25 Aprel 2024

Cümə axşamı, 09:35

TOKİO ÜMİDLƏRİMİZ

Yaponiya paytaxtında keçirilən Olimpiya oyunlarında Azərbaycanı 44 idmançı təmsil

Müəllif:

15.07.2021

Nəhayət koronavirus pandemiyasına görə təxirə salınan planetin ən böyük yarışı Tokio Yay Olimpiya və Paralimpiya Oyunları 2021-ci ildə baş tutacaq. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılar səbrsizliklə karyeralarının ən vacib yarışının başlayacağı 23 iyul tarixini gözləyirlər.

Maraqlıdır ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının keçiriləcəyi Yaponiya paytaxtında fövqəladə vəziyyət elan olunub. Baş nazir Yesihide Suqanın qərarına əsasən fövqəladə vəziyyət avqustun 22-dək davam edəcək. Koronavirus pandemiyasına görə qərara alınıb ki, paytaxtda, həmçinin qonşu Tiba, Kanaqava və Saytamadakı yarışlar tamaşaçısız keçirilsin. Belə qərar Tokioda fövqəladə vəziyyət elan olunduğu üçün verilib. Yarışın açılış və bağlanış mərasimləri də tamaşaçısız, yalnız VİP qonaqların iştirakı ilə baş tutacaq.

 

40 ümid

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına 16 idman növü üzrə 40 lisenziya qazanıb. Bu nəticə ölkəmizin Olimpiadalar tarixindəki ən yaxşı üç göstəricisi sırasında yer alıb. Tokio-2020 yalnız ötən iki Olimpiada ilə müqayisədə geri qalır. Koronavirus pandemiyası səbəbindən yarışların tam keçirilmədiyi, turnirlərə hazırlığın istənilən kimi alınmaması bu rəqəmlərə ciddi təsirini göstərib. Lisenziya sayı 2012-ci və 2016-cı illərlə müqayisədə geriləsə də, əvvəlki 4 Olimpiadanı arxada qoyub. Növ sayında isə yalnız 5 il əvvəlki turnirdən geri qalıb, 2012-nin nəticəsini təkrarlayıb.

Növlərə gəlincə, ilk dəfə badmintonda təmsil olunacaq Azərbaycan Olimpiya proqramında yeni olan karatedə də çıxış edəcək. 13 ildən sonra stend atıcılığında da təmsil olunmaq imkanı yaradacaq Tokio-2020-də bəzi növlərdəki yerimizi itirmişik. Bunlar velosiped idmanının trek yarışları, akademik avarçəkmə, kanoelərdə avarçəkmə və kamandan oxatmadır.

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan yığmasının ən gənc idmançısı Məryəm Şeyxəlizadəxangahdır. Üzgüçülükdə ölkəmizi güzəştli kartla təmsil edəcək xanım yaxın günlərdə 17 yaşını qeyd edəcək. Millimizin veteranı isə stend atıcısı Emin Cəfərovdur. Atıcılıq Federasiyasında baş katib vəzifəsini tutan snayperimiz oktyabrın 12-də 42 yaşını tamamlayacaq.

Təəssüflə qeyd etmək istərdik ki, Azərbaycanı Tokio Olimpiya Oyunlarında atletikanın üç təkanla tullanma növündə təmsil etməli olan Aleksis Kopelyo yarışa getməyəcək. Dünya reytinqi ilə Olimpiadaya lisenziya qazanan Kuba əsilli idmançı ciddi zədələnib. Bu səbəbdən o, yaşadığı İspaniyada əzələsindən əməliyyat olunub.

 

Atletika

Olimpiada proqramında ən qədim növlərdən sayılan atletikada iki idmançımız çıxış edəcək. Bu çəkicatmada Anna Skidan və üç təkanla tullanmada Nazim Babayevdir. Hər iki idmançımızın finala çıxışı artıq uğur sayılacaq. Güclü rəqabətin olacağı Tokio Olimpiadasında bu növdə medal gözləntimiz yoxdur.

 

Badminton

Ölkəmiz ilk dəfə badmintonda təmsil olunacaq. Milliləşdirilmiş idmançımız Edi Reski Dviçahyonun Tokio Olimpiadasında medal iddiası yoxdur. Badmintonçu mümkün qədər irəliləməyə çalışacaq.

 

Gimnastika

Azərbaycan Tokio-2020 çərçivəsində 3 gimnastika növü üzrə 4 yarışda təmsil olunacaq. Bədii gimnastika üzrə yarışlarda təmsilçimiz Zöhrə Ağamirova (fərdi proqram) və Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina və Nərminə Səmədovadan ibarət qrup hərəkətləri komandasıdır. Qeyd edək ki, ölkəmiz Olimpiadada qrup hərəkətləri komandası üzrə yarışlarda 13 ildən sonra yenidən qatılacaq.

İki gimnastımız isə idman gimnastikası üzrə yarışlarda iştirak edəcək: qadın idman gimnastikası üzrə yarışmada Marina Nekrasova, kişi idman gimnastikasında isə İvan Tixonov medallar uğrunda mübarizə aparacaq. Xatırladaq ki, Marinanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk Olimpiya lisenziyasıdır.

 

Boks

Bu idman növündə Tokioda 5 idmançımız çıxış edəcək. Olimpiadada Tayfur Əliyev ( 57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) mübarizə aparacaq. Boksçularımız daim ölkəmizin idman şərəfini layiqincə qoruyub. Tokio Olimpiadasında da onlardan gözləntilər çoxdur. Beş idmançımızın ümumilikdə 2 medal qazanacağı proqnozlaşdırılır.

 

Cüdo

Tokioda ən çox idmançımız məhz cüdoda çıxış edəcək. Kəramət Hüseynov (60 kq), Orxan Səfərov ( 66 kq),      Rüstəm Orucov ( 73 kq),            Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev ( 90 kq)   , Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq) və İrina Kindzerskaya (+78 kq) öz çəkilərində iddialılar sırasındadır. Doqquz cüdoçuyla yollanacağımız Tokio Olimpiadasında bu növdən gözləntimiz iki medaldır.

 

Güllə atıcılığı

Tokioda güllə atıcılığında ölkəmizi Ruslan Lunyov (25 və 50 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma) təmsil edəcək. İdmançımızın finala vəsiqə qazanması uğur hesab ediləcək.

 

Karate

Olimpiya Oyunlarının proqramına ilk dəfə daxil edilən karatedə üç idmançımız çıxış edəcək. Bunlar Rafael Ağayev ( 75 kq), İrina Zaretska (+61 kq) və Firdovsi Fərzəliyev (67 kq) olacaq. Karatedə güclü rəqabətə baxmayaraq iki idmançımızın medalçılar sırasında yer alacağını proqnozlaşdırmaq mümkündür.

 

Qılıncoynatma

Ənənəvi idman növlərimizdən olmayan qılıncoynatmada yalnız bir idmançımız çıxış edəcək Anna Başta sablya növündə ölkəmizi təmsil edəcək.

 

Güləş

Güləş hər zaman bizi sevindirən idman növümüzdür. Bu dəfə səfərə nisbətən az heyətlə yollanan pəhləvanlarımızdan gözləntimiz böyükdür. Tokioda 7 güləşçimiz çıxış edəcək - Mariya Stadnik (qadın güləşi, 50 kq), Elis Manolova (qadın güləşi, 68 kq), Şərif Şərifov (sərbəst güləş, 97 kq), Hacı Əliyev (sərbəst güləş, 65 kq), Hacımurad Hacıyev (sərbəst güləş, 74 kq), İslam Abbasov (yunan-Roma güləşi, 87 kq) Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq). Pəhləvanlarımız əsas medal ümidimizdir. Bu mənada güləşdən ən azı üç medal gözləyirik.

 

Stend atıcılığı

Bu idman növündə xüsusi dəvətnamə - vayld kart sayəsində təmsil olunacayıq. Stend atıcılığında çıxış edəcək Emin Cəfərovun finala vəsiqə qazanması uğur sayılacaq.

 

Taekvondo

Taekvondo idman növündə son oyunların qalibi Radik İsayev çıxış etməyəcək. Olimpiya çempionumuz Tokio-2020yə lisenziya qazana bilmədiyindən yarışda mübarizə aparmayacaq. Ümumilikdə taekvondoda Yaponiyada Milad Beiqi Harçeqani (80 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaq. Hər iki idmançıdan medal gözləntimiz var.

 

Triatlon

Ölkəmiz üçün yeni sayılan triatlonda cəmi bir idmançımız çıxış edəcək. Kifayət qədər təcrübəsi olan Rostislav Pevtsov karyerasının ən böyük turnirində mübarizə aparacaq.

 

Üzgüçülük

Üzgüçülükdə iki idmançımız çıxış edəcək. Maksim Şemberev (400 m qarışıq) və Məryəm Şeyxəlizadəxangah mümkün qədər irəliləməyə çalışacaq.

 

Velosiped idmanı

Velosiped idmanında da bir lisenziyamız var. Şosse növündə ölkəmizi Elçin Əsədov təmsil edəcək.

 

Planetin ən böyük yarışının təntənəli açılış mərasimi iyulun 23-də olacaq. Mərasimdə Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov daşıyacaq.



MƏSLƏHƏT GÖR:

189