28 Mart 2024

Cümə axşamı, 13:49

NƏZARƏT OLUNAN YOXSA LİBERAL?

Azərbaycanın valyuta rejiminin gələcək islahatları ilə bağlı iqtisadçılar arasında fikir ayrılığı var

Müəllif:

01.08.2021

İlin əvvəlindən başlayaraq, bir çox ölkələrdə iqtisadi fəallıq xeyli bərpa olunub. Qlobal artım perspektivləri ilə bağlı proqnozlar da əhalinin COVID-19-a qarşı genişmiqyaslı peyvənd edilməsi və qlobal bazarın aparıcı tənzimləyicilərinin dəstək tədbirləri sayəsində yaxşılaşıb. Beynəlxalq Valyuta Fondunun (BVF) iyul qiymətləndirməsinə görə, dünya ümumi daxili məhsulunun (ÜDM) artımı 2020-ci ildəki 3,3% azalmadan sonra 2021-ci ildə 6% olacaq. 2022-ci il üçünsə proqnoz 4.9%-ə qədər yaxşılaşdırılıb. Belə şərtlər fonunda qlobal maliyyə bazarlarında nikbin əhval yaranıb. ABŞ-da və bazarları formalaşmaqda olan ölkələrdə fond indeksləri bütün zamanların ən yüksək səviyyəsinə çatıb, neft qiymətləri pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. Bu meyilləri nəzərə alan bəzi ekspertlər Azərbaycanın valyuta bazarında pandemiyadan əvvəl qeyd olunmuş islahatların davam etdirilməsini təklif edirlər.

 

Qlobal bazarın riskləri

Qlobal maliyyə bazarlarında vəziyyət ümumilikdə dayanıqlı qalsa da, iki amil nəzərə alınmaqla mənfi meyillərin bərpası riskləri hələ də qalmaqdadır. Birincisi, ABŞ -da və digər ölkələrdə qorunan stimullaşdırıcı büdcə siyasəti fonunun təsirləri da daxil olmaqla dünyada inflyasiyanın sürətlənməsi ilə bağlı gözləntilər artır. Bu, 2021-ci ilin əvvəlindən etibarən ABŞ-da Xəzinə istiqrazlarının gəlirlilik göstəricilərinin önəmli dərəcədə artmasına, nəticə etibarilə başqa ölkələrdə də daha yüksək faiz dərəcələrinə səbəb olub.

İkincisi, mart ayının sonundan yoluxma saylarının yenidən artması, bir sıra ölkələrdə (Avropada, bəzi Asiya ölkələrində) məhdudlaşdırıcı tədbirlərin müddətinin uzadılması üzündən qeyri-müəyyənlik artıb. Bununla belə, qlobal maliyyə sisteminin zəiflik amilləri artmaqda davam edir ki, bu da stress dövründə bazarlarda qeyri-sabitliyi artıra bilər.

Bu vəziyyətdə bir çox ölkələr üçün əsas problem pandemiya dövründə yetərincə yüksək dəstək tədbirləri fonunda korporativ sektorda "zombi şirkətlər"in sayının artmasıdır. Müəssisələrin ödəniş qabiliyyətini itirməsi riskləri, aşağı gəlirlilik şəraitində bank sektorunun ciddi itkiləri (əsasən Avropada) sistemli xarakter ala bilər, həmçinin yeni kreditlərin verilməsi imkanları məhdudlaşa bilər.  

Kütləvi dəstək tədbirlərinin, ilk növbədə, büdcə xərclərinin başqa bir yan təsiri, aparıcı ölkələrdə inflyasiyanın davamlı sürətlənməsi ola bilər. Bu isə dərəcələrin daha da artması ilə, ümumiyyətlə, iqtisadi siyasətin gələcəyi ilə bağlı qeyri-müəyyənliklə təhdid edir. Bu isə, əlbəttə, maliyyə bazarlarında enib-qalxmalarsız ötüşməyəcək. Bundan başqa, dövlət borcunun həddindən artıq böyüməsi bazar iştirakçılarının dövlət maliyyəsinin dayanıqlılığına inamını sarsıda bilər ki, bu da suveren kredit risklərinin artması ilə nəticələnə bilər.

Ancaq qlobal maliyyə göstəricilərinin qeyri-sabitliyinə və kənar çağırışlarla bağlı qeyri-müəyyənliyə, eləcə də yaxın gələcək üçün fərqli-fərqli proqnozlara baxmayaraq, Azərbaycanda vəziyyət nəzarət altında saxlanır. Hökumət vəd edir ki, sabit makroiqtisadi vəziyyət və davamlı artan valyuta ehtiyatları kimi "təhlükəsizlik yastığının" mövcudluğu Azərbaycan iqtisadiyyatının dayanıqlılığının qorunmasına kömək edəcək.

 

Liberallaşma lazımdırmı?

Bununla belə, Milli Məclisin deputatı Vüqar Bayramlı hesab edir ki, dünya bazarındakı volatillik nəzərə alınmaqla, Azərbaycan Mərkəzi Bankının ölkənin valyuta bazarını tədricən liberallaşdırması məqsədəuyğundur.

O, bunu dünya bazarında ABŞ dollarının əsas valyutalar qarşısında möhkəmlənməsinin davam etməsi ilə izah edir. Son bir ayda dollar avroya nisbətən təxminən 4% bahalaşıb: “Dolların möhkəmlənməsi ABŞ iqtisadiyyatı ilə bağlı müsbət xəbərlərdən və proqnozlardan, həmçinin texnologiya şirkətlərinin səhmlərinin qiymətinin artmasından qaynaqlanır. Digər tərəfdən Amerika Birləşmiş Ştatları əhalisinin yarısından çoxuna peyvənd vurulması da dollara təsir edir".  

Dolların möhkəmlənməsi bir sıra strateji mallar bazarından da yan keçməyib. Son bir ayda dünya bazarında qızılın qiyməti 2,8% ucuzlaşıb. Bu gün Azərbaycan həm də qızıl ixracatçısıdır və onun ucuzlaşması ölkənin gəlirlərini azaldır.

Onun sözlərinə görə, Rusiya rublu son bir ayda dəyərinin, təxminən, 3%-ni itirib, halbuki dünya bazarında dolların möhkəmlənməsi fonunda region ölkələrinin bazarlarında ciddi volatillik müşahidə olunmur.

“Azərbaycanda manatın məzənnəsi üzən məzənnə rejiminə tam keçirilmədiyindən, bu, hələ də tənzimləyicinin mövqeyindən birbaşa asılıdır. Ölkəyə xarici valyuta axınında böyük rol oynayan dünya neft qiymətləri kifayət qədər məqbul səviyyədədir", - deyə millət vəkili vurğulayıb.

Hal-hazırda «Brent» markalı neftin bir bareli 74 dollardan yuxarı qiymətə satılır və qlobal peyvəndləşmə ilə bağlı enerji bazarında tələbatın artması müşahidə olunur. Bununla belə, 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar müəyyən olunub. Bununla belə, onun fikrincə, dünya bazarlarında yeni kəskin artıb-azalma riskləri nəzərə alındıqda liberal valyuta bazarı uzunmuddətli dövr üçün daha sığortalı sayılır.  

Bununla birlikdə, qeyd etmək lazımdır ki, büdcə qaydalarına görə, neft satışından əldə edilən mənfəət müəyyən edilmiş qiymətdən (hazırda 40 dollardan) yüksək olduğu zaman iqtisadiyyatdan sterilizasiya edilir - büdcə xərclərinə yox, Azərbaycan Dövlət Neft Fonduna göndərilir, buna görə də məzənnəyə ciddi təsir göstərmir.

Amma V.Bayramlı onda haqlıdır ki, ən azı yaxın bir neçə ildə neftin qiymətinin düşməsindən manatın məzənnəsi üçün heç bir təhlükə gözlənilmir. Üstəlik, neft və qaz layihələrinə qoyulan investisiyaların azalması üzündən, qlobal əmtəə treyderləri neft qiymətlərinin 100 dollar/barelə qayıdacağını gözləyirlər. Ekspertlərin məlumatına görə, kapital qoyuluşları beş il əvvəlki 400 milyard dollardan göstəricisindən hazırda ildə 100 milyard dollar səviyyəsinə düşüb.

«Goldman Sachs»ın birja mallarının araşdırılması şöbəsinin müdiri Ceff Karrinnin bununla bağlı dediklərinə görə, əmtəə bazarında yeni bir superdövr gözlənilir. O bildirib ki, neftə olan tələbat artacaq, çünki siyasətçilər sərmayələri iri «yaşıl» infrastruktur layihələrinə yönəldəcəklər: "Biz düşünürük ki, «yaşıl» kapital qoyuluşuna xərclənən hər 2 trilyon dollar neftə, təxminən, 200.000 barel/gün tələbat deməkdir".

 

Danışan statistika

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov da əmindir ki, dünya bazarında neftin qiymətinin artması tədiyyə balansını və gözləntiləri yaxşılaşdırmaqla, valyuta bazarının sabitliyinə müsbət təsir göstərir.

Nəticədə, cari hesab saldosu 627,7 milyon dollar profisit göstərib. 2021-ci ilin birinci rübündə neft-qaz sektorundakı profisit 1,9 milyard dollara çatıb (azalma 19,9% olub), halbuki qeyri-neft sektoru üzrə kəsir 1,3 milyard dollar olub (26,1% azalıb).

2021-ci ilin yanvar-mart aylarında neftin orta qiyməti 52,4 dollar/barel olub, bir il əvvəl isə 58 dollar idi.

Beləliklə, Elman Rüstəmov hesab edir ki, Azərbaycan valyuta bazarının balansını və mövcud makroiqtisadi sabitliyi qorumaq üçün yetərincə resurslara malikdir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən sonuncu dəfə məzənnə rejiminin liberallaşdırılması qərarı 2020-ci ilin əvvəlində verilib və o, sahibkarların fəaliyyəti üçün mühitin yaxşılaşdırılmasına yönəldilib. Bu dəyişikliklərə görə, idxal olunan mallar üçün əvvəlcədən ödəmələr zamanı malların ölkəyə gətirilməsini təsdiq edən gömrük bəyannaməsinin və ya xidmətlərin göstərilməsinə dair sənədin müvəkkil banklara təqdim edilməsi müddəti 270 gündən 2 ilə qədər uzadılıb. Eyni zamanda idxal olunan mal və xidmətlərin dəyəri 10 min ABŞ dollarına qədər ekvivalentdən artıq olmadıqda, valyuta nəzarəti orqanına məlumat vermək tələbi aradan qaldırılıb.

Yəni ümumi rejimdə yalnız bəzi detallara dəyişiklik edilib. Ancaq hər şeyi əsaslı şəkildə dəyişdirməyin mənası varmı, pandemiya böhranının əslində tamamilə aradan qaldırılmadığı nəzərə alınarsa, bazar yeni şərtlərə uyğunlaşa biləcəkmi?

Pul siyasətinin liberallaşdırılmasının tərəfdarlarından fərqli olaraq, onun əleyhdarları bu prosesin heç də hər zaman müsbət nəticə vermədiyini düşünürlər. Yəni belə bir ciddi qərar verməzdən əvvəl, onun ölkə iqtisadiyyatına bütövlükdə təsir dərəcəsini dəqiq yoxlamaq lazımdır. Əks təqdirdə, bu, ölkədən kapital axını, dollarlaşma dərəcəsinin artması və xarici borcun artması ilə nəticlənə bilər.

Azərbaycanda liberallaşma həqiqətənmi sərmayə fəallığının artması ilə nəticələnəcək və kapitalın axını sərmayəçilərin iqtisadi maraqları ilə tənzimlənəcək? Yoxsa bu, ölkəyə daxil olandan daha çox kapital çıxarılması ilə nəticələnəcək? Axı, istənilən belə bir silkələnmə, xüsusən də xarici iqtisadi konyunkturun pis olduğu illərdə, ölkənin tədiyyə balansı və manatın sabitliyi üçün təhlükəli ola bilər.

AMB-dən verilən məlumata görə, bu ilin ilk üç ayında Azərbaycandan kapital axını 1,3 milyard dollar təşkil edib. Ötən ilin birinci rübündə ölkədən 990 milyon dollar çıxarılmışdı. Yəni göstrilən dövr üçün Azərbaycandan kapital axını 29,1% artıb.

2019-cu illə müqayisədə 2020-ci ildə Azərbaycandan çıxarılan kapitalın həcmi də 38,8% artaraq 4,5 milyard dollar təşkil edib. İqtisadçıların fikrincə, ölkədən artan kapital axınının səbəbləri onun Türkiyə və Gürcüstanda daşınmaz əmlaka və biznesə yatırılması ilə bağlıdır ki, son illərdə bu, bir trend halına gəlib.

Valyuta liberallaşmasının necə nəticələnəcəyini müfəssəl proqnozlaşdırmaq olduqca çətindir. Burada tərəzinin bir gözündə Qarabağda dağıdılmış ərazilərin bərpasına böyük kapital qoyuluşları ilə bağlı gözləntilər olmalıdır, ölkədəki valyuta rejimi nəinki daxili, həm də xarici investorlar üçün rahat və proqnozlaşdırıla bilən olmalıdır. Buna görə də, belə görünür ki, xüsusən indiki şəraitdə manatın məzənnəsinə ciddi təsir edə biləcək istənilən dəyişiklik ehtiyatla gerçəkləşdirilməli və mümkün nəticələr hər "millimetr"inə qədər hesablanmalıdır.



MƏSLƏHƏT GÖR:

157