19 Dekabr 2024

Cümə axşamı, 17:14

BAKI TREKİ TƏSLİM OLMUR

Formula 1 üzrə Azərbaycan Qran-prisi başa çatıb, gərginlik, möhtəşəmlik və intriqalar isə çox müzakirə olunacaq

Müəllif:

16.06.2021

İki illik fasilədən sonra dünyanın ən bahalı idman növü yenidən Azərbaycana qayıtdı. Koronavirus pandemiyasına görə 2020-ci ildə baş tutmayan Formula 1 Azərbaycan Qran-prisi, nəhayət, Bakı trasına qovuşdu. Gözlənildiyi kimi, Azərbaycan Qran-prisi qəzalar, məcburi fasilələr və sürətli ötmələrlə yadda qaldı.

Mürəkkəb şəhər trası, sürüşkən asfalt, hər dövrədə qırmızı bayraq... Bakıdakı yarış hər zaman digərlərindən fərqlənir. “Formula 1” Azərbaycan Qran-prisi intriqa və səhvlərlə zəngin olduğuna görə uzun müddət müzakirə obyektinə çevrilir. Cari ildə də proqnozlar doğrulmadı.

 

Beşinci qalib, yeni ad

Qızğın mübarizə ilə yadda qalacaq budəfəki “Formula 1” Azərbaycan Qran-prisinin qalibi Red Bull Racing komandasının pilotu Serxio Peres oldu. Bununla da, Bakı Şəhər Halqasında keçirilən 5-ci yarışın beşinci fərqli qalibi meydana çıxdı. Dünyaca məşhur meksikalı pilot finiş xəttini Aston Martin komandasından Sebastian Fettel və AlphaTauri pilotu Pyer Qaslidən öncə keçərək hər zaman gözlənilməzi reallığa çevirən Bakı yarışında podiumun zirvəsində yer almağı bacardı.

Sıralanma turunda Scuderia Ferrari komandasının pilotu Şarl Lekler yaxşı başlanğıc etdi və 2 ildən sonra ilk dəfə olaraq yarışa lider kimi başladı. Lakin çox keçmədi ki, Mercedes komandasının pilotu Luis Hemilton yarışda irəli çıxdı. Daha sonra onu ardıcıllıqla çempionatdakı rəqibi Maks Ferstappen ilə onun komanda yoldaşı Serxio Peres ötüb keçdilər. Belə ki, Red Bull komandasının pilotları yeddi qat dünya çempionundan öncə pit-stop etmişdilər.

Red Bull bolidlərinin Mercedes pilotu Hemiltonun önündə yarışa davam etməsi ilə yanaşı, digər maraqlı məqamlardan biri Aston Martin komandasının pilotu, 4 qat dünya çempionu Sebastian Fettelin yarışa 11-ci yerdə başlamasına baxmayaraq, yürüş zamanı ön  cərgələrə yüksəlməsi idi. 

Yürüşün ən önəmli dövrələrindən birində Lans Stroll Bakı trekinin məşhur sürətlənmə düzlüyündə bolidinin təkərlərinin partlaması nəticəsində qəzaya uğradı. Özü xəsarət almasa da, baryerlərə çırpılaraq yarışı tərk etməyə məcbur oldu və yarış qısa müddətə dayandırıldı. 

Yarışa yenidən start verildikdən sonra Red Bull pilotları Hemiltondan öndə qalıb yarışa liderlik edirdilər. Lakin gözlənilməz şəkildə Ferstappenin bolidinin arxa sol təkəri Strollun qəzaya uğradığı düzlükdə sıradan çıxdı və nəticədə, hollandiyalı pilot yarışı tərk etməli oldu. Xoşbəxtlikdən xəsarət almasa da bu, onun dünya çempionu titulu uğrunda apardığı mübarizəyə təsirsiz ötüşməyəcək.

Ferstappenin qəzası nəticəsində qaldırılan qırmızı bayraqdan sonra yarışa yenidən start verildi. Geriyə gərgin iki dövrə qaldığı zaman Hemiltonun finişə birinci çatacağı real idi. Lakin trekdə qalmış yeganə Red Bull pilotu son iki dövrəni lider kimi başa vurmağa nail oldu. Döngədə Hemiltonun adına və təcrübəsinə yaraşmayan səhvindən sonra Peres liderliyi heç kimlə bölüşmədi və “Formula 1” Azərbaycan Qran-prisinin qalibi adına qazandı.

 

Uğurun sirri

Beləliklə, "Red Bull" pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatdı. Meksikalı pilot ilk dəfə Azərbaycan Qran-prisinin qalibi oldu. "Aston Martin"də çıxış edən Sebastian Fettel ikinci, "Alpha Tauri" komandasından Pyer Qasli üçüncü yeri tutdu. Fettel həmçinin azarkeşlərin səsverməsinə əsasən, günün ən yaxşı pilotu elan edilib.

Peresin Red Bull komandasına keçidi rəsmiləşəndə, hamını bir sual düşündürürdü: peletonun ən yaxşılarından olan Maks Ferstappenə qarşı nə edə biləcək? Rəqabətdən çəkinməyən Serxio Peres belə demişdi ki, komandaya öyrəşməsi üçün 5 yarış lazımdır. Peresin düzgün hesabladığı məlum oldu. İlk yarışlarda komanda yoldaşının kölgəsində qalan Peres Red Bull ilə çıxdığı məhz 6-cı yarışda mövsümdə və komandada ilk, karyerasında ikinci qələbəsini əldə etdi.

Düzdür, bu zəfərdə Ferstappenin şanssız qəzasının və Hemiltonun səhvinin böyük rolu var. Amma bunlar qalibin uğuruna kölgə salmamalıdır. Serxio yarış boyu qalib olmaq üçün maksimum səy göstərdi; altıncı yerdən başladığı yarışda startda dərhal Saynsı ötərək həlledici həmləni etdi, ardınca Qasli ona mane olmadı, bir qədər sonra isə yarış tempindən əsər-əlamət olmayan Leklerin Ferrari-sini keçərək üçüncü yerə yüksəldi. Lakin bununla da bitmədi. Hemilton kimi, onu da pit-stop zamanı gecikdirsələr də, trasa öndə qayıda bildi. Son dünya çempionunun bir neçə hücumuna məhəl qoymayaraq, yüksək tempdə yarışını davam etdirdi. Restartdan sonra da etməli olduğu maşını finişə hamıdan öndə çatdırmaq idi, əsas rəqibi Hemilton ilk döngədə dönmədən düz getməklə liderliyi və qələbəni əldən buraxdı. Peres fürsətdən maksimum faydalandı.

Yarışdan bir gün sonra "Mercedes" komandasının pilotu Lüis Hemilton Azərbaycan Qran-prisindəki uğursuzluğun səbəbini açıqlayıb. Yarışı 15-ci sırada tamamlayan britaniyalı sürücü döngəyə daxil olarkən düyməni səhv sıxdığını söyləyib. 7 qat dünya çempionu bildirib ki, "Red Bull"dan Serxio Peres ona yaxınlaşanda özünü itirib: "İçəridə ön əyləcləri işə salan düymə var. Peres yaxınlaşanda özümdən asılı olmayaraq, reaksiya verdim və səhvən açar yerinə toxundum. Nəticədə, düymə ilişdi və maşını saxlaya bilmədim. Bolid irəliyə doğru hərəkət etməyə başladı".

 

Dünya çempionatının liderləri

"Formula 1" üzrə dünya çempionatının 2021 mövsümündə Azərbaycan Qran-prisindən sonra lider dəyişməyib. Buna "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemiltonun Azərbaycan Qran-prisində 15-ci yeri tutması səbəb olub. 5 mərhələdən sonra birinci yerdə gedən "Red Bull" pilotu Maks Ferstappen Bakıda - 6-cı mərhələdə qəza törətsə də 105 xalla liderliyini qoruyub. Hemilton 101 xalla ikincidir. Ferstappenin komanda yoldaşı, Bakıda qalib olan Serxio Peres isə xallarının sayını 59-a çatdırıb və üçüncü pilləyə yüksəlib. Konstruktorlar Kubokunda da lider dəyişikliyi baş verməyib. "Red Bull" 174 xalla liderliyini möhkəmləndirib. "Mercedes" 148 xalla ikinci yerdə qalıb. "Ferrari" isə 94 xalla üçüncüdür.

 

Gərginlik və intriqalar

“Formula 1” Azərbaycan Qran-prisi haqqında çox danışmaq olar. Bakı yarışı başa çatandan sonra Azərbaycan Qran-prisiylə bağlı rəylər və fikirlər sosial mediada liderlər sırasında yer aldı. Artıq indidən mütəxəssislər Bakıdakı yarışı ən qalmaqallı və baxımlı yürüş hesab edir. Hətta təqvim üzrə növbəti 17 yarışda da Bakıdakı intriqa və qəzaların olmayacağı söylənilir. “Formula 1” Azərbaycanda gəldiyi mövsüm bəziləri yarışın mərkəzi dar küçələrdə olmasını yaxşı hal hesab etmirdi. Dar küçələr doğurdan pilotlar və bolidlər üçün ciddi maneələr yaradır. Amma indi bütün dünya Bakı yürüşünü qazanmağın nə qədər çətin olduğunu qəbul edir.

Tarixə nəzər salaq, Bakı trasında hər il maraqlı hadisə yaşanır. 2017-ci ildə əsəblərinə hakim olmayan Sebasytan Fettel bolidlə Luis Hemiltonun avtomobilini əvvəlcə arxadan, sonra yandan əzməklə diqqətə səbəb oldu. 2018-ci ildə “Red Bull” sürücüləri Daniel Rikkardo və Maks Ferstappen bir-biriylə yarışdığı zaman qəza baş verdi. Avstraliyalı pilot Ferstappenin bolidini əzdi və bununla yarış hər iki sürücü üçün vaxtından əvvəl yekunlaşdı. 2019-cu ildə Daniel Rikkardo bolidi arxaya sürməklə Danila Kvyatanın avtomobilini əzərək həmkarını pis vəziyyətə saldı. Bütün bu hallar başqa yürüşdə baş vermir. Çünki Bakıdakı küçələr – yarış treki tam fərqlidir.

“Formula 1”də Azərbaycan Qran-prisi bu mövsümlük başa çatdı. Amma trekdəki qəzalar və ötmələr uzun müddət müzakirə olunmaqda davam edəcək.



MƏSLƏHƏT GÖR:

235