29 Mart 2024

Cümə, 12:34

KƏŞFLƏR DÖVRÜ

Azərbaycanda ölkənin karbohidrogen potensialının yetərincə artımına hesablanmış ardıcıl önəmli layihələr gerçəkləşdirilir

Müəllif:

01.09.2021

Bu yay Xəzər hövzəsində qaz hasilatı sahəsində bir sıra maraqlı hadisələr baş verib ki, bunlar bir tərəfdən dünya qaz bazarında bölgənin rolunu artıra bilər, digər tərəfdən də "mavi" yanacaq istehsalçıları arasında rəqabəti gücləndirər.

Azərbaycanda BP şirkəti «Şahdəniz» yatağının yeni qanadını uğurla işə salıb və SOCAR ilə birlikdə Abşeron arxipelağının dayaz sularında axtarış - kəşfiyyat işlərinə başlayıb.

«Umid Babek Operation Company» (UBOC) isə öz növbəsində, koronavirus pandemiyası ilə bağlı bütün çətinliklərə baxmayaraq, «Ümid-Babək» qaz kondensat blokunda il ərzində yeni hasilat quyusu qazaraq, elə bu günlərdə istismara verib və bununla da, «Ümid-1» platformasının qaz hasilat potensialını maksimuma çatdırıb.

Bu arada qonşu İran bildirib ki, Xəzər dənizinin Çalus şəhəri yaxınlığındakı sektorunda iri təbii qaz yatağı kəşf edilib. Tehran bəyan edib ki, yeni kəşf İranın şimalındakı böyük neft və qaz ehtiyatlarının kəşfiyyatında dönüş nöqtəsi ola bilər və hətta Avropanın enerji xəritəsini dəyişdirə bilər. Nəzəri olaraq bu variant tamamilə mümkündür, amma praktikada bunu gerçəkləşdirmək üçün İran ya belə nəql üçün öz imkanlarını yaratmalı, ya da "mavi yanacağın" çatdırılması üçün Avropa İttifaqına nəql üzrə hazır infrastruktura malik Türkiyə və ya Azərbaycanla danışıqlar aparmalı olacaq.

 

«Şahdəniz»də yeni səviyyə

Bununla yanaşı, Azərbaycan qaz hasilatını artırmaq və Cənub Qaz Dəhlizini (CQD) doldurmaq üçün öz potensialını uğurla inkişaf etdirir. «Şahdəniz» yatağının cənub-şərq qanadının işlənməsi bu istiqamətdə atılan mühüm addım oldu. Layihənin texniki operatoru olan BP-dən verilən məlumata görə, yatağın bu dərin sulu (suyun dərinliyi 540 m) olan qanadı dörd quyudan ibarətdir və bu cinahdan tam miqyaslı qaz hasilatı bu ilin üçüncü rübünə gözlənilir.  

"Bu, «Şahdəniz» üçün bu ilə planlaşdırdığımız ən önəmli layihədir, COVID-19 pandemiyasının səbəb olduğu çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, biz onu qrafikə uyğun və büdcə çərçivəsində uğurla başa vurduq", - deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Harri Cons bildirib.  

Onun qiymətləndirməsinə görə, cənub-şərq cinahı hesabına "Şahdəniz" yatağından hasilatın tam həcminə gündəlik daha 90 min barel neft ekvivalenti əlavə olunacaq. Hazırda yataqdan gündəlik 58 milyon kubmetr qaz və 85 min barel kondensat çıxarılır.

Qeyd edək ki, indiyə qədər «Mərhələ-2» çərçivəsində yalnız yatağın şimal cinahından qaz hasilatı həyata keçirilib. BP 2027-ci ilə qədər «Şahdəniz»in qərb, cənub-şərq, cənub-qərb və şimal-şərq cinahlarında quyuları mərhələli şəkildə istismara verməyi planlaşdırır.

2006-cı ildə yatağın işlənməsinə başlanandan bəri keçən bütün dövr ərzində burada 147 milyard kubmetrdən çox qaz çıxarılıb ki, bunun da 100 milyarddan çoxu ixrac edilib, həmçinin yataqdan 33 milyon ton kondensat çıxarılıb.

Yeri gəlmişkən, BP-nin son hesablamasına görə, dünyanın ən böyük qaz ehtiyatına malik ölkələri sırasına Rusiya (37,4 trilyon kubmetr), İran (32,1), Qətər (24,7), Türkmənistan (13,6) və ABŞ (12,6) daxildir.

MDB ölkələrinin toplam qaz ehtiyatları 2020-ci ilin sonuna 56,6 trilyon kubmetr olaraq qiymətləndirilir, o cümlədən Qazaxıstan - 2,3 trilyon kubmetr, Özbəkistan - 0,8 trilyon kubmetr ehtiyata malikdir.

Eyni zamanda şirkətdən verilən məlumata görə, Azərbaycanın qaz ehtiyatları 2020-ci ilin sonuna 2,5 trln. kubmetr olub. Ölkəmizin payına "mavi" yanacağın bütün dünya ehtiyatlarının 1,3%-i düşür. Bununla belə, Xəzər dənizinin Azərbaycan sektorunda yeni "Şəfəq-Asiman" qaz yatağının kəşfi və Abşeron arxipelağının dayaz sularında (Shallow Water Absheron Peninsula, SWAP) karbohidrogen yataqlarının axtarışı nəzərə alınsa, yaxın 1-2 ildə bu göstərici artım istiqamətində dəyişə bilər.

 

Yeni resurslar axtarışında  

Bu ilin avqust ayında Xəzər dənizinin Azərbaycan sektorunda SOCAR və BP şirkətləri Abşeron arxipelağının dayaz sularında ilk kəşfiyyat quyusunu qazmağa başlayıblar. İşlər üzən «Satti» qazma qurğusu ilə aparılır və iki ay çəkəcəyi gözlənilir. BP qazma nəticələrinə görə neft ehtiyatları kəşf etməyi gözləyir. Bütünlükdə, şirkət SWAP layihəsi çərçivəsində üç kəşfiyyat quyusu qazmaq niyyətindədir.

"Bu kəşfiyyat quyusunun qazılmasında əsas məqsəd müqavilə sahəsinin sonrakı potensial inkişafı üçün karbohidrogenlərin mövcudluğunu təsdiq etməkdir. İkinci kəşfiyyat quyusunun, təxminən, 4 min metr dərinlikdə karbohidrogen ehtiyatlarını aşkarlaması planlaşdırılır. Abşeron arxipelağının dayaz sulu cənub-şərq perspektivli sahəsində üçüncü kəşfiyyat quyusunun qazılmasına ikincinin tamamlanması ilə başlanacaq”, - deyə SWAP operatoru olan və layihədə SOCAR-la birlikdə 50% paya malik BP qeyd edir.  

Çox güman ki, kəşfiyyat qazma işlərinin nəticələri heç də məyusedici olmayacaq, çünki prosesdən əvvəl gərgin iş görülüb və müqavilə sahəsi seysmik kəşfiyyat aparılmaqla öyrənilib, həmçinin quyuların yerləşdirilməsi üçün ən optimal yerlərin seçilməsi üzrə digər tədqiqatlar aparılıb. Amma gözləntilərin nə qədər özünü doğruldacağı artıq oktyabrda bəlli olacaq (əslində, az qala ikinci “Azəri”-“Çıraq”-“Günəşli”nin açılışını gözləyirlər).

Paralel olaraq, şirkət başqa bir Xəzər blokunda - «Şəfəq -Asiman»da kəşfiyyat qazma işlərinin nəticələrini öyrənməyə davam edir. Qazma işlərinin nəticələri ilə bağlı dəqiq rəqəmlər hələ bildirilməyib. SOCAR-la birgə bəyanatda yalnız kəşfiyyat işinin uğurla aparıldığı və ilk qaz-kondensat yataqları aşkarlandığı bildirilir. Yatağın ehtiyatlarının tam müəyyən edilməsi üçün şirkətlər daha bir qiymətləndirmə quyusunun texniki layihələndirməsini həyata keçirəcəklər. Ancaq yeni yataqların kəşf edilməsi faktı sevindirməyə bilməz – axı, bu, Azərbaycanın təsdiq edilmiş ehtiyatlarının həcmini artırmağa imkan verəcək ki, bu da CQD və onun son halqası olan TAP boru kəməri üçün əlavə xammal mənbəyi ola bilər.

Bu məqsədlə, yeri gəlmişkən, başqa bir Xəzər yatağının – “Dostluğ”un (“Dostıq”) Türkmənistanla birlikdə işlənməsi planlaşdırılır. İşlər bu layihə ilə bağlı müqavilə bağlamağa qədər irəliləməsə də, müəyyən irəliləyiş var. Hər iki ölkənin parlamentləri bu ilin yanvar ayında "Dostluq" yatağında karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı və işlənməsi ilə bağlı Bakıda imzalanan hökumətlərarası Memorandumu artıq təsdiq ediblər. 2021-ci il iyul ayının sonunda Aşqabadda Türkmənistan və Azərbaycan nümayəndə heyətlərinin iki günlük görüşü keçirilib və görüşdə memorandumun praktiki olaraq həyata keçirilməsi üzrə konkret addımlar müzakirə edilib. Türkmənistan tərəfinə "Türkmənqaz" dövlət konserninin sədri Batır Amanov, Azərbaycan tərəfinə isə energetika naziri Pərviz Şahbazov rəhbərlik edib.

"Xüsusi diqqət tərəfdaşların cəlbi üzrə birgə işlərin gücləndirilməsinə, həmçinin perspektivli hökumətlərarası sənədin uğurla həyata keçirilməsinə yetirildi",- deyə Türkmənistan Xarici İşlər Nazirliyi bildirib.

Bu mövzu Türkmənistan, Türkiyə və Azərbaycan liderlərinin bu il keçirilməsi gözlənilən üçtərəfli görüşünün nəticələri üzrə də davam etdirilə bilər. Sammit əvvəlcə avqust ayında planlaşdırılırdı, lakin sonra Türkiyənin bir neçə əyalətində insan tələfatı və dağıntılarla nəticələnən meşə yanğınları səbəbindən təxirə salınıb.

Bununla yanaşı, artıq Rusiyanın "LUKoil" şirkəti də "Dostluq" layihəsində iştirak etmək üzrə marağını səsləndirib. “Artıq «Dostluq»la bağlı məsləhətləşmələr aparılır, hökumətlərarası saziş hazırlanır. Operator olmaq istərdik, payımızın nə qədər olacağını hələ bilmirik", - deyə şirkətin prezidenti Vahid Ələkbərov jurnalistlərlə söhbətində bildirib.

Mütəxəssislərin fikrincə, «Dostluq» yatağının ehtiyatları 50 milyon ton neft səviyyəsində qiymətləndirilir. Uzun illər bu yataq mübahisəli sayılırdı: Aşqabad onu "Sərdar" adlandırırdı və özününkü hesab edirdi. Azərbaycan tərəfi isə bu yatağı "Kəpəz" adlandırırdı və ona məxsusluğunda israrlı idi.

Maraqlıdır ki, daha öncə mübahisəli olan bu Xəzər yatağının belə bir formatda işlənməsi Azərbaycan, Türkmənistan və Rusiya arasında Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi üzrə əməkdaşlığın ilk nümunəsi ola bilər və enerji bazarında tərəflərin hər birinin mövqeyini xeyli gücləndirə bilər. Layihənin gerçəkləşdirilməsinin açıq dividendlərinə əlavə olaraq, Rusiya “LUKoil” vasitəsilə Cənub Qaz Dəhlizinin güclərinə çıxış əldə edə bilər, Türkmənistan öz qazını Avropa bazarına ixrac etmək üçün birbaşa marşrut qazanar, Azərbaycan isə Türkmənistan qazının tranziti hesabına Şərqi Qərblə birləşdirən bir qaz habına çevriləcək.

 

Artım proqnozu

«UBOC» şirkəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorundakı «Ümid» qaz-kondensat yatağında yeni U1-18 quyusunun istismara verilməsi ölkənin qaz sənayesi üçün digər önəmli hadisə oldu.

“Ümid” layihəsi Azərbaycanın yanacaq-enerji balansının tənzimlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Onun icrası uğurla davam edir. «Ümid»də U1-18 quyusunun qazılması COVID-19 pandemiyasına təsadüf etdiyindən təhlükəsizlik tədbirləri gücləndirildi və fasiləsiz işi təmin etmək üçün xüsusi nəzarət sistemi yaradıldı", - deyə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, «Ümid-Babək» dəniz blokunun işlənmə səmərəliliyinin artırılması üçün əvvəllər qazılmış quyuların optimallaşdırılması gerçəkləşdirilib, həmçinin yeni quyuda tədqiqat işləri aparılıb. Bu, «Ümid-1» platformasındakı quyulardan gündəlik qaz hasilatı potensialını mərhələli şəkildə 0,75 milyon kubmetrdən 3 milyon kubmetrə, gündəlik kondensat hasilatı potensialını isə 120 tondan 500 tona qədər artırmağa imkan verib.

Hazırda sözügedən platformadan gündə 3,1 milyon kubmetr qaz və 500 ton kondensat hasil olunur. Yeni quyunun qazılmasının başa çatdırılması və istismara verilməsi ilə platformanın maksimum hasilat potensialı gündə 6,7 milyon kubmetr qaza və 950 ton kondensata qədər artıb.

"Gözlənildiyi kimi, istehsal potensialının belə bir həcmi SOCAR-ın Xəzər dənizində işlətdiyi platformalar arasında ən yüksək olacaq", - deyə şirkətdən bildirilib.

Hələ ki, "Ümid-1" yatağının işlənməsi birinci mərhələ çərçivəsində aparılır. Növbəti mərhələdə daha bir hasilat platforması «Ümid-2»nin quraşdırılması planlaşdırılır.

Bundan başqa, şirkət ehtiyatların "Ümid" yatağının ehtiyatlarından 2 dəfə çox olan «Babək» strukturunda kəşfiyyat-qazma işləri aparmağı planlaşdırır ("Ümid"də 200 milyard kubmetr qaz və 30 milyon ton kondensat olduğu halda, «Babək»də 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat olduğu düşünülür).

Ancaq gerçəkləşdirilməsini gözləyən layihələr nəzərə alınmaqla, qaşıda duran işlər bununla bitmir: "D-230", "Dan-Ulduzu-Əşrəfi", "Aypara", "Qarabağ", "Abşeron" yataqlarının işlənməsi yeni quyuların qazılmasını, hasilat və qaz ötürmə infrastrukturunun tikintisini tələb edir.

Yeri gəlmişkən, «Rystad Energy» şirkəti Azərbaycanın neft sektorunda 2022-ci ildən sonra qazma və servis xidmətləri bazarının böyüyəcəyini gözləyir. Eyni zamanda şirkət hesab edir ki, 2022-ci ildə ölkənin qurudakı yataqlarında neft və qaz qazma işlərinin həcmi 22 milyon dollar, dənizdə isə 1 milyard dollar təşkil edəcək. 2030-cu ildə bu göstəricilərin quruda 35 milyon dollara, dənizdə isə 1,6 milyard dollara çatacağı gözlənilir.  

Bundan əlavə, «Rystad Energy»nin qiymətləndirməsinə görə, 2022-ci ildə Azərbaycanın neft və qaz sektorunda əmtəə və xidmətlərin həcmi quruda 99 milyon dollar, dənizdə isə 1,3 milyard dollar təşkil edəcək. 2030-cu ildə bu göstəricilərin uyğun olaraq 163 milyon dollara və 1,6 milyard dollara yüksələcəyi gözlənilir.

SOCAR-ın özündə bu cür qiymətləndirmələrlə razılaşırlar və qeyd edirlər ki, qazma və servis işləri bazarının proqnozlaşdırılan genişlənməsi həm mövcud yataqlarda neft və qaz hasilatının sabitləşdirilməsi əməliyyatları, həm də kəşfiyyat işlərinin artırılması yolu ilə baş verəcək.

 

İran qazı

Eyni zamanda İran da Xəzərdə bir sıra iri kəşflər edib. «Khazar Exploration and Production» (KEPCO) neft və qaz şirkəti avqustun 24-də bildirib ki, Xəzər dənizinin İran sektorunda nəhəng təbii qaz yatağı kəşf edilib və yataq «Çalus» ("Chalous") adlandırılıb. Yatağın ehtiyatları, təxminən, 3,55 trilyon kubmetr qiymətləndirilir.

"Əgər ilkin hesablamalar təsdiqlənərsə, Xəzərin İran sektoru yaxın gələcəkdə Avropaya qaz ixracında önəmli rol oynaya bilər. Belə olan halda, İranın yeni qaz habı şimalda yaradılacaq. Bu, ölkənin Avropaya regional qaz ixracatında 20 faizlik paya malik olmasına imkan verəcək”, - deyə KEPCO rəhbəri Əli Osuli bildirib.

KEPCO-dan bildirirlər ki, «Chalous» Xəzər dənizində «Alborz» layihəsindən sonra ikinci ən böyük təbii qaz yatağıdır. Əldə olunan məlumatlara əsasən, bu strukturda yetərincə neft ehtiyatları da ola bilər.

Bir sıra ekspertlərin fikrincə, iri yataqların çoxunun ölkənin cənubunda və Fars körfəzində yerləşdiyinə görə İranın şimalında dünya bazarlarına qaz ixrac etmək üçün lazımi infrastruktur yoxdur. Lakin Tehran Cənub Qaz Dəhlizinə qoşulmaqla bu problemi heç bir əlavə xərc ödəmədən həll edə bilər. Hətta o vaxta qədər Azərbaycan boru kəmərini öz qazı ilə doldurmağı bacarsa belə, Cənub Qaz Dəhlizinin tutumu artırıla bilər ki, bu, layihədə nəzərdə tutulub. Bu vəziyyətdə Azərbaycanın İran qazından istifadə etməsi Türkmənistan qazı ilə müqayisədə daha asan olacaq.  

Düzdür, unutmaq lazım deyil ki, İran hələ də ABŞ -ın sanksiyaları altındadır və yaxın gələcəkdə onların yumşaldılması perspektivi yoxdur. Buna baxmayaraq, vəziyyət dəyişə bilər və bu layihə Bakı ilə Tehran arasında qaz əməkdaşlığını genişləndirmək üçün yaxşı bir fürsətə çevrilə bilər. Hazırda bu əməkdaşlıq əsasən Naxçıvan Muxtar Respublikasının qaza tələbatını ödəmək üçün svop əməliyyatları ilə məhdudlaşır.



MƏSLƏHƏT GÖR:

159