29 Mart 2024

Cümə, 09:54

ÜMİD QALİB GƏLİR

Gənc şahmatçı: «Hədəfim beynəlxalq dərəcəli usta, daha sonra isə qrossmeyster normalarını yerinə yetirməkdir»

Müəllif:

01.09.2021

Azərbaycan güclü şahmat məktəbi olan ölkələrdəndir. Şahmat oyunu özünün zəngin tarixi ənənələri ilə xalqımızın mədəniyyətində özünəməxsus yer tutur. Son illər şahmatda əldə edilən nailiyyətlər, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr ölkəmizdə şahmata göstərilən marağı daha da artırıb. Hazırda Azərbaycanda 25 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 20 FİDE ustası, 16 FİDE hakimi və 15 beynəlxalq hakim var. Bu gün ölkədə fəaliyyət göstərən 70-ə yaxın uşaq-gənclər şahmat məktəblərində 40 mindən çox uşaq və yeniyetmə məşğul olur.

Yeniyetmələr arasında fərqlənən şahmatçılardan biri Ümid Aslanovdur. Bu yaxınlarda 15 yaşlı Ümid Serbiyanın Paracin və Senta şəhərlərində keçirilən beynəlxalq şahmat turnirlərində yüksək nəticələr əldə edib. Yeniyetmə şahmatçı Paracində 57,  Sentada isə 80 FİDE əmsalı üzrə reytinqini əhəmiyyətli dərəcədə artırıb.  Qeyd edək ki, idmançımız həmin turnirlərdən əvvəl 2019 reytinqə sahib idisə, indi onun bu göstəricisi 2155-dir.

Reytinqdən əlavə Ümid Aslanovun oyunu diqqət çəkir. Serbiyadakı turnirlərdə o iki turda beynəlxalq usta ilə mübarizə aparıb və gərgin görüşlərdə heç-heçəyə nail olub. Artıq 15 yaşlı şahmatımız həmyaşıdlarıyla deyil, daha yüksək reytinqli şahmatçıların iştirak etdiyi beynəlxalq turnirlərdə çıxış edir. Nəzərə alsaq ki, beynəlxalq usta norması 2400, qrossmeyster norması isə 2500 FİDE əmsalıdır, o zaman Ümidin sayəsində gələcəkdə ölkəmizdə qrossmeysterlərin sayının artacağını söyləmək olar.

“Region Plus”-a açıqlamasında Ümid əsas hədəflərindən danışıb: “Şahmat mənim üçün sadəcə oyun və ya zəka mübarizəsi deyil, artıq həm də həyat tərzidir. Hazırda FİDE əmsalımı artırmaq üçün üzərimdə daha çox işləyirəm. Məqsədim beynəlxalq usta, daha sonra isə qrossmeyster normalarını yerinə yetirməkdir. Ən əsası isə oyunumu gücləndirməliyəm. Dünya səviyyəsində şahmatçı olmaq istəyirimsə debüt və taktika üzərində daha çox işləməliyəm”.

Ümidin kumiri üçqat Avropa çempionu, gənclər arasında ikiqat dünya çempionu, hazırda dünyanın aparıcı şahmatçılarından biri olan Şəhriyar Məmmədyarovdur. Məhz buna görə Ümid gələcəkdə Şəhriyar kimi Azərbaycanın əsas yığma komandasında təmsil olunmağı arzulayır: “Şəhriyar ən çox bəyəndiyim şahmatçıdır. Onun kimi güclü şahmatçı olmaq istəyirəm. Məşqçilər deyir oyun baxımından bir qədər oxşayırıq. Mən də onun kimi risk etməyi sevirəm. Şahmatda taktikaya böyük önəm verirəm. Şəhriyarla bir neçə dəfə seans zamanı qarşılaşmışıq. Təbii, seansda o mənə qalib gəlib. Çox istərdim ki, gələcəkdə klassik şahmatda bir-birimizə rəqib olaq. Əlbəttə daha güclü şahmatçı olduqdan sonra”.

Şahmatla yanaşı Ümid həm də ingilis dili üzərində möhkəm çalışır. Atası Fuad Aslanov deyir ki, şahmatda uğur qazanmaq üçün ingilis dilini bilmək vacibdir.

“Sentyabrın 12-də Ümid Bolqarıstanda başlayacaq beynəlxalq turnirə qatılacaq. Uğurlu çıxış edəcəyinə inanırıq, çünki bütün günü məşq edir.

Yeniyetmə şahmatçıların xaricdəki yarışlarda iştirakı eyni zamanda təlim-məşq toplanışlarına qatılması müəyyən maliyyə tələb edir. Bu mənada Ümidə dəstək olan Abşeron rayonu İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya təşəkkür etməyə bilmərəm. “Halal Nemət Min Bərəkət” şirkəti də daim bizim yanımızdadır. Onların dəstəyi sayəsində yeni uğurlar qazanacağımıza əminik”-deyə Fuad Aslanov bildirib.

Qeyd edək ki, oktyabrda Naxçıvanda 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Həmin yarışda Ümid Aslanovun yeniyetmələrdən ibarət Azərbaycan komandasında təmsil olunmaq şansı var.



MƏSLƏHƏT GÖR:

157