19 Aprel 2024

Cümə, 19:11

QALMAQ ÜÇÜN GETMƏK

Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir vəzifəsinə niyə seçmədi

Müəllif:

15.05.2021

Ermənistan rəsmən hökumətin yenidən formalaşdırılması mərhələsinə qədəm qoyub. Ölkə parlamenti Nikol Paşinyanın baş nazir postuna namizədliyini təsdiqləməyib. Bu, ilk dəfə mayın 3-də, ikinci dəfə 10-da baş verib. Nəticədə, Ermənistan parlamenti buraxılıb.

Vəziyyətlə tanış olan ekspertlər iddia edirlər ki, bu, «sövdələşmə»dən başqa bir şey deyil. Deputatların Nikol Paşinyana iki dəfə «yox» deməsi parlamentin buraxılmasına və növbədənkənar seçkinin keçirilməsinə hesablanıb. Məlum olduğu kimi, Paşinyan bunadək növbədənkənar parlament seçkisinin iyunun 20-də keçiriləcəyini bəyan etmişdi.

Bəs, Nikol Paşinyan seçkiqabağı mübarizənin ən kəskin dönəmində komandasının birliyinə əmin ola bilərmi? O, əlbəttə ki, artıq 3 il əvvəlkitək «İrəvan küçələrinin kralı» deyil. Qarabağda kapitulyasiya kimi siyasi şok izsiz ötüşə bilməz. Amma bu gün Ermənistanda Paşinyanın qarşısına kim çıxa bilər? Bu da ayrıca sualdır.

Ermənistanda «lider böhranı» köhnə problemdir. Bəli, ölkədə kifayət qədər siyasi partiya da var, səs-küylü siyasi lider də. Amma onların arasında minlərlə insanı sözün birbaşa və dolayı mənasında arxasınca apara biləcək kimsə varmı?

 

Çətin sual

Kazanda baş vermiş nümunə sayılacaq bir insidenti yada salaq. Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) Hökumətlərarası Şurasının toplantısına qatılmaq üçün Tatarıstan paytaxtına yollanmışdı. Adətən, belə tədbirlərin kluarlarında iştirakçılar jurnalistlərin «hücum»una məruz qalır. Paşinyan da belə «hücum»la qarşılaşıb. «İzvestiya»dan olan jurnalist Paşinyana müraciət edərək  «müxalifət nümayəndələri baş nazir postuna sizin müavininiz Tiqran Avinyanın namizəd olacağını deyirlər. Bu haqda nə deyə bilərsiniz?» sualını ünvanlayıb. Məlum olub ki, «kabab inqilabı»nın lideri bu suala hazır deyilmiş. Şahidlərin sözlərinə görə, Nikol Paşinyan sual qarşısında sözün əsl mənasında çaş-baş qalıb. O, öz aləmində nəsə deməyə çalışıb, lakin bu vaxt jurnalist növbəti sualını verib: «Avinyan baş nazir seçiləcəyi təqdirdə, Rusiya ilə münasibətləri necə quracaq?» Belə olan təqdirdə, Paşinyan Avinyanın onun müavini, siyasi komandasının üzvü olduğunu deyib, aralarında fikir ayrılığının yaranacağını düşünmədiyini bildirib. «Üzr istəyirəm, Tiqran Avinyan mənim siyasi tərəfdarımdır. Düşünürəm ki, biz seçkiyə birlikdə gedəcəyik və aramızda fikir ayrılığı olmayacaq», - deyə Ermənistan KİV-nin məlumatına görə, N.Paşinyan qeyd edib.

İlk baxışdan hər şey aydındır. Amma… «İzvestiya» əməkdaşının sualı Paşinyanın yaxın gələcəkdə «gəmidə qiyam»la qarşılaşacağı və ya artıq qarşılaşdığı anlamına gəlirmi?

 

Siçovulların gəmidən qaçışı?

Artıq çoxları hesab edir ki, Nikol Paşinyanın komandasında «siçovulların gəmidən qaçışı» başlamalıdır. Üç il əvvəl onun ölkəni yeniləyəcəyinə, müxtəlif sahələrdə nailiyyətlər qazanacağına ümidlər var idisə, bu gün Paşinyan ağır hərbi məğlubiyyətin təcəssümüdür. Bundan başqa, Ermənistanda hər şeyin 10 noyabr ilə bitmədiyini də anlamaya bilməzlər: qarşıda kapitulyasiyanın şərtlərinin yerinə yetirilməsi, o cümlədən ağır, hətta alçaldıcı şərtlərə əməl olunması mərhələsi var.

Onu da qeyd etmək lazımdır ki, N.Paşinyan hakimiyyətə birmənalı olaraq, qərbpərəst şüarlarla gəlib. Onun «Vətəndaş müqaviləsi» partiyası və «Mənim addımım» hərəkatında «Sorosçu»lar heç də az olmayıb. Bəli, Paşinyan hakimiyyətinin ilk dövrlərində də nisbi də olsa, qərbpərəst siyasət yürütməyə çalışıb. Lakin indi hər şey fərqlidir. Paşinyan artıq «qərbpərəst gedişlər» haqda düşünmür. Sərhədlərinin Rusiya sərhədçiləri tərəfindən qorunduğu, təhlükəsizliyinə Rusiya hərbi bazasının cavabdeh olduğu dövlətdə belə gedişlərə yer yoxdur.

Nəticədə, o, açıq şəkildə etiraf edir ki, Ermənistanın təhlükəsizliyini yalnız Rusiya ilə ittifaq hesabına təmin etmək mümkündür. Bununla da, Paşinyan ölkəsinin təkbaşına öz təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını deyir. Məhz bu səbəbdən o, hətta ən incə məsələlərdə belə, Ermənistanın suverenliyini Rusiya ilə bölüşməyə, Moskvaya Serj Sarqsyanın, Robert Koçaryanın getmədikləri güzəştlərə getməyə məcburdur. Bu, ilk növbədə, ABŞ-ın köməyi ilə hazırlanmış hərbi istehkamçıların Rusiya missiyasının tərkibinə göndərilməsi idi. İndi isə o, Moskva ilə bioloji təhlükəsizlik haqqında memorandum da imzalayıb. Bu, Amerika biolaboratoriyalarının praktik olaraq rusların nəzarətinə verilməsi anlamına gəlir.

Bütün bunların fonunda əsl «qərbli»lərin Paşinyandan uzaqlaşmağa başlayacağını gözləmək çox məntiqli idi. İndi onlar liderlərindən həm də Azərbaycan qarşısındakı məğlubiyyətin məsuliyyətini bölüşməmək üçün uzaqlaşmaq istəyirlər.

Belə vəziyyət «alternativ lider» axtarışı cəhdlərini zərurətə çevirib. İndi Levon Ter-Petrosyan belə, Paşinyana qarşıdır. Bu azmış kimi, Ter-Petrosyan Nikol Paşinyana qarşı Serj Sarqsyanla belə, danışıqlar aparır ki, bu da həqiqətən inanılmazdır! Bu şəraitdə Paşinyan komandasının ayrı-ayrı nümayəndələri niyə öz oyunlarını oynamağa başlamasınlar?

 

«Mənfur düşmənlərin işləri»

Bəlkə də, «İzvestiya» əməkdaşının qeyd olunan sualı Paşinyana qarşı aparılan informasiya savaşının tərkib hissəsidir. Ekspertlər «İzvestiya»nın Aram Qabrelyanova məxsus olduğunu xatırladırlar. Onun nəzarət etdiyi KİV-də isə artıq Ermənistanın ikinci prezidenti Robert Koçaryanın təbliğatı aparılır. Yeri gəlmişkən, Koçaryan artıq seçkiyə Erməni İnqilabi Federasiyası – «Daşnaksütyun»la blok halında gedəcəyini açıqlayıb. O, artıq mitinqlər keçirir, müsahibələr verir, ən başlıcası isə prosesə Rusiyadakı informasiya rıçaqlarını da qoşub. Bütün bunlarla yanaşı, Koçaryanın Moskva ilə yaxşı əlaqələri var. Bu isə indiki şəraitdə heç də az önəm daşımır. Koçaryan fəal şəkildə millətçilik və revanşizm oyunu oynayır. Lakin o, ilk növbədə, Qarabağ klanının başçısı kimi tanınır və bu, vəziyyəti kökündən dəyişir. Ermənistanda irəvanlılar, zəngəzurlular, qarabağlılar və s. arasında ədavət hər zaman olub. Son müharibədəki məğlubiyyətdən sonra isə qarabağlılara qarşı düşmənçilik pik həddə çatıb.

Ən əsası – buna xüsusi diqqət yetirmək lazımdır – Ermənistanın daxili siyasi spektrində hər zaman olduğu kimi, yenə də «sülh partiyası» görünmür. Bu ölkədə qonşularına nifrətdən imtina etməyə hazır olan siyasətçi yoxdur. Demək, seçkinin nəticəsi necə olursa olsun, Ermənistan artıq onu uduzub.



MƏSLƏHƏT GÖR:

192