20 Aprel 2024

Şənbə, 12:45

«QORXMAĞA VAXT YOX İDİ»

İş adamı Ehtiram Quliyev Vətən müharibəsi boyunca təcili tibbi yardım maşınının sükanı arxasında yaralı daşıyıb

Müəllif:

01.08.2021

Təvazökarlıq, alicənablıq, Vətənə sərhədsiz sevgi… «Huner Group» şirkətinin təsisçisi bütün söhbətimiz boyu bir fikri durmadan təkrar edirdi: «Əsgərlərimizin etdiklərinin yanında mən heç nə etməmişəm!»

Bu cümlələri oxuyarkən, yəqin ki, söhbətin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsinə ciddi töhfə vermiş, savaşın gedişində Azərbaycan Silahlı Qüvvələrinə imkanı daxilində maddi dəstək olmuş iş adamlarından birindən getdiyini anladınız. Elədir ki, var. Lakin 44 günlük müharibə zamanı bu köməyi ilə yanaşı, hər gün təcili tibbi yardım maşınının sükanı arxasına əyləşərək döyüş meydanlarından yaralı daşımış başqa nəhəng holdinq sahibi tapmaq, çətin ki, mümkün olsun. Bizi E.Quliyevdən müsahibə götürməyə vadar edən məhz bu məqam olub. Halbuki o özü əməlində qeyri-adi heç nə görmür.

Ehtiram Quliyev ilə söhbətimiz zamanı onun cəmi bir neçə gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı ilə təltif olunacağını nə özü, nə də biz bilirdik. İnsan özünə «Vətən üçün nə edə bilərəm?» sualını verirsə, o, nə medal, nə fəxri ad haqda düşünür. Həmin anda o, həyatını hansı riskə atdığını belə, düşünmür… Müharibə gedir.

Amma bu fədakarlığın diqqətdən kənarda qalmaması da çox yaxşıdır. Belə də olmalı idi. Biz qəhrəmanlarımızı tanımalıyıq.

«Huner Group»da şirkət rəhbərinin müharibədə iştirak etdiyini ictimailəşdirmək haqda düşünmürdülər. Yəqin ki, həmin günlərdə daha bir təcili tibbi yardım maşınının sükanı arxasında qurumun piar departamentinin rəhbəri Nəsimi Paşayev əyləşməsəydi, bu faktdan heç kim xəbər tutmayacaqdı…

 

«Elə bu gün»

- Siz və Nəsimi Paşayev təcili tibbi yardım maşınlarının sükanı arxasına keçibsinizmiş. Bizim belə adamlarımızın olması hər bir azərbaycanlıda heyranlıq, qürur hissi yaradır. Sizi bilmirəm, mən bu haqda uzun-uzadı danışmaq istəyirəm…

- Düşünürsünüz ki, nəsə qeyri-adi iş görmüşəm? Müharibə vaxtı hər kəs nəsə etmək istəyir, müqəddəs işdə hansısa formada iştirak etməyə çalışırdı. Gənclər, hətta gənc olmayanlar da hərbi komissarlıqlara axışır, könüllü şəkildə cəbhəyə yollanmaq istəyir, hətta onların bu xidmətindən imtina olunduqda inciyir, məyus olurdular. Biz də həmin günlərdə ölkəmizə hansısa formada kömək etmək istəyən adi vətəndaşlar idik.

Məsələ ondadır ki, «Huner Group»a aid tibbi şirkət də var və məhz bu istiqamətdə hansısa işə yaraya biləcəyimizi düşündük. Müdafiə Nazirliyinə yazılı müraciət etdik və 1 sutka sonra zəng gəldi. Bizdən cəbhəyə nə zaman yollana biləcəyimizi soruşurdular. Dedim ki, «elə bu gün». Onda müəyyən təəccüb də gördüm. Həmin an hər gün olduğu kimi, kostyumda, iş başında idim.

Bizə dedilər ki, Gəncədəki hərbi hospitala kömək lazımdır. Murovdağ (şimal-şərq) və Daşkəsən istiqamətindən yaralıları Gəncəyə, oradan isə ehtiyac yaranacağı təqdirdə Bakıya daşımalı idik. İşə başlamaq üçün tibbi personala ilkin hazırlıq keçilməli, təcili tibbi yardım maşınları isə texniki baxışdan keçirilməli idi. Bizim 4 belə avtomobilimiz var idi. Lakin hələlik sürücülərdən kimlərin bu işə yollanacağını bilmirdik.

Elə həmin gün tibb müəssisəmizin əməkdaşlarına xəbər verdim, kimlərin cəbhəyə yollana biləcəyini soruşdum. Onların hərəsi ölkənin bir tərəfində işləyirdi. Çoxlarından müsbət cavab aldım. Amma yenə də özüm getmək qərarına gəldim. Bilavasitə ordu sıralarında xidmət çəkməyə yaşım imkan vermirdi. Odur ki, təcili tibbi yardım maşınının sükanı arxasına keçməyim mənə bu çətin anda Vətənə dəstək şansı yaradırdı. Şirkət rəhbəri kimi yox, sıravi vətəndaş kimi. Mənim üçün vacib olan daha bir iş cəbhəyə kimlərin yollanacağına qərar vermək idi.

Bizə cəbhə bölgəsində işləməyin son dərəcə təhlükəli olduğuna dair xəbərdarlıq etmişdilər. Oktyabrın 26-da artıq Gəncədə idik. Orada işğaldan yeni azad olunmuş Qubadlı rayonuna yola düşməyimizə dair göstəriş aldıq. Orada səyyar hospital yaratmaq əmri almışdıq. Nəsimi də mənimlə getmək istədiyini dedi və mən razılaşdım. Bir daha deyirəm ki, bir çox əməkdaşımız cəbhəyə yollanmaq istəyirdi. Onlar bu arzu ilə alışıb-yanırdılar. Lakin onlardan bəziləri bu işə yaramırdı, bəziləri evli idi, kiminsə körpə uşağı var idi və s. Odur ki, Nəsimi ilə getmək qərarına gəldik. İşçimiz, feldşer Malik Məmmədov da bizimlə birlikdə yola düşdü.

- Sizə elə gəlmir ki, həyat iki hissədən ibarətdir – hansısa anadək və ondan sonra? Ailə, biznes və qəflətən, tamamilə fərqli reallıq…

E.H. - Bəli, elədir. Qubadlıda şərait çox ağır idi. Axşamlar çox soyuq keçirdi, heç bir rahatlıq yox idi. İlk gecəni maşında keçirdik. Amma isinmək üçün avtomobili işlək vəziyyətdə saxlamaq olmurdu, yanacağa qənaət etmək lazım idi.

Qubadlı işğaldan yenicə azad olunmuşdu, düşmən kəşfiyyatı yaxında idi və gecə saatlarında onlar hər an peyda ola bilərdilər. Yaralıları Horadizə (Azərbaycanın Füzuli rayonunda şəhər – red.) daşımağa başladıq. Yolu tanımırdıq, yollar pis vəziyyətdə idi, yolboyu bir dənə də nişan, məlumat lövhəsi yox idi. Bir dəfə yaralını Horadizə çatdırdıqdan sonra gecə saatlarında Qubadlıya qayıtmalı idim. Xeyli vaxt idi yol gedirdik, halbuki bu müddətə artıq ünvana çatmalı idik. Qarşıdan maşın gəlirdi. Düz istiqamətdə gedib-getmədiyimizi soruşmaq üçün onu saxladıq. Bu zaman gördük ki, həmin maşının sürücüsü şübhəli şəkildə geri və ətrafa baxır. Bir anlığa düşündük ki, düşmənin nəzarətində olan əraziyə keçmişik və qarşımızdakı düşmən hərbçisidir. Xoşbəxtlikdən, yanılmışdıq.

N.P. - Səyyar hospital Xanlıq kəndində qurulmalı idi, çünki bu kənd Qubadlı və Laçın istiqamətindən yaralıların qəbulu üçün coğrafi baxımdan daha əlverişli mövqedə idi. Biz kəndə çatar-çatmaz, Ehtiram müəllim yoxa çıxdı. Bilmirdim nə edim. Yarım saat sonra o gəldi və dedi ki, hospitalın yaradılması üçün yaxşı yer tapıb. Oraya yollandıq – ərazidə vaxtilə işğalçı qüvvələrin hərbi obyekt kimi istifadə etdikləri bina var idi. Hərbçilərimiz hospitalı məhz burada yaratmağa razılıq verdilər. Tez bir zamanda əməliyyat otaqlarını qurduq, lazımi şəraiti yaratdıq.

 

Şuşa. Zəfər yolu ilə

- və Ali Baş Komandan Şuşa şəhərinin azad olunduğunu elan edir…

E.H. - Bu, inanılmaz dərəcədə böyük sevinc idi. Bütün bunlar uşaqlarımızın şücaəti, Azərbaycan xalqının görülməmiş həmrəyliyi, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində mümkün oldu. Bəxtimiz gətirib ki, ölkəmizə bu cür şəxsiyyət rəhbərlik edir. Ordumuz isə Azərbaycanın böyük nailiyyətidir.

Amma sevinc öz yerində, işləmək lazım idi. Nəsimi ilə Gəncə hospitalının həkimləri ilə birlikdə Gəncəyə yollanmaq qərarına gəldik. Bu şəhərə ilk yollananlardan olmuşuq və bu mənada, bəxtimiz gətirib.

N.P. - Təcili tibbi yardım avtomobillərimiz dağlıq ərazilərdə idarəetməyə yararsız idi. Dostlarımız sağ olsunlar, hər an köməyə ehtiyacımızın olub-olmadığını soruşurdular. Biz də onlardan yolsuzluq avtomobilləri istədik. İstəyimiz dərhal yerinə yetirildi. Bizə belə bir təcili yardım maşını verdilər. O, ən son tibbi avadanlıqlarla təchiz olunmuşdu. Daha belə bir avtomobilimiz isə əvvəlcədən var idi.

E.H. - Uşaqların Şuşanı necə azad etdiklərini təsəvvürə gətirmək belə, çətindir – praktik olaraq, Qələbəyə aparan yol yalın əllərlə açılıb. Söhbət 53 kilometrlik yoldan gedir. Biz Tağlar kəndindən (Hadrut) çıxdıqdan yalnız 2 sutka sonra Şuşaya çata bildik. Bu yol ilə hərəkət çox çətin idi. Təsəvvür edin, yol o qədər ensizdir ki, ona yalnız bir avtomobil yerləşir. Maşınlar tez-tez yarğandan aşağı düşürdü. Yaralıların həyatı bizdən asılı idi, onlara görə çox narahatlıq keçirirdik. Noyabrın 10-da atəşkəs sənədi imzalansa da, ermənilər hərdən bu yolu atəşə tutur, təxribatlara əl atırdılar. Onlar atəşkəs razılaşmasından sonra bir hərbi həkimimizi də qətlə yetirmişdilər.

- Qorxurdunuz?

E.H. - Sanki qorxmağa vaxt yox idi. Amma xəyalın nə olduğunu ilk dəfə anladım. Bir dəfə avtomobilin sükanı arxasında Zəfər yolu ilə xeyli getdikdən sonra gərginlikdən qarşıda finiş xətti gördüm – üzərində «Finiş» yazılmışdı.

Bir dəfə isə gözümə əyləncə kompleksi göründü. Gördüm ki, üzərində «Disneylend» yazılmış al-əlvan bir kompleksə daxil oluram. Qəribə hissdir.

Şuşada ilk cümə namazı

- Şuşada Gövhər ağa məscidində də olmusunuz?

N.P. - Şuşanı azad edildikdən sonra görən ilk şəxslərdən idik və xoşbəxtliyimizin həddi-hüdudu yox idi. İlk etdiyim iş şəhərin girişində şəkil çəkərək sosial şəbəkədə paylaşmaq oldu. Dərhal bütün radio və televiziya kanallarından zənglər gəlməyə başladı. Onlar üçün video və fotolar çəkməyimizi istəyirdilər.

Amma əsl xoşbəxtliyi Şuşa məscidində ilk cümə namazını qılan zaman hiss etdik. Ağır yaralanmış əsgəri gözləyirdik. Soruşdum ki, onu nə vaxt gətirəcəklər, dedilər, təxminən, 1 saatdan sonra. Bu müddətdə hərbçilərimizlə birlikdə tələsik namaz hazırlıqlarına başladıq. Məscidi təmizləyir, azan oxuyacaq şəxs axtarırdıq. Əsgərlərdən birinin azan oxuya bildiyi məlum oldu. Şuşada ilk cümə namazı məhz belə baş tutdu. Sosial şəbəkələrdə yayılmış məşhur video həmin namazdandır. Allahın köməyi ilə, hər şeyi çatdırdıq. Yaralımız gəldi və yola düşdük.

 

Həmrəy xalqın gücü

- Müharibədə iştirakdan sonra nə haqda daim danışmaq istəyi hiss edirsiniz?

E.H. - Həmrəy Azərbaycan xalqının gücü haqda. Mehribanlıq, qayğıkeşlik, fədakarlıq haqda. Bu müharibə cəmiyyətimizi tamamilə yeniləyib. İnanın ki, Gəncədən Bakıyadək dəfələrlə yol getməyimizə baxmayaraq, bir manat da xərcləməmişəm. İnsanlar bizi pulsuz yedirir-içirir, lazım olan hər şeylə təmin edirdilər. Elə gün olub ki, iki dəfə Gəncədən Bakıya yaralı gətirmişəm. Hospitala, təxminən, 100 yaralı daşımışam. Hər reysdə 6-7 insan aparırdıq. Belə halların birində Kürdəmirə yaxınlaşırdıq, uşaqlar acdıqlarını dedilər. Pandemiya dövrü olduğundan, bütün iaşə obyektləri bağlı idi. Bilmirdim onlara yeməyi haradan alım. O anda Kürdəmirdə yaşayan dostum yadıma düşdü və ona zəng edib vəziyyəti dedim. Dostum dərhal uşaqlara yemək hazırlamaq üçün kafe tapdı. Dedim ki, dayana bilməyəcəyik, bu üzdən elə yemək hazırlayın ki, özümüzlə götürə bilək. Anında qərar vermək lazım idi. Protokola hər an əməl etmək olmurdu. Elə vəziyyət yaranmışdı ki, dayanmaya bilmirdik, əsgərlər ac idilər. Amma çox dayana da bilməzdik, çünki ağır yaralılarımız var idi…

Sonradan həmin kafe elə işləyirdi ki, biz hər dəfə ora yaxınlaşaraq yaralılar üçün yemək götürə bilək. Bütün bunlar təmənnasız edilirdi. Biz də öz növbəmizdə, əlimizdən gələni edirdik. Bəzən əsgərlərə pul verir, deyirdik ki, guya dövlətin ayırdığı vəsaitdir. Bilirsiniz, cəmiyyətimiz göstərdi ki, oturub hər şeyi dövlətdən gözləmək olmaz. Biz də dövlətə kömək etməliyik. Belə də oldu.

N.P. - Bir dəfə yaralıları Horadizdəki hospitala gətirən zaman qapıda bizi böyük insan kütləsi qarşıladı. Onlar ümumi işə hər hansı kömək göstərmək üçün toplaşmışdılar. Maşından düşməyə macal tapmadım ki, bizi dövrəyə aldılar – hər kəs yaralıların hospitala daşınmasına kömək etmək istəyirdi. Kimsə yaralının əlindən tutur, kimsə xərəkdən yapışırdı. Bəziləri yaxınlaşır və deyirdilər ki, «Qubadlıya qayıdacaqsınızsa, isti geyim, yemək verək, əsgərlərə çatdırın». Hospitalda həkimlər gecə-gündüz fasiləsiz işləyirdilər. Amma onların heç biri şikayətlənmirdi. Orada çalışan qadınlar səhər tezdən hospitalın ərazisini təmizləyir, samovar qalayır, stol açırdılar. Biz yaralıları gətirən zaman onlara çay verir, qulluq edir, ac olanları yedizdirirdilər. Müharibə günlərində hospitalda və onun ətrafında hökm sürən həmrəyliyi, birliyi sözlə ifadə etmək mümkün deyil.

Müharibədən sonra Kəlbəcərdə işlədik, dekabrın 10-da isə Müdafiə Nazirliyinin rəsmi qərarı ilə missiyamız başa çatdı.

 

Yaralı əsgər «Necəsən, oğlum?» sualına «Sadəcə, super!» deyə cavab verdi

- Müharibə dövrünə aid ən parlaq təəssüratınız nədir? Hər halda, həmin günlərdə əsgərlərlə həyatlarının ən dramatik anlarında söhbətləşmək imkanınız olub…

N.P. - Azərbaycan əsgərinin döyüş ruhunu heç nə ilə sındırmaq mümkün deyildi. Nə öldürməklə, nə ağır yaralamaqla. Bunu sözlə ifadə etmək olmur. Yaralı əsgərlər həkimlərdən onları mümkün qədər tez ayağa qaldırmalarını tələb edir, yenidən cəbhəyə qayıtmaq istəyi ilə alışıb-yanırdılar. Onlar, həqiqətən, şəhid olmaq istəyirdilər. İzah edə bilmirdik ki, əvvəl sağalmaq lazımdır. Deyirdilər ki, «dostlarımız şəhid olub, biz niyə qalmışıq?»

E.H. - Hərbçilər bir daha geri dönməyəcəkləri tapşırıqlara gedə bilərdilər. Amma heç kim bu tapşırığın onun üçün sonuncu ola biləcəyini düşünmürdü. Belə qəhrəmanlardan biri Camal Alxasov idi. Şükür ki, o, sağdır və biz hələ də əlaqə saxlayırıq. Döyüşdə o, hər iki ayağını itirmişdi, vəziyyəti kritik idi. Həqiqətən, ölüm ayağında idi. Onu yola salan yoldaşları deyirdilər ki, «bəxtin gətirdi, sən şəhid olacaqsan». İnanılmaz qələbə, qəhrəmanlıq atmosferi var idi.

Camal çox ağır yaralanmışdı. Amma onun nümayiş etdirdiyi dözüm, həqiqətən, heyrətamizdir. Öz-özümə dedim ki, bu əsgər sağ qalsa, onun həyatını necəsə asanlaşdırmaq üçün ona əlimdən gələn köməyi edəcəyəm. Bakıya gedərkən yolda Camal atası ilə danışmaq istədiyini dedi. Yanımızdakı həkim bunun əleyhinə idi. Çünki istənilən həyəcan yaralının vəziyyətini daha da ağırlaşdıra bilərdi. Lakin əsgər israr etdi və mən dözə bilməyib telefonumu ona verdim. Camalın atası ilə dialoqu məni heyrətə saldı. O, atasının «necəsən, oğlum?» sualına gülümsəyərək «sadəcə, super!» deyə cavab verdi. Bunu deyən adamı qan aparırdı. O, partlayış nəticəsində ayaqlarının qoparaq ətrafa düşdüyünü görmüşdü. Bu sözlərdən sonra yol gözümdə yayınmağa başladı. Hər xırda səbəbdə şikayətlənir, həyatdan narazılıq edirik. Camal Alxasov mənə heç vaxt unuda bilməyəcəyim dərs verdi. Və ordumuzda belə oğullar çox idi. İstər hərbçi, istər həkim.

 

«Nəfəs»

- Müharibədən sonra «Nəfəs» adlı ictimai birlik də yaratmısınız. Səbəb nə idi?

N.P. - Müharibənin ilk günlərində «Huner Group» Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat köçürmüşdü. Bundan başqa, biz ordunun ehtiyaclarının ödənilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, təxminən, 70 min manatlıq tibbi preparatlar vermişik. Rəhbərimiz bu işlər haqda KİV-ə danışmaqdan imtina edir. Amma mən hər zaman deyirəm ki, belə əməllər nümunədir. Bu, başqa iş adamları üçün nümunə ola bilər. Açığı, belə də oldu. Mən ordu üçün əlindən gələni etmiş çox sahibkar tanıyıram. İndi isə biz «Nəfəs» ictimai birliyini yaratmışıq.

E.H. - Ali Baş Komandan və ordumuz Vətən müharibəsində parlaq qələbə qazanıb. İndi bizim növbəmizdir. Dövlətə müraciət etdik və «Nəfəs» ictimai birliyini yaratdıq. Müharibə veteranlarına, şəhid ailələrinə hərtərəfli yardım göstərməyə hazırıq. Fondumuz tərəfindən müharibə veteranlarının tələbatlarının ödənilməsinə hər ay 15 min manat ayrılır. İndi yeni layihəmiz də var. Şəhid və veteran övladlarının hazırlıq kurslarının pulunu ödəyirik. Belə uşaqların hazırlıq keçmələri üçün artıq təhsil ocaqlarından biri ilə razılığa gəlmişik. Dostlarıma müraciət edir, onları da şəhid və veteran ailələrinə yardım göstərməyə çağırıram. Çox şadam ki, onlar mənim bu çağırışımı müsbət qarşılayır, belə ailələrə böyük ruh yüksəkliyi ilə yardım göstərirlər. Məsələn, mənə gəng edir, Fondun bank hesabını istəyir, müharibə iştirakçılarının ailələrinə yardım məqsədi ilə həmin hesaba pul köçürürlər. Bir dəfə kimsə Fonda anonim şəkildə 40 manat köçürmüşdü. Məbləğ böyük olmasa da, bir insanın bunu anonim etməsi bizə çox xoş təsir bağışladı.

N.P. - Fondun fəaliyyəti şəffafdır. Saytımızda onun fəaliyyəti, neçə veterana yardım göstərildiyi, nə qədər pul xərcləndiyi və s. haqda hesabat var. Biz Yaşat Fondu ilə də fəal əməkdaşlıq edirik.

 

«Huner Group» və Hünər

- «Huner Group» inşaat işləri ilə məşğuldur. Azad olunmuş ərazilərin bərpasında iştirak etmək niyyətiniz varmı?

- Bu məsələ ilə bağlı dövlətə müraciət etməmişik. Biz yaşayış evləri tikirik. Dövlət şirkətimizi bu prosesə cəlb etməyi lazım bilərsə, təklifi fəxrlə qəbul edər, əlimizdən gələni əsirgəmərik. Sizə bir şeyi deyim – cənab Prezident Xocavənd rayonunun kəndlərindən birinin adını dəyişib. İndi o, Hünər adlanır. Biz Prezident Administrasiyasına müraciət edərək, bu kəndin şirkətin hesabına tam bərpa etmək istəyimizi bildirmişik. Çünki kəndin adı şirkətimizin adı ilə eynidir. Bizə dedilər ki, kəndin bərpası qərarı verilən zaman təklifimizə baxacaqlar.

Bakıda bizim apteklər şəbəkəmiz də var və Şuşada aptek açmaq xahişi ilə hökumətə müraciət etmişik. Aydındır ki, indi orada o qədər də çox insan yoxdur. Odur ki, aptekin rentabelli işləyəcəyini gözləmək olmaz. Amma biz bunu qazanc üçün etmirik. Təklifimiz müsbət qarşılanıb və bu gün Şuşada aptekimiz fəaliyyət göstərir.

- Müsahibəyə görə çox sağ olun!



MƏSLƏHƏT GÖR:

232