19 Aprel 2024

Cümə, 22:59

«PARALEL» REALLIQ

Azərbaycan paralimpiyaçılarının Tokioda göstərdikləri möhtəşəm nəticə idman federasiyalarına dərs olmalıdır

Müəllif:

01.09.2021

Planetin ən böyük yarışı Tokio Yay Olimpiya Oyunları nəhayət baş tutdu. Uzaq Yaponiyada, paytaxt Tokioda dünyanın ən güclü atletləri medallar uğrunda mübarizə apardı. 16 gün ərzində 339 dəst medal öz sahibini tapdı. Lider ölkələr demək olar ki, proqnozları doğrultdu. ABŞ millisi son gündə birinci pilləni ələ keçirib, Çinin hələ də onlardan zəif olduğunu ortaya qoydu. Hətta medal siyahısında adlarını belə tələffüz etməkdə çətinlik çəkdiyimiz bəzi ölkələr də özlərinə yer tapdılar. 44 idmançımızın təmsil olunduğu Olimpiada ölkəmiz adına 7 medalla yadda qaldı.

 

Ürək açmayan nəticələr

Azərbaycan olimpiya yığmasının qazandığı 7 medaldan üçü gümüş, dördü bürünc əyarlıdır. Gümüş medalı sərbəst güləşdə Hacı Əliyev (65 kq), karatedə Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq), bürüncləri isə cüdoda İrina Kindzerska (+78 kq), boksda Alfonso Dominges (81 kq), yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) və qadın güləşində Mariya Stadnik (50 kq) qazandılar. Medal hesabına görə, Azərbaycan ölkələr sırasında 67-ci yeri tutdu.

40 lisenziya qazanan 44 idmançımız  Tokioda 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış etdi. Tarixdə ilk dəfə pandemiya şəraitində keçirilən olimpiadada Azərbaycan qızıl medal qazana bilmədi.

Azərbaycan idmançıları üçün Tokiodakı 44 lisenziya 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziya sayıdır , o vaxt idmançılarımız 38 lisenziya qazanmışdı.  2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

 

Pandemiya səbəb kimi

Tokio Olimpiya Oyunlarından öncə mütəxəssislər bu yarışın əvvəlkilərdən fərqlənəcəyini söyləyirdi. Bütün atletlər, o cümlədən Azərbaycanda olan idmançılar üçün ağır sınaq olacaq olimpiadada qızıl medal qazanmaq ikiqat çətin olacağı deyilirdi. Həqiqətən koronavirus pandemiyası təkcə yarışların təşkilatçılığına deyil, eləcə də idmançıların hazırlığına təsir etdi. Bir il ertələnən olimpiada bəzi idmançılarımızın ideal vəziyyətdən uzaq düşməsinə səbəb oldu, bəzilərinin isə işinə peşəkar yanaşmadığını göstərdi.

Azərbaycanın ilk dəfə müstəqil ölkə kimi çıxış etdiyi 1996-cı il Atlanta Olimpiya Oyunlarından bəri ilk dəfə idmançılarımız qızıl medal qazana bilmədilər. O zaman Azərbaycan üçün yeganə medalı hazırda ölkəmizin sərbəst güləş üzrə milli komandasının baş məşqçisi Namiq Abdullayev (gümüş) qazanmışdı. Sonrakı Olimpiadalarda Azərbaycan idmançıları mütəmadi olaraq Vətənə qızıl medalla qayıdıblar: Sidney-2000-də iki qızıl (Namiq Abdullayev və Zemfira Meftahəddinova), Afina-2004-də bir qızıl (güləşçi Fərid Mənsurov), Pekin-2008-də bir (cüdoçu Elnur Məmmədli), London-2012-də iki (güləşçilər Toğrul Əsgərov və Şərif Şərifov), Rio-2016-da bir (taekvondoçu Radik İsayev).

Medalların sayına görə də xeyli geriləmişik. Beş il əvvəl Rioda Azərbaycan 18 medal (1, 7, 10) qazanmışdısa, indi cəmi yeddi (üçü gümüş, dördü bürünc) medalımız var. Maraqlıdır ki, Oyunlardan əvvəl Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov komandadakı real vəziyyəti dəyərləndirərək səkkiz medala ümidi olduğunu demişdi. Yəni, demək olar ki, vəzifə yerinə yetirilib, haqdır ki, qızıl medal olmadığına görə, bundan heç kim razı deyil.

Tokio Olimpiya Oyunlarında ilk medalını Azərbaycan yarışların yeddinci günü qazandı. Bunun özü də Atlanta-1996-dakı kimi pis nəticədir. O zaman Namiq Abdullayev yarışların 14-cü günündə ilk və yeganə medalı qazana bilmişdi. Onun əyarı gümüş idi. Dörd il sonra Sidneydəki ilk və qızıl medal yarışların 6-cı günü qazanıldı. Onun sahibi stend atıcılığında Zemfira Meftahəddinova oldu. O, İradə Aşumova ilə birlikdə Afina-2004-də oyunların müvafiq olaraq altıncı və beşinci günündə mükafat qazana bildilər.

Ən erkən Olimpiya medalımız isə 2008-də Pekində qazanılıb. Cüdoçu Elnur Məmmədli yarışların üçüncü günü effektli qələbə ilə çempion oldu. 2012-ci ildə Londonda da yarışın üçüncü günü ağır atlet Valentin Hristov bürünc medal qazandı. Düzdür, sonradan o medalı əlimizdən aldılar: ağır atletin qanında dopinq tapıldı. Nəhayət, 2016-cı ildə Rioda Rüstəm Orucov yarışların üçüncü günü bürünc mükafat qazanıb.

Maraqlıdır ki, Tokioda ilk və son medallarımızı İrina adlı idmançılarımız qazandı.  Əvvəlcə cüdoçu İrina Kindzerska bürünc qazandısa, yarışın son günlərində karateçi İrina Zaretska gümüş medalın sahibi oldu. Ümumiyyətlə, Azərbaycanın Tokioda yeddi medalından dördünü milliləşdirilmiş idmançılar – ukraynalı Kindzerska, Zaretska və Mariya Stadnik, eləcə də kubalı Alfonso Dominges qazandı. Azərbaycan idmanının yetirmələrinin sayı isə cəmi üç oldu – Rafael Ağayev, Hacı Əliyev və Rafiq Hüseynov. Əlbəttə ki, federasiyalar üçün düşünməyə əsas var.

Tokioda ilk medallar Azərbaycan cüdo yığmasından gözlənilirdi. Olimpiadaya rekord sayda – doqquz cüdoçumuz yollansa da, qazancımız 1 medal oldu. Kişilərin yarışında bütün çəki dərəcələrində təmsil olunduq. Ancaq heç biri medal qazana bilmədik. Bircə Rüstəm Orucov (73 kq) medalın  bir addımlığında büdrədi, beşinci yeri tutdu. Digər cüdoçular isə yarışı elə ilkin mərhələdən tərk etdilər. Bakıya qayıdandan sonra Azərbaycan Cüdo Federasiyası milli yığmanın bütün məşqçi heyətini istefaya göndərdi. Kişilərdən ibarət yığmanın baş məşqçi postu Pekin Olimpiadasının bürünc medalçısı Mövlud Mirəliyevə tapşırıldı.

Kubalı boksçu Lorenso Sotomayorun (69) çıxışını da uğursuzluq hesab etmək olar. Riodakı gümüşdən sonra Tokioda ondan heç olmasa Braziliyadakı uğurunun təkrarını gözləyirdilər. Ancaq o, erkən mərhələdə yarışdan çıxdı. Taekvondo üzrə dünya çempionumuz Milad Beiqi Harçeqani də (80 kq) startda uduzaraq bütün ümidləri dəfn etdi.

Olimpiadada əksər idmançılarımızdan medal gözlənilsə də, favoritlər zəif çıxışları ilə idman ictimaiyyətini məyus etdi. Bəzi idmançılarımızın səviyyələrindən aşağı çıxış etməsində koronavirusu səbəb göstərmək olmaz. Çünki koronavirus bütün ölkələrdə idmançılara mane olub. Digər tərəfdən Olimpiadaya lisenziya qazanan idmançılarımıza Tokio Olimpiadasına hazırlaşmaq üçün məşqlərə şərait yaradılmışdı.

Etiraf etmək lazımdır ki, Riodakı 18 medaldan sonra Tokio Olimpiadasında əldə olunan 7 medalı uğurlu nəticə hesab oluna bilməz. Titullu idmançılarımızın çoxu artıq karyerasını başa vurmağı düşünür. Növbəti olimpiadaya qədər çox az vaxt qalır. Növbəti olimpiada 2024-cü ildə baş tutacaq. Cəmi üç ilə vəziyyəti tam dəyişmək çətin olacaq. Nəsil dəyişkənliyi bir qayda olaraq asan keçmir. Ola bilsin ki, Rio-2016-dakı nəticələrə yaxın uğurları 2028-də Los-Anceles Olimpiadasında görə bilək. Hələliksə Parisdə baş tutacaq Olimpiadaya hazırlaşmaq lazımdır.

 

Paralimpiyaçıların 10 qızıl medalı

Avqustun 31-nə olan məlumata görə, Tokioda keçirilən 2020-ci il Paralimpiya oyunlarında Azərbaycan yığması 10 qızıl medal qazanıb.

Komandanın onuncu və özünün sayca ikinci qızıl medalını üzgüçümüz Roman Saleh əldə edib. Bununla avqustun son günü Azərbaycan paralimpiyaçılarının Tokioda qazandığı ümumi medal sayı 14-ə çatıb.

Qızıl medalçılar apasında paracüdoçular Hüseyn Rəhimli, Dürsədəf, Kərimova, Vüqar Şirinli, Xanım Hüseynova, Sevda Vəliyeva və Şahanə Hacıyeva, üzgücü Roman Saleh, atletlər Həmid Heydərli və Elvin Astanov var. Bürünc medalları isə paracüdoçular Namiq Abbaslı və İlham Zəkiyev, pauerliftinqçi Pərvin Məmmədov və atlet Səid Nəcəfzadə qazanıb.

Tokio Paralimpiadası avqustun 24-dən sentyabrın 5-dək keçirilir. Bu il Azərbaycanı Paralimpiya oyunlarında 35 idmançı təmsil edir (23 kişi və 12 qadın). İdmançılarımız altı idman növündə çıxış edirlər. 

Tokio Oyunları Azərbaycan paralimpiyaçıları üçün sayca yeddincidir. Əvvəlki Paralimpiya oyunlarında idmançılarımız 38 medal qazanıblar. Onların 9-u qızıl, 18-i gümüş, 11-i isə bürünc medallardır.



MƏSLƏHƏT GÖR:

209