29 Mart 2024

Cümə, 19:03

ƏRƏB PASYANSI

Bu dəfə «neft oyunlarında» «coker» kimi BƏƏ-dən istifadə edib, bazarda qiymət artımına səbəb oldular

Müəllif:

15.07.2021

Bir zamanlar neft bazarında baş vermiş böhran OPEK-i və OPEK-ə üzv olmayan ölkələri qiymət dəyişkənliyini azaltmaq və "qara qızıl"a tələb və təklif arasında nisbətən möhkəm balans yaratmaq istəyi baxımından birləşdirsə də, bu, artıq keçmişdə qalıb. OPEK+ üzrə son anlaşmanın bağlanmasından bu yana bir il keçməsinə baxmayaraq, bazarda vəziyyət kəskin dəyişikliyə uğrayıb: 2020-ci ilin mart ayında bir barel üçün 23 dollara düşən neft qiyməti 75 dollara qədər yüksəlib, halbuki pandemiyadan əvvəl 70 dollara belə qalxa bilmirdi.

Lakin bahalaşma ilə, gözlənildiyi kimi, yeni problemlər ortaya çıxdı - bazar iştirakçılarının çoxu bazarda mümkün hərarət barədə danışmağa başladılar. Bazarın əsas qeyri-müəyyənlik amilləri sırasında COVID-19 pandemiyası, peyvənd kampaniyasının effektivliyi, dünya iqtisadiyyatının bərpa templəri, eyni zamanda bazara ən azı 1 milyon barel neft çıxara biləcək İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi məsələsi hələ də qalır.

 

Əmirliyin demarşı  

Narahatlığın bir qismi onunla bağlı idi ki, OPEK+ qrupundan kənar istehsalçılar yüksək qiymətlər şəraitində hasilatı artıra bilərdilər. Belə ki, Amerika şist nefti istehsalının dəyəri bir barel üçün 45-55 dollar səviyyəsində dəyişir və həddindən yüksək kotirovkalar ABŞ-da "qara qızıl" istehsalını kifayət qədər sürətlə artıra bilər və özünü məhdudlaşdıran OPEK+ ölkələrinin bazar payını ələ keçirə bilər. Özü də, dünyada ABŞ-dan əlavə, hasilatı artıran neft istehsalçıları - Norveç, Kanada, Braziliya və s. də var.  

OPEK+ alyansının özündə də gərginlik yaranıb: üzvlər indi neft hasilatını azaltmaq barədə anlaşmanın gələcək taleyi ilə bağlı razılığa gələ bilmirlər. Alyans daxilində anlaşmanın tam olaraq necə uzadılacağı ilə bağlı qızğın müzakirlər baş verib və bunun hamısı özü üçün yeni şərtlər istəyən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mövqeyi üzündən baş verib.

Həmişə Ər-Riyadın sadiq müttəfiqi sayılan Əbu-Dabi faktiki olaraq Səudiyyə Ərəbistanı və Rusiyanın anlaşmanın uzadılması ilə bağlı təklif etdiyi variantı dayandırıb və neft hasilatının azaldılması üçün verilən kvotaları "ədalətsiz" adlandırıb. Bunun nəticəsi olaraq, OPEK+-un nazirlər komitəsi səviyyəsində son danışıqları, üçtərəfli danışıqlar və 1-2 iyulda, həmçinin 5 iyulda tam formatda keçirilmiş nazir görüşləri də bazarın gözlədiyi nəticəyə - neft hasilatının 2021-ci ilin avqustundan dekabrına qədər olan dövrdə artırılması barədə son qərara gətirib çıxarmadı.  

Keçən ilin aprelində OPEK + ölkələri neft hasilatını 2022-ci ilin may ayına qədər 9,7 milyon barel azaltmaq, artıq bu ilin yanvar ayına azalmanı tədricən 5,8 milyon barelə çatdırmaq barədə anlaşdılar. Faktiki olaraq 2020-ci ilin may ayından iyul ayına qədər neft hasilatı 9,7 milyon barel/sutka, 2020-ci ilin avqustundan 2021-ci ilin yanvar ayına kimi 7,7 milyon barel/sutka, yanvar ayından isə cəmi 0,5 milyon barel/sutka azalıb... Sonra ölkələr ancaq artıma meyilli oldular və yalnız iyul ayına 5.8 milyon barel/sutka azalma əldə etdilər ki, bu göstəriciyə 2021-ci ilin yanvarında çıxmalı idilər.

Hələ nazirlərin 1 iyulda keçirilən iclası ərəfəsində bəlli oldu ki, OPEK+ anlaşmasının liderləri - Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını artırmağa hazırdırlar. Danışıq masasına hasilatın 2021-ci ilin sonunadək tədricən 2 milyon barel/gün (yəni avqustdan dekabr ayınadək aylıq 400 min barel/gün) artırılması barədə ilkin variant və bazarda daha böyük sabitliyə nail olmaq üçün anlaşmanın 2022-ci ilin sonuna qədər uzadılması məsələsi gəldi.

Anqola energetika naziri Pedro Azevedo OPEK konfransındakı açılış nitqində bildirib ki, “2022-ci ildə böyük təklif artıqlığının olmasının qarşısını almaq üçün OPEK+ Əməkdaşlıq Bəyannaməsini və bizim monitorinq üzrə ciddi səylərimizi davam etdirməyimiz vacibdir”.

"Gələcəyə baxanda, biz siyasi tədbirlərdən, investorların fəaliyyətindən və məhkəmə çəkişmələrindən qaynaqlanan, bizim sahənin istehsal, texnologiya və insan potensialına sərmayə yatırmaq qabiliyyətinə mənfi təsir göstərə biləcək qeyri-müəyyənliklərlə qarşılaşırıq", - deyə Pedro Azevedo bəyan edib.

Nazirlərin monitorinq komitəsində danışıqlarının asan olmayacağını iclasın bir neçə saat gecikmə ilə başlaması da göstərdi. Buna baxmayaraq, heç kim belə bir nəticə gözləmirdi. Görüş zamanı BƏƏ təmsilçisi bildirdi ki, avqust ayından başlayaraq hasilatı artırmaq fikrini dəstəkləyir və 2022-ci ilin aprelinə qədər anlaşmaya riayət etməyə hazırdırlar. Ancaq eyni zamanda onu da bəyan etdi ki, ölkənin hasilatı azaltmaq üçün istinad bazası 3,168 milyon barel/gündən 3,8 milyon barel/günə qaldırılmasa, 2022-ci ilin aprelindən sonra neft hasilatının məhdudlaşdırılması ilə bağlı anlaşmanın uzadılmasını dəstəkləməyəcəklər. Yəni BƏƏ əslində öz hasilatını bazar üçün yetərincə önəmli olan 600 min barel səviyyəsində artırılmasını istəyib. Görüşün nəticəsini dalana dirəyən məhz bu şərt oldu.

 

Kompromis, yoxsa ədalət

Burada bir faktı göstərmək gərəkdir ki, OPEK+ ölkələri 2020-ci ilin aprelində anlaşma bağlayanda, neft hasilatı həcminin azalmasının başlayacağı göstəricilər barədə də razılığa gəlmişdilər. Rusiya üçün bu göstərici maksimum istehsaldan da yüksək olan 11 milyon barel/sutka səviyyəsində müəyyən edilmişdi. Səudiyyə Ərəbistanı özü üçün belə səviyyəni maksimum istehsalın altında, lakin real istehsal gücünün üstündə götürmüşdü. BƏƏ də daxil olmaqla bütün digər ölkələr bunu 2018-ci ilin oktyabr ayı səviyyəsinə bağladılar. Ancaq bunun əmirliklər üçün son dərəcə zərərli olduğu ortaya çıxdı - oktyabr ayında bacardıqlarından 18% daha az hasil etdilər.

“Bəziləri keçmişdə müəyyən mərhələdə (OPEK+ anlaşmasında – “R +”) onlara qarşı ədalətsiz rəftar edildiyini düşünürlər. Bəziləri referent bazasındakı azalmanın fonunda öz hasilatlarını artırma ehtimalını nəzərdən keçirirlər",- deyə İranın neft naziri Bijan Zəngənə vəziyyəti şərh edir.

Daha sonra, Abu Dabinin Dövlət Neft Şirkətinin sözçüsü bildirir ki, BƏƏ OPEK ilə əməkdaşlığa sadiqdir və təklif olunan kollektiv hasilat müqaviləsini dəstəkləyir. Bununla belə, onlar öz kvotalarının istehsal güclərini daha yaxşı əks etdirməsini istəyirlər. "Biz bazarı doldurmaq istəmirik, amma neftə tələb var",- deyə o vurğulayıb.

Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Abdüləziz bin Salman BƏƏ nümayəndə heyətini "güzəştə və rasionallığa" çağırdı, lakin onun bu çağırışı eşidilmədi. Bununla da, bütün fikir ayrılıqlarının aradan qaldırıla biləcəyi və 5 iyulda hasilatın artırılması barədə qərarının veriləcəyinə ümidlər hədər oldu. OPEK+ ölkələri tərəfindən hasilatı artırmaq üçün aparılan danışıqlar qeyri-müəyyən müddətə təxirə salındı.

Dünyanın aparıcı KİV-lərinin yazdığına görə, BƏƏ-nin OPEK+ sazişinin sonrakı şərtləri ilə barışmaz mövqeyi Əbu-Dabinin yeni strategiyası ilə bağlıdır: hələ ki, tələb və qiymətlər yüksəkdir, burada və indi mümkün qədər çox neft satmaq. Ölkə ümid edir ki, bu gəlirlər BƏƏ-yə neft asılılığından qurtulmasına yardım edəcək.

 

Anlaşma alınacaq?

OPEK+ daxilindəki cari gərginliyə və son danışıqların nəticəsizliyinə baxmayaraq, çətin ki, bu vəziyyət anlaşmanın çökməsinə səbəb olsun. Avqust ayı üçün bir razılaşma olmadığı təqdirdə, anlaşma tərəflərinin neft hasilatını cari şərtlərlə azaltmağa davam edəcəklərinə inam çoxdur. Artan tələb ilə bu, neft bazarında qıtlığa və qiymət artımına səbəb ola bilər.

OPEK+ ölkələrinin avqust ayında iyul kvotalarına riayət etmək istəməyəcəkləri və istehsalı öz bildikləri kimi artıracaqları ilə bağlı ssenari də daha real görünür.

Məsələn, ABŞ Enerji Nazirliyi də OPEK+ ölkələrinin iyul ayından sonra neft hasilatını artırmağa davam edəcəklərini düşünür. “Biz düşünürük ki, OPEK+ İran və ya Venesuela tərəfindən potensial istehsal artımını nizamlamaq üçün hasilatı daha da azaltmayacaq”,- deyə nazirliyin Enerji Məlumatları İdarəsi (EIA) öz iyul hesabatında bildirib.  

Digər tərəfdən hasilatın nəzarətsiz artması neft qiymətlərini asanlıqla endirə bilər və OPEK+, xüsusən də keçənilki hadisələrdən sonra bunu yaxşı bilir. Yəni OPEK+ heç cür bazarda yeni bir qiymət müharibəsinə icazə verməz və bu səbəbdən, ən çox ehtimal olunan variantlardan biri, anlaşma tərəflərinin yaxın gələcəkdə danışıqlar masasına qayıtması və sonrakı artım həcmlərini razılaşdırması olacaq, təbii ki, BƏƏ-yə müəyyən güzəştlər də ediləcək. Mövcud vəziyyətdə qiymət müharibəsi iştirakçılardan heç biri üçün əlverişli deyil, çünki bu, neft bazarında vəziyyəti xeyli qarışdıra bilər.

Bin Salmanın sözlərindən də bu nəticəyə gəlmək olur, o, CNBC-yə verdiyi bir müsahibəsində bildirib ki, OPEK+-un hasilatı artırmaq barədə qərarlarının tarazlaşdırılmış olmalıdır.  

“Bu məsələdə tələsməməliyik. Heç bir şey etməsək də, ehtiyatsız davranarıq. Amma tələssək, bu da ehtiyatsızlıqdır”,- deyə nazir vurğulayıb. Yeri gəlmişkən, OPEK+-un avqust ayında neft hasilatının artırılması ilə bağlı növbəti müzakirələr aparcağı da istisna edilmir. "Bəli, ola bilər",- deyə o vurğulayıb.

Bununla belə, nazirin sözlərinə görə, OPEK+ iştirakçıları "bazarda əlavə barellər təklif etməyə tam maraq göstərirlər və bu, nə qədər sürətli olarsa, bir o qədər yaxşıdır".

OPEK+ anlaşmasının gələcəyi ilə bağlı ekspertlərin fikirləri bölünür, amma yenə də əksəriyyəti məsələnin “ayrılma”ya qədər dərinləhməyəcəyinə və uzlaşma tapılacağına inanırlar.

Onların sözlrinə görə, mövcud fikir ayrılıqları iki komponentdən ibarət bir anlaşma yolu ilə həll edilə bilər. Əvvəlcə OPEK+, avqust-dekabr ayları üçün neft hasilatında artım barədə razılığa gələ bilər və sonra hasilatın məhdudlaşdırılması ilə bağlı anlaşmanın uzadılmasını müzakirə edə bilər.

"OPEK+ neft hasilatının həcmini artırmazsa, qiymətin böyük ehtimalla bir barel üçün 85-90 dollara qədər yüksələcək", - deyə «FACTS Global Energy Group»dan vurğulayıblar.

Ekspertlr xatırladıblar ki, cari yüksək neft qiymətləri nəzərə alınmaqla, ABŞ-da gələn il şist neftinin hasilatında önəmli bir artım gözlənilir.

 

Zəif artım

Bazarlar OPEK+ nazirlərinin danışıqlarının uğursuzluğuna neft qiymətlərini artırmaqla reaksiya verdilər. “Brent” neftinin qiyməti bir barel üçün 77 dolları keçdi - bu son 2,5 il üzrə rekord göstəricidir. Bir sıra ekspertlər sanırlar ki, bahalı neft dünya iqtisadiyyatının bərpasını ləngidə bilər.

Qiymətlər hələ də təzyiq altındadır, bir barel üçün 71-75 dollar arasında dəyişir. İnvestorlar hələ də OPEK+ ölkələrindən siqnal gözləyirlər.

Bununla yanaşı, ABŞ Energetika Nazirliyi 2021-ci il üçün “Brent” markalı neftin orta qiymət proqnozunu 65,2 dollar/bareldən 68,8 dollar/barelə qədər qaldırıb. 2022-ci il üçün “Brent” neftinin qiyməti üçün proqnoz isə 60 dollardan 67 dollar/barelə qədər qaldırılıb.

“İyun ayında “Brent” markalı neftin spot qiymətləri orta hesabla 73 dollar/barel təşkil edib ki, bu da may ayına nisbətən 5 dollar, keçən ilin iyun ayına nisbətən 33 dollar yüksəkdir. Yaxın aylarda OPEK+ ölkələrinin neft hasilatı neft istehlakı səviyyəsindən daha yüksək ola bilər. Biz gözləyirik ki, istehsal artımı dünya üzrə neft ehtiyatlarındakı davamlı azalmanı dayandıracaq və qiymətləri indiki səviyyələrdə saxlayacaq – qiymət 2021-ci ilin ikinci yarısında orta hesabla bir barel üçün 72 dollar səviyyəsində qalacaq”,- deyə EIA yazır.

«UBS» bankının ekspertləri son danışıqların uğursuz olduğunu nəzərə alaraq, neft qiymətlərinin sentyabr ayına qədər bir barel üçün 80 dollara qədər yüksələcəyiini istisna etmirlər ki, bu da dünya kəsirinin artmasına səbəb ola bilər. "Bununla belə, OPEK+ üzvlərinin danışıqları davam etdirmə ehtimalını nəzərə alan alyans razılığa da gələ bilər",- deyə bankın analitikləri qeyd ediblər.

Keçən il OPEK+ anlaşmasından çıxdığına görə Rusiyaya qarşı Səudiyyə Ərəbistanı tərəfindən aparılmış qiymət müharibəsindən sonra belə, ölkələr son nəticədə oturub bazarda tələb və təklif balansını bərpa etmək üçün hasilatın rekord azalmalarını müzakirə etməyə güc tapdılar. Eyni zamanda, Meksikaya qarşı ciddi güzəştlərə də gedə bildilər, halbuki, o, öz imtinası ilə anlaşmanın bağlanmasını, demək olar ki, təhdid edirdi. Düzdür, onda bu ölkənin öhdəliklərinin bir hissəsini Səudiyyə Ərəbistanı öz üzərinə götürdü.  

İndi tarix təkrarlanır, yalnız bu dəfə baş "üsyançı" rolunun ifaçısı yenidir. Ola bilər ki, Gr-Riyad müqaviləni davam etdirmək üçün bu dəfə də BƏƏ-nin istehsalın artırılması üzrə öhdəliklərinin bir hissəsini öz öhdəsinə götürməli olacaq.  

OPEK+ neft bazarının tənzimlənməsində effektivliyini dəfələrlə sübut edib. Buna görə də, iştirakçıların onu asanlıqla tərk edib bazarın öz axınına buraxa biləcəyinə inanmaq çətindir. Növbəti görüşlər elə də uzaqda deyil.



MƏSLƏHƏT GÖR:

158