19 Dekabr 2024

Cümə axşamı, 16:51

FUTBOL BAYRAMI

Azərbaycan paytaxtının iyunda ev sahibliyi etdiyi sayca ikinci böyük beynəlxalq yarış AVRO-2020 oldu

Müəllif:

16.06.2021

Azərbaycan paytaxtı növbəti irimiqyaslı beynəlxalq idman yarışına ev sahibliyi edir. Bu dəfə doğma şəhərimizdə futbol üzrə Avropa çempionatının həyəcanı yaşanır. Əslində, azərbaycanlı azarkeşlər bu həyəcanı ötən il yaşamalı idilər. Lakin 2020-ci ildə keçirilməli olan yarış koronavirus pandemiyası səbəbindən təxirə salındı və ilk dəfə olaraq Avropa çempionatı planlaşdırıldığı tarixdən 1 il gec baş tutdu. “Köhnə qitə”nin ən güclü 24 milli komandasının mübarizəsi təkcə Avropa deyil, digər qitələrdə də maraqla izlənilir.

Bakının ilk dəfə belə böyük yarışa ev sahibliyi etmək ideyası 9 il əvvələ təsadüf edir. UEFA-nın 2012-ci ildə verdiyi qərara əsasən, qurumun yaradılmasının 60 illiyi ilə əlaqədar çempionatın 12 şəhərdə keçirilməsi barədə razılıq əldə olundu. Lakin Avropa futbol qurumu aprelin 23-də İrlandiyanın paytaxtı Dublinin və İspaniyanın Bilbao şəhərinn oyunlara ev sahibliyi etməyəcəyini rəsmən bəyan etdi. Bilbaodakı oyunlar Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionunda gerçəkləşir və bununla təşkilatçı şəhərlərin sayı 11-ə endi. Koronavirus pandemiyası səbəbindən bir il təxirə salınan yarış 11 ölkənin 11 şəhərində, yəni 11 stadionda keçirilir.

 

Etibarlı təşkilatçı

UEFA-nın AVRO-2020 üçün etimad göstərdiyi ölkələr sırasında Azərbaycanın da olması təsadüfi deyil. Ölkəmizin idman yarışlarını keçirməkdə zəngin təcrübəsinin olması məlumdur. "Bakı 2015" I Avropa Oyunları, 2016-cı ildə Bakıda baş tutan Ümumdünya Şahmat Olimpiadası, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları, 2019-cu ildə İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasındakı UEFA Avropa Liqasının finalı və bır sıra beynəlxalq oyunlara ev sahibliyi etmiş BOS da bu cür yarışdan kənarda qala bilməzdi. Əvvəlki idman tədbirlərini yüksək səviyyədə təşkil edən Azərbaycan daha böyük yarışa ev sahibliyi etməyə haqq qazanıb.

Müasir idman infrastrukturunun olması və yarışların təşkilində yetərincə təcrübə Bakını AVRO-2020-nin təşkilatçı şəhərləri siyahısına daxil edilməsinə kömək olub. Avropa çempionatından cəmi bir həftə əvvəl Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisi pandemiya səbəbindən azarkeşsiz də olsa, baş tutub. İyunun 6-dan bu günədək hələ də yarış haqqında danışılır. Bakıdakı 4 oyundan sonra da eyni halın yaşanacağına şübhə yoxdur.

Türkiyə millisinin oyunlarının paytaxtımızda keçirilməsi yerli futbol azarkeşlərini sevindirməyə bilməz. Məhz qonşu ölkənin azarkeşləri Bakıda çoxluq təşkil edir. AVRO-2020-nin 12 şəhərdə təşkilindən əvvəl Türkiyə Futbol Federasiyası yarış üçün namizədliyini təkbaşına irəli sürüb. Lakin sonradan çempionatın müxtəlif şəhərlərdə keçirilməsi qərarlaşdırılıb və bu da Türkiyənin namizədliyinin geri götürməsinə səbəb olub. Yəqin ki, yarışın təşkilatçı şəhərlərdən biri kimi Bakıya verilməsinə onlardan çox sevinən olmayıb.

 

Faydası çox olacaq

Dünya səviyyəli tədbirlərin keçirilməsi Azərbaycanın, onun inkişaf səviyyəsinin, turizm potensialının dünyada təbliği baxımından əhəmiyyətlidir. Tək 2019-cu il Avropa Liqasının final oyunu üçün Bakıya 38 min əcnəbi vətəndaş gəlib. AVRO-2020-nin oyunlarına görə şəhərimizə 15 mindən çox əcnəbi turistin gələcəyi gözlənilir.

Pandemiyaya baxmayaraq, Azərbaycana gələcək azarkeşlər karantinə alınmır. Onlar hava limanında neqativ koronavirus testlərini təqdim edərək paytaxta daxil ola bilərlər. Unutmaq olmaz ki, 2020-ci ilin əvvəlindən sərhədlər bağlı olub və ölkəyə yetərincə turist gəlməyib. Avropa çempionatı isə turist axınını artırmaq üçün əlavə addım ola bilər. Buraya gələcək qonaqlar da ölkənin turizm potensialına bələd olacaq və növbəti dəfə də Bakıya gəlməyə can atacaq.

Futbol idmanın şahıdır. Məhz buna görə AVRO-2020-nin təşkilatçı şəhərləri sırasında Bakının olması xüsusi qeyd olunmalıdır. UEFA təşkilatçılıq zamanı ölkədə, ilk növbədə, təhlükəsizlik vəziyyətinə önəm verir. Azərbaycandakı yüksək qonaqpərvərlik və əcnəbilərə mehriban münasibət də beynəlxalq futbol qurumunun diqqətindən yayınmayıb.

Avropa çempionatının bütün oyunları 100-dən çox ölkədə canlı təqdim olunur. Oyunlar sosial şəbəkələrdə və kabel televiziyasında milyonlarla baxış toplayır. İllər keçsə belə çempionat matçları dəfələrlə təkrar izlənilir və müzakirə edilir. Yarış zamanı milyonlarla insanın izlədiyi UEFA-nın sosial şəbəkə ünvanlarında şəhərimizlə bağlı çoxlu sayda görüntülər nümayiş etdirilir. Həmin görüntülər həm də canlı yayım zamanı televiziyadan tamaşaçılara təqdim olunur.

 

Sadəcə faktlar

Mötəbər yarışla bağlı maraqlı faktlara nəzər salaq. AVRO-2020-nin oyunlarını qəbul edəcək şəhərlər arasında ən uzun məsafə Bakı və Sevilyanı ayırır – 4766 km. Təyyarə bu məsafəni, təxminən, 6 saata qət edir.

Argentinadan olan Fernando Rapallini Avropa çempionatında ədaləti qoruyacaq ilk cənubi amerikalı hakimdir.

İsveçrə millisi qrup mərhələsində 13 min 115 km qət edəcək. Bakıdan Romaya və geri dönməli olacaq yığma indiyədək qatıldığı 4 qitə çempionatında ümumilikdə bunun yarısından az yol qət edib.

Şimali Makedoniya Avropa çempionatına qatılan ən az əhaliyə malik ölkədir – 2 milyondan artıq.

Avstriya millisi AVRO-2020-də yeganə komandadır ki, əvvəllər final mərhələsində oynasa da, qələbə qazanmayıb.

Bakıdakı 4 oyunda, ümumilikdə, 124 min azarkeş matçları Bakı Olimpiya Stadionundan izləmək imkanı qazanacaq. Sözsüz, ən böyük maraq iyulun 3-də baş tutacaq 14 final matçına yönələcək. Bu oyunda Niderland, Rusiya, Almaniya və Türkiyə milli komandalarından biri Bakıda meydana çıxa bilər. Bir ay davam edəcək qitə çempionatı iyulda Londonda baş tutacaq final görüşüylə başa çatacaq.

Avro-2020 uşaqlıq arzumuzu həyata keçirdi. Nəhayət, qitə çempionatının həyəcanı Bakıda da yaşanır və biz oyunları doğma stadionumuzda izləyirik. Futbol bayramında bizim də payımız var. Arzu edirik yaxın gələcəkdə futbol üzrə milli komandamız Avropa çempionatının iştirakçıları sırasında olsun.

Hələliksə futbol bayramımız mübarək!



MƏSLƏHƏT GÖR:

249