24 Aprel 2024

Çərşənbə, 14:37

ODLA OYUN

Ermənistan Azərbaycanla sərhəddə atışmalara rəvac verməklə, delimitasiya prosesini pozmağa çalışır

Müəllif:

01.08.2021

1980-ci ildə Sovet teleefirində «Dövlət sərhədi» adlı serial peyda olmuşdu. Onun ilk seriyaları «qaynar» postinqilab dövründə sərhəd xidmətinin yenidən necə yaradıldığından bəhs olunurdu. Sonradan eyni qəhrəmanların iştirakı ilə yeni seriyalar çəkildi, lakin bu dəfə hadisələr yeni «coğrafiya»da cərəyan edirdi. Növbəti seriyalarda artıq diqqət mərkəzində yeni nəsil sərhədçilər idi… Sovet ekranlarına son film 1988-ci ildə çıxıb. Filmin adını məşhur «Katyuşa»dan götürmüşdülər – «Uzaq sərhədlərdə». Hadisələr SSRİ dövlət sərhədinin Ermənistana aid hissəsində yaşanırdı. O zaman xüsusilə Moskvadan baxdıqda sərhəd, həqiqətən də, uzaq görünürdü. Amma bu gün Cənubi Qafqazda «sərhəd» o qədər yaxındır ki… Üstəlik, indi bu sərhədlərdə atışma kino yox, reallıqdır. Ən əsası, Ermənistanın Azərbaycanla sərhəddə mütəmadi əl atdığı təxribatların, sərhəd insidentlərinin təhlükəsi həddindən artıq çoxdur.

 

Narahatverici atəş…

Bu cür insidentlərin təhlükəli həddə çatdığı aydındır. Artıq sərhəddə atəşkəsin pozulduğu, atışmanın baş verdiyi haqda məlumatlara sutkada bir neçə dəfə rast gəlinir. Tələfat da var – erməni snayper azərbaycanlı hərbçi, gizir Fərman Yaqublunu qətlə yetirib.

Son insidenti müharibədən sonrakı dövrdə qaçılmaz olan «xırda insident» adlandırmaq mümkün deyil. Birincisi, atəşkəs rejiminin qüvvəyə minməsindən artıq 8 ay keçir. Atəşkəs bəyannaməsinin imzalanmasından sonrakı ilk sutkalarda cəbhə xəttində dolaşan maşınlardan səsgücləndirici vasitəsilə müharibənin dayandırıldığı elan olunur, Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasına başladığı bildirilir, «müqavimət göstərməyin mənası yoxdur», «sizin ölümünüz heç nəyi dəyişməyəcək» tipli çağırışlar olunurdu. Bu gün Ermənistanda atəşin dayandırılması əmrindən kimlərinsə xəbərsiz olduğunu söyləmək mümkün deyil. Doğrudur, Paşinyanın ordu ilə münasibətləri o qədər də yaxşı deyil. Lakin bu, o demək deyil ki, hökumət başçısı vəziyyətə sərhəddə sakitliyi təmin edə biləcək dərəcədə nəzarət etmir. Yəni bu, aydın şəkildə göstərir ki, Ermənistanla sərhəddə vəziyyət məqsədli şəkildə qarışdırılır. Məqsəd isə sərhədlərin delimitasiyası və demarkasiyası prosesini pozmaqdır.

 

Niyə?

Azərbaycan Prezidenti İlham Əliyev AzTV-yə son müsahibəsində sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə də toxunub: «Biz öz sərhədimizə çıxmışıq. Nə üçün may ayında çıxmışıq? Çünki qar əridi. Qar idi, iki-üç metrlik qar idi. Ora çıxmaq mümkün deyildi. Qar əriyəndən sonra biz çıxdıq, lazım bildiyimiz nöqtələri götürdük və orada yerləşdik, orada möhkəmlənirik və möhkəmlənəcəyik. Ona görə Ermənistanın, əlbəttə, məyus olması ondan irəli gəlir ki, onlar yenə də xülyalarla yaşayırlar. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil da öz rolunu oynayır. Yəqin, onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib».

 

Vacib detallar

Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi Ermənistan üçün, həqiqətən də, ağrılı keçir. Xatırladaq ki, proses erməni tərəfi üçün ciddi ərazi itkiləri ilə müşayiət olunur. İrəvanda bunu açıq şəkildə söyləməyi lazım bilmirlər, amma başqasına aid torpaqlar geri qaytarılmalıdır, başqa yol yoxdur. Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarının ərazisinə düşən sərhəd zonasının Ermənistanın işğalı altında olduğu illərdə ermənilər onu xeyli irəli çəkiblər. İndi isə bu rayonlar azad olunub və nəticədə, dövlət sərhədi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Həmin ərazilərdə ermənilərin yaşadıqları bəzi evlər də var, qızıl mədənləri də, elektrik stansiyaları da, strateji yollar da.

Bununla yanaşı, Ermənistanı qorxudan heç də yalnız sərhədlərin delimitasiyası və demarkasiyası prosesi deyil. İrəvanda yaxşı anlayırlar ki, bu prosesin başa çatması ilə sülh müqaviləsinin hazırlanmasına başlanılması qaçılmaz olacaq. Prezident İlham Əliyev də bəyanatlarında dəfələrlə bildirib ki, Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması prosesinə hazırdır və bu, əlbəttə ki, sərhədlərin tanınması, onlara hörmət olunması əsasında baş verməlidir. Amma Azərbaycan gizli mənbələrdən öyrənib ki, Ermənistan hələ ki, buna hazır deyil.

Vəziyyətin bu cür olmasının səbəbini Ermənistan ekspertləri belə izah edir: sərhədlərin tanınmasına əsaslanan müqavilə İrəvanın Qarabağın Azərbaycana məxsus olduğunu tanıması anlamına gələcək.

Belə vəziyyətdə İrəvanın hərbi-siyasi manevrlərinin səbəbi anlaşılır. Bu, Paşinyanın mübahisəli ərazilərdən qoşunların «qarşılıqlı şəkildə geri çəkilməsi», oraya beynəlxalq sülhməramlıların və ya hansısa digər qüvvələrin yerləşdirilməsi təşəbbüsünə də aiddir.

 

Təşəbbüsün anatomiyası

«Qoşunların geri çəkilməsi», «bufer zona» və bu kimi ideyaların ortaya atılması yenilik deyil. Bu mövzunu ilk dəfə Ermənistanın sürətlə siyasi nüfuz qazanmaqda olan ombudsmanı Arman Tatoyan gündəmə gətirib. O, hələ bir neçə ay əvvəl bildirmişdi ki, erməni kəndləri ilə həmsərhəd bölgələrdəki əsas yüksəkliklərdə Azərbaycan bayraqlarının dalğalanması erməniləri «qıcıqlandırır» və bu insanların təhlükəsizliyinin təmini, sakit yaşamaları üçün «bufer zona»ya ehtiyac var. Amma həmin zonalar Azərbaycanın hesabına yaradılmalı imiş…

Paşinyan isə daha da irəli gedərək, «bufer zona»ya sülhməramlıların yerləşdirilməsini də təklif edib. Üstəlik, İrəvanda bunun yalnız Rusiya yox, məsələn, Fransa sülhməramlıları da ola biləcəyinə eyham vururlar. Moskva bunu, təbii ki, təəccüblə qarşılayıb: Ermənistan KTMT üzvüdür və onun Qərb dövlətləri ilə belə münasibəti yumşaq desək, doğru deyil. Rusiyanın məsələyə reaksiyası yalnız KİV səviyyəsində olsa da, ismarıc kifayət qədər aydındır.

Bəs, görəsən, Ermənistan bir neçə uğursuz transsərhəd əməliyyatı ilə yadda qalmış Fransanın Cənubi Qafqazdakı vəziyyətə müdaxilə edəcəyinə, həqiqətən, inanırmı? Yoxsa İrəvan bu gedişlə sadəcə, Rusiyanı hirsləndirmək istəyir? Əslində, ermənilərin məntiqi aydındır. Onlar bu yolla özü üçün çox ağrılı olan bir məsələni həll edir. Qarabağda darmadağın olduqdan sonra bu ölkənin öz sərhədini qorumağa imkan verən gücü və resursu yoxdur. Odur ki, İrəvan bu işi kənar qüvvələrin köməyilə çözməyə çalışır. Ən başlıcası isə regionun münaqişəsi «dondurulsun» və Azərbaycanla sülh müqaviləsinin imzalanması qeyri-müəyyən vaxta təxirə düşsün…

Lakin bu gün regiondakı güc balansı Ermənistanın odla oynamasına imkan verməyəcək. Məlum aksiom var: dövlət sərhəddən başlayır və ən sivil davranış onun tanınmasıdır. İndi Ermənistan Azərbaycanın hərbi potensialını və qətiyyətini qiymətləndirməməyin nə ilə nəticələnə biləcəyini yaxşı anlayır.



MƏSLƏHƏT GÖR:

176