20 Aprel 2024

Şənbə, 03:41

TOPLAR SUSARKƏN…

Bitmək bilməyən Fələstin-İsrail münaqişəsində kövrək barışıq nə qədər çəkəcək?

Müəllif:

01.06.2021

Növbəti Fələstin-İsrail müharibəsi başa çatdı. 11 gün davam edən qanlı döyüşlərdən sonra tərəflər arasında barışıq əldə olunub. Lakin qarşılıqlı düşmənçilik o qədər güclü, Yaxın Şərqin ən ağrılı münaqişəsinin düyünü o qədər möhkəmdir ki, bütün dünyanı bir sual düşündürür: növbəti barışıq nə qədər davam edəcək?

 

Müharibə qurbanları və 11 gün sonra barışıq

«Müqəddəs torpaq»da baş vermiş son müharibədə yüzlərlə insan həyatını itirib. İsrailin Fələtin ərazilərinə endirdiyi zərbələr və yəhudi dövlətinin HƏMAS-ın nəzarətində olan Qəzza zolağından bombalanması nəticəsində 270-dən artıq fələstinli həlak olub. Onların arasında 70 uşaq, 40 qadın, həmçinin ən azı 12 israilli (onlardan 2-si uşaqdır) də var.

Qan axıdılmasını beynəlxalq birliyin artan təzyiqi nəticəsində dayandırmaq mümkün olub. Bu işdə aparıcı rolu isə Misir oynayıb. Məhz onun vasitəçiliyi ilə tərəflər mayın 21-i gecə saatlarında hər hansı şərt irəli sürmədən atəşkəsə razılıq verib. Doğrudur, həmin gün də fələstinlilərlə İsrail polisi arasında Qüdsdə müəyyən qarşıdurmalar yaşanıb, lakin sonrakı günlər atəşkəsin baş tutduğunu təsdiqləyib.

Bununla yanaşı, hər iki tərəf özünü son müharibənin qalibi elan edib. HƏMAS bunu «İsraillə birgə yaşamaq layihəsinin darmadağın olunması» ilə əsaslandırır. Qarşı tərəf isə keçirdiyi hərbi əməliyyatlar nəticəsində HƏMAS-ın hərbi infrastrukturunun, o cümlədən yeraltı tunellərinin, bunker və qərargahlarının, demək olar ki, tamamilə məhv edildiyini bildirir.

Amma yüzlərlə insanın həyatı bahasına əldə olunmuş sülh şəraitində qarşılıqlı qiymətləndirmələr o qədər də vacib deyil. İsraillə Fələstinin HƏMAS hərəkatı arasında döyüşlərin dayandırılması dünya ictimaiyyəti, o cümlədən uzun illərdir bu problemin nizama salınması prosesində iştirak edən fövqəldövlətlər tərəfindən yüksək qiymətləndirilib. ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, Türkiyə, İran, ərəb ölkələri – bir sözlə, hər kəs Fələstinlə İsrail arasında atəşkəsin uzunmüddətli olmasında maraqlı olduğunu bildirir, münaqişənin dayanıqlı həllinə nail olunmasının vacibliyini vurğulayır. Bütün bu mərkəzlər mövqelərindəki ciddi ziddiyyətlərə baxmayaraq, bölgədə uzunmüddətli sülhə nail olunmasını mümkün sayırlar.

Bəs, nəzərə alsaq ki, münaqişə tərəfləri arasında düşmənçiliyin dərinliyi burada sülhə nail olunması vəzifəsini məhz beynəlxalq ictimaiyyətin boynuna qoyur, «Müqəddəs torpaq»da dayanıqlı sülh perspektivi realdırmı?

Təcrübəyə əsaslansaq, etiraf etməliyik ki, Yaxın Şərqdəki vəziyyətə əsas təsir rıçaqları Birləşmiş Ştatların əlindədir. İsraillilərlə fələstinlilərin məhz Vaşinqtondan gələn siqnallara daha həssas reaksiya vermələri də təsadüf deyil. İndiki şəraitdə bu siqnallar xüsusi əhəmiyyət daşıyır. Çünki Co Baydenin başçılıq etdiyi yeni ABŞ administrasiyası Yaxın Şərqlə bağlı Donald Tramp administrasiyasından xeyli fərqli siyasət yürütmək niyyətini ortaya qoyub. Bəs, ABŞ və digər dünya gücləri «iki dövlət» prinsipini irəli apara biləcəklərmi?

Trampın prezidentliyi dövründə ABŞ bir neçə aşkar israilpərəst addım atmışdı. Üstəlik, bu addımlar BMT-nin mövqeyinə belə, zidd idi. Söhbət Qüdsün İsrailin paytaxtı kimi tanınmasından, bu dövlətin İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələri salmaq haqqının qəbul olunmasından, Holan yüksəkliklərinin Suriya deyil, İsrail ərazisi elan edilməsindən gedir.

Co Bayden isə Barak Obama dövrünün siyasətinə qayıtmağa çalışır. Yeri gəlmişkən, o dövrdə hazırkı Ağ Ev sahibi vitse-prezident postunu tuturdu. Doğrudur, son Fələstin-İsrail müharibəsi zamanı Vaşinqton yenə də BMT TŞ-də İsrailin maraqlarına zidd qətnamənin qəbulunu əngəlləyib, bununla da Yaxın Şərqdəki əsas müttəfiqinin «özünümüdafiə hüququ»nun olduğunu təsdiqləyib. Amma bununla yanaşı, Bayden və administrasiyası SAXAL-ın (İsrailin Müdafiə Ordusu) əməliyyatları nəticəsində əhəmiyyətli sayda dinc fələstinlinin ölümündən narazılığını aşkar şəkildə ifadə edir. Üstəlik, indi ABŞ yenidən Fələstin-İsrail münaqişəsinin «iki xalq üçün iki dövlət» prinsipi əsasında həllinə tərəfdar olduğunu göstərir. Vaşinqton hesab edir ki, bu çoxillik problemin həlli üçün alternativ variant yoxdur.

Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken açıq şəkildə bildirib ki, «ABŞ zorakılığa son qoyacaq «iki dövlət» prinsipinə sadiqdir».

«Bu, İsrailin demokratik yəhudi dövləti kimi gələcəyini təmin edəcək yeganə yoldur. Eyni zamanda, o, fələstinlilərə öz dövlətlərini qurmaq imkanı verəcək. Bu, onların haqqıdır», - deyə dövlət katibi qeyd edib.

Beləliklə, Blinkenin də qeyd etdiyi kimi, ABŞ münaqişənin yalnız hər iki tərəfin öz dövlətini quracağı təqdirdə çözüləcəyini düşünür.

Prezident Bayden isə ölkəsinin Qəzza sektoruna təcili humanitar yardımın göstərilməsi üçün BMT ilə işləməyə hazır olduğunu deyir. Ağ Ev birmənalı şəkildə bildirir ki, ABŞ-ın Yaxın Şərqlə bağlı maraqları çox genişdir – hədəf yalnız İsrailin birmənalı şəkildə dəstəklənməsi deyil. Başqa sözlə, amerikalılar anlayırlar ki, fələstinlilərin öz dövlətlərini qurmaq haqqı tanınmazsa, bu, islam dünyasından gələn çağırışları getdikcə şiddətləndirəcək, bu isə Vaşinqtonun qlobal liderliyini qoruyub saxlamaq kimi strateji planları ilə üst-üstə düşmür.

Bu mənada, Fələstin Milli Muxtariyyəti rəhbərliyinin ABŞ ilə bağlı «isti» fikirlər səsləndirməyə başlaması da maraqlıdır. Xatırladaq ki, muxtariyyət Trampın vaxtında Ağ Evlə əlaqəsini ümumiyyətlə kəsmişdi. İndi Rəmallah İsraillə Fələstin arasında atəşkəsin əldə olunması işində «Misir, Qətər və İordaniyanın, həmçinin ABŞ administrasiyası, Aİ və BMT-nin səylərini» yüksək qiymətləndirib. Bununla yanaşı, bildirilir ki, «ABŞ administrasiyası və bütünlükdə dünya birliyinin İsrailin Fələstin xalqına qarşı davam etdirdiyi cinayətlərin qarşısının alınması üçün ciddi addımlar atmasının vaxtıdır».

Bu bəyanat faktiki olaraq, fələstinlilərin yenidən ABŞ-ın Yaxın Şərq probleminin həllində əsas oyunçu olaraq qəbul etdiklərinin göstəricisidir. Bəs, «iki xalq üçün iki dövlət» prinsipinə sadiqliyini bəyan edən ABŞ bölgədəki əsas problemlərin həlli istiqamətində konkret hansı addımları atmağı düşünür? Məsələn, Qüdsün statusu və yəhudi yaşayış məntəqələrinin taleyi necə olacaq? Ağ Evin əvvəlki administrasiyası dönəmində İsraillə ərəb dövlətləri arasında imzalanmış sazişin, barışıq prosesinin aqibəti necə olacaq? Xatırladaq ki, Tramın vaxtında ABŞ bu sazişə Yaxın Şərqdə yeni geosiyasi mənzərənin yaranması baxımından son dərəcə böyük önəm verirdi.

Bəli, ötən il İsrail Birləşmiş Ştatların vasitəçiliyi ilə BƏƏ, Bəhreyn, Sudan və Mərakeş ilə sülh sazişləri imzalayıb. Bununla da, İsraili tanımaqdan imtina edən bir sıra ərəb dövlətləri yəhudi dövləti ilə əməkdaşlığa başlamağa razılıq verib. Üstəlik, onlara bunu islam dünyasının önəmli bir hissəsinin, o cümlədən fələstinlilərin etirazlarına rəğmən ediblər. Aydındır ki, bu dövlətlər Tramp administrasiyasının təklifini həm də İranın və ona yaxın müsəlman hərəkatlarının getdikcə artan nüfuzundan ehtiyatlandıqları üçün qəbul ediblər. İndi isə İsraillə yaxınlaşma kursu götürmüş ərəb dövlətləri çətin vəziyyətdə qalıblar. Onlar bir tərəfdən israillilərlə o cümlədən ticarət, turizm, tibb kimi sahələrdə əməkdaşlıqdan əldə edəcəkləri mənfəəti itirmək istəmir. Amma digər yandan, bu prosesin sürətlənməsi müsəlman dünyasında bu dövlətlərin imicini korlayır. Axı, 11 günlük müharibə zamanı Qəzza sektorunda çox sayda insan həlak olub, bu azmış kimi, şərqi Qüdsdə yerləşən müqəddəs «Əl-Aksa» məscidinin toxunulmazlığı pozulub.

Doğrudur, məsələn, BƏƏ və ya Bəhreynin İsraillə yeni qurulmaqda olan tərəfdaşlıqdan imtina edəcəkləri ehtimalı çox azdır. Lakin son müharibədən sonra onların yəhudi dövləti ilə daha da yaxınlaşması, İsraillə ərəb ölkələri arasında yeni «İbrahim müqaviləsi»nin imzalanması praktik olaraq, mümkünsüz görünür. Bu, ən azı yaxın perspektiv üçün belədir.

Bununla yanaşı, aydındır ki, ərəb dünyasının aparıcı ölkələri də ABŞ kimi, Fələstin-İsrail probleminin «iki xalq üçün iki dövlət» prinsipi əsasında həllinə israr edəcəklər. Bunu İordaniya kralı Abdullanın son bəyanatı da təsdiqləyir. O, Qəzza zolağında atəşkəsin uzunmüddətli barışığa çevriləcəyinə ümidini ifadə edib və bölgədə iki dövlətin yaradılmasının alternativsiz olduğunu söyləyib.

Eyni tələblə Aİ də çıxış edir. Halbuki təşkilat üzvləri arasında bununla bağlı fikir ayrılıqları var. Aİ üzvlərinin əksəriyyəti fələstinlilərin tərəfini tutsa da, məsələn, Macarıstan və Avstriya kimi israilpərəst mövqedən çıxış edən dövlətlər də var.

Bütün bunlar göstərir ki, ABŞ-ın başçılığı ilə Qərb, həmçinin Rusiya və Çin daxil olmaqla, digər aparıcı güc mərkəzləri Fələstin-İsrail münaqişəsinin tezliklə «iki dövlət» prinsipi əsasında həlli ideyasını dəstəkləyəcəklər. Sadəcə, nizamlama ilə bağlı ən sərt problemlər hansı məzmunda gündəmə gətirələcək?

Bu sualların cavabı Fələstin və İsrail xalqları üçün həyati əhəmiyyət daşıyır. Üstəlik, həm İsrail, həm də HƏMAS istənilən an müharibəyə başlamağa hazır olduqlarını deyirsə, demək, barışıq, həqiqətən, kövrəkdir. «Müqəddəs torpaq» növbəti dəfə gözlənti içindədir…



MƏSLƏHƏT GÖR:

187