25 Aprel 2024

Cümə axşamı, 10:08

EYNİ VAXTDA İKİ RƏQİBƏ QARŞI

Çingiz Hüseynzadə: «Tokio olimpiadası fərqli olacaq»

Müəllif:

01.07.2021

İyulun 23-də planetin ən mötəbər idman yarışı Tokio Yay Olimpiya Oyunlarına start veriləcək. Artıq Azərbaycan olimpiya yığması olimpiadaya hazırlığı başa vurmağa hazırlaşır. Sirr deyil ki, ölkəmiz üçün olimpiya oyunları hər zaman xüsusi önəm daşıyıb. Azərbaycanda idmana yaradılan yüksək şərait təmsilçilərimizə böyük yarışlarda layiqli çıxış etməyə imkan verir. Bununla belə, bu il olimpiada əvvəlki yarışlardan fərqli olacaq. Çünki çempion olmaq istəyən idmançı həm rəqibə, həm də dünyanı bürüyən koronavirusa qarşı mübarizə aparmalıdır.

Tokio-2020 Olimpiadasında tətbiq olunacaq qaydalar və idmançılarımızın hazırlıq vəziyyətini öyrənmək üçün Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadəylə görüşdük. MOK-un vitse-prezidenti ilə eksklüziv müsahibəni təqdim edirik.

- Azərbaycan Olimpiya yığmasının Tokio-2020 Olimpiadasına hazırlığını necə qiymətləndirirsiniz?

- Mövcud şəraiti nəzərə alsaq, yığmamızın Tokio Olimpiadasına hazırlığını çox yaxşı qiymətləndirirəm. Əlbəttə, daha yaxşı hazırlaşmaq olardı. Pandemiya şəraitində idmançılarımıza mümkün olan bütün şərait yaradılıb. Xarici ölkələrdə və Azərbaycanda lazımi təlim-məşq toplanışları təşkil edilib. Əvvəlki olimpiadalar zamanı olan hazırlıq səviyyəsinə çata bilməsə də, pandemiya dövründə mümkün olanın ən yaxşısını etmişik.  

- Pandemiyaya görə Tokio-2020 Olimpiadası bir il gecikmə ilə, bu ilin avqustunda baş tutacaq. Yarışın 1 il sonra keçirilməsi hansı çətinlikləri yaratdı?

- Böyük çətinliklər yarandı. İdmançıların yaşı bir il artdı. Fiziki formanın saxlanılması bir il uzandı. Eyni zamanda müsbət tərəfi də oldu. Gənc idmançılarımız olimpiadaya daha təcrübəli yollanmaq imkanı qazandı.  

- Lisenziya sayı ilə bağlı son məlumat necədir? 2016-cı ildəki olimpiadadan fərqli lisenziyaların az olmasını necə izah edərdiniz?

- 2016-cı ildə keçirilən Rio De Janeyro Olimpiadası ərəfəsində pandemiya yox idi. Yarışlar çox keçirildi, idmançılar üçün məhdud sayda turnir təşkil olunmurdu. Bunun obyektiv səbəbləri var. Lisenziyaların qazanılması hələ davam edir. Bir neçə idman növündə vəsiqə ala bilərik. Bunlar atletika, ağırlıqqaldırma, üzgüçülükdə mümkündür. Triatlonda da yenə lisenziya gözləyirik. Onların sayı arta bilər. Hansı idman növünün nə qədər lisenziya qazanması ilə bağlı bizdə ənənə vardı. Çüdoçular planı artıqlaması ilə doldurdular. Bu dəfə 9 nəfərlə gedirlər. Güləşçilər isə 7 nəfərlə gedir, ötən dəfə 14 iştirakçı idi. Ona görə deyirəm ki, güləşdə çalışıb kəmiyyətlə deyil, keyfiyyətlə cavab verək, yəni bürünc və gümüşdənsə, qızıl medal qazanaq. Komandanın say baxımından az olması səbəbindən bunu deyirəm. Pandemiya çox şeyi dəyişdi. Hazırda rəsmi təsdiqlənən 14 idman növü üzrə 42 lisenziyamız var.

- Tokioda Azərbaycan idmançılarından hansı nəticəni gözləmək olar. Belə deyək, proqnoz vermək mümkündür?

- Unutmayaq ki, bu Olimpiya Oyunları əvvəlkilərə bənzəmir. Tamamilə başqa oyunlardır, başqa şəraitdir. Əlbəttə, pandemiya həm hazırlığa, həm lisenziyaların sayına, həm də bütün həyatımıza təsir göstərib. Bu, belə mürəkkəb şəraitdə keçirilən ilk olimpiadadır. Ona görə proqnoz vermək çox çətindir. Düzdür, həmişə müəyyən proqnozlar verərdim. Kifayət qədər reallığa yaxın olurdu. Bu dəfə də əminəm ki, medallarımız olacaq, az olmayacaq. Yüksək əyarlı medallarımız olacaq. Çalışacağıq ki, bu il kəmiyyətdən çox, keyfiyyətə fikir verək. Ən azı 8 medal gözləyirik. Yeddi güləşçimizin hər birindən, cüdoçularımızdan medal gözləyirəm. Bu dəfə əsas ümidimiz karateçilərdir. Onlardan yaxşı nəticə gözləyirik. Boksdan, taekvondodan medala namizədlərimiz var. Komandada güclü idmançılar yer alıb. Rio Olimpiadası bizə nəyi öyrətdi? Səkkiz idmançımız finala çıxdı, ancaq onlardan cəmi biri qızıl medal qazana bildi. Halbuki onların hər biri qızıl medal ala bilərdi. Kəmiyyəti deyil, keyfiyyəti düşünmək lazımdır.

- Ayrı-ayrı idman növlərinə nəzər salsaq, güləşdə lisenziya sayı çox az oldu. Sizcə, güləşdəki problemin səbəbi nədir?

- Əsas problem odur ki, lisenziya yarışlarının sayı az oldu. İdmançılarımızın bəziləri virusa yoluxdu. Sonra tam bərpa oluna bilmədi. Buna görə lisenziya sayı müəyyən mənada az oldu.  

- Tokioda COVİD-19-la bağlı hansı qaydalar tətbiq olunacaq?

- Bizə verilən məlumatları bütün federasiyalara təqdim etmişik. Yaponiyaya getməzdən 72 saat öncə xüsusi laboratoriyada 2 test veriləcək. Hər iki test neqativ olmalıdır, hansısa biri pozitiv çıxsa, həmin şəxs Tokioya gedə bilməyəcək. Yaponiya paytaxtında idmançılar və federasiya nümayəndələri hər gün ekspres-testdən keçəcəklər. İki gündən bir isə PCR testi veriləcək. Pozitiv nəticə olsa, həmin şəxs karantinə alınacaq. Karantinə düşən şəxs iki neqativ PCR test təqdim etməli və karantindən çıxmalıdır. İdmançılara evə qayıtmaq üçün 48 saat vaxt veriləcək. Yarışdan sonra Bakıya dönmək üçün də testin nəticəsi mütləq neqativ çıxmalıdır. Tokio-2020 Yay Olimpiya Oyunlarında idmançıların test nəticələri ilə razılaşmadığımız halda yenidən test tələb etmək hüququ var. Bizdə olan məlumata görə koronavirus aşkarlanan idmançı diskvalifikasiya olunmayacaq. Yəni final görüşündən öncə idmançının testi müsbət çıxırsa, o, görüşə buraxılmır, amma avtomatik olaraq, gümüş medal qazanır. Bir yerdə qalan idmançıların hansısa koronavirusa yoluxsa, bütün komanda karantinə alına bilər. Hamı eyni vəziyyətdədir. Özümüzü mütləq qorumalıyıq. Bu, hamı üçün riskdir. Ona görə də hər gün test verməli, qaydalara əməl etməliyik. Nümayəndə heyətinə Olimpiya kəndini tərk etməyə icazə verilmir.  

- Olimpiyaçılarımız və nümayəndə heyətimizin neçə faizi vaksin olunub?  

- Tokioya gedəcək nümayəndə heyətimizin əksər üzvləri vaksin olunub. Bəziləri bu xəstəliyi keçirib. Faizlə hesablamırıq. Amma çalışırıq səfərdən öncə hamı vaksin vurdursun.  

- Olimpiya yığmamız səfərə nə vaxt yollanacaq? Ənənəvi olaraq Olimpiya kəndində Azərbaycan bayrağı nə vaxt qaldırılacaq?

- Bu olimpiada tamam fərqlidir. Hansısa çarter reysi təşkil edə bilməyəcəyik. Çünki təşkilatçı ölkə müəyyən qaydalar tətbiq edib. İdmançı Tokioya yarışdan 2 gün əvvəl gələ bilər. Yarışdan ən geci 48 saat sonra Yaponiyanı tərk etməlidir. Ona görə səfərə ayrı-ayrılıqda yollanmağa məcburuq. İdmançılar yarış ərəfəsində səfərə çıxacaq. Cənab Prezident İlham Əliyevlə danışmışam. Rəsmi yolasalma mərasimi keçirilməyəcək. Cənab prezident televiziya vasitəsilə ilə müraciət edəcək. Pandemiyaya görə Olimpiya kəndində bayraq qaldırmaq mərasimi olmayacaq.  

- Son olimpiadada 18 medal qazanan olimpiyaçılarımızın Tokioda uğur qazanmasına nə problem yarada bilər?

- Əsas problem koronavirusla bağlıdır. Şübhə olacağı halda həmin idmançı yarışdan kənarlaşdırılacaq. Bu olimpiada fərqlidir. Maksimum sayda yaxşı çıxış etməyə çalışacağıq.

- Sonda Azərbaycan idman həvəskarlarına sözünüz varsa, buyurun.

- Azərbaycan idmançılarına inanın. Onlar Vətənin idman şərəfini layiqincə qorumağa qadirdirlər. Hər biri çalışacaq ki, Tokio Olimpiadasında layiqli çıxış etsin.



MƏSLƏHƏT GÖR:

175