24 Aprel 2024

Çərşənbə, 04:54

TƏXİRƏ SALINMIŞ HƏRƏKƏTİN ÖLÜMÜ

Görünən odur ki, dinc azərbaycanlıların hələ də minaya düşərək həlak olması beynəlxalq qurumların Ermənistanın əməllərinə adekvat qiymət verməsi üçün kifayət deyil

Müəllif:

16.06.2021

15 erməni diversant Ağdam rayonunda basdırılmış 97 min (!) tank və piyadalar əleyhinə minaların xəritəsi müqabilində Ermənistan tərəfinə təhvil verilib. Azərbaycanın Gürcüstan hökuməti, ABŞ-ın dövlət katibi, Avropa İttifaqı Şurasının prezidenti və ATƏT-ə sədrlik edən İsveçin iştirakı ilə atdığı bu addımın on minlərlə dinc vətəndaşımızın həyatını xilas etmək üçün atıldığını söyləməyə lüzum varmı? Qoy, daha heç kəs Kəlbəcər rayonunda minaya düşərək həlak olmuş azərbaycanlı jurnalistlər – AzTV-nin operatoru Sirac Abışov ilə AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun, həmçinin Kəlbəcər rayonunun Susuzluq kənd inzibati ərazisinin icra nümayəndəsinin müavini Arif Əliyevin taleyini yaşamasın.

 

Belə olmamalıdır!

Müharibə yoxdursa, insanlar həlak olmamalıdır. Üstəlik, həlak olanlar gənclərdisə, onlarla birlikdə azyaşlı övladlarının da həyatı məhv olur. Axı, valideynlər bütün həyatı hələ irəlidə olan övladlarını dəfn etməməlidir! Ağrılıdır. Bitmək bilməyən «niyə?» sualı insana rahatlıq vermir. Bu müharibəni biz başlamamışıq. Biz başqasının torpağına iddia etməmiş, dini məbədləri, saysız-hesabsız şəhər və kəndləri biz dağıtmamış, günahsız insanları biz öldürməmiş, şaxtalı havada insanları öz evlərindən ayaqyalın biz qovmamışıq. Hər yanı biz minalamamışıq. Bunları biz etməmişik! Bəs, ədalət indikatoru hanı? Onun fəaliyyət mexanizmi necədir? Niyə söhbət Azərbaycanın faciəsindən getdikdə, ortaya bunun real sübutları qoyulduqda bu indikatorun qırmızı işağı niyə yanmır? Amma biz Qarabağ qurbanlarını, o cümlədən KİV nümayəndələrini ilk dəfə deyil dəfn edirik. Bu, nə qədər davam edəcək? Kəlbəcər rayonunda baş vermiş faciə Ermənistanın cinayətkar əməllərinə beynəlxalq birliyin əhəmiyyət vermədiyini təsdiqləyən daha bir faktdır. Doğrudanmı dünyanın çoxsaylı hüquq təşkilatları sadəcə insan ölümündən «narahatlığını» ifadə etməklə kifayətlənməlidir? Onların Ermənistanın əməllərinə sanksiyalarla cavab verməyə cürətləri həqiqətənmi çatmır? Bəs, necə olur ki, Azərbaycan ərazisində artıq müharibənin bitməsindən sonra ələ keçmiş erməni diversantları ilə bağlı məsələ dərhal AŞPA-da müzakirəyə çıxarılır, Azərbaycana onların Ermənistan tərəfinə təhvil verilməsi ilə bağlı ard-arda çağırışlar edilir, azərbaycanlı jurnalistlərin ölümü ilə bağlı isə bu təşkilat bir kəlmə belə, danışmır? Azərbaycan Ermənistanın minalı ərazilərin, partlamamış mərmilərin yerləşdiyi nöqtələrin xəritəsini ona təqdim etməməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə ikinci dövlətlərarası şikayətini ünvanlayır, Avropa Məhkəməsi isə Bakının növbəti müraciətinə ayrılıqda baxmaqdan imtina edir və onu artıq mövcud müraciətə birləşdirir. Nəticədə, beynəlxalq hüquq təşkilatlarının vicdanına, qərəzsizliyinə inanmayan Azərbaycan minalı ərazilərin xəritəsi məsələsini özü həll edir – Ağdam rayonu ərazisində basdırılmış 97 min mina və piyadalar əleyhinə minanın xəritəsini 15 erməniyə dəyişməklə.

 

MDB ölkələri arasında üçüncü yer

«Təəssüf ki, Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ölkələrinə, həmçinin müxtəlif beynəlxalq təşkilatlara mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərməsi ilə bağlı çağırışları heç bir nəticə vermədi. Jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları hələ də susmaqda davam edir!»

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva. 

Hərbi əməliyyatların başa çatması ilə müharibə bitirmi? Yox! Müxtəlif təyinatlı minalar öz qara işini davam etdirir. Minaların partlamasından əsas zərər çəkənlər isə dinc sakinlərdir. Uşaqlar da tez-tez qurbana çevrilirlər. İllərdir bu, ölümlərə, əlilliklərə, insan iztirablarına səbəb olur. Partlayan mərmi yalnız onun üzərinə basmış şəxsi öldürmür, yalnız onu əlil etmir, həm də həmin anda yaxınlıqda olanları qurbana çevirir. Zərərçəkənlər və onların ailə üzvləri bundan sonra rahat yaşaya bilmir, daim baş vermiş hadisənin acı nəticələri ilə mübarizə aparır. Mina təhlükəsi böyük ölçüdə münbit torpaqların istifadəsinə imkan vermir, məcburi köçkünlərin doğma evlərinə qayıtmasına mane olur. Onilliklər ərzində Azərbaycan kimi, bir çox ölkə mina problemindən əziyyət çəkib və çəkir. BMT-nin statistikasına əsasən, müxtəlif hesablamalar yer üzündə 100-200 milyon ədəd müxtəlif tipli minanın basdırıldığını göstərir. Onların hamısı keçmiş müharibələrdən sonra zərərsizləşdirilməmiş qalır. Elə həmin statistikaya görə, müharibə dövründən qalmış minalar hər ay dünyada 500-800 insanın ölümünə və yaralanmasına səbəb olur. Üstəlik, onların hər üç nəfərindən biri uşaqdır.

Azərbaycan da istisna deyil. 1992-ci ildən ölkəmizdə 3 min nəfər minanın qurbanına çevrilib, onlardan 500-ü həlak olub. 2020-ci ildə Azərbaycan torpaqlarının işğaldan azad olunmasından və müharibənin başa çatmasından sonra erməni işğalçılarının həmin ərazilərdə basdırdıqları minalara 140-dan artıq insan düşüb. Onların 27-si həlak olub. Cənubi Qafqaz ölkələri arasında Azərbaycan minalardan ən çox vətəndaşının zərər gördüyü ölkədir. MDB-də isə o, Rusiya və Ukraynanın ardından üçüncü yerdədir.

Amma görünən odur ki, bu göstərici beynəlxalq hüquq təşkilatları üçün ciddi göstərici deyil. Axı, faciə Azərbaycanda baş verir. Odur ki, yaşananlara adekvat reaksiya yoxdur. Təsəvvür edirsinizmi, minalı ərazidə Avropanın cəmi bir vətəndaşı partlasa, dünyada necə səs-küy qaldırılar? 

«Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür».

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva. 

Münaqişə vəziyyətində olan, mina təhlükəsi ilə qarşı-qarşıya qalmış Azərbaycan 1997-ci ildə Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair Konvensiyanı imzalamaqdan imtina edib. Lakin Azərbaycan hökuməti hər zaman bu konvensiyada yer almış ideyalara dəstək verib. Bu, özünü 1998-ci ildə ölkədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılması ilə də göstərib – hazırda qurum Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi adlanır. O, Azərbaycan hökuməti ilə BMT-nin İnkişaf Proqramının birgə layihəsi, Minalar əleyhinə proqramın orqanıdır. Bundan başqa, ərazilərin minalardan təmizlənməsi uzun prosesdir. Hər il beynəlxalq maliyyə institutları və inkişaf etmiş dövlətlərin simasında donorlar (ən böyük donor ABŞ-dır) minalı ərazilərin təmizlənməsinə ciddi vəsait ayırır. Amma ayrılan vəsait heç də bütün ölkələrə çatmır. Bu gün Azərbaycan ərazilərinin minalardan təmizlənməsi prosesinin xərcinin bir hissəsini özü ödəyir. Üstəlik, o, hər il «Piyada əleyhinə minaların qadağan olunması üzrə Beynəlxalq kampaniya»ya vəziyyətlə bağlı könüllü şəkildə hesabat da təqdim edir. Bütün bunlar Azərbaycanın bu və ya digər formada humanitar minalar əleyhinə tədbirlər gördüyünün, proqramlar icra etdiyinin göstəricisidir. Bu ilin martında ANAMA ilə BMT-nin İnkişaf Proqramı Dağlıq Qarabağ münaqişəsi zonasının minalardan təmizlənməsində əməkdaşlıq sazişi imzalayıblar. Bununla əlaqədar olaraq, BMT-nin İnkişaf Proqramı və Fövqəladə vəziyyətlərə reaksiya üzrə Mərkəzi Fondu Azərbaycana texniki dəstək göstərəcək, lazımi avadanlıqlar verəcək, istehkamçılar komandasının hazırlanmasına yardım edəcək, həmçinin münaqişə nəticəsində dağılmış infrastrukturun bərpasına kömək edəcək.

Yeri gəlmişkən, Azərbaycan istehkamçıları, ANAMA əməkdaşları dünyada bu sahədə ən yaxşı mütəxəssislərdən sayılırlar. Son 20 ildə agentlik BMT-nin İnkişaf Proqramı ilə birgə səylər nəticəsində 800 mindən artıq mina və digər partlayıcı obyekti zərərsizləşdirib. 44 günlük müharibədən sonra isə azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesinə start verilib. Bu gün Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Tərtər, Xocavənd rayonlarında, həmçinin Şuşada evlərin və həyətlərin minalardan təmizlənməsi prosesi gedir. Artıq, təxminən, 2051 hektar ərazi təmizlənib. Prosesin gedişində 18 648 mina və partlamamış sursat tapılaraq zərərsizləşdirilib. 16 obyektdə minaların təmizlənməsi işi başa çatdırılıb. Suqovuşanda 10 kilometrlik avtomobil yolu, Füzuli-Hadrut və Füzuli-Şuşa marşrutu üzrə elektrik xətlərinin çəkildiyi ərazilər minalardan təmizlənib. Hazırda 19 layihə üzrə işlər davam etdirilir. Buraya avtomobil və dəmir yolları da daxildir. Məsələn, Bərdə-Ağdam dəmir yolu, Füzuli-Zəngilan elektrik xəttinin çəkildiyi yol və s. Füzuli-Şuşa avomobil yolunun da təmizlənməsi prosesi davam edir. Artıq Zəfər yolu təmizlənərək istismara verilib.

 

Ermənistan nə edir?

Bütün bu illər ərzində Azərbaycan ərazilərini minalamaqla məşğul olmuş Ermənistan torpaqlarının azad olunmasından sonra minalı ərazilərin xəritələri və diversantlar məsələsində spekulyasiya ilə məşğuldur. O, diversantların hərbi əsirlər olduqlarını belə, iddia edir. 15 erməninin minalı ərazilərin bir hissəsinin xəritəsi ilə dəyişdirilməsindən sonra isə Ermənistanın üçüncü prezdenti Serj Sarqsyan seçkiqabağı kampaniyası çərçivəsində əlavə xal qazanmaq üçün daha bir sərsəm bəyanatla çıxış edib: onun fikrincə, miqnalı ərazilərin xəritəsinin müqabilində «daha çox erməni əsiri» geri qaytarmaq olarmış. 

«30 il ərzində bu ərazilər minalanıb. Təsəvvür edirsiniz, bu xəritələr nə qədər qiymətlidir? Ortaya bir sıra suallar çıxır. Niyə yalnız 15 nəfər? Bu xəritələr bizə 15 əsir əsgər və zabitin geri qaytarılmasından daha böyük imkanlar verirdi»

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan. 

Sən demə, Ermənistanın son 30 ildə fəxr edəcəyi iş yeni binaların ucaldılması, iqtisadiyyatın inkişafı, vətəndaşların rifah halının yaxşılaşdırılması, məhsuldar dinc xarici siyasət yox, Azərbaycan ərazilərinin minalanması imiş (!) Amma bu sözləri hərbi cinayətkar, Azərbaycan uşaqlarının qatili səsləndirirsə, təəccüblənməyə dəyərmi? Sarqsyan Birinci Qarabağ müharibəsinin gedişində dinc azərbaycanlıların qətlində şəxsən iştirak edib. Amma necə deyərlər, nə əkərsən, onu da biçərsən. Ermənistan “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” 1997-ci il Konvensiyasına imza atmaqdan imtina edən ölkədir. Əvəzində o, 2000-ci ildə BMT Baş Assambleyasının bütün ölkələri piyada əleyhinə minaların ümumi şəkildə qadağan olunmasını dəstəkləməyə çağıran qətnaməsini imzalayıb. Sənədi imzaladıqdan sonra belə, minalarla dolu əraziləri qoruyub saxlamış dövlət üçün bu, absurd deyilmi? Ermənistan beynəlxalq hüququn onun üçün əhəmiyyət daşımadığını ilk dəfə nümayiş etdirmir. Onlar işğalı davam etdirdikləri 30 il ərzində bu passiv silahlanma formasından istifadə edərək, minaların onları Azərbaycan Ordusunun hücumundan qoruyacağını düşünüblər. Amma mina Azərbaycan əsgərini dayandıra bilməyib.

Bütün bunlarla yanaşı, son olaylar və Avropa İnsan Haqları Məhkəməsinin davranışı göstərir ki, Ermənistan rəhbərliyinin insansevərliyə zidd addımları beynəlxalq hüquq təşkilatları tərəfindən də dəstəklənir. Hər halda, silahlı münaqişələrdə müxtəlif növ minalardan istifadənin qadağan olunmasına çağırışlar edən bu təşkilatlar dinc azərbaycanlıların məhz minaya düşərək həlak olmalarına göz yumur. 

«İki azərbaycanlı jurnalistin Azərbaycanın azad olunmuş ərazilərində minaya düşərək həlak olması ilə əlaqədar dərin iztirabımı və təəssüfümü bildirirəm. Məhərrəm İbrahimovla Sirac Abışovun faciəvi ölümü dəhşətli xəbərdir.

Onların yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm. Hüquq mühafizə orqanları araşdırmalara başlayıb. Ümid edirəm ki, istintaq günahkarların məsuliyyətə cəlb olunmasını təmin edəcək».

ATƏT-in KİV-lərin azadlığı məsələləri üzrə nümayəndəsi Tereza Ribeyro. 

Bu dərin iztirabdan görünür ki, Ermənistanın əməlləri pislənmir və sərt tənqidlə qarşılanmır. 

«Kəlbəcərdə üç nəfərin, o cümlədən iki junalistin ölümünə, bir neçə nəfərin yaralanmasına səbəb olmuş mina partlayışı münaqişə bölgəsi olmuş ərazilərin, o cümlədən beynəlxalq əməkdaşlıq çərçivəsində minalardan təmizlənməsinin vacibliyini göstərir».

Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç. 

Yenə də Ermənistan haqda danışılmır – nə onu pisləyən var, nə hansısa sanksiyanın tətbiqinə çağıran. Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana hər hansı təzyiq göstərilməsi haqda da bir kəlmə yoxdur. «Piyada əleyhinə minalar Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində dinc əhali üçün təhlükə olaraq qalır. 

Azərbaycanın Kəlbəcər rayonu yaxınlığında tank əleyhinə minanın partlaması nəticəsində üç dinc sakin həlak olub. Minanın oraya bu yaxınlarda basdırıla biləcəyi ehtimalı xüsusi narahatlıq yaradır – demək, hədəf dinc sakinlər olub. Minalar mülki əhaliyə davamlı təhlükədir. Onlar postmünaqişə dövründə bərpa işlərinin aparılmasına da mane olur».

«Human Rights Watch» təşkilatının Avropa və Mərkəzi Asiya şöbəsi müdirinin müavini Georgi Qogiya. 

Daha konkret olan bu bəyanatda da Ermənistanı pisləyən bir cümlə belə, yoxdur. 

«Azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda minaya düşərək faciəvi şəkildə həlak olması məni sarsıdıb. Azərbaycanlı jurnalistlərin ölümünü kəskin pisləyirəm. Jurnalistlər peşəkar fəaliyyətlərini şəxsi təhlükəsizliklərini riskə atmadan həyata keçirmək imkanına malik olmalıdırlar».

UNESCO-nun baş direktoru Odre Azule. 

Bəli, jurnalistlər peşəkar fəaliyyətlə həyatlarını riskə atmadan məşğul ola bilməlidirlər. Amma təəssüf ki, Ermənistanın insanpərvərliyə zidd əməllərinə beynəlxalq birliyin səthi yanaşması görünməmiş cəzasızlıq mühiti yaradır. Bir tərəf üçün pis olan digəri üçün normaldır. Bütün bu bəyanatlar, sadəcə, protokol xarakterlidir və bu, Ermənistanda dövlət siyasəti ranqına qaldırılmış terrorun dəstəklənməsindən başqa bir şey deyil.

Taleyin qismətindən, BMT-nin baş katibi Antoniu Qutyerriş Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü münasibəti ilə cəmi bir neçə ay əvvəl – aprelin 4-də xüsusi bəyanatla çıxış etmişdi. O, bəyanatında hələ də konsvensiyaya qoşulmamış dövlətləri dərhal bu addımı atmağa çağırırdı. Baş katib bildirirdi ki, yerüstü minalar, və kustar üsulla hazırlanmış partlayıcılar əhalinin zəif təbəqəsinə, məcburi köçkünlərə, bəxti gətirməyən şəxslərə və uşaqlara qeyri-proporsional səviyyədə ziyan vurur. Onlar münaqişələrin sülh yolu ilə nizamlanmasına mane olur, humanitar yardımların çatdırılmasını çətinləşdirir və hərtərəfli dayanıqlı inkişafa əngəl yaradır. 

«Təəssüf ki, bəzən minaların təmizlənməsi sahəsində əldə etdiyimiz irəliləyiş puça çevrilir. Bununla yanaşı, minaların törətdiyi təhlükəyə dair təkcə maarifləndirmə və təbliğat işləri ilə kifayətlənə bilmərik. BMT Nizamnaməsi bizdən bu işi tamamlamağımızı tələb edir: bu öldürücü qurğuları axtarıb, təmizləyib və məhv etməyimizi. Gəlin, bu onilliyi bu problemlə mübarizə aparmalı olduğumuz sonuncu onillik edək».

BMT-nin baş katibi Antoniu Qutyerriş. 

Analoji çağırışı Fransanın Azərbaycandakı səfiri Zakari Qross da edib:

«Müharibə başa çatdığı və minalardan təmizləmək kimi böyük bir iş başladığından, Azərbaycan və

Ermənistanın minaların qadağan edilməsinə dair Ottava konvensiyasına qoşulmaları ürəkaçan olardı». 

Azərbaycan konvensiyaya qoşulmadan da son 30 ildə ərazilərinin minalardan təmizlənməsi ilə məşğuldur. Lakin bizim bu humanitar missiyamız beynəlxalq birlik tərəfindən adekvat qəbul olunmalı, dəstəklənməli, Ermənistan siyasi rəhbərliyinin əks-fəaliyyəti isə pislənməli, diqqətdən kənarda qalmamlıdır. Yalnız bu halda beynəlxalq hüquq təşkilatları nümayəndələrinin protokol bəyanatlardan kənara çıxdığını söyləmək mümkün olacaq.

Bu gün dünyada ən çox minalanmış ölkənin Əfqanıstan olduğu deyilir. Lakin Kamboca, Laos, Bosniya və Anqola da ondan geri qalmır.

Bundan başqa, Myanma, Liviya və Suriya kimi «qaynar nöqtə»lərdə, o cümlədən İŞİD kimi qruplaşmalar hələ də yerüstü minalardan istifadə edir. 2015-ci ildə ölkələr üzrə piyada əleyhinə minalardan zərərçəkmiş insanların statistikası belə olub: Əfqanıstan-1310, Yəmən-988, Ukrayna-589, Kolumbiya-221, Mali-167, Kamboca-111, Sudan-104. İndi isə təsəvvür edin ki, siyahıda Azərbaycan da yer alır. Yalnız müharibənin bitməsindən keçən 7 ayda Azərbaycanda 140-dan artıq şəxs minaya düşüb.



MƏSLƏHƏT GÖR:

186