25 Aprel 2024

Cümə axşamı, 22:56

UĞURSUZ START

Azərbaycan inmançıları bir birinin ardınca mübarizədən Tokio Olimpiapasının mükafatları uğrunda mübarizəni tərk edirlər

Müəllif:

01.08.2021

Nəhayət planetin ən mötəbər idman yarışı, Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi baş tutdu. Olimpiadanın açılış mərasimində bayrağımızı cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıdı. Paradda bayraqdarlarımızı yığmamızın şef-de-missionu olan Gənclər və İdman Nazirliyinin idman müdiri Fərid Mansurovla yanaşı, 24 nəfərlik nümayəndə heyəti müşayiət etdi. Komandamız açılış mərasimində Yunanıstan, Qaçqın Olimpiya Komandası, İslandiya və İrlandiyadan sonra beşinci yerdə keçid etdi.

Koronavirus pandemiyası səbəbindən bir il sonra baş tutan Tokio-2020-nin açılış mərasimi azarkeşsiz keçirildi. Yaponiya Milli Stadionunda təşkil edilən tədbirə idmançılardan başqa ümumilikdə 950 rəsmi şəxs buraxıldı. İlk dəfə olaraq paradda pandemiya ilə bağlı tibbi maskalardan istifadə olundu və sosial məsafəyə riayət edildi.

Açılış mərasiminə gəlincə, tədbir işıq effektində kiçik kompozisiyalar, milli üslubda müxtəlif tamaşa nümunələri ilə başladı. Ardınca Yaponiya tarixinin ən məşhur idmançıları ölkənin bayrağını stadiona gətirdilər və təşkilatçı ölkənin himni səsləndi.

Koronavirusdan vəfat edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yaponların müxtəlif musiqi ənənələri səslənib, buna uyğun maraqlı tamaşalar nümayiş etdirildi. Dövlət simvollarının nümayişindən sonra idmançıların paradı başladı və ənənəvi olaraq, Yunanıstan paraddan birinci keçdi.

 

Uğur qazanmayan bayraqdarlar

Afina-2004, Pekin-2008, London-2012 və Rio-2016-da yaşanan xoşagəlməz ənənə Tokio-2020 Yay Olimpiya Oyunlarında da təkrarlandı. Yalnız bir fərqlə ki, əvvəlki 4 yarışda bir bayraqdarımız olub və medal qazana bilməyibsə, bu dəfə onların sayı iki olub.

Fəridə Əzizova taekvondoda, Rüstəm Orucov cüdoda medalçılar sırasında yer almadı. Ümidləri doğrulda bilməyən bayraqdarlardan biri ilk döyüşdə uduzubsa, Rüstəm bürüncün bir addımlığında dayandı. O, üçüncülük uğrunda qarşılaşmada məğlubiyyətlə üzləşdi. Xatırladaq ki, Müstəqillik illərində 7-ci dəfə Olimpiadaya qatılan Azərbaycan yığmasının medal qazanan yeganə bayraqdarı Namiq Abdullayev olub. Atlanta-1996-dakı gümüş medaldan sonra flaqmanlığı haqq edən pəhləvanımız ötən əsrin son ilində Sidneydə bayrağımızı dalğalandırmaqla yanaşı həm də himnimizi səsləndirib. Bunu bacaran ikinci bayraqdar isə 21 ildir yoxdur.

 

Bir birinin ardınca

Tokio Olimpiadasının ilk günlərdə cüdoda Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev (81 kq), boksda Tayfur Əliyev (57 kq.), Lorenzo Sotomayor (69 kq.), qılıncoynatmada Anna Başta,    velesiped idmanında Elçin Əsədov, üzgüçülükdə Maksim Şemberev və Məryəm Şeyxəlizadəngah, idman gimnastikasında İvan Tixonov və Marina Nekrasova, badmintonda Edi Resko Dviçayo, taekvondoda Fəridə Əzizova və Milad Beiqi Xerçaqani, eləcə də triatlonda Rostivlas Pevstsov erkən mərhələdə mübarizəni dayandırmaqla olimpiadanı tərk etdi.

Artıq Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək güləşçilər Yaponiyaya yola düşüb. Sərbəst güləş yarışlarında Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Şərif şərifov (97 kq), yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq), İslam Abbasov (87 kq), qadın güləşində isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvəsini sınayacaq. Olimpiadada güləş yarışları avqustun 1-də başlayacaq.

 

Quru faktlar

Tokio-2020 Yay Olimpiya Oyunlarında xoşagəlməz hadisə yaşanıb. İspaniyalı tennisçi Paula Badosa qarşılaşmasını yarımçıq dayandırıb. Xanım idmançının 1/4 finalı başa vura bilməməsinə günvurma səbəb olub. İlk setdə çexiyalı Marketa Vondrouşovaya 3:6 hesabı ilə uduzan ispaniyalı mübarizəni davam etdirə bilməyib.

İdman gimnastikası üzrə dördqat olimpiya çempionu Simona Beyls Tokio-2020 Yay Olimpiya Oyunlarında fərdi çoxnövçülük yarışlarında iştirak etməyəcəyini açıqlayıb. Buna idmançının psixoloji problemləri səbəb olub. ABŞ millisinin üzvü komanda yarışlarını da yarımçıq dayandırdıqdan sonra belə qərar verib. O, dayaqla tullanmadan sonra çıxışını başa vurub. Tibbi müayinədən sonra qərara alınıb ki, fərdi çoxnövçülükdə onu Keri Ceyd əvəz edəcək.

Yaponiyalı Momidzi Nisiya 13 yaşında olimpiya çempionu olmaqla tarixə düşüb. Yeniyetmə qız Tokio-2020 Yay Olimpiya Oyunlarında skeytbordun strit növündə fərqlənib. Nisiya 13 yaş 330 günlüyündə qızıl medal qazanıb. O, Yay Olimpiya Oyunları tarixində ikinci ən gənc çempiondur. Yalnız ABŞ idmançısı Marcori Qestrinq daha gənc yaşında çempionluq sevinci yaşayıb. Amerikalı 1936-cı ildə suyatullanmada 13 yaş 268 günlüyündə qızıl medala yiyələnib.

Bermud adaları Olimpiya çempionluğu qazanan ən azsaylı əhaliyə malik ölkə olub. Cəmi 63 min adamın yaşadığı ölkə tarixinin ilk uğuruna Tokio-2020 Yay Olimpiya Oyunlarında imza atıb. Flora Daffi qadın triatlonçuların yarışında qızıl medala yiyələnib. Bunadək Bermud adaları Olimpiya Oyunlarında yalnız bir bürünc qazanıb. Monreal-1976-da Bermud adalarını təmsil edən boksçu fəxri kürsüdə üçünyü yeri tutub.

Macarıstanlı üzgüçü Kriştof Milak Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. 21 yaşlı idmançı 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 1 dəqiqədə, 51,25 saniyə nəticə göstərib. O, ABŞ-ın əfsanəvi üzgüçüsü Maykl Felpsin (1 dəqiqə, 52,03 saniyə) olimpiya rekordunu qırıb.

 

Pandemiya güc gəlir

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı günbəgün artır. Təşkilat Komitəsinin məlumatına əsasən hər gün 20-25 yeni yoluxma qeydə alınır. Onların arasında idmançı yoxdur. Beləliklə, Tokio olimpiadasında infeksiya aşkarlanan şəxslərin sayı 170-i keçib. Bu vaxtadək yarışla bağlı 240 min test götürülüb.



MƏSLƏHƏT GÖR:

186