19 Aprel 2024

Cümə, 07:32

SƏRHƏDİN SƏRT BUCAQLARI

Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsini yeni münaqişəyə çevirib

Müəllif:

01.06.2021

Son həftələrdə Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır. Ermənilər Azərbaycan sərhədçilərini Zəngilan istiqamətində təxribata çəkərək onların sərt addımlar atmasına çalışsalar da, buna nail olmayıblar. Nəticədə, onlar növbəti belə cəhdi Laçın istiqamətində ediblər. Ermənistan tərəfi vəziyyəti üçüncü tərəfin işə cəlb olunması ilə gərginləşdirməyə çalışır. Məlum olduğu kimi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyannaməyə əsasən, Rusiya tərəflər arasında sülhün qarantıdır.

 

Çətin, lakin qaçılmaz proses

Əslində, 10 noyabr üçtərəfli bəyannaməsinin imzalanmasından sonra onun müddəalarının asanlıqla, ağrısız reallaşdırılacağını heç kəs gözləmirdi. Ermənistanın sənədin şərtlərini yerinə yetirmək haqda öhdəlik götürməsinə baxmayaraq, o, bəyannaməyə öz istəyi ilə deyil, məcburiyyət qarşısında əməl etməli olan yeganə tərəfdir. Aydındır ki, son dövrdən işğal altında olmuş ərazilərdə qalan qoşunların oradan çıxarılması, həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədinin ermənilərin nəzarətindəki hissələrinin Bakıya təhvil verilməsi İrəvanın planlarına daxil deyildi. Lakin Ermənistan üçün sarsıdıcı məğlubiyyətlə bitmiş 44 günlük müharibədən sonra bu ölkənin rəhbərliyi min kvadrat kilometrlərlə ərazilər kimi, yüzlərlə metrlik sərhədə nəzarətini qanuni sahibinə qaytarmaq məcburiyyətində qaldığını etiraf etməli olub. Əsas problemlər də məhz bundan sonra ortaya çıxıb. Çünki sərhəd konfiqurasiyasına görə, əhalinin sıx yaşadığı erməni kəndləri Azərbaycanın mövqelərinə son dərəcə yaxın yerləşir. Bu, erməni ictimaiyyətində əlavə qıcıq yaradır. Yerli siyasətçilərin KİV-də yer alan müvafiq bəyanatları isə onları daha da qızışdırır.

Bir çox hallarda söhbət faktların saxtalaşdırılmasından və proseslərin sifarişçinin istəyinə uyğun yozulmasından gedir. Nə qədər qəribə olsa da, ittiham tərəfi kimi daha çox Azərbaycan yox, onların öz siyasi rəqibləri çıxış edir. Belə təəssürat yaranır ki, sərhəddə təxribatlara bilərəkdən əl atılır ki, sonradan bu vəziyətdən daxili siyasi mübarizədə istifadə olunsun. Məsələn, Ermənistan müxalifətinin təmsilçiləri hesab edir ki, Azərbaycan tərəfi «Ermənistanla sərhədi pozaraq onun ərazisinə soxulsa da», Nikol Paşinyan azərbaycanlılara qarşı lazımi addımları ata bilmir. Eks-prezident Serj Sarqsyanın partiyasının maraqlarını ifadə edən siyasətçilər utanmadan deyirlər ki, ölkədə hakimiyyət Ermənistanın maraqlarını qorumağa hazır peşəkar komandanın əlində olsaydı (bu zaman onlar, əlbəttə ki, özlərini nəzərdə tuturlar), Sünik (Zəngəzur) ətrafında yaşananlar «müxtəlif güc mərkəzləri ilə effektiv iş üçün əlavə imkanlar açardı». Bununla yanaşı, onlar Ermənistan hakimiyyətinin Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycan-Türkiyə təzyiqinin qarşısında duruş gətirə bilməyəcəyindən narahatlıqlarını da ifadə edirlər. Müxalif siyasətçilər tərəfindən yayılan fərziyyələrdən birinə əsasən, Paşinyanın Sünikdə apreldə etdiyi səfərinin və yerli administrasiyada keçirdiyi iclasın məqsədi yerli hakimiyyət orqanlarını Zəngəzur dəhlizinin açılmasının sərfəli olduğuna inandırmaq imiş. Onlar əmindirlər ki, Paşinyan bunu Bakı ilə Ankaranın təzyiqləri qarşısında edib.

Bununla yanaşı, Azərbaycan tərəfinin əməllərinin üçtərəfli bəyannamədə yer almış müddəalara tam uyğun olduğu «unudulur». Üstəlik, Bakının məqsədi sərhədlərin 1975-1976-cı illərə aid sovet xəritəsinə uyğun müəyyənləşdirilməsidir.

Azərbaycan üçün bu prosesin ardıcıl getməsi, sonda bütün Azərbaycan-Ermənistan sərhədinə nəzarətin bərpa olunması vacibdir. Əlbəttə ki, bu zaman söhbət həm də Kərki və Yuxarı Əskipara kəndləri kimi eksklav ərazilərə də nəzarətin geri qaytarılmasından gedir. Bakı erməni tərəfinin reaksiyasına əhəmiyyət verməməyə çalışır. Üstəlik, qarşı tərəf daxili siyasi çəkişmələri bu qədər çətin proseslə əlaqələndirməyə çalışırsa…

 

İşıqlı Qaragöl demarkasiya prosesinin yeni mərhələsi kimi

Beləliklə, erməni tərəfi sərhəddə işlərin davamlı şəkildə aparılmasına mane olur. Onlar iddi edir ki, Azərbaycanın yalnız dövlət sərhədinə nəzarəti bərpa etməyə, əsas yüksəkliklərdə yerləşməyə çalışmır, həm də Ermənistan ərazisinin dərinliklərinə doğru irəliləyir. Artıq ermənilər tam ciddiyyəti ilə guya Sünikin ələ keçirilməsi cəhdlərinin olduğundan danışırlar. Yaxşı olardı ki, bu söhbətlər Ermənistanın hüdudlarını aşmasın. Hər halda, Bakının insanların istədikləri oyunları oynamasını qadağan etmək, qonşu dövlətin daxili işlərinə qarışmaq fikri yoxdur. Lakin vəziyyətin çətinliyi və özünəməxsusluğu ondan ibarətdir ki, İrəvan növbəti dəfə vəziyyəti münaqişəyə çevirməyə, üstəlik, kənar gücləri də bu işə cəlb etməyə çalışır.

Məlum olduğu kimi, 44 günlük müharibədən sonra formalaşmış siyasi vəziyyət postmünaqişə reallığında məhdud sayda iştirakçının yer almasını nəzərdə tutur. Ən azı indiki mərhələdə Bakı-İrəvan münasibətləri Moskvanın vasitəçiliyi ilə tənzimlənir və bu, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli sənədlə də təsbit olunub. Bundan başqa, bölgədə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəaliyyət göstərir. Onun işi əlavə razılaşmalarla müəyyən edilib. Bir sözlə, bölgəyə əlavə aktorların cəlbinə ehtiyac yoxdur. Bu gün nə Rusiya, nə də Azərbaycan bu niyyətdədir. Ermənistan haqda isə eyni sözləri demək mümkün deyil.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 5-6-da İrəvanda Ermənistan rəhbərliyi ilə görüşlər keçirib. Daha sonra – mayın 10-11-də isə o, Bakıda olub və münaqişədən sonrakı sülh quruculuğu ilə bağlı aktual məsələləri Azərbaycan rəhbərliyi ilə müzakirə edib. Rusiyalı nazir həm İrəvan, həm də Bakıda verdiyi açıqlamaları ilə göstərib ki, Moskva üçün 10 noyabr bəyannaməsi ilə əldə olunmuş razılaşmaların qorunub saxlanılması, tərəflərin bu sənədin müddəalarına dəqiqliklə əməl etməsi vacibdir. Bununla yanaşı, Lavrov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistandakı revanşist əhvaldan narahatlığını da bölüşüb, Qarabağ probleminin həllində hərbi mərhələnin qapandığını bildirib.

Lakin mayın 12-dən başlayaraq ermənilər Azərbaycan tərəfinin yüksək dağlıq ərazidə yerləşən İşıqlı Qaragöl gölü ərazisində sərhədləri bərpa etməyə başlaması ilə yenidən sərhəd mövzusunu qaldırıblar. Guya Bakı razılaşmanı pozur, fürsətdən istifadə edərək, Ermənistan ərazisinin dərinliklərinə doğru irəliləyir. İrəvan dərhal vəziyyəti təcavüz faktı kimi qiymətləndirib, problemin həllində vasitəçi olan Moskva ilə belə, məsləhətləşmədən, bu haqda dünyaya car çəkib. İrəvanın çağırışına dərhal reaksiya verən Fransa prezidenti Emmanuel Makron bununla Ermənistana yardım etməyə hazır olduğunu ortaya qoyub.

Bundan sonra hadisələr daha sürətlə inkişaf etməyə başlayıb. Mayın 14-də Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq, ondan hərbi yardım istəyib, eyni zamanda KTMT-yə rəsmi müraciət ünvanlayaraq, üzv dövlətlərin fəaliyyətinin koordinasiyası məqsədi ilə təcili iclasın çağırılmasını istəyib – guya KTMT yaranmış təhlükənin qarşısının alınması üçün təcili məsləhətləşmə mexanizmini işə salmalıdır. Bu gedişlərin Moskvanın ürəyincə olduğunu demək, əlbəttə ki, çətindir. İrəvanın regiona KTMT-dəki başqa müttəfiqləri, üstəlik, həm də NATO üzvü olan Fransanı çağırması, çətin ki, Rusiyanın planlarına uyğun olsun.

Hər halda, İrəvanın İşıqlı Qaragöl ətrafında baş verənlərə reaksiyasına, məsələnin həllinə xarici aktorları dəvət etməsinə Rusiya XİN başçısının münasibəti təsadüf deyil: «Orada bir dənə də güllə atılmayıb, heç bir qarşıdurma olmayıb. Sakit şəkildə oturublar, vəziyyəti müzakirə ediblər, bizdən də yardım istəyiblər, bizim hərbçilərimiz öz yardımını göstəriblər və razılıq əldə olunub. Mən kifayət qədər sakit şəkildə həll olunmuş bu məsələ ətrafında səs-küy qaldırmağa heç bir lüzum görmürəm».

Bununla yanaşı, rusiyalı nazir bir məsələyə də kifayət qədər açıq eyham vurub: regionun hərbi topoqrafik xəritələri yalnız Moskvanın əlindədir və yaranacaq problemlərin həllinə konkret yardımı ancaq rusiyalı hərbi mütəxəssislər göstərə bilər.

Prosesə Birləşmiş Ştatların müdaxiləsi isə Rusiyanın maraqlarına heç uyğun deyil. Hər halda, artıq ABŞ-ın xarici siyasətinə cavabdeh olan şəxslər həm Ermənistan, həm də Azərbaycan lideri ilə telefon söhbətləri aparıb, onlara Vaşinqtonun yardımını da təklif ediblər. Yeri gəlmişkən, Bakı belə xarici yardımlardan ədəblə boyun qaçırırsa, İrəvan ehtiyacın yaranacağı təqdirdə bu təklifləri qəbul edə biləcəyini göstərir. Bu məqam da, əlbəttə ki, Rusiya rəhbərliyində Ermənistan hakimiyyətinə simpatiya yaratmır.

Yeri gəlmişkən, Paşinyan üçün mövcud əhvalın seçki prosesinin sonunadək davam etməsi vacibdir. Bu, seçkidə rusiyapərəst müxalifətin ondan revanş almaq şanslarını azaldır. Üstəlik, bu, onun qərbli həmkarlarına KTMT-ni dolayısı ilə hörmətdən salmaq imkanı da yaradır – guya təşkilat üzvlərinə yardım göstərmək iqtidarında deyil. Bu vəziyyətdə Paşinyan bilərəkdən Qərblə oynayır ki, bu da Moskvanı bir qədər də qıcıqlandırır.

 

Qaçılmaz dəyişikliklərlə üz-üzə

Vəziyyətin necə inkişaf etməsindən asılı olmayaraq, bir məqam tam aydındır: prosesi dayandırmaq mümkün deyil. İrəvanın təxribatçı əməllərinə baxmayaraq, Azərbaycanın dövlət sərhədinin ona aid hissəsinin demarkasiyası prosesini başa çatdırıcağına şübhə yoxdur. Bakı eksklavları da daxil olmaqla, bütün həmsərhəd ərazilərini öz nəzarətinə qaytaracaq. İrəvanın yardım çağırışlarına baxmayaraq, Moskva göstərir ki, o, bu yardımı hər iki tərəfə göstərmək niyyətindədir və məqsəd sərhədlərin demarkasiyası prosesinin davam etdirilməsidir.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bu günlərdə bildirib ki, tərəflər istəyərsə, ölkəsi Ermənistanla Azərbaycana sərhəddə gərginliyin aradan qaldırılması işində yardım göstərəcək. Rusiyanın XİN başçısı S.Lavrov isə delimitasiya üzrə Ermənistan-Azərbaycan ikitərəfli komissiyasının yaradılması təklifi ilə çıxış edib. O, Moskvanın bu komissiyanın yaradılmasına da yardım etməyə hazır olduğunu bildirib.

Ermənistanın Rusiya və KTMT-nin sərhəd problemlərinin həllinə mümkün cəlbi ilə bağlı spekulyasiyalarına son nöqtəni isə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev ilə Vladimir Putin arasında mayın 19-da baş tutmuş telefon danışığı qoyub. Dövlət başçıları regionda yaranmış münaqişəli vəziyyəti müzakirə ediblər. Söhbət zamanı bölgədə təhlükəsizlik və sabitliyin təmini üzrə praktik işlərin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların ruhuna uyğun çözülməsinin vacibliyi bildirilib. Bununla yanaşı, V.Putin bildirib ki, ölkəsi Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinə başlanılması üçün vasitəçiliyi, konsultativ yardımları davam etdirəcək. Prezidentlər nizamlanmanın istisnasız siyasi-diplomatik üsullarla aparılmalı olduğuna dair də ortaq fikir ifadə ediblər. Beləliklə, İrəvanın üçtərəfli razılaşmanı pozmaq cəhdlərinin iflasa uğradığı ortadadır. Əminliklə demək olar ki, ötənilki müharibənin nəticələrinə yenidən baxılmayacaq.

Bundan başqa, kommunikasiyaların açılması prosesi də tam gücü ilə gedir. Ən azı Azərbaycan ərazisində dəmir yolu və avtomobil yollarının tikintisi fasiləsiz həyata keçirilir.

Baş verənlər fonunda Ermənistanın İtaliyadakı sabiq səfiri Mikael Minasyanın informasiya məkanına bu yaxınlarda «sızdırdığı» sənəd də xüsusi aktuallıq qazanıb. Sənəddə söhbət Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkaisyası üzrə komissiyanın yaradılmasından gedir. Sənədin KİV-də dərc olunmuş mətnindəki müddəalardan aydın olur ki, tərəflər ən yaxın zamanda komissiya haqda razılığa gələcək və bundan sonra sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı işləri həmin komissiya həyata keçirəcək.

Bununla yanaşı, proses regiondakı bütün kommunikasiyaların açılması perspektivini da yaradır. Bu isə Ermənistanda xüsusi narahatlığa səbəb olur. Görünən odur ki, hazırlanmaqda olan sənədin mətnini Manisyana kimlərsə bilərəkdən ötürüb. Sabiq səfir isə onu ictimaiyyətə açıqlayıb ki, bu da ölkədə dövlət institutlarının hansı səviyyədə olduğunu göstərir. Yeri gəlmişkən, belə informasiya sızdırılmasına görə yaxşı ödəniş olunur. Üstəlik, Ermənistanın keçmiş rəhbərliyinin revanş almaq ümidləri də var və bu halda onlar göstərilmiş xidmətə görə borclu qalm ayacaqlar. Bu ölkənin keçmiş liderləri vəziyyəti qarışdırmağa, Paşinyan və komandasının Ermənistanı «satdığı» görüntüsü yaratmağa çalışır. Halbuki postmünaqişə dövrünün reallıqları Ermənistan rəhbərliyini yanaşmalarını dəyişməyə vadar edir.

Beləliklə, sərhədlərin demarkasiyası, kommunikasiyaların açılması qaçılmazdır. Bununla istər Ermənistanın siyasi rəhbərliyi, istərsə də müxalifəti barışmaq məcburiyyətindədir. Son onilliklərin təcrübəsi açıq şəkildə göstərir ki, reallıqlara məhəl qoyulmaması geri dönüşü olmayan nəticələrə yol açır. İnanmaq istərdik ki, erməni ictimaiyyəti keçmişdən dərs çıxarıb. Əks təqdirdə, o, yeni faciələrdən qaça bilməyəcək.



MƏSLƏHƏT GÖR:

175