25 Aprel 2024

Cümə axşamı, 09:37

DƏSTƏK PRİORİTETLƏRİ

Dünya Bankının proqnozlarına görə, Azərbaycan pandemiyadan əvvəlki iqtisadi səviyyəni artıq 2022-ci ildə bərpa edəcək

Müəllif:

01.07.2021

Dünya bazarında neft qiymətlərinin sabitləşməsi və Azərbaycanın qeyri-neft sənayesində istehsalın artması ölkə iqtisadiyyatının yaxın gələcəkdə pandemiya öncəsi artım templərini bərpa edəcəyini düşünməyə əsas verir. Hər halda, bu, Dünya Bankının (DB) iqtisadçılarının gəldiyi nəticədir və onlar ümumi daxili məhsul (ÜDM) üzrə artım templərinin bu il 3%, 2022-ci ildə isə artıq 4% ətrafında olacağını proqnozlaşdırırlar.

 

İnsan kapitalına sərmayələr

Bundan başqa, DB-nin Bakı ofisinin rəhbəri Sara Mayklın sözlərinə görə, faktiki iqtisadi artım templəri DB proqnozlarını üstələyə bilər. Burada, bir tərəfdən peyvəndləşdirmənin yüksək templəri, digər tərəfdən isə, əlbəttə ki, işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət xərclərinin və sərmayələrinin artması müsbət rol oynayacaq. Hər şey plana uyğun gedərsə və son 2 ildə müşahidə olunan çox sayda şok xarici amillər olmazsa, onda artıq 2022-ci ilin ikinci yarısında "öncəki həyata", yəni iqtisadi göstəricilərə qayıdışdan danışmaq olar.

Bəllidir ki, Azərbaycan hökumətinin əsas prioritetlərindən biri 2030-cu ilədək ÜDM iki dəfə artırmaq, neftdən asılılığı azaltmaq və iqtisadiyyatın qeyri-neft sektorlarını inkişaf etdirməkdir. Bununla yanaşı, Dünya Bankının iqtisadçıları düşünürlər ki, bu hədəflərə çatmaq üçün kənd təsərrüfatı, turizm, ticarət və logistika, nəqliyyat kimi sahələrin potensialından istifadə etmək lazımdır.  

Həmçinin, onların fikrincə, iqtisadiyyatın bərpa və artım templərinin artmasına öz töhfəsini işğaldan azad edilmiş ərazilərdə görüləcək bərpa işləri, yəni məhz bu ərazilərin ölkə iqtisadiyyatına yenidən inteqrasiyası da verəcək. Bu, Azərbaycanın logistik mərkəzə çevrilməsi perspektivlərini yetərincə artıracaq.

Bütün bu sahələr iqtisadiyyatın şaxələndirilməsinə və neft amilindən asılılığın azaldılmasına yönəldilib, buna görə DB layihələri həm məsləhət tövsiyyələri, həm də kreditlərlə dəstəkləməyə hazırdır.

Bununla yanaşı, beynəlxalq ekspertlər düşünürlər ki, nəzərdə tutulanlara çatmaq üçün insan kapitalına əlavə sərmayələr tələb olunur və onların səmərəliliyi artırılmalıdır.

Düzdür, bu məsələdə Azərbaycanın işləri o qədər də pis deyil - 2010-cu ildən 2020-ci ilədək Azərbaycan insan kapitalının yaxşılaşdırılması sahəsində islahatçı hesab olunurdu ki, bu, təhsilin keyfiyyəti, səhiyyə sektorunun inkişaf dərəcəsi və s. əsasında müəyyən edilirdi.

Son hesablamalara görə, Azərbaycanda insan kapitalı indeksi 58%-dir, buna görə də təhsil sistemini təkmilləşdirmək lazımdır, çünki o, əmək bazarını lazımi bacarıqlara malik işçi qüvvəsi ilə təmin edə bilmir. Sara Mayklın sözlərinə görə, Azərbaycan ali təhsil alanların sayına və ali təhsilin əlçatarlığı baxımından yaxşı göstəricilərə malikdir, lakin əmək məhsuldarlığı göstəricisi hələ ki aşağı səviyyədədir. Təhsil müəssisələrinin təklif etdiyi ixtisaslar əmək bazarının gerçəkliklərinə uyğunlaşdırılmalıdır.  

“Ali məktəblərdə oxuyanlara çağdaş bazar tələblərinə uyğun bacarıqlar aşılamaq lazımdır. Bəlkə də, bu gün hələ, təxminən, 10 ildən sonra tələb oluna biləcək ixtisaslar yoxdur, amma artıq indidən təhsil sistemində uyğun islahatlara başlamaq lazımdır ki, zamanın tələblərinə uyğun bacarıqlara sahib peşəkar kadrlar onlara ehtiyac duyulduğu zaman hazır olsunlar. Gələcəyin peşələri sırasında rəqəmsallaşdırma bacarıqlarını, xarici dillər üzrə bilikləri vurğulaya bilərəm”, - deyə DB-nin Bakı ofisinin rəhbəri bildirib.

 

Neft sektoruna alternativ

İnsan kapitalı ilə yanaşı, beynəlxalq ekspertlər Azərbaycan hökumətinə tövsiyyə edirlər ki, neft ehtiyatlarının azalması fonunda ölkə ixracatının strukturunda əlavə dəyişikliklərin edilməsinin zəruriliyinə diqqət yetirsin. Bununla yanaşı, DB-nin Bakı ofisinin rəhbəri diqqət yetirilməli olan sektorları sadalayıb. Birinci – kənd təsərrüfatıdır: Azərbaycan meyvə və tərəvəzlərinin keyfiyyətli olması regionda qəbul edilir, bu da xaricdə satış həcmlərini artırmaq üçün məhsuldarlığı artırmağa imkan verir. Dünya Bankının iqtisadçıları da hesab edirlər ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının postsovet və Avropa ölkələrinə ixrac potensialı hələ də tam mənimsənilməyib. Bundan başqa, Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalı hələ də lazımi səviyyəyə çatdırılmayıb.

Sara Mayklın fikrincə, böyük potensiala malik ikinci sektor turizmdir. İran körfəzi ölkələrindən olan turistlər artıq Azərbaycana heyrandırlar və əlbəttə ki, koronavirus üzərində tam qələbədən sonra bizə geri dönəcəklər. Ölkədə qastronomik turizm və s. də inkişaf etdirilə bilər. İqtisadiyyatın bu sektorunun özəlliyi ondan ibarətdir ki, Azərbaycan həm varlı turistlər, həm də əhalinin orta təbəqəsi üçün cəlbedicidir. Ölkəyə ziyarət üçün əlverişli şərait yaradılıb, ASAN Viza vasitəsilə elektron viza alınması proseduru sadələşdirilib və pandemiya başlamazdan əvvəl aviauçuşlar üçün əlverişli uyğunlaşdırmalar təşkil edilib, özü də, xidmətlərin keyfiyyəti yetərincə yaxşılaşdırılıb. Bölgələrdə, o cümlədən ucqar bölgələrdə əvvəlcədən hotel sifariş vermək mümkündür ki, bu həm də ölkənin turizm potensialının artırılmasına da kömək edir.  

Azərbaycanın əlverişli coğrafi yerləşməsi də ticarət və logistikanın inkişafı üçün, Çindən Avropaya yük daşınmasının həyata keçirilməsi üçün yaxşı amildir. Süveyş kanalındakı vəziyyət və onun dünya iqtisadiyyatına təsiri əlavə marşrutların vacibliyini, orta dəhlizin yaradılmasını zəruriliyinin şərtləndirir və bu baxımdan, Azərbaycanın böyük potensialı var. Lakin bu, əlavə sərmayələr tələb edir – bu, dəmir yolu infrastrukturunu modernləşdirmək, rəqəmsal logistika yaratmaq üçün lazımdır.

 

Azərbaycan borclanmalıdırmı?

Hazırda DB tərəfindən Azərbaycan üçün hazırlanan iqtisadi memorandumda hər bir sektorun neftə alternativ kimi potensialı müəyyənləşdiriləcək və araşdırmalar aparılacaq. Sənəd 3 aydan sonra hazır olacaq. Qeyd edək ki, Azərbaycan üçün belə bir sənəd sonuncu dəfə 2013-cü ildə hazırlanıb. Nəzəri olaraq, sənəd hər 5 ildən bir yenilənməlidir. Göründüyü kimi, Dünya Bankı həm iqtisadi sənədin, həm də Azərbaycan hökuməti ilə tərəfdaşlıq strategiyasının hazırlanmasında gecikib.

Sara Mayklın izah etdiyinə görə, yeni tərəfdaşlıq strategiyasının işlənməsinə pandemiyadan öncə başlanmışdı, lakin COVID-19 səbəbindən bu proses dayandırıldı, öz də bu, təkcə Azərbaycanla bağlı deyil. Axı, bu gün dünyanın əvvəlki həyatına nə vaxt qayıda biləcəyini və ümumiyyətlə, bunu bacarıb- bacarmayacağını və bunun nəticəsində dünya iqtisadiyyatının necə inkişaf edəcəyini söyləmək hələ ki, çətindir.

Nəzərə alınsa ki, Azərbaycan hökuməti yeni bir milli strategiya üzərində işləyir, gözlənilir ki, DB tərəfdaşlığı ona və orada müəyyənləşdirilmiş beş əsas prioritetin əsasında qurulacaq. Mümkündür ki, Qarabağdakı yenidənqurma işləri də bu sənəddə öz əksini tapsın.

“Hələ ki, hansı həcmlərdə dəstək veriləcəyini deyə bilmərəm, lakin onun istiqamətləri hökumətin bizim üçün müəyyənləşdirəcəyi prioritetlər əsasında formalaşdırılacaq. Azərbaycan yalnız Dünya Bankı ilə deyil, digər beynəlxalq təşkilatlarla da əməkdaşlıq etdiyindən, biz yalnız ölkənin milli prioritetlərini müəyyənləşdirməsindən və hər qurum üçün iş bölgüsü təyin etməsindən sonra öz tərəfdaşlıq strategiyamızı hazırlayacağıq”, - deyə bankın təmsilçisi bildirib.

Sənədin 2022-ci ilin ortalarına qədər hazır olacağı gözlənilir. Bununla belə, strategiyanın olmaması bankın yeni layihələri maliyyələşdirməyəcəyi anlamına gəlmir – lazım gəldikdə, DB, hətta strategiya təsdiq edilmədən də istənilən vaxt yeni layihə üzərində işə başlaya bilər.

Burda sual başqadır - Azərbaycan hökuməti kredit cəlb etməkdə, yəni xarici borcun artmasında nə dərəcədə maraqlıdır? Bu yaxınlarda Azərbaycan hökuməti COVID-19 layihəsinə təcili reaksiya üçün DB-nin 95 milyon dollar kreditindən imtina edib və bu, ölkənin pandemiya zamanı da mühafizəkar xarici borc siyasətinə sadiq qalmaq niyyətində olduğunu göstərir.

Bu və başqa açıqlamalar göstərir ki, ölkə borclanmadan çox sərmayəyə üstünlük vermək niyyətindədir. Belə ki, Qarabağın bərpası proqramı çərçivəsində müxtəlif ölkələrdən investisiya cəlb etmək üçün danışıqlar aparılır. Ümid edək ki, beynəlxalq maliyyə institutları bu siyasəti yeni tərəfdaşlıq strategiyalarına daxil edəcəklər.



MƏSLƏHƏT GÖR:

160