29 Mart 2024

Cümə, 01:46

XÜSUSİ YOL

Mərkəzi Asiya ölkələrinin «Əfqanıstan qeyri-müəyyənliyi»nə rəğmən, inkişaf imkanı nə qədərdir?

Müəllif:

01.08.2021

İyulun 15-16-da Daşkənddə «Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar» adlı beynəlxalq konfrans keçirilib. Konfransda Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Əfqanıstanın dövlət başçısı Əşrəf Qəni, Pakistanın baş naziri İmran Xan, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrel, Mərkəzi Asiya ölkələrinin, Rusiya, Hindistan, Çin və digər dövlətlərin xarici işlər nazirləri iştirak ediblər. Tədbirə Azərbaycandan qatılmış nümayəndə heyətinə baş nazirin müavini Şahin Mustafayev başçılıq edib.

Konfransın əsas mövzusu Mərkəzi və Cənubi Asiyanı birləşdirəcək dayanıqlı kommunikasiyaların tikintisi olsa da, Əfqanıstan mövzusu da tədbirdə əsas yerlərdən birini tutub.

 

Əfqanıstan qeyri-müəyyənliyi

Şübhəsiz ki, Mərkəzi Asiyadan Cənubi Asiyayadək, Orta Şərqdən Cənub-Şərqi Asiyanın hüdudlarınadək uzanan bölgədə çoxplanlı və çoxtərəfli inkişaf perspektivlərindən danışan zaman təhlükəsizlik zəmanəti məsələlərinə toxunmamaq mümkün deyil. Təəssüf ki, son onilliklərdə bu bölgədə müxtəlif terror təşkilatları nəzərəçarpacaq dərəcədə fəallaşıb və onların fəaliyyəti miqyaslı regional və transregional layihələrin icrasına ciddi risklər yaradır.

Bu coğrafiyada sabitliyə əsas təhdid Əfqanıstanda və onun ətrafında yaşananlardır. ABŞ qoşunlarının və müttəfiq ölkələrə aid silahlı kontingentin bu ölkədən çıxması ilə regionda geosiyasi konteksti sürətlə dəyişən proseslər başlayıb. Hakimiyyətə iddialı olan «Taliban» hərəkatı istər ölkədə, istərsə də beynəlxalq arenada mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Silahlı dəstələrin bütün ölkə ərazisində sürətlə irəliləməsi fonunda «Taliban» rəhbərliyi istər Əfqanıstan hökuməti, istərsə də beynəlxalq vasitəçilər qarşısında əminliklə öz şərtlərini irəli sürür, bununla da, hərbi-siyasi vəziyyətə nəzarəti tam ələ almağa çalışır. Cəmi bir neçə ay əvvəl onlar rəsmi Kabillə bərabərhüquqlu dialoqa can atırdılarsa, bu gün «Taliban» dialoqu davam etdirmək üçün, demək olar ki, hökumətin kapitulyasiyasını tələb edir. Bu, heç də təsadüf deyil – əksər qeyri-rəsmi hesablamalara görə, taliblər artıq Əfqanıstan ərazisinin 85%-nə nəzarət edir. Odur ki, hərəkatın siyasi şura və ya siyasi bürosunun hazırkı hakimiyyətlə koalision hökumət qurmaqda maraqlı olduğunu düşünmək sadəlöhvlük olardı.

Əfqanıstanın Özbəkistan istisna olmaqla, demək olar ki, bütün dövlətlərlə sərhədinə nəzarət edən taliblər beynəlxalq vasitəçilərlə fəal ünsiyyətdədirlər. Sonuncular üçün isə münaqişənin qonşu dövlətlərin ərazisinə keçməməsi çox vacibdir. Bu mənada, «Taliban» da qonşu ölkələrin ərazisinə keçmək niyyətində olmadığını qəti şəkildə bildirir və söhbətin sırf əfqanıstandaxili problemdən getdiyini vurğulayır. Lakin belə bəyanatlar nə qədər əminliklə səsləndirilsə də, Əfqanıstandakı destruktiv qüvvələrin qonşu ölkələrin ərazisinə soxulması riski azalmayıb.

Məsələ ondadır ki, son onillikdə bu ölkəyə Yaxın Şərqdən və qonşu regionlardan olan beynəlxalq radikal qruplaşmalar axışıb. Onlar sonradan həmsərhəd ölkələrin ərazilərinə soxulmaq üçün məhz Əfqanıstanda sığınacaq tapıblar. Söhbət, ilk növbədə, Mərkəzi Asiya ölkələrindən gedir. Belə qruplaşmaların bəziləri ilə, məsələn, «İslam Dövləti» ilə «Taliban» arasında fikir ayrılıqları və problemlər olsa da, bəzi qruplaşmalar hələ də taliblərin tərəfdaşı və müttəfiqi olaraq qalır. Məsələn, «Əl-Qaidə». «Taliban»ın burada hakimiyyətə gəlməsi ilə Əfqanıstanın bu qruplaşmalar üçün əlverişli meydana çevriləcəyi ilə bağlı ciddi narahatlıqlar var. Bu halda həmin qruplaşmalar nüfuzlarını ölkə hüdudlarından kənara da yaymaq üçün imkan qazanacaqlar. Bu isə daha miqyaslı və daha ciddi geosiyasi risklərin yaranacağı deməkdir.

Bütün bunlarla yanaşı, görünən odur ki, Əfqanıstandakı ağır vəziyyət miqyaslı transsərhəd proqramlarının reallaşdırılmasına ciddi maneə deyil. Ən azı, Özbəkistan rəhbərliyi regionda güclü siyasi münasibətlər sistemi qurmaq əzmindədir. O, buna vacib infrastruktur layihələrinin reallaşdırılması yolu ilə nail olmağı düşünür. Belə layihələrdən biri Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yoludur. Ş.Mirziyoyev Surxandəryaya bu yaxınlarda etdiyi səfər zamanı bildirib ki, bu dəmir yolu Özbəkistan tarixinin ən nəhəng layihələrindən biri olacaq. Onun sözlərinə görə, Dünya Bankı artıq bu layihənin icrasına 35 milyon dollar ayırmağa razılıq verib. «Mən onu əsrin layihəsi adlandırardım», - deyə prezident bildirib. Mirziyoyev hesab edir ki, tezliklə bu layihənin icrasına Rusiya da qoşulacaq.

Konfransın açılışında və plenar iclaslarda Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolunun tikintisi məsələsi təsadüfən mərkəzi mövzulardan birinə çevrilməyib. Bu layihənin reallaşması Mərkəzi və Cənubi Asiyanı ən qısa yolla birləşdirəcək, bu regionlar vasitəsilə Avrasiya qitəsinin mərkəzindən keçən nəqliyyat arteriyalarının birləşdirilməsinə imkan yaradacaq.

Nəzərə alsaq ki, dəniz vastəsilə konteyner daşımaları getdikcə bahalaşır, əsasən dəmir yolu ilə kombinasiya edilmiş daşımaların həcmi davamlı şəkildə yüksələcək. Bu şəraitdə şimal-cənub və şərq-qərb marşrutlarının kəsişməsində yerləşən Özbəkistan vacib subregional nəqliyyat habına çevrilir. Mütəxəssislərin hesablamalarına görə, bu yolun inşasından sonra Özbəkistana məxsus bir konteynerin İran və ya Pakistan vasitəsilə daşınması 3-4 dəfə ucuz başa gələcək. Üstəlik, bu halda daşıma müddəti də 4-5 dəfə azalacaq. Bu halda həm də iqtisadiyyatın sabit artımı təmin olunacaq, sahibkarlıq fəaliyyətinin inkişafı üçün stimul yaranacaq. Özbəkistan prezidenti Əfqanıstan və Pakistan istiqamətlərində xarici iqtisadi fəaliyyətin artırılması məqsədi ilə ölkənin cənubunda beynəlxalq ticarət mərkəzinin tikintisinə də qərar verib.

 

Mərkəzi Asiya və yeni çağırışlar

Bu layihə Özbəkistanın regional tərəfdaşları, ilk növbədə, Mərkəzi Asiya ölkələri olan Qazaxıstan, Tacikistan, Türkmənistan və Qırğızıstanda da böyük marağa səbəb olub. Çünki onun reallaşdırılması ilə Mərkəzi Asiyanın Əfqanıstan, Pakistan, hətta Hindistanla qarşılıqlı əlaqələri güclənəcək, bu isə istər regional, istərsə də qeyri-regional tərəfdaşların maraqlarını balanslaşdırmasına imkan yaradacaq.

Hətta pandemiya və iqtisadi inkişaf göstəricilərinin azalması şəraitində belə, Mərkəzi Asiyanın bir çox ölkəsi perspektivli kapital qoyuluşları üçün əvvəlkitək cəlbedici görünür. Nəqliyyat sahəsində əhəmiyyətli layihələ isə qeyri-region oyunçularını stimullaşdıran əlavə amilə çevrilir. Rusiya ilə Çin Mərkəzi Asiya dövlətlərinin ənənəvi olaraq, əsas xarici siyasi və xarici iqtisadi tərəfdaşlarıdır. Bu üzdən də, bəzi amerikalı ekspertlər hesab edirlər ki, onların Mərkəzi Avrasiyada hökmranlığına yol verilməməsi ABŞ-ın böyük strategiyasında əsas hədəf olmalıdır.

Bəzi versiyalara görə, Çin, Rusiya və İran ABŞ-ın Əfqanıstandan çıxmasından istifadə edərək, Mərkəzi Asiya liderlərini Amerika və Qərbin zəiflədiyinə inandırmağa çalışırlar. Artıq bir müddətdir ki, analitik məkanda Mərkəzi Asiyanın geostrateji vahid olduğu fikri aktualdır. Bu fikirdə olanlar düşünür ki, onun seçəcəyi istiqamət qlobal qüvvələr balansına əhəmiyyətli təsir göstərəcək. Amerikalı ekspertlərin fikrincə, Vaşinqtonun məqsədi Əfqanıstan da daxil olmaqla, region ölkələrinin fövqəldövlətlər arasında münasibətləri balanslaşdırmasına yardım göstərmək olmalıdır. ABŞ da öz növbəsində, bu dövlətləri israrla yeni geosiyasi birliyə – Mərkəzi Asiya plyus Əfqanıstan formatına qoşulmağa səsləyir. Eyni zamanda, bildirilir ki, indiki halda regional inteqrasiya üçün ümidverici impuls xarici fövqəldövlətlərdən deyil, elə region ölkələrindən gəlir.

Bununla yanaşı, bu dövlətlərin özləri də anlayır ki, real yeni İpək Yolunun yaradılması üçün stimul daxildə olmalıdır. Amma bu işlərin həyata keçirilməsi üçün lazım olan ciddi maliyyə yenə də xarici fövqəldövlətlərin əlindədir. Odur ki, regionun uğurlu inkişafın yolu əvvəlkitək, nüfuzlu güc mərkəzləri ilə, aparıcı kredit təşkilatları və fondlarla qarşılıqlı səmərəli münasibətlərin qurulmasından keçir. Region ölkələri vacib infrastruktur layihələrinin reallaşdırılması üçün milyardlarla vəsait alan tərəfdir. Bölgədə iqtisadi fəallığa stimul məhz bu vəsaitlərdir. Bu ölkələrin iqtisadiyyatında inklüzivliyi məhz bu vəsaitlər artırır.

 

Azərbaycanın regiondakı maraqları

Bakının bu region ölkələri ilə əməkdaşlıqda maraqlı olması Azərbaycan və Mərkəzi Asiya nəqliyyat arteriyalarının birləşdirilməsinin tranzit potensialının gerçəkləşdirilməsinə, tədarükçülərin bazarlara daha rahat çıxışına imkan yaratmasından qaynaqlanır. Azərbaycan tərəfi davamlı olaraq, inteqrasiya edilmiş nəqliyyat dəhlizləri vasitəsilə transsərhəd əlaqələrinin yaxşılaşdırılmasına çalışır. Bu zaman əsas diqqət tranzitin sadələşdirilməsinə, əməliyyatların rəqəmsallaşdırılmasına, nəqliyyat və ticarət əlaqələrində normativ və prosedur maneələrinin aradan qaldırılmasına yönəldilir.

«Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz regional tərəfdaşları ilə birlikdə bir çox təşəbbüs və layihənin iştirakçısıdır. Söhbət nəqliyyat və enerji kommunikasiyalarının inkişafına, regional və kontinental ticarətin güclənməsinə yönəlmiş layihələrdən gedir», - deyə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

Azərbaycanın regionda qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı səmərəli qərarlara cəlb olunması, ilk növbədə, onun coğrafi mövqeyindən, iqtisadi potensialından və tarixindən irəli gəlir. Azərbaycan regional layihələrin inkişafına xüsusi əhəmiyyət verir. Bakı pandemiya şəraitində belə, beynəlxalq nəqliyyat və enerji kommunikasiyalarının fasiləsiz işləməsi üçün bütün lazımi addımları atıb.

Azərbaycan, tərəfdaşları ilə birlikdə «Şərq-Qərb» orta nəqliyyat dəhlizini fəal şəkildə inkişaf etdirir. Burada məqsəd Çin, Mərkəzi Asiya ölkələri və Avropa arasında tranzit daşımalarının, həmçinin Gürcüstan və Türkiyə limanlarına çıxışın təminidir.

Azərbaycanın Çinin «Bir kəmər, bir yol» təşəbbüsünü ilk dəstəkləmiş ölkələrdən olduğunu xatırlatmaq kifayətdir. İki ölkə hələ 2015-ci ildə «İpək yolu iqtisadi kəməri»nin birgə təşviqinə dair memorandum imzalayıb.  Tərəflər bu istiqamətdə indi də fəal əməkdaşlıq edir.

Daha bir son dərəcə önəmli layihə «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizidir. Bakı, bu layihədə İran və Rusiya kimi tərəfdaşları ilə birlikdə fəal iş aparır, bu nəqliyyat arteriyasının inkişafı üçün əlindən gələni edir. Bu dəhliz Hindistan və Mərkəzi Asiyanın digər ölkələrinə də Çabahar limanı, ardınca isə dəhliz vasitəsi ilə MDB üzvlərinə, həmçinin Avropanın şərq hissəsinə çıxış imkanı verir.

Yük daşımaları imkanının artırılması məqsədi ilə mövcud yollara əlavə olaraq, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Gürcüstanla birlikdə yeni beynəlxalq multimodal dəhliz də yaradılır.

Bütün bunlarla yanaşı, Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə ilə Ermənistan-Azərbaycan münaqişəsi də bitib və bu, Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaradıb. Azərbaycanın Ermənistanın işğalı altındakı ərazilərini azad etməsi ilə bölgədə yeni böyük perspektivlər də açılıb. Məlum olduğu kimi, iki ölkə arasında müharibə ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın iştirakı ilə üçtərəfli bəyannamənin imzalanması ilə bitib. Həmin bəyannamə isə digər məsələlərlə yanaşı, regionda nəqliyyat əlaqələrinin, iqtisadi münasibətlərin bərpasını da nəzərdə tutur. Hazırda Zəngəzur nəqliyyat dəhlizinin yaradılması üzərində iş gedir. O, «Şərq-Qərb» dəhlizinin bir hissəsinə çevriləcək və nəticədə, region ölkələrinin hər birinin qarşısında yeni və böyük imkanlar, perspektivlər açılacaq. Bu dəhliz faktiki olaraq, Mərkəzi Aralıq dənizi və Xəzər hövzəsinin Böyük İpək yolu və «Şimal-Cənub» dəhlizi ilə gələcək inteqrasiyasına imkan verəcək.

Yeni regional reallıq şəraitində kommunikasiyaların açılması yalnız Cənubi Qafqaz deyil, bütünlükdə Avrasiya məkanı üçün sülh, təhlükəsizlik, sabitlik, inkişaf və qarşılıqlı səmərəli əməkdaşlığın qarantına çevriləcək.



MƏSLƏHƏT GÖR:

169