25 Aprel 2024

Cümə axşamı, 05:31

«YAD»LARI ÖLDÜRMƏK HAQQI?

Rusiyada gənc azərbaycanlı, həqiqətənmi, milli zəmində nifrətin qurbanı oldu?

Müəllif:

16.06.2021

Son ayın ən səs-küylü hadisələrindən biri 19 yaşlı Rusiya vətəndaşı Vəkil Abdullayevin bu ölkənin Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşı Aleksandr Qusev tərəfindən qətlə yetirilməsidir. Bu faciəvi hadisə, ardınca isə qatilin həbsdən buraxılması Rusiyada getdikcə qızışan ksenofobiyanın, millətçiliyin əsl miqyasını ortaya qoyub. Baş verənlər, təbii ki, yalnız bu çoxmillətli, çoxkonfessiyalı dövlətin daxili siyasi sabitliyi baxımından deyil, onun postsovet Avrasiyası ilə bağlı planları və maraqları anlamında da fəsadlara yol aça bilər.

 

«Gücsüz hər zaman günahkardır»

Vəkil Abdullayev mayın 28-də Novosibirsk vilayətinin Moşkov rayonunda qətlə yetirilib. Hadisəyə mərhum Abdullayevin də içərisində olduğu avtomobilin yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən təqib olunması yol açıb. Polis əməkdaşları avtomobili saxlayan zaman onun içərisindəki üç gənc hadisə yerindən qaçmağa cəhd ediblər. Lakin polislər onlardan birini saxlaya bilib və nəticədə, Abdullayev yoldaşına kömək etmək üçün geri qayıdıb. Bu zaman poris əməkdaşı Aleksandr Qusev Abdullayevə bir neçə zərbə endirib, onu üzünü patrul maşınının kapotuna dayayıb və tapançadan başına atəş açıb. Nəticədə, gənc ağır yaralanıb və iki gün sonra xəstəxanada dünyasını dəyişib.

Bundan sonra qatil haqqında vəzifə səlahiyyətlərini aşma və ehtiyatsızlıqdan adam öldürmə maddələri ilə cinayət işi açılıb. Novosibirsk Mərkəzi Rayon Məhkəməsi isə onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Lakin qətldə ittiham olunan şəxs Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin şəxsi göstərişi ilə yaşayış yerini tərk etməmək haqda iltizam qarşılığında sərbəst buraxılıb. Bu azmış kimi, Qusevlə bağlı ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə iş qaldırmış müstəntiqlərlə bağlı yoxlamalara başlanılıb.

Bu qərarı əsaslandırmaq üçün istifadə olunan tezis qanunun polisə aqressiv davranışla qarşılaşarkən atəş açmaq hüququ verməsidir. Lakin bu faciəvi hadisənin videosunda görünür ki, 19 yaşlı Vəkil polisə heç də aqressiv müqavimət göstərmir. Belə vəziyyətdə Qusevin nəinki atəş açmağa, odlu silahı qabından çıxarmağa belə, ixtiyarı yoxdur. Çünki Rusiya Federasiyası qanunvericiliyinə əsasən, asayiş keşikçisi odlu silahı yalnız o zaman çıxara və ondan yalnız o zaman istifadə edə bilər ki, öz həyatına və ya sağlamlığına təhlükə hiss etsin. Belə təhlükə olmayıb. Üstəlik, polis qarşı tərəfə silah tətbiq edə biləcəyinə dair xəbərdarlıq belə, etməyib.

Belə olan təqdirdə, Rusiya İstintaq Komitəsinin Qusevin sərbəst buraxılması, üstəlik, ona qarşı cinayət işi qaldırmış müstəntiqlərin repressiyalarla qarşılaşmasını necə başa düşək?! Maraqlıdır ki, Rusiya ictimaiyyətində qətl törətmiş polis əməkdaşına dəstək petisiyaları açan, onu imzalayan insanların da sayı-hesabı yoxdur. Qusevin əməlinə haqq qazandırmağa çalışan siyasilər belə, var. Bundan başqa, Rusiya İctimai Palatasının üzvü, Dövlət Dumasına «Vahid Rusiya» partiyasından namizəd Mariya Butina nəinki Qusevin əməlinə haqq qazandırır, hətta onu xidmətdə fərqləndiyi üçün mükafatlandırmağı təklif edir. Bütün bunlar nə deməkdir?! Əksər ekspertin cavabı birmənalıdır: bu, Rusiyadakı ksenofob əhvalın təzahürüdür!

Vəkil Abdullayevin qətli faktı ilə bağlı Azərbaycan ictimaiyyətinin nümayəndələri, jurnalistlər, İkinci Dünya müharibəsi, əmək və Azərbaycan Silahlı Qüvvələri veteranları Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar. Müraciətdə səlahiyyətlərini aşmış polis əməkdaşının həbsindən dərin hiddət ifadə olunur, bu, nəinki cinayətin gizlədilməsi və təqdir olunması, həm də ksenofobiyadan əziyyət çəkənlərin təşviqi kimi qiymətləndirilir. Müraciət müəllifləri bu çirkli hadisəyə aidiyyəti olan hər kəsin, ilk növbədə, 19 yaşlı Vəkili güllələmiş polis əməkdaşının ədalətli cəza almasını tələb edir.

 

Erməni izi, yoxsa?

Hələlik bu müraciətə cavab verilməyib. Əvəzində, polis rəhbərliyinin insidenti fərqli müstəviyə daşımaq cəhdləri ortadadır. Mərhum Abdullayevin dostları İlkin İsmayılov və Ruslan Qurbanovun polis əməkdaşlarına hücum ittihamı ilə həbsə atılmaları azmış kimi, onlar təcili şəkildə açılmış daha bir cinayət işinin iştirakçılarına çevriliblər. Qəflətən haradansa ortaya onlardan hələ 2020-ci ilin payızında zərər görmüş şəxs çıxıb. Guya İsmayılovla Qurbanov həmin vaxt bu şəxsə hücum edib, onu döyüb, pulunu və telefonunu əlindən alıblar. Bununla da, guya qətlə yetirilmiş gəncin də guya bu cinayətə aidiyyatının olduğu görüntüsü yaratmağa çalışırlar. Bu azərbaycanlı uşaqların etnik cinayətkar qrupun üzvləri olduqları belə, istisna deyilmiş…

Azərbaycanlıların sözügedən «cinayətlər»də iştirakı ilə bağlı versiyanın ortaya atılmasında «erməni əli»nin olduğunu da düşünmək mümkündür. Qusevin azad olunması üçün ictimai rəyin ruporu kimi çıxış edən Mariya Buninanın «Russian Today» telekanalının əməkdaşı olması da öz yerində – bu telekanalın baş redaktoru Marqarita Simonyanın iradəsinə uyğun çalışdığı hər kəsə məlumdur. Üstəlik, Rusiya KİV-də Azərbaycan diasporunun ləkələnməsinə yönəlmiş kampaniya da başladılıb. Guya, o, «nəinki ermənilərə, həm də ruslara təhdiddir». Bu informasiya məhsulu böyük ehtimalla məhz ermənilərin əli ilə ortaya çıxıb.

Lakin Vəkil Abdullayevin qətli ilə bağlı yaşananlarda (digər bəzi anti-Azərbaycan gedişləri də daxil) erməni amilinin nə dərəcədə rol oynamasından asılı olmayaraq, ən önəmlisi başqa məqamdır: baş verənlər göstərir ki, Rusiyada ksenofobiya adi hala çevrilə bilər. Faşizm üzərində qələbə çalmış bu ölkədə ksenofobiyanın, neofaşist əhvalının artımı bu yaxınlara qədər ayrı-ayrı millətçi təşkilatların, xüsusilə skinhedlərin fəaliyyəti ilə əlaqələndirilirdisə, bu kontekstdə hakimiyyət orqanlarının, o cümlədən polisin adının çəkilməsi heç də arzulanan deyil.

 

Uçuruma yuvarlanmaq riski

Abdullayevin qətli, ardından isə Qusevin azadlığa buraxılması Rusiyada «gəlmələrə» qarşı artıq adiləşmiş münasibətin göstəricisidir. Üstəlik, çox vaxt «asiyalı görünüşlü» və ya «Qafqaz millətlərindən» olanların Rusiya Federasiya vətəndaşlığını daşımasına belə, əhəmiyyət verilmir. Konkret cinayətkarın milli mənsubiyyəti qabardıldıqda bu, ümumilikdə onlara qarşı informasiya təzyiqi yaradır. Məsələn, bir azərbaycanlı hansısa cinayətə yol veribsə, informasiya məkanında əsas vurğu məhz onun milli mənsubiyyətinə edilir. Bir azərbaycanlı adi insanlıq göstərdikdə, hətta həyatı bahasına dostunu xilas etdikdə isə bu, ümumrusiya miqyasında işıqlandırılmır.

Bu mənada, 21 yaşlı Salaməddin Nağıyevlə bağlı yaşananlar yada düşür. Hadisə 2013-cü ildə Moskvanın Lyuberetski rayonunda baş vermişdi. Atasıgilə qonaq gəlmiş Salaməddin Pexorka çayında boğulmaqda olan, ətrafdakı insanları köməyə çağıran 3 yerli qız uşağını xilas edərkən faciəvi şəkildə dünyasını dəyişmişdi. Bəli, o, 3 uşağı öz həyatı bahasına xilas etmişdi…

Digər və bu dəfə xoş hadisə ötən il Novıy Urenqoyda baş vermişdi. Üç azərbaycanlı – Bəxtiyar Nəbiyev, Anar Nəbizadə və Fəxrəddin Hacıyev təsadüfən qarşısından keçdikdəri evdə yanğın başladığını görmüş və mənzilin sakinini xilas etmişdilər. O zaman Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin mətbuat xidməti bildirirdi ki, yanğın həyatlarını riskə atmış bu 3 oğlanın mərdliyi və cəsarəti nəticəsində tələfatsız ötüşüb – onlar evdə qalmış kişini xilas ediblər.

Novosibirskdə baş vermiş «insident» kimi hadisələr isə ksenofobiyanın azğınlaşmasına, millətçi əhvalın yüksəlməsinə yol açır, nəticədə, Rusiyada millətlərarası sülhün taleyi sual altına düşür. Amma belə hallar heç də yalnız Rusiyadakı millətlərarası sülhə təhdid deyil. Rusiyanın öz vətəndaşı da olsa, etnik mənsubiyətinə görə «yad» olan insanların qətlində ittiham edilən insanların sərbəst buraxılması Moskvanın beynəlxalq imicini də korlayır, onun postsovet məkanında inteqrasiya mərkəzi kimi çıxış etmək iddialarına kölgə salır.

Vəkil Abdullayevin qətli və ardınca baş verənləri tez-tez ABŞ-da yaşanmış, demək olar ki, analoji hadisə ilə müqayisə edirlər. Söhbət qaradərili Corc Floydun ağdərili polis əməkdaşı Derek Şovin tərəfindən öldürülməsindən gedir. Bu qətl bütün Birləşmiş Ştatlarda polis zorakılığına qarşı kütləvi etirazlara, irqçilik əleyhinə nümayişlərə səbəb olmuşdu. Rusiyada isə nəinki irqi və milli zəmində nifrətdən qaynaqlanan cinayətlərə görə etiraz aksiyaları keçirilmir, hətta bu probemlə bağlı hər hansı ciddi müzakirələr belə, aparılmır. Belə cinayətlərin «malalanması» cəhdləri isə vəziyyəti daha da ağırlaşdıra bilər. Bu, çoxmillətli dövlət olan Rusiyanın özünün daxili və xarici maraqları baxımından yaxşı heç nə vəd etmir.

Azərbaycan ictimaiyyətinin Rusiya prezidentinə müraciətində çox mühüm bir məqam var: «Hörmətli Vladimir Vladimiroviç, biz hətta təsəvvür edə bilərik ki, buna oxşar bir hadisə bizdə, Azərbaycanda baş vermiş olsun. Amma kim bilir, əgər Qusevə və Butinaya oxşar insanlar sabah nahaq yerə günahsız insanların qanını tökməməyə çağıran əcdadlarımızın mənəvi qanununu unudaraq dözümsüzlük və ksenofobiya ideologiyasını təbliğ edən insanların sıralarını genişləndirməyə başlasalar, onda nə olacaq? Dünya onsuz da uçurum həddindədir, uçuruma yuvarlanmaq riski altındadır. Elə isə «qusevlər»in, «butinalar»ın və «bastrıkinlər»in əməllərini diqqətsiz qoymağa dəyərmi?»

Həqiqətən də, «özününkü»lər «yadlar»ı «ehtiyatsızlıqdan» öldürmək haqqı qazanarsa, buna görə heç bir məsuliyyət daşımazsa, dünyanın axırı necə olar?



MƏSLƏHƏT GÖR:

261