29 Mart 2024

Cümə, 15:56

YENİ KAPİTALİZM

Pandemiyadan sonrakı dünyada korporativ, sosial və ekoloji məsuliyyət ideologiyası üstün olacaq

Müəllif:

16.06.2021

Koronavirus pandemiyası qlobal iqtisadiyyatın alışılmış inkişaf çərçivələrini, təxminən, il yarımdır ki, dəyişir və ənənəvi bazar mexanizmlərinin yenidən formatlanmasını sürətləndirir. Pandemiyanın yaratdığı ressesiyanın nəticələrini aradan qaldırmaq, şübhəsiz ki, dövlətin və cəmiyyətin iqtisadiyyatda rolunu dəfələrlə artırıb.  

Üstəlik, söhbət yalnız iqtisadiyyatı dəstəkləmək üçün fiskal və monetar tədbirlərinin gücləndirilməsindən, yaxud dövlət borcunun artırılması yolu ilə onun pulla “doldurulmasından” getmir. İndiki trendlər, təxminən, 40 ildir davam edən neoliberalizm dövrünün qürubundan və ESG meyarlarına cavab verən keyfiyyətcə yeni kapital bazarının formalaşmasından xəbər verir, burada E- ekologiya (Environmental), S - sosial inkişaf (Social), G - korporativ idarəetmə (Governance) deməkdir.

 

İnancların əksinə

Pandemiya böhranı son onilliklərdə hakim olan və “biznesin işi biznesdir” postulatı ilə silahlanmış neoliberalizm ideologiyasının bütün çatışmazlıqlarını açıq şəkildə ortaya çıxardı. Bazarın azad özünü tənzimləməsinə və dövlət minimal müdaxiləsinə əsaslanan bütün sxemlər bir anda çökdü, çünki ard-arda qapanmalar illər boyunca qurulmuş nəqliyyat-loqistika və istehsal zəncirlərini dağıtdı. Sonra, demək olar ki, bütün növ xammalların qiymətləri çökdü, maliyyə və fond birjalarının indeksləri kəskin azaldı, həmçinin sərnişin avia daşımaları, turizm, mehmanxana sahələri və s. kimi əslində ticari baxımından sıfra endi.  

“Azad bazar”ı ressesiya bataqlığından əllə çıxarmaq lazım gəldi və özü də, bunu məhz dövlət etdi, dövlət milli iqtisadiyyatları dəstəkləmək üçün fiskal və monetar üsullardan istifadə etdi. Neoliberalizmin vətəni ABŞ-da, dövlət, demək olar ki, faizsiz kreditlər verdi,  

Federal Rezerv sisteminin yenidən maliyyələşdirmə dərəcəsini minimumda saxladı, vergiləri sildi, ixracı subsidiyalaşdırdı, istehlak bazarını hər şəkildə dəstəklədi. Bir sözlə, nisbətən yaxın vaxtlara qədər bazar iqtisadiyyatının sadiq tərəfdarları üçün inanılmaz sayılan hər şeyi etdi.  

Özü də, varlı Amerika pul çapı dəzgahını işə salaraq korporasiyaları, maliyyə sektorunu və iqtisadiyyatın digər seqmentlərini qaldırmağı seçdi. Belə ki, təkcə keçən il Amerika Birləşmiş Ştatları bütün mövcud dollarların - 9 trilyon dolların dörddə biri qədər çap etdi və bu il də milli valyutanın emissiyasını davam etdirməyi planlaşdırır. Oxşar proseslər Avropa Birliyində, Yaponiyada və dünyanın bir sıra başqa ölkələrində də müşahidə olunur, lakin daha kiçik miqyasda. İstənilən halda, məhz bu tədbirlər dünyanın aparıcı iqtisadiyyatlarının artım dinamikasına təkan verib, neft və digər xammal qiymətlərini sürətləndirib, istiqrazların və digər qiymətli kağızların satın alınmasını dəfələrlə artırıb və bu da bazarlara kəskin yüksəlişə səbəb olub.  

Dünyanın bir sıra aparıcı iqtisadiyyatlarında baş vermiş nəhəng pul inyeksiyaları dünya iqtisadiyyatına ən əlverişli təsir göstərməsi Dünya Bankının iyun ayında dərc etdirdiyi «Global Economic Prospects» (GEP) icmalında da bildirilir: Dünya Bankı 2021-ci il üçün dünya ÜDM-də gözlənilən

artımı 4 faizdən 5,6 faizə yüksəltdi – bu, son 80 il üzrə ressesiyadan sonra ən sürətli bərpa templərinin göstəricisidir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının proqnoz göstəriciləri isə daha yaxşı görünür, qurum

bu il üçün dünya ÜDM-nin artım tempi gözləntilərini 4,2%-dən 5,8%-ə yüksəldib.

 

Köhnəlmiş disbalans

Əlbəttə, ABŞ və Avropa Birliyi iqtisadiyyatlarına dövlət yardımının monetar və başqa mexanizmlərinin effektivliyindən danışarkən, bu yolun xərclərini unutmaq olmaz, bu, Amerikada dövlət borcunun misli görünməmiş drəcədə artması ilə nəticələnib və aparıcı rezerv valyutalarının nəzarətsiz emissiyası üzündən bütün dünyada inflyasiyanın kəskin artımı baş verib. Bu proseslər daha çox qiymətlərin son on ildə ən yüksək olduğu dünya ərzaq bazarında özünü göstərir.

Bütün bunlar çox təəssüf doğurur, çünki 2021-ci ildə uyğun olaraq 5,8% və 8,5% ÜDM artımı proqnozlaşdırılan ABŞ və Çindən fərqli olaraq, bazarı formalaşmaqda olan və inkişaf etməkdə olan dövlətlərin təqribən üçdə ikisi 2022-ci ilə qədər əhalinin adambaşına gəlirlərinin azalmasının əvəzini ödəyə bilməyəcəklər. Pandemiya fonunda peyvəndləşmədə geri qalmalar isə, son illərdə yoxsulluğun azaldılması və məşğulluğun artımında baş vermiş bütün uğurları sıfra endirir və aşağı gəlirli ölkələrdə qeyri-sabitliyi daha da artırır.

Pandemiya böhranı və onun aradan qaldırması üzrə olduqca mübahisəli üsullar dünya iqtisadiyyatında uzun müddətdir mövcud olan disbalansı daha da artırdı, zəngin və yoxsul ölkələr arasındakı uçurumu dərinləşdirdi. Ancaq eyni zamanda, dünya iqtisadiyyatını gəlirlərin artırılması prinsipləri əsasında qurulmuş liberal azad bazar modeli ilə və ya yalnız bir neçə ölkənin biznesə dəstək üçün pul daxil etmə imkanları ilə müalicə etməyin qeyri-mümkünlyünə inam da artdı.

Getdikcə siyasətçilər dövlət tərəfindən zəmanət, baza gəliri və ədalətli proporsional vergilər haqqında daha çox danışmağa başlayıblar. Ən başlıcası isə, tanınmış iqtisadçı, Davos Forumunun qurucusu Klaus Şvab düşünür ki, pandemiya çağdaş kapitalizmin ideologiyası barədə yenidən düşünməyi lazım olduğuna inandırdı, çünki dövlət, biznes və ictimaiyyət böhranlara ayrı-ayrılıqda tab gətirə bilməz. Neoliberal ideologiya öz azad bazar prioriteti ilə zəhmətkeşlərin hüquqlarının pozulmasını gətirib çıxarır, iqtisadi təhlükəsizliyi azaldır, transmilli inhisarların yaranma təhlükəsini artırır, həmçinin offşor və başqa azad zonaların vasitəsi ilə dağıdıcı vergi rəqabətinə səbəb olur. Uyğun olaraq, K.Şvab ticarət, vergi və rəqabət qaydalarına yenidən baxılmasının lazım olduğunu düşünür.

Yeri gəlmişkən, bu istiqamətdə atılan ilk addımlardan biri də bu yaxınlarda dünyanın bir sıra ölkələrinin «Amazon», «Google» və «Facebook» kimi transmilli şirkətlərdən rəqəmsal vergi alınması barədə qərarı olub. Bu tədbir İT nəhənglərinin öz gəlirlərini aşağı vergili ölkələrin yurisdiksiyasına köçürmə imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq, onları satış həyata keçirdikləri ölkələrdə əlavə vergi ödəməyə məcbur edəcək. G7 üzvləri transmilli şirkətlərin vergiyə cəlb edilməsi ilə bağlı anlaşmaya yaxındırlar ki, bu da dünyanın ən böyük korporasiyalarından vergi tutulması üzrə yeni prinsiplərin yaradılmasına zəmin yaradacaq.

 

ESG meyarları

Bundan əlavə, son vaxtlara qədər düşünülürdü ki, bir şirkət öz səhmdarlarına nə qədər çox dividend ödəyərsə, bir o qədər yaxşı olar. Bu gün isə ön plana yalnız səhmdarların maraqları deyil, həm də korporativ və sosial məsuliyyət məsələləri, şirkətlərin ictimai rifaha və iqlim dəyişikliyi problemlərinin həllinə verdikləri töhfə çıxır. Təxminən, on il əvvəl, əsasən Avropa ölkələrinin korporativ sektorunda yaranmış bu yanaşmalar hazırda dünyanın müxtəlif bölgələrində geniş yayılıb və ESG meyarları: ətraf mühit, cəmiyyət və korporativ idarəetmə məsuliyyəti meyarları adlanır. Uyğun olaraq, bu yanaşmalar dayanıqlı anlayış - ESG meyarlarına qeyd-şərtsiz riayət etməklə mənfəət əldə edilməsini nəzərdə tutan məsuliyyətli sərmayə anlayışını formalaşdırıb.

Əsas məsuliyyətli sərmayə prinsiplərindən biri onunla bağlıdır ki, investorlar qərar qəbul etmə prosesinə ESG meyarlarını daxil etməlidirlər. Belə ki, ekoloji göstəricilərin qiymətləndirilməsi zamanı şirkətin ətraf mühitə mənfi təsirləri azaltmağa cəhd edib-etməməsinə diqqət yetirilir. Bu cür fəaliyyətlər sırasına, məsələn, şirkətin tullantıların azaldılmasına cəhdlə, biomüxtəlifliyin qorunmasına köməklə və iqlim dəyişikliyinin təsirlərina qarşı mübarizə ilə bağlı öhdəliklərini əhatə edə bilər. Sosial göstəricilər insan kapitalının idarəedilməsi ilə bağlıdır: işçilər üçün əlverişli əmək şəraitinin yaradılması, gender bərabərliyinin təmin edilməsi, yerli icmaların qorunması. İdarəetmə amilləri sırasına - vergi strategiyası, korrupsiyaya qarşı mübarizə, şirkətin hədəflərinin səhmdarlarla razılaşdırılması daxildir.

Təxminən, on beş il əvvəl ESG meyarlarına cavab verən şirkətlərə yatırılan investisiyaların daha çox dəbə hörmət göstərilməsi idi və yüksək gəlir üçün zəmanətli hesab edilmirdi, lakin bu gün getdikcə daha çox sərmayəçi bu cür təşəbbüslərin iqtisadi səmərəliliyinə inanır. Məsuliyyətli sərmayələr daha gəlirli olurlar, öz sahələrində liderləri və geridə qalanları müəyyənləşdirməyə imkan yaradırlar. «CuliusBaer» bank qrupunun ekspertlərinin rəyinə görə, dünyada zəngin müştərilərin, demək olar ki, yarısı bəyan edir ki, artıq ESG aktivlərinə sahibdirlər.

 

«Yaşıl» - iqtisadiyyatın yeni rəngidir

Məsuliyyətli investisiya üçün ən səmərəli alətlərdən biri "yaşıl" istiqrazlar və ya "yaşıl" bondlar hesab olunur. Bu qiymətli kağızları şirkətlər bərpaolunan enerji, tullantıların idarə olunması, biomüxtəlifliyin qorunması, ekoloji nəqliyyat, «yaşıl» tikinti və s. layihələrə sərmayə cəlbi üçün buraxırlar. "Yaşıl" investisiya prinsiplərinə uyğun olaraq, bu cür qiymətli kağızların emitentləri vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət etməli və layihələrin həyata keçirilməsində bütün proseslərin şəffaflığını təmin etməlidirlər. İlk "yaşıl" istiqrazın – «Climate Awareness Bond»un emitenti

2007-ci ildə Avropa İnvestisiya Bankı (AİB) olub. O vaxtdan bu yana AİB 16 fərqli valyutada, təxminən, 37 milyard dollarlıq «yaşıl» istiqraz buraxıb və istiqraz yerləşdirilməsindən əldə edilən gəlirlər 57 ölkədə 266 layihənin həyata keçirilməsinə sərf edilib. Bütünlükdə, keçən ilin sonuna qədər dünya miqyasında buraxılmış «yaşıl» istiqrazların ümumi dəyəri 830 milyard dolları keçib. ESG investisiyaları üçün klassik yatırım istiqamətləri az

karbonlu infrastruktur, hidrogen yanacağı istehsalı, enerji anbarlarının tikintisi, elektrik yükləmə stansiyaları, günəş və külək energetikası sahələrində generasiya güclərinin tikintisidir.  

"Yaşıl" istiqrazların buraxılışında dünya üzrə ABŞ-dan sonra ikinci sırada yer alan Çinin yaxın gələcəkdə dollar ifadəsində, təxminən, 16 trilyon infrastruktur investisiyalarına ehtiyacı var. Dövlətin iqtisadiyyatda iştirakının ənənəvi olaraq yüksək olduğu Çin getdikcə daxili istehlak tələbinə diqqət ayırır. Burada təhsil səviyyəsi artır, elm kapitallaşdırılır və elmi tədqiqat işlərinə və innovativ texnologiyalara, o cümlədən, ESG aktivləri sahəsinə sərmayələr dəstəklənir.

Postsovet məkanında isə hələ də ESG meyarlarına tam cavab verən çox az sayda şirkət var və məsuliyyətli investisiya mexanizmləri nisbətən zəif inkişaf edib. Bununla belə, pandemiyanın nəticələri aradan qaldırıldıqca və dünya iqtisadiyyatında 2030-cu ilə gözlənilən "yaşıl" keçidlə bağlı bu qlobal meyillər tədricən Rusiya, Qazaxıstan və Azərbaycanda tətbiq ediləcək. Bu, özəlliklə də, Avropa Birliyinin iqtisadiyyatın karbonsuzlaşdırılması səyləri və Avropa Birliyinə sənaye məhsulu ixracatçılardan tutulan sərhədyanı karbon vergisinin tətbiqi fonunda qaçılmazdır.


MƏSLƏHƏT GÖR:

142