19 Aprel 2024

Cümə, 20:28

ŞİMAL CAZİBƏSİ

Yeni Arktika dünyanı haraya aparacaq?

Müəllif:

01.06.2021

Britaniyalı meteoroloqların məlumatına görə, mayın 19-da Arktikanın bəzi bölgələrində havanın hərarəti -30 Selsi dərəcəni ötüb. Bu, ilin indiki dövrü üçün orta göstəricidən xeyli yüksəkdir.

Bu gün getdikcə sürətlənən iqlim dəyişikliyi prosesi Arktika ətrafında geosiyasətə birbaşa təsir göstərir. Bu ərazi dəniz ticarət yolları, həmçinin nəhəng faydalı qazıntı mədənlərinin işlənilməsi üçün daha əlçatan olur. Bu bölgədə neft-qazla yanaşı, nadir metal mədənlərinə, o cümlədən uran, kobalt və platinə rast gəlinir. Hesab edirlər ki, dünyada kəşf olunmamış təbii qaz ehtiyatının 30, neft ehtiyatının isə 13%-i Arktikadadır. Çoxları məhz bu üzdən ehtiyat edir ki, Şimal dünyanın güc mərkəzləri arasında yeni qarşıdurma zonasına çevrilə, yeni münaqişələrə səhnə ola bilər.

 

Dişləyə bilməmələri üçün

Şimal Buzlu okean sahillərinin 53%-nə malik olan Rusiya son zamanlar bu bölgədə hərbi və infrastruktur mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb. ABŞ da ondan geri qalmır və Arktikada mümkün qədər möhkəmlənmək üçün əlindən gələni edir. Bununla yanaşı, Vaşinqtonun arxasında NATO-nun gücü və imkanları dayanırsa, Moskva bu məsələdə Çinin dəstəyinə arxalanır.

Mayın 20-də Reykyavikdə Arktika Şurasının (AŞ) XII nazirlər toplantısı keçirilib. Qurum özündə Rusiya, ABŞ, Kanada, Norveç, Danimarka, İsveç, Finlandiya və İslandiyanı birləşdirir. İndi şuraya sədrlik Moskvaya keçib və o, bu müddətdən maksimum yararlanmaq niyyətini gizlətmir. «Rusiya Arktikada münaqişə potensialı görmür. Hesab edirik ki, hər hansı hərbi-siyasi blokun proqramlarının icrası üçün səbəb yoxdur», - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov AŞ-nin toplantısının yekununda keçirilən mətbuat konfransında bildirib. Lakin o, hələ toplantıdan əvvəl deyirdi ki, Rusiya bütün Arktikanı öz ərazisi sayır və bu məsələdə heç kimə güzəşt olunmayacaq.

Daha maraqlı bəyanatla Rusiya prezidenti Vladimir Putin «Qələbə» Təşkilat Komitəsinin toplantısında çıxış edib. Prezident bildirib ki, Moskva Sibir kimi regionun zənginliklərinin Rusiyaya məxsusluğunun ədalətsizlik olduğu haqda açıq şəkildə danışanların «dişlərini tökəcək». «Hər kəs bizi dişləməyə, yaxud bizdən nəsə dişləyib qoparmağa çalışır. Lakin onlar anlamalıdırlar ki, dişləmək istəyənin dişlərini tökərik. Bunun təminatçısı isə silahlı qüvvələrin inkişafıdır», - deyə V.Putin qeyd edib.

Sibirin yalnız Rusiyaya məxsusluğunun ədalətsizlik olduğu haqda fikri, adətən, ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayta aid edirlər. Amma o, belə söz işlətmədiyini deyir. Amma indiki halda önəmli olan Olbraytın nə vaxtsa belə fikir işlədib-işlətməməsi yox, Putinin sözlərinin kontekstidir. O, əlbəttə ki, bu fikri Reykyavikdəki auditoriyaya ünvanlamışdı.

Daha bir dəqiq mesaj AŞ toplantısına lap az qalmış Moskvanın xarici jurnalistlərin «Arktika üçyarpaqlısı»na səfərinə icazə verməsidir. Bu, Alesandra Torpağı adasında son illərdə müasirləşdirilmiş ən müasir hərbi bazadır. O, Şpitsbergen arxipelağının şərq qurtaracağının 257 kilometrliyində yerləşir. Ərazisi 14 min kvadratmetrdən artıq olan yeni baza 150 hərbçinin xidmət aparması üçün layihələndirilib. Məqsəd Rusiyaya məxsus Şimal donanmasının muxtariyyətinin qorunmasıdır. Bazada gəmi və təyyarələrin hərəkətinin izlənilməsi üçün ultramüasir radar stansiyası qurulub. «Bastion» sahil raket kompleksləri də oradadır. Bazanın yaxınlığındakı «Naqurskoye» aerodromu isə istənilən sinfə aid hava gəmilərini, o cümlədən məsələn, «Tu-95» strateji bombardmançılarını qəbul edə bilir. General-mayor İqor Çurkinin sözlərinə görə, «bu, Şimal donanmasının Şimal dənizi hövzəsində hava məkanına nəzarət üçün aviasiyadan istifadə imkanlarını artırır, bu nəqliyyat arteriyasının təhlükəsizliyinin havadan təmininə imkan verir». Yeri gəlmişkən, buradan ABŞ-ın ən şimalındakı Tule hərbi bazasına – Qrenlandiyaya 1 saatdan az müddətə uçmaq mümkündür. Nyu-Yorka uçmaq üçün isə 2 saat kifayət edir. Onu da qeyd etmək lazımdır ki, Rusiyanın Şimal donanması Barens dənizinin sahilindəki qapalı hərbi şəhər olan Severomorskda yerləşir. Bu, Alesandra Torpağından 1336 kilometrlik məsafə deməkdir. Orada bütün digər qurğu və texnikalarla yanaşı, saysız-hesabsız yeni gəmi və sualtı qayıqlar da var.

 

Daha bir nifaq səbəbi

Arktika Şurası toplantısının kifayət qədər dostluq atmosferində keçməsinə baxmayaraq, ABŞ məhz sadalanan səbəblər üzündən qurum üzvlərini Rusiyanın Şimal dəniz yolunda naviqasiya qaydaları müəyyənləşdirmək planına qarşı çıxmağa çalışıb. Söhbət Norveçdən düz Alyaskayadək uzanan yoldan gedir. Birləşmiş Ştatlar Moskvanın bu qurum çərçivəsində hərbi məsələlər üzrə ən ali səviyyədə danışıqların bərpası təklifinə də qarşı çıxır. Vaşinqton Rusiyanı hərarətin artması səbəbilə yaranan dəyişikliklərdən «öz maraqlarına uyğun istifadə etməməyə», regionun hərbiləşdirilməsindən çəkinməyə çağırır. ABŞ bildirir ki, diqqət, ilk növbədə, ətraf mühit, dənizdə təhlükəsizlik və regionun köklü xalqlarının rifahı məsələlərində dinc əməkdaşlığa yönəldilməlidir. Qərb KİV-i isə yazır ki, «ayrı-ayrı dövlətlərin yox, beynəlxalq birliyin idarəçiliyində olan dinc və münaqişəsiz Arktika» haqda çağırış Kanada, İslandiya, Finlandiya, Norveç və İsveçin də ürəyincədir.

Amma görünən odur ki, Rusiya ABŞ-ın ətraf mühitin və yerli əhalinin qorunması ilə bağlı sülhsevən çatırışlarına inanmır. Məsələ ondadır ki, Amerikanın özünün də Şimal qütbünə nəzarət üçün kifayət qədər hərbi imkanları var və o da bu imkanlardan Rusiya qədər yararlanmağa çalışır. Məsələn, o, Danimarkaya məxsus muxtariyyət olan Qrenlandiyada məhz bu məqsədlə yerləşib. Burada çoxdan mövcud olan nəhəng lokatorlu ABŞ hərbi bazası bütün Şimali Atlantikanı «görür». Qrenlandiyanın müdafiənin təminində «İslandiya modeli»ni keçid planı «lazım olan anda» strateji əhəmiyyətli mövqelərə Amerika qoşunlarının dəvət olunmasına yol açır. Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin bu xəbərə münasibət bildirərkən deyib ki, «Arktikada NATO-ya və onun silahlarına yer yoxdur».

Yeri gəlmişkən, bu kontekstdə bir maraqlı məqamı da vurğulamaq lazımdır. Arktika Şurasının XII sessiyasında Qrenlandiyaya və Danimarkanın daha bir muxtariyyəti olan Ferer adalarına Şurada çıxış etmələri üçün eksklüziv hüquq tanınıb. Mayın 18-də isə Blinken Qrenlandiyanın paytaxtı Kagerlussuaka səfər edərək, orada Şimali Atlantik və Arktikada təhlükəsizlik və müdafiə məsələləri haqda müzakirələr aparıb.

Barbin NATO-nun Arktikada, o cümlədən Norveçin şimalında hərbi təlimlərin sayını artırdığına da diqqət çəkib. Qeyd edək ki, Norveçlə ABŞ arasında qüvvədə olan müdafiə sazişi amerikalıların Norveçdəki bazalarda öz infrastrukturunu yaratmasına, Birləşmiş Ştatlara məxsus atom sualtı qayıqlarının Tromsö limanlarında dayanmasına imkan verir. 2018-ci ildə ABŞ SSRİ-nin süqutundan sonra ilk dəfə NATO təlimləri çərçivəsində Şimal Buzlu okeanına öz təyyarə daşıyan gəmisini göndərib. Bu yaxınlarda isə ABŞ Hərbi Hava Qüvvələrinin komandanlığı iyunda Alyaskada Yaponiya və Cənubi Koreyadan olan pilotların da iştirakı ilə miqyaslı hərbi təlim keçirmək planını açıqlayıb. «Red Flag Alaska 21-2» («Qırmızı bayraq Alyaska 21-2») adlı təlimə 100-dən artıq hərbi təyyarə cəlb ediləcək.

Beləliklə, Arktika ətrafında formalaşmış qüvvələr nisbəti artıq tam aydındır. Hər iki tərəf regionda bütün mümkün vasitələrlə hərbi mövcudluğunu möhkəmləndirməyə çalışır. Bu zaman Rusiya BMT-nin Dəniz hüququ konvensiyası kimi ənənəvi beynəlxalq münasibətlər sisteminə əsaslanırsa, ABŞ Arktikada daha «müasir» kontekstdən çıxış edərək, ətraf mühitin mühafizəsi fikrini irəli sürür. Moskva Arktika məsələlərinin müzakirəsinin regional səviyyədə qalmasına çalışır, Vaşinqton isə onu beynəlxalq səviyyəyə qaldırmaq istəyir, «Arktika ilə dünyanın yerdə qalan hissəsi arasında qarşılıqlı əlaqələrdən» danışır. Bu «beynəlxalq qayğı» isə əlbəttə ki, təkcə bölgədə yaşayan xalqların, flora və faunanın taleyi ilə bağlı deyil. Söhbət həm də Arktikanın dərinliklərindəki faydalı qazıntılardan və Şimal dənizi yolundan gedir.

 

Arktika üçün strateji hədəflər

Bu mənada, Moskvanın Qərbin başlatdığı oyunda iştirak etməkdən başqa yolu yoxdur. Çünki bu cür nəcib iqlim təşəbbüslərindən, bu məsələdə digər dövlətlərlə əməkdaşlıqdan imtina dünyada ciddi imic itkisinə səbəb olacaq. Hər halda, Reykyavikdə 2021-2030-cu illər üçün Strateji Plan qəbul olunub. Sənəddə 3 mövzuda birləşən 7 strateji hədəf müəyyənləşdirilib: «Ətraf mühitin mühafizəsi», «Dayanıqlı sosial və iqtisadi inkişaf» və «Arktika Şurasının gücləndirilməsi». Vacib istiqamətlərdən biri kimi, regionun köklü xalqlarının dəstəklənməsi və inkişafı göstərilir. Belə vəziyyətdə Rusiyanın mövqeyi zəifləyə bilər – günlərin birində məlum ola bilər ki, o, geniş Arktika ərazisini ətraf mühitə zərər vurmadan idarə etmək iqtidarında deyil. Hər halda, Rusiyanın şimal ərazilərində dəfələrlə nəhəng həcmdə neft sızmaları baş verib.

 Maraqlıdır ki, Qərblə Rusiya arasında Arktika uğrunda gedən qarşıdurmada daha bir önəmli oyunçu var. Söhbət Çindən gedir. AŞ-də müşahidəçi dövlətlərdən olan Çin artıq özünü «Arktikayanı dövlət» adlandırır. Pekini, ilk növbədə, şimal dəniz yolları maraqlandırır – onlar Panama kanalı, Hind okeanı, Süveyş kanalı və Aralıq dənizindən keçən ənənəvi yollarla müqayisədə xeyli qısadırlar. Bununla yanaşı, Çin yalnız yüklərin daşınma müddətlərinin azalmasına yox, həm də yanacaq tədarükü yollarının şaxələndirilməsinə çalışır. Bu qədər cəlbedici, lakin coğrafi baxımdan uzaq regiona Pekin köhnə, sınanmış vasitələrlə çatmağı düşünür – investisiyalar, o cümlədən ətraf mühitin mühafizəsi haqda elmi proqramların maliyyələşdirilməsi.

Lakin Çinin Arktika ilə bağlı iddialarını məhz Rusiya ilə əlaqələndirmək yanlış olardı. Çinin müttəfiqləri yoxdur. Onun yalnız iqtisadi maraqları var və bu gün Pekin nəyin bahasına olursa-olsun, bu ərazilərə hədəflənib. Odur ki, Qərb ölkələri Pekinin bölgəyə Rusiya marşrutu ilə daxil olmasını müşahidə etməklə kifayətlənməyərək, onun üzünə öz qapılarını da açacaqlar. Bu münasibətlər əlbəttə ki, maksimum ehtiyatla qurulur. Amma artıq bəzi Çin şirkətləri Kanada və Qrenlandiyada faydalı qazıntıların çıxarılmasında iştirak edir. İndi Pekin özünün Şimal dəniz yolu ilə hərəkət edə biləcək atom buzqıran gəmisini yaratmağı planlaşdırır və bu işdə onun əsas köməkçisi Finlandiyadır. Beləliklə, Çinin region ölkələri arasındakı ziddiyyətlərdən yararlanmağa çalışacağına şübhə yoxdur. Bu amil həm hansısa mərhələdə sabitliyi poza, həm də əksinə, balansın yaranmasında vacib elementə çevrilə bilər.



MƏSLƏHƏT GÖR:

186