29 Mart 2024

Cümə, 12:47

ŞUŞA İTTİFAQI

Azərbaycanla Türkiyə arasında Qarabağda imzalanmış Bəyannamə son dərəcə əhəmiyyətli, beynəlxalq miqyaslı tarixi hadisədir

Müəllif:

16.06.2021

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməni işğalından azad olunmuş Qarabağa ayaq basmış ilk dünya lideri oldu. O, hələ bu səfəri ərəfəsində Azərbaycanla ölkəsi arasında əməkdaşlığa dair hərtərəfli sənədin imzalanacağının anonsunu vermişdi. Bu sənəd «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi» oldu.

Əlbəttə ki, Azərbaycanla Türkiyə arasında münasibətlər hər zaman müttəfiqlik xarakteri daşıyıb. İki ölkə arasında əməkdaşlıq özündə düz 300 ikitərəfli sənədi cəmləyən ciddi hüquqi bazaya əsaslanır. Bu günədək Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına 13 milyard dollar investisiya qoyub. Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyanın həcmi isə 19 milyard dollardır. Qarşılıqlı əməkdaşlıqda belə müsbət rəqəmləri çox sadalamaq olar.

Müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması isə yeni geosiyasi reallığın əksidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalı altındakı torpaqların azad olunmasından dərhal sonra demişdi.

«Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır. Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsi. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq.

İkinci önəmli məsələ nəqliyyat məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır», - deyə İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatında bildirib.

Bəyannamədə düz 100 il əvvəl imzalanmış Qars müqaviləsinə istinad olunmasını isə rəmzi məqam saymaq olar. İlham Əliyev də dediyi kimi, bu sənədin Şuşada imzalanması Azərbaycanla Türkiyənin gələcək əməkdaşlıq istiqamətini göstərir.

Xatırladaq ki, 1921-ci ildə imzalanmış Qars müqaviləsinə əsasən, Türkiyə ilə Rusiya Azərbaycanın Naxçıvan muxtariyyətinin qarantı qismində çıxış edirlər. Prezidentlərin bəyanatlarından anlaşılır ki, Şuşa Bəyannaməsinə də bu cür baxılmalıdır – yeni sənəd faktiki olaraq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təhlükəsizliyə zəmanət verir.

Yeri gəlmişkən, Türkiyə tezliklə Şuşada Baş konsulluğunu da açmaq niyyətindədir. İki ölkənin birgə addımlarının son nöqtəsi isə regionda sülh və əməkdaşlığı gücləndirəcək sabitləşdirici amilin yaradılmasıdır.

«Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Altılı platforma dedik. Bu altılı platformada bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək», - deyə Türkiyə prezidenti R.T.Ərdoğan qeyd edib.

İndi Azərbaycanla Türkiyənin Ermənistan qarşısında qoyduqları yeganə şərt nifrət və təhrikçilik siyasətindən əl çəkməsidir. «Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik. Bu ümidverici proses Azərbaycan ilə Ermənistanın imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə tamamladıqları halda çox sağlam şəkildə davam edəcəyinə inanırıq», - deyə Ərdoğan bildirib.

Amma görünən odur ki, Ermənistanın müharibədəki məğlubiyyətdən özünə gəlməsi, kapitulyasiya nəticəsində daxildə yaranmış xaosu aradan qaldırması, yeni reallığı dərk etməsi üçün zaman lazımdır. Təəssüf ki, vəziyyətin Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkisindən dərhal sonra düzələcəyinə də ümid etmək mümkün deyil.

Hər halda, hələlik İrəvandan yalnız qeyri-adekvat bəyanatlar eşidilir: «Ermənistan XİN-i Türkiyə və Azərbaycan prezidentlərinin ermənilərin Azərbaycan tərəfindən işğal edilmiş mədəni və tarixi mərkəzi olan Arsaxa – Şuşi şəhərinə birgə səfərini sərt şəkildə pisləyir».

Sən demə, əsası 1752-ci ildə Azərbaycan xanı Pənahəli xan tərəfindən qoyulmuş, əhalisinin 98%-ni hər zaman azərbaycanlılar təşkil etmiş Şuşa bu gün «Azərbaycanın işğalı altında» imiş!

Xankəndidəki marionet separatçı rejimin qalıqları daha da «irəli» gediblər. Onlar Ərdoğanın əməlini «Rusiyanın regiondakı sülhməramlı missiyasına mane olmaq cəhdi, kövrək sabitliyə zərbə endirilməsinə yönəlmiş şeytan planı» adlandırıblar. Separatçılar beynəlxalq təşkilatları, o cümlədən ATƏT-in Minsk qrupunu və konkret olaraq Rusiyanı «Türkiyənin aqressiv cəhdlərinin qarşısını almağa» çağırıblar.

Əlbəttə ki, Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından sonra erməni tərəfindən Rusiya ilə sərhəddə yeni «qorxulu nağıllar», yaxud Ankaranın NATO-nun imicinə zərbə vurduğu haqda iddialar gözlənilən idi. Amma Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov RTVI-yə müsahibəsində diqqəti Ərdoğanın Şuşaya NATO sammitindən dərhal sonra yollandığına çəkib. O, Ankaranın həmin sammitdə alyans üzvləri tərəfindən son dərəcə ciddi dəstək aldığını da xatırladıb: «Məsələn, bildik ki, Əfqanıstanda və NATO üçün aktiv zonalar olan bir sıra digər bölgələrdə Türkiyəyə xüsusi rol verilir. Odur ki, NATO-nun önəmli üzvlərindən birindən belə təhlükəsizlik çətiri almağımız regionda vəziyyəti dəyişir».

Bununla yanaşı, Zülfüqarov hesab edir ki, Azərbaycanla Türkiyə arasında müttəfiqlik sənədinin imzalanması Rusiya-Türkiyə münasibətlərində gərginlik kimi qiymətləndirilməməlidir. «Ərdoğan ilə Putinin problemli məsələlərlə bağlı razılığa gələ bildikləri indiki vəziyyətdə bu, dissonans kimi görünür. Çünki indiki mərhələdə Moskvanın digər NATO üzvləri ilə münasibətləri ortadadır. Beləliklə, indiki dövrdə bu bölgədə Qərb siyasətinin Türkiyə kimi bələdçisi, regional təhlükəsizliyin təminində Türkiyə kimi tərəfdaş Rusiya üçün daha qəbulediləndir», - deyə sabiq XİN başçısı bildirib.

Beləliklə, bütün dünyanın bir, Ermənistanın isə fərqli reallıqla yaşadığı ortadadır. Orada hələ də praqmatik maraqlar deyil, «dənizdən dənizə» Ermənistan haqda əsrlərdən gələn mif, erməni xalqının müstəsnalığı kimi cəfəng ideyalar hakimdir. Bu gün regionda bütün proseslərin Ermənistandan yan keçməsi də məhz bununla bağlıdır. Beyni zəhərlənmiş bu cəmiyyəti ayıltmağa çalışanlar isə çox azdır. Məsələn, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan kimi. «Azərbaycanı getməyə kim məcbur edəcək? Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi sayır», - deyə o, bildirib. Ter-Petrosyan hesab edir ki, bu gün Ermənistan həllecidi səsə malik deyil. Əslində, o, erməni ictimaiyyətinə bu xəbərdarlığı hələ 1997-ci ildə etmişdi: «Bu gün qəbul etmədiklərimizi gələcəkdə xahiş etməli olacağıq, lakin əldə edə bilməyəcəyik. Tariximizdə dəfələrlə belə olub»…



MƏSLƏHƏT GÖR:

175