18 Aprel 2024

Cümə axşamı, 13:51

AĞILLI HƏLL

Smart-texnologiyalardan istifadə edilməklə şəhər və kəndlərin yaradılması Azərbaycanı qlobal istiləşmənin sonuclarına hazırlayacaq

Müəllif:

01.06.2021

Dünya iqtisadiyyatının uzunmüddətli perspektivdə üzləşəcəyi ən ciddi risklərdən biri iqlim dəyişikliyidir. Beləliklə, proqnozlara görə, orta illik temperaturun yalnız bir dərəcə artması buzlaqların daha sürətlə əriməsi, bunun nəticəsi kimi çaylarda suyun artması və münbit torpaqların basması ilə müşayiət olunacaq.

Eyni zamanda orta illik temperaturun artması quraqlığa və kənd təsərrüfatı işləri üçün əlverişli torpaqların sıradan çıxmasına gətirir. Tədqiqatlar göstərir ki, iqlim dəyişikliyi zamanla təbiətdəki biomüxtəlifliyə təsir edəcək, bu da öz növbəsində ərzaq təhlükəsizliyi kimi bir sıra önəmli problemləri gündəmə gətirir. Bu baxımdan, çox sayda ölkələr, o cümlədən Azərbaycan, "ağıllı" kənd və şəhərlər yaratmaqla, öz iqtisadiyyatlarını "ağıllı" texnologiyalardan maksimum istifadəsinin inkişafına yönəldir.

 

«Sıfıra» çatmaq

Sübut edilib ki, 34°C-dən yuxarı hər dərəcə heyvandarlığın maya dəyərinin artmasına və bu sahədə məhsuldarlığın azalmasına səbəb olur. Tədqiqatlar göstərir ki, 2030-cu ilə qədər su ehtiyatlarının miqdarı 20% azalacaq və bitkilərin suya olan tələbatı 10% artacaq. Bu, bir hektar sahəyə düşən pambıq, taxıl və sututumlu məhsulların payının bir neçə dəfə azalmasına səbəb olacaq.

Qlobal sığorta şirkəti «Swiss Re»nin 30 il ərzində iqlim dəyişikliklərinin dünya iqtisadiyyatına təsiri barədə hesabatında yetərincə maraqlı məqamlar yer alıb. Stress testi nəticələrinin təhlilinə əsaslanmış hesabat iqlim dəyişikliyinin qlobal iqtisadiyyatın 90%-ni təşkil edən 48 ölkəyə mümkün təsirlərini göstərir. Sənəddə iqlim dəyişikliyi ilə və dəyişikliksiz ssenarilər müqayisə edilir, dəyişikliklərin nəticələrinin 2050-ci ildə dünya ümumi daxili məhsuluna (ÜDM) təsiri araşdırılır. Nəticə: İqlim dəyişikliklərinə qarşı tədbirlər görülməzsə, dünya ÜDM-i yaxın 30 il ərzində 18% azalacaq.

İstixana qazı tullantılarının önəmli dərəcədə azaldılmasını və qlobal temperatur artımlarının məhdudlaşdırılmasını nəzərdə tutan Paris müqaviləsinin məqsədlərini gerçəkləşdirməklə ÜDM-in azalmasını 4% səviyyəsində məhdudlaşdırmaq mümkündür. Tədqiqatlar həmçinin göstərir ki, qlobal istiləşmə təbii fəlakətlər riskini artırır ki, nəticədə, gəlir və məhsuldarlıqda ciddi azalmalar olur.

Qiymətləndirmələrə görə, Azərbaycanın əsas ticarət tərəfdaşları Rusiya və Türkiyə Paris iqlim konfransının hədəflərinin tam yerinə yetirilməsinə nail ola bilərlərsə, bu ölkələrin ÜDM-i uyğun olaraq 3,2 və 2,5% azalacaq. Əks təqdirdə, onların ÜDM azalması uyğun olaraq 12,8% və 10,3% olacaq. Tullantıların səviyyəsinin sıfra bərabər  olduğu iqtisadiyyata keçid isə əksinə, iqtisadiyyatın dövlət və özəl sektorları arasında daha dərin əməkdaşlığı vacib edir.

«Swess Re»nin analitikləri belə nəticəyə gəliblər ki, tullantıların səviyyəsinin sıfra bərabər olmasına və bərpa olunan enerjidən istifadəyə zəmanət verən infrastruktura sərmayələr daha gəlirlidir. Bu baxımdan, Azərbaycanın azad edilmiş ərazilərində tullantıların səviyyəsinin sıfra bərabər olacağı "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyalarına əsaslanan inkişaf planlarına da qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə kimi baxmaq lazımdır.

 

Tam rəqəmsallaşdırma

Son 10 ildə Azərbaycanda ətraf mühitin qorunması üzrə yetərincə iddialı layihələr həyata keçirilib. Bakıda və Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi, eyni zamanda paytaxtın uzun illər Qara şəhər adı ilə tanınan rayonlarından birində yeni müasir şəhər infrastrukturunun yaradılması yalnız memarlıq baxımından deyil, həm də ekoloji balansın qorunması baxımından da önəmlidir. Digər tərəfdən dövlət məqsədli şəkildə milli iqtisadiyyatın sənaye potensialının genişləndirilməsini təşviq edir və istehsal zəncirində yaradılan yeni müəssisələr üçün geniş güzəştlər tətbiq edir. Bu, sənaye parklarının və məhəllələrinin rezidentləri üçün çoxsaylı güzəşt və imtiyazların timsalında aydın görünür.  

Amma! Bütün bu imtiyazlara sahib olmaq üçün sahibkarların yalnız investisiya təşəbbüsü göstərməsi kifayət deyil – həm də istehsal prosesində ciddi ekoloji standartlara riayət edilməsi tələb edilir. Beləliklə, yeni istehsal müəssisələri yaradılarkən Azərbaycan hökuməti Ekvator Prinsipləri ilə müəyyən edilmiş ümumi qəbul edilən standartlara əsaslanır. Bu prinsiplər Dünya Bankı tərəfindən işlənilib və bank tərəfindən maliyyələşdirilən layihələr üçün əsas tələblər toplusunun bir hissəsidir.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun əvvəllər bildirdiyi kimi, Azərbaycan hökuməti ölkə iqtisadiyyatının rəqəmsal transformasiyasına yönəlmiş bir sıra proqramlar qəbul edib və üzərində işləyir. Belə ki, 2021-ci ilin fevralında "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər " strategiyası təsdiq edilib ki, bu, beş əsas istiqaməti əhatə edir, bu istiqamətlərdən biri təmiz ətraf mühit və "yaşıl" ölkədir. "Pandemiya və mürəkkəb qlobal iqtisadi proseslər fonunda, rəqəmsallaşma, şübhəsiz ki, pandemiya sonrası mühitdə praktiki əhəmiyyətə malik olacaq",- deyə Cabbarov bildirib.

Bu layihələrin hamısı Azərbaycanın qlobal trenddə - Dördüncü Sənaye İnqilabında ("Sənaye 4.0") iştirakına yönəldilib. Son nəticədə, bu, istehsalın avtomatlaşdırılması və robotlaşdırılması, iqtisadiyyatın bütün sahələrində və ictimai infrastruktura ətraf mühitə ən az zərər verilməsini təmin edən rəqəmsal texnologiyaların tətbiqi deməkdir.

 

Qarabağ üçün smart-konsepsiyalar

Məhz buna görə, ölkənin işğaldan azad edilmiş bölgələrində həyata keçirilən “ağıllı şəhər” layihələrində ətraf mühitdə təhlükəsizliyin və innovasiyaların təmin edilməsi ilə yanaşı, həm də biomüxtəlifliyin qorunması nəzərdə tutulur.

Qlobal tullantıların həcmində istənilən növ kommunikasiya layihələrinin həyata keçirilməsi nəticəsində yaranmışların payının az olmasına baxmayaraq, onların milli və regional səviyyədə təsirləri nəzərə alınrsa, bu indikator daha yüksək olacaq. Bundan əlavə, Qarabağda bütün layihələrin sıfırdan və tamamilə dağıdılmş ərazilərdə həyata keçirildiyi, ətraf mühitə dəyən ziyanın səviyyəsinin hələ tam olaraq bilinməyən səviyyədə olduğu nəzərə alınarsa, tullantıların miqdarı istənilən həcmdən çox olacaq. Bu baxımdan, İKT həllərindən istifadə olunmaqla infrastrukturun tikilməsi CO2 tullantılarını önəmli dərəcədə azaltmağa imkan verəcək. Eyni zamanda azad edilmiş ərazilərdə ekoloji balansın və yüksək turizm potensialının qorunub saxlanılması bu istiqamətin yalnız ölkə daxilində deyil, həm də dünyada cəlbediciliyini artıracaq.  

Azad edilmiş ərazilərdə "ağıllı şəhərlər"in yaradılması, başqa məsələlərlə yanaşı, sakinlərin ölkə paytaxtına köçünü azalda bilər. Transmilli maliyyə şirkəti «Morgan Stanley»in (ABŞ) inkişaf etməkdə olan bazarlar departamentinin müdiri Ruçir Şarma «Dövlətlərin inkişafı və çöküşü» kitabında yazır ki, əgər inkişaf etməkdə olan ölkələrdə paytaxt əhalisinin sayınin ikinci şəhərin əhalisinin sayına nisbəti 3:1 olarsa, bu, gələcəkdə disbalansa səbəb ola bilər və iqtisadi inkişafın qarşısını alar. Müəllifin fikrincə, coğrafi mövqelərinin üstünlüklərini maksimum istifadə etmək üçün dövlətlər ölkənin potensial bölgələrinin, xüsusən şəhərlərinin qlobal ticarət sisteminə qoşulmasını təmin etməlidirlər. Bu baxımdan, azad edilmiş ərazilərdə çağdaş İKT texnologiyalarının istifadəsi balanslı regional inkişafa nail olmaq üçün vacib amildir.

«Ağıllı» konsepsiyalar texnologiyalarla vətəndaşlar arasında münasibətləri də dərinləşdirir. Üstəgəl, bu proses azad edilmiş ərazilərdə yüksək keyfiyyətli təhsili stimullaşdıracaq. Başqa sözlə, Zəngilan rayonunda yerləşən “ağıllı kənd” Ağalının məktəbinin məzununun İKT sahəsində bilikləri Azərbaycanın digər bölgələrindəki həmyaşıdlarının biliklərindən fərqlənəcək. Bu da öz növbəsində, bölgələrdə daha istedadlı kadrların formalaşması baxımından Azərbaycan hökumətinin «ağıllı» konsepsiyalara sərmayə qoymasının göstəricisi olacaq.

«McKinsey» şirkəti tərəfindən şəhər və kənd təsərrüfatlarının idarə edilməsində intellektual həllərin tətbiqinin nəticələri ilə bağlı aparılmış araşdırma göstərir ki, bu texnologiyalar ölüm göstəricisini (8-10%) azaldır, fövqəladə hallara təcili reaksiya səviyyəsini (20-35%) artırır və xəstələnmə səviyyəsini (8-15%) azaldır, həmçinin çirkləndirici maddələrin tullantılarını (10-15%) azaldır.

Beləliklə, Qarabağın "ağıllı" texnologiyalar əsasında bərpası həm qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə Paris müqaviləsinin öhdəliklərinə, həm də Azərbaycan iqtisadiyyatının inkişafı və regional səviyyədə biomüxtəlifliyin qorunması hədəflərinə tam uyğundur. Bütün bu planlar, həqiqətən, Qarabağı yalnız Azərbaycanın mədəniyyət və turizm sahələrində deyil, həm də iqtisadiyyat sahəsində “vizit kartı” edəcək.



MƏSLƏHƏT GÖR:

192