20 Aprel 2024

Şənbə, 14:13

GƏLƏCƏYƏ YÖNƏLMİŞ TURNE

Aİ Cənubi Qafqazdakı yeni postmüharibə reallıqlarında öz maraqlarını zondaj edir

Müəllif:

01.08.2021

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqaz turnesi «Köhnə dünya»nın əsas strukturunun ən strateji əhəmiyyətli regionlardan biri ilə bağlı iddialarını bir daha ortaya qoyub. Bu, ilk növbədə, Mişelin Azərbaycanla Ermənistana səfərlərinə aiddir. Yeri gəlmişkən, bu səfər İrəvanın təxribatı nəticəsində iki ölkənin həmsərhəd rayonlarında gərginliyin yenidən artması fonunda baş tutub.

 

Səhv ünvana göndərilən yardım

Avropa İttifaqı Şurası rəhbərinin regiona səfəri çərçivəsində baş çəkdiyi ilk ölkə Ermənistan olub. O, İrəvanda Brüsselin bu ölkəyə 2,6 milyard avro yardım ayırmaq niyyətini təsdiqləyib. Bu, qurumun Azərbaycana ayırmağı düşündüyü yardımın məbləği ilə ciddi təzad təşkil edir – Bakıya cəmi 150 milyon avronun ayrılmasın nəzərdə tutulur. Halbuki, Azərbaycanın 44 günlük müharibə nəticəsində azad etdiyi rayonların necə acınacaqlı durumda olduğu Aİ-yə yaxşı məlumdur. Ermənistanın 30 illik işğal dövründə həmin əraziləri heç bir həyat əlaməti olmayan sahəyə çevirdiyini hər kəs kimi, Brüssel də bilir. Təcavüzkar ermənilərin azğın talançılığı, görünməmiş vandallığı nəticəsində bu ərazilərdə xarabalıqdan və minalı ərazilərdən başqa heç nə qalmayıb. Nəticədə, Azərbaycan işğaldan azad etdiyi ərazilərinin minalardan təmizlənməsinə, bərpasına külli miqdarda vəsait xərcləməlidir. Erməni işğalçılarının bu torpaqlardan qovduğu yüz minlərlə sakinin oraya qayıtması, bölgədə həyatın bərpası üçün bu, vacibdir.

Avropa İttifaqının «yardım paketi»ni bu qədər qeyri-bərabər bölməsi göstərir ki, Azərbaycanın həyata keçirməli olduğu miqyaslı bərpa işləri bu qurumu qətiyyən narahat etmir. Bu gün Aİ-nin və ümumilikdə Qərbin Cənubi Qafqazla bağlı bir prioriteti var – İrəvanda 44 günlük müharibədəki məğlubiyyətin yaratdığı şokdan, antirusiya əhvalının yüksəlməsindən istifadə edərək, Ermənistanı Moskvanın əlindən almaq. Üstəlik, Qərbin bui şin öhdəsindən gəlməsinə Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət də imkan yaradır – o, hər imkandı Aİ ilə NATO-nu regiona dəvət edir.

Nikol Paşinyanın «məxməri inqilabçı» «Vətəndaş müqaviləsi» partiyasının ölkədə keçirilmiş növbədənkənar parlament seçkisində qələbə qazanmasından sonra Aİ İrəvandan gələn «Avropa siqnalları»nı «tutaraq», bu ölkəni stimullaşdırmaq üçün əlindən gələni edir. Odur ki, Brüsselin Ermənistana bu qədər ciddi məbləğdə yardım ayırmaq qərarı təəccüblü deyil. Eyni zamanda Azərbaycana «xala xətrin qalmasın» deyə  xeyli kiçik məbləğin ayrılmasına da təəccüblənməyə dəyməz. Çünki Aİ-nin «Şərq tərəfdaşları»ndan olan Azərbaycan sözün əsl mənasında müstəqil, özünü dolandıra bilən dövlətdir. O, qlobal güc mərkəzlərinin geosiyasi döyüş meydanında heç zaman «xırda pul» olmayıb və olmayacaq. Azərbaycanı suveren inkişaf yolundan döndərməyin mümkünsüzlüyünü Aİ də anlayır, bütövlükdə Qərb də. Onlar bilirlər ki, buna ciddi «yardım paketi» ilə də nail ola bilməzlər.

44 günlük müharibə nəticəsində faktiki olaraq, beynəlxalq münasibətlər sisteminin subyekti statusunu itirmiş Ermənistandan fərqli olaraq, qalib ölkə Azərbaycan Cənubi Qafqazın qeyd-şərtsiz lideridir. Şarl Mişel regiona səfəri çərçivəsində yardım üçün yalvaran Ermənistanla regional fövqəldövlətə çevrilmiş Azərbaycanın potensialı arasındakı fərqə şəxsən şahidlik edib.

 

Qalibin potensialı

Mişelə Azərbaycana səfəri çərçivəsində reallaşdırılmaqda olan bir sıra perspektivli layihələr təqdim edilib. Belə layihələrdən biri kimi, Azərbaycanın kosmik fövqəldövlətlər «klub»unda yer aldığı qonağın nəzərinə çatdırılıb, Bakının bu sahədə Aİ ilə əməkdaşlıq səviyyəsi nümayiş etdirilib. Şarl Mişel Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə baş çəkib, burada Avropa Geostasionar Naviqasiya Xidmətinə məxsus antenlərin yerləşdirildiyi teleport stansiyası ilə tanış olub.

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev «Azerspace-1» və «Azerspace-2» telekommunikasiya peyklərinin orbitə Fransanın «Arianespace» şirkəti tərəfindən buraxıldığını Şarl Mişelin nəzərinə çatdırıb, «Azersky» peykinin «Airbus Defence and Space» şirkətindən alındığını bildirib. Qonaq Bakıda 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəvət də olunub.

Şarl Mişel isə Azərbaycanla Aİ arasında tərəfdaşlığı qiymətləndirən zaman bildirib ki, bu tərəfdaşlığın «innovasiyalar, texnoloji mübadilə və iqtisadi əməkdaşlıq sahələrində birgə işlərə əsaslanması» arzuolunandır. Bu isə «Avropa İttifaqının iqtisadi inkişafda prioritet saydığı iki istiqamətə – iqlim dəyişikliyi və rəqəmsal inqilab – tam uyğundur».

Şarl Mişeldə Şamaxıya səfər də böyük maraq yaradıb. Burada o, 743-cü ildə inşa olunmuş Cümə məscidinə baş çəkib. Bundan başqa, avropalı qonaq bu qədim Azərbaycan şəhərində Aİ-nin maliyyə dəstəyi ilə icra edilən «Azərbaycanda Böyük Qafqaz dağlıq ərazilərində icma əsaslı dəyər zəncirinin genişləndirilməsi» layihəsinin təqdimat mərasiminə də qatılıb.  Layihənin icrasında məqsəd yerli kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin artırılmasıdır.

Şarl Mişel Meysəri kəndində «Şirvan şərabları» MMC-nin fəaliyyəti ilə də tanış olub.

Avropa İttifaqı Şurasının rəhbəri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları ilə bağlı xüsusi hazırlanmış təqdimatı da vurğulamaq lazımdır. Qonağın nəzərinə çatdırılıb ki, bu liman Avropa ilə Asiya arasında, o cümlədən İpək yolu üzərində vacib nəliyyat qovşağıdır. Ona Ələt azad ticarət zonası haqda da məlumat verilib.

Mişelin Azərbaycana səfəri zamanı ikitərəfli tərəfdaşlıqda enerji sahəsində əməkdaşlığın aparıcı yer tutduğu bir daha təsdiqlənib. Azərbaycan Prezidenti İlham Əliyev Şarl Mişel ilə birgə keçirdiyi mətbuat konfransında ölkənin nəhəng tarixi uğurlarından danışıb, xüsusilə «Cənub Qaz Dəhlizi» layihəsinin icra olunduğunu xatırladıb, Bakı ilə Aİ-nin uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına həmsədrlik etdiklərini yada alıb.

Qonaq isə öz növbəsində, Aİ-nin regional əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu deyib. «Bu ismarıcı bu mövzuda səfərbər olunmağa hazır olan bütün tərəflərə və ölkələrə çatdırmaq istəyirik», - deyə o, bildirib.

Beləliklə, İlham Əliyevin də dediyi kimi, Şarl Mişelin Azərbaycana səfəri zamanı tərəflər arasında «yaxın tərəfdaşlıq» münasibətlərinin olduğu bir daha təsdiqlənib. Ən önəmlisi isə bu tərəfdaşlığın bərabərhüquqluluq prinsipinə əsaslanmasıdır. Bu isə ilk növbədə, məhz Bakının müstəqil xarici siyasətinin nəticəsi sayılmalıdır.

 

Gündəmi Bakı müəyyənləşdirir

Bütün bunlarla yanaşı, Aİ Cənubi Qafqazda nüfuzunu artırmaq üçün «Dağlıq Qarabağ meydançası»nın bərpasına çalışdığını gizlətmir – bu, onun regional proseslərə təsir etməsi üçün alətə çevrilə bilər. Hər halda, Şarl Mişel İrəvandakı çıxışı zamanı danışıqlar prosesinin bərpasının vacibliyini əbəs yerə dilə gətirməyib. Üstəlik, o, bildirib ki, danışıqlarda guya «Dağlıq Qarabağın statusu» məsələsi müzakirə olunmalıdır. ATƏT-in Minsk qrupunun himayəsi ilə «danışıqların bərpası»na bəhanə kimi, Ermənistanın Azərbaycan tərəfindən «cəhənnəmə göndərilmiş» status məsələsində, ələ keçirilmiş və ermənilərin himayədarları tərəfindən «əsir» kimi təqdim olunan diversant və terrorçu dəstələri məsələsində ah-zarının bitməməsi göstərilir. Burada bir də Ermənistanla Azərbaycanın dövlət sərhədinin demarkasiyası «problem»i var və İrəvan bu işə də Qərb dövlətlərini cəlb etməyə çalışır.

Lakin aydındır ki, Aİ-nin «danışıqlar» tələbinin aşkar geosiyasi məqsədləri var. Bakının hərbi qələbəsi nəticəsində yaranmış yeni regional reallıq Brüsselin qane etmir və burada söhbət, ilk növbədə, «Dağlıq Qarabağ meydançası»ndan Rusiya ilə Türkiyənin sülhməramlı missiyasının yer almasından gedir.

Lakin Bakıda Şarl Mişel xüsusilə «Dağlıq Qarabağın statusu» kimi incə məsələlərə toxunmağı lazım bilməyib. Səbəb bəllidir: Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədə qazanılmış qələbədən sonra dəfələrlə bəyan edib ki, «status məsələsi» qapanıb və bu mövzuya qayıdılmayacaq. Dövlət başçısı elə Mişelin səfəri ərəfəsində də demişdi ki, «Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb... Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var».

Şarl Mişel ilə görüşündə isə İlham Əliyev postmüharibə dövrünün mahiyyətini konkret ifadə edib: «Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Azərbaycan müharibəyə son qoydu. Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq».

Beləliklə, Bakının mesajı aydındır: Azərbaycan ərazilərinin işğalına son qoyulduğundan, onun ərazi bütövlüyü təmin edildiyindən, Ermənistanla «Dağlıq Qarabağ problemi» ilə bağlı hər hansı danışıqlara ehtiyac yoxdur. Bakı İrəvanla yalnız ümumi sülh müqaviləsinin imzalanması ətrafında müzakirələr apara bilər və həmin sənəddə ikitərəfli dövlətlərarası münasibətlərin bərpası da daxil olmaqla, bir çox məsələ əksini tapmalıdır. Söhbət, ilk növbədə, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasından gedir.

Beləliklə, Bakının dünya ictimaiyyətinə daha bir ismarıcı ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında danışıqlar yalnız sülh müqaviləsinin imzalanması ətrafında aparıla bilər və xarici güc mərkəzlərini razı salmaq naminə danışıqlar aparılmayacaq. Şarl Mişelin səfəri çərçivəsində bu fikir öz əksini İlham Əliyevin Aİ-yə təklifində də tapıb. Dövlət başçısı Aİ-ni postmünaqişə dövründə regionun inkişafında iştiraka çağırıb, onu «geniş regional əməkdaşlığın təməlini qoymağa» dəvət edib. Azərbaycan Prezidenti əminliklə bildirib ki, bu prosesdə «Avropa İttifaqı çox vacib rol oynayır və oynayacaq».

İlham Əliyev xüsusilə vurğulayıb ki, postmünaqişə dövrü üçün son dərəcə vacib amillərdən biri Cənubi Qafqazda kommunikasiyaların açılmasıdır və bu, 2020-ci ilin 10 noyabr bəyannaməsində də öz əksini tapıb. «Biz Ermənistandan müsbət cavab almalıyıq», - deyə o, bildirib: «Bundan sonra regionda proqnozlaşdırılma, sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək. Bizim istədiyimiz budur».

İlham Əliyevin sözləri Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın yalanlarını bir daha ifşa edib. Paşinyan Aİ-ni inandırmağa çalışır ki, guya Bakı İrəvanın «Ermənistan-Gürcüstan-Azərbaycan dəmir yolu dəhlizindən istifadəsinə imkan vermir». İlham Əliyevin bu sayıqlamanı inkar etməsi həm İrəvana, həm də Ermənistana himayədarlıq etməyə çalışan Aİ-yə ismarıc olmaqla yanaşı, həm də postmünaqişə dövründə sülh və əməkdaşlığın əsas elementi olan, Naxçıvanı Azərbaycanın digər ərazisi ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasının qaçılmazlığına dair siqnaldır.

Nəhayət, Avropa İttifaqı anlamalıdır ki, o, Cənubi Qafqazdakı geosiyasi mövqeyini yalnız Ermənistan-Azərbaycan münaqişəsinin başa çatdığı regiondakı yeni reallıqları nəzərə almaqla qoruya bilər – bu, Brüsselin özünün də maraqlarına uyğundur. Hər halda, Şarl Mişelin turnesi çərçivəsində Aİ-nin Cənubi Qafqazdakı strateji maraqları bir daha təsdiqlənib. Bu, özünü, ilk növbədə, onun Gürcüstana səfəri zamanı göstərib. Mişel Gürcüstana səfəri zamanı Batumidə «Avropa İttifaqının cəlbetmə qüvvəsi və regionun transformasiyası» mövzusunda təşkil edilmiş konfransa qatılıb, orada assosiativ üçlük olan Gürcüstan, Ukrayna və Moldovaya «görünməmiş maliyyə yardımı» vəd edib. Beləliklə, Brüsselin «Şərq tərəfdaşlığı» proqamının iştirakçıları arasına yalnız Azərbaycanla münasibətləri hərtərəfli, bərabərhüquqlu əməkdaşlığa əsaslanır. Mişelin özünün də dediyi kimi, bu, «əsasən maliyyə dəstəyinə əsaslanan əməkdaşlıq deyil».



MƏSLƏHƏT GÖR:

171