əhəmiyyətini itirəcəklər. Lakin bu narahatlıq da əbəsdir. Ən azı ona görə ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə birlikdə artıq iştirak etdiyi nəhəng layihələrin heç biri əhəmiyyətini və aktuallığını itirməyəcək. Yeni nəqliyyat layihələri, o cümlədən ilk növbədə Zəngəzur dəhlizinin açılması kommunikasiyaların şaxələndirilməsi deməkdir ki, bu da bütünlükdə regiona fayda gətirəcək. Burada söhbət istər hərtərəfli, tammiqyaslı əməkdaşlıq perspektivindən gedir, istərsə də bütünlükdə Cənubi Qafqazın təhlükəsizliyindən.



MƏSLƏHƏT GÖR:

172