16 Aprel 2024

Çərşənbə axşamı, 22:37

BÖYÜK GÜCLƏRİN ƏFQANISTAN TƏLƏSİ

“Tələbələr” bu dəfə neçə il hakimiyyətdə qala biləcəklər?

Müəllif:

01.09.2021

Taliban 20 il əvvəl itirdiyi Əfqanıstanı 9 gün ərzində yenidən ələ keçirdi. Avqustun 6-da Əfqanıstanda ilk əyalət mərkəzini ələ keçirən talibançılar 9 gündən sonra avqustun 15-də artıq Kabildə idilər. Ölkəni birinci tərk edənlərdən biri də prezident Əşrəf Qəni oldu. Onun gedişi ilə faktiki olaraq hakimiyyət Talibana keçmiş oldu.

Hazırda Taliban faktiki olaraq Əfqanıstanın bütün ərazilərinə nəzarət edir. Ölkənin 34 əyalətindən yalnız şimaldakı Pəncşir əyaləti Talibana tabe olmayıb. Şimal-şərqdə əsasən taciklərin çoxluqda yaşadığı Pəncşir daha çox Şimal Alyansının keçmiş liderlərindən olan Əhməd şah Məsudun vətəni hesab olunur. Hazırda Pəncşirdə möhkəmlənən Əhməd şah Məsudun oğlu Əhməd Məsud Talibana müqavimət göstərəcəyini bildirib. Oğul Məsud bildirib ki, artıq digər vilayətlərdən keçmiş hökumət qüvvələrinin qalıqları ona qoşulmaq üçün Pəncşirə gəlir. Onların arasında vitse-prezident

Əhməd Məsudun müqavimət çağırışından sonra digər regionlarda da silahlı toqquşma xəbərləri gəlməyə başlayıb. Kabilin şimalında əsasən taciklərin yaşadığı Bağlan vilayətində Talibanla yerli əhali və keçmiş hökumət qüvvələri arasında toqquşma baş verib. Nəticədə 300 Taliban döyüşçüsü öldürülüb, Bağlanın 3 rayonu Pule Hisar, Deh Salah və Andarab rayonları Taliban əleyhdarı qüvvələrin nəzarətinə keçib. 3 rayonda təxminən 100 minə yaxın insan yaşayır. Bundan başqa Kabil, Pərvan, Kapisa, Maydan Vardak əyalətlərində silahlı müqavimət göstərən qruplar haqqında məlumatlar var.

Taliban isə istənilən halda bütün ölkəni nəzarət altına alacaqlarını bildirib. Hərəkatın sözçüsü Məhəmməd Naim bildirib ki, Pəncşirdə və digər ərazilərdəki müqavimət qrupları ilə ya dialoq əldə olunacaq, ya da güc tətbiq olunacaq.

Sərt dağlıq ərazilərdən ibarət olan Pəncşir 1980-ci illərin əvvəllərində SSRİ hərbi qüvvələrinə ciddi müqavimət göstərib və ağır zərbə vurub. Əhməd şah Məsud məhz bu müqavimətdən sonra məşhurlaşıb. Onun oğlunun Talibana nə qədər müddət müqavimət göstərəcəyi bəlli deyil. ancaq aydındır ki, sərt dağlıq rayonda Taliban da ciddi çətinlik çəkəcək. Lakin eyni zamanda Əhməd Məsud Talibanın radikalizmdən imtina etməsi və keçmiş hakimiyyətlə dialoqa girib hakimiyyət bölgüsünə gedəcəyi təqdirdə vuruşmağı dayandıra biləcəyinə işarə edib. Yeri gəlmişkən, general Rəşid Dostumun oğlunun rəhbərlik etdiyi özbəklərdən ibarət hərbi birləşmə də Pəncşirə gedərək oğul Məsuda dəstək verib.

Məlum olduğu kimi, 1996-cı ildə Əfqanıstanın koalisiya hakimiyyətini məğlub edərək hakimiyyəti ələ keçirən Talibana qarşı “Şimal Koalisiyası” uzun müddət müqavimət göstərdi. Lakin bu dəfə daha tədbirli davranan Taliban ilkin olaraq Əfqanıstanın qonşu ölkələrlə sərhəd ərazilərini nəzarətə götürdü. Yəni indi müqavimət qruplarının xarici bağlantı olmadan uzun zaman Talibanla vuruşması mümkün deyil.

 

Dünyaya mesajlar

Siyasi immunitet qazanmağa çalışan Taliban daxildə barışıq mesajı verməklə yanaşı dünya tərəfindən qəbul olunmağa çalışır. Əgər bu baş versə, o zaman yəqin ki, Talibanın digər silahlı qruplarla dialoq quraraq Əfqanıstan üzərində hakimiyyətini bərqərar etməsi çətin olmayacaq.

Hələliksə, Taliban dünyanı sakitləşdirməyə çalışır. Çünki Əfqanıstanın qanuni hakimiyyəti kimi tanınması üçün Talibana hazırda dünya birliyi tərəfindən tanınması və qəbul olunması lazımdır. Bu səbəbdən də Kabilə daxil olduğu ilk gündən Taliban liderləri sülh və barışıq vədi verirlər. 90-cı illərdə Əfqanıstanda daha çox qadınlara qoyulan sərt qadağaları ilə məşhurlaşan Taliban indi artıq 20 il əvvəlki təşkilat olmadığını, dəyişdiyini nümayiş etdirməyə çalışır. Kabili ələ keçirdikdən sonra təşkilat liderləri qadınların təhsil hüquqlarının qorunacağı, qadınların küçəyə yalnız çıxa biləcəyini, eyni zamanda qadın həkimlərin, televiziya aparıcılarının işlərinə davam edəcəyini açıqlayıb. Lakin eyni zamanda Kabil küçələrində qadın rəsmləri olan reklam plakatlar yığışdırılıb.

Hazırda Talibanın Əfqanıstanın bütün sərhəd məntəqələrini ələ keçirdiyi üçün ölkədən çıxış yalnız hava yolu ilə mümkündür. Bu səbəbdən də Kabil beynəlxalq hava limanı həm əcnəbilər, həm də Talibandan sonra ölkədən qaçmaq istəyən əfqanıstanlılarla dolub daşır. ABŞ hökuməti İyul-avqust ayı boyunca rəsmi Vaşinqtonun qeyd etdiyi kimi, ABŞ-ın “Əfqanıstanda 20 illik hərbi mövcudluğu boyunca onlara yardım edən əfqanları” 60 təyyarə ilə evakuasiya edib. digər ölkələr də Əfqanıstandakı hərbi qüvvələrini, o cümlədən mülki vətəndaşlarını ölkədən çıxarır. Çünki vəziyyət həddən artıq mürəkkəbdir və Əfqanıstanda qalan insanların həyatı üçün risk yüksəkdir.

Hazırda Əfqanıstanla bağlı əsas suallardan biri bu ölkədəki xarici hərbi kontingentin taleyidir. Bilindiyi kimi, 2002-ci ildən etibarən bir çox ölkələr, o cümlədən, Azərbaycan Əfqanıstanda sülhyaratma missiyasında iştirak edib. Müxtəlif ölkələrin Əfqanıstan ərazisində fərqli sayda hərbi birləşmələri var. 2020-ci ildə əldə olunan Doha razılaşması və bu ilin əvvəlində ABŞ prezidenti Cozef Baydenin imzaladığı qərara əsasən ABŞ qüvvələri, eləcə də digər ölkələrin hərbi birlikləri 1 sentyabra qədər ölkəni tərk edəcək. Taliban artıq bəyan edib ki, təyin olunan vaxtdan sonra ölkə ərazisində xarici ölkə hərbi birləşməsinin qalmasına imkan verməyəcək.

Lakin yuxarıda da qeyd etdiyimiz kimi, hazırda Taliban üçün əsas mövzu yeni hökumətin qurulması və dünya birliyi tərəfindən tanınmaqdır. Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzay, keçmiş daxili işlər naziri və Milli Saziş Şurasının sədri Abdullah Abdullah, eləcə də keçmiş baş nazir, Hizbi-İslami təşkilatının lideri Gülbəddin Hikmətyar kimi ölkənin nüfuzlu hərbi-siyasi liderləri ilə danışıqlar aparan Taliban dünya ölkələrinin dəstəyini almaq üçün birlik hökuməti qurmağa çalışır. Lakin aydın məsələdir ki, indi Talibanın Əfqanıstanda hakimiyyətini bərqərar etməsi və legitimləşməsi bir neçə regional və dünya gücü dövlətin mövqeyi xüsusi əhəmiyyət kəsb edəcək.

Kabili ələ keçirdiyi ilk gün Taliban liderləri Əfqanıstanda seçkilər keçirəcəyini bəyan etsələr də, aparılan siyasi müzakirələr və mesajlardan belə görünür ki, Taliban Əfqanıstanda Qərb modelli prezident institutunu qoruyub saxlamaqda maraqlı deyil. Qərb mediası isə Talibanın Əfqanıstanı ali hakimiyyət orqanı kimi İdarə Şurası yarada biləcəyini yazıb. Şura ideyası həm digər siyasi-hərbi qrupları sakitləşdirmək (bu qrupların nümayəndələri Şuraya daxil edilə bilər – K.R.), həm də beynəlxalq aləmi sakitləşdirmək üçün uyğun format kimi görünür. Çünki seçki mövcud vəziyyətdə real deyil. Üstəlik Taliban özü də bu modelə hazır deyil.

 

“Lehinə” və “Əleyhinə”

Bu ölkələr ABŞ, Rusiya, eləcə də Əfqanıstanın qonşuları olan Rusiya, Çin, İran, Pakistan və Hindistandır. Rusiya son iki ildə Talibanla danışıqlar aparır. İki il əvvəl Əfqanıstan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 100 illiyi münasibəti ilə Moskvada keçirilən tədbirlərə Taliban təmsilçiləri də qatıldı. Rusiyanın SSRİ qədər Əfqanıstana “enmək” istəyi olmasa da, Moskva üçün hazırda əsas məsələ Talibanın Orta Asiyaya mümkün təsiridir. Çünki Orta Asiya respublikalarında radikal islam “ocaqları” çox güclüdür. 2005-ci il Özbəkistan hadisələri göstərdi ki. Orta Asiyada hər an radikal islam partlayışı ola bilər. Hazırda təkcə Özbəkistanda deyil, Tacikistanda da ciddi bir radikal islam təhdidi var. Rusiya ehtiyat edir ki. Əfqanıstanda Talibanın qələbəsindən sonra regionda islamçı hərəkatlar fəallaşacaq. Və növbəti mərhələdə Orta Asiya respublikaları üçün təhlükə yaranacaq. Moskvanı Talibanla danışıqlara sövq edən budur. Digər tərəfdən, Əfqanıstanda son illərdə “lövbər atan” İŞİD daha böyük təhdid yaradır və Moskva qlobal “xilafət” hədəfi elan edən İŞİD-ə qarşı milli islamçı təşkilat olan Talibanla masaya oturmanı daha məqbul hesab edir. Talibanın ilk növbədə sərhədləri götürərək qonşu ölkələrə sabitlik vəd etməsinin bir səbəbi də məhz bu narahatlıq idi. Lakin bu təminatın nə qədər uzunömürlü olacağını demək çətindir. Çünki təcrübəyə əsasən bu cür islamçı hərəkatların qələbəsi digər, əsasən də qonşu müsəlman ölkələrində islamçı qruplara ciddi stimul verir.

Talibanın ikinci həssas qonşusu İrandır. 1996-cı ildə Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban o zaman əsas müxalif qruplardan olan etnik türk olan şiə Hazaralara qarşı amansız cinayətlər törədib. Bu səbəbdən də Tehranın Talibana qarşı münasibəti soyuq olub. Lakin ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsindən sonra Talibanın İranla münasibətləri yumşalıb. Burda hər iki tərəf maraqlı olub. İndi də Taliban İranla normal münasibətlər quracağını bəyan edib, hətta Kabildə şiələrin Məhərrəmlik mərasimlərinə icazə verməklə tolerantlığını nümayiş etdirib. Əgər birinci hakimiyyət dövründə Taliban İranın Məzari-Şərif şəhərindəki konsulluğuna hücum edərək 11 konsullqu əməkdaşı və 1 iranlı jurnalisti qətlə yetirmişdisə, bu dəfə eyni konsulluğa gələn Taliban silahlıları İranla dostluq mesajları verərək konsulluğun fəaliyyətinə mane olmayacaqlarını bildiriblər. Lakin Tehran bütün bunlara rəğmən ehtiyatlılıq nümayiş etdirir. Çünki növbəti mərhələdə Kabil-Tehran münasibətlərinin kəskin pisləşməyəcəyi ilə bağlı təminat yoxdur.

Yeri gəlmişkən, Taliban Əfqanıstan paytaxtını ələ keçirdikdən cəmisi 10 gün sonra İran bu ölkəyə neft və qaz ixracını bərpa etdi. Bu. Tehranın Talibana əməkdaşlıq jesti hesab oluna bilər.

Əfqanıstanın – Talibanın daha bir qonşusu Çin isə gedişatdan məmnun görünür. Pekin ilk növbədə əsas rəqibi ABŞ-ın Əfqanıstanı tərk etməsindən razıdır. Hətta Çin səfirliyini Kabildə saxlayacağını bəyan etdi. Hələ 1979-cu ildə sovetlərin Əfqanıstana hərbi müdaxiləsi zamanı gizli şəkildə mücahidləri dəstəkləyən Çin Əfqanıstana ordu göndərməsə də, bu ölkədə siyasi proseslərdə yaxından iştirak edir. Əfqanıstan Çin üçün zəngin mineral ehtiyatların mövcud olduğu xammal ölkəsi, yeni bazar və dəhliz ola bilər. Son illərdə Pakistanla yaxınlaşan Pekin bu əlaqələrdən Əfqanıstana nəzarət üçün istifadə edəcək.

Bir çoxlarına görə, Talibanın özəyi 1980-90-cı illərdə sovet müdaxiləsi zamanı Pakistan hərbi kəşfiyyatının dəstəyi ilə formalaşıb. 2001-ci ildə ABŞ müdaxiləsindən sonra Taliban liderlərinin Pakistana sığınması faktı da bu qənaəti gücləndirirdi. Sovet müdaxiləsi illərində Əfqanıstan müqavimətinin arxa cəbhəsi rolunu oynayan Pakistanın əfqan silahlı qrupları üzərində təsirinin olması möcüzə sayılmamalıdır. Lakin bu təsirin nə qədər həlledici olduğunu zaman göstərəcək. Rəsmi İslamabad isə bu iddiaları təkzib edir. Lakin hər bir halda Pakistanın “tələbələr” üzərində bu və ya digər formada təsirinin olması mümkündür. Qətərlə yanaşı hazırda Taliban üzərində təsirə malik ikinci dövlət Pakistandır.

Hindistanın Əfqanıstanla birbaşa sərhədi olmasa da, Kabildə bir neçə min hindli icması və Əfqanıstanın zəngin mineral ehtiyatları, o cümlədən litium Əfqanıstanı Dehli üçün cəlbedici edir. Lakin Pakistanla müharibə şəraitində olan Hindistanın Əfqanıstanda nə qədər təsirli olacağını demək çətindir.

Əfqanıstanda 20 illik işğal və ya başqa sözlə, hərbi kampaniyası uğursuzluqla nəticələnən ABŞ hələlik yalnız çəkilməyi planlaşdırır. Prezident Baydenin də dediyi kimi, Əfqanıstanda daha çox qalmaq insan itkisi və xərcdir. Bu səbəbdən də Vaşinqton hər nə qədər superdövlət imicinə zərbə olsa da, Əfqanıstanı tərk etməklə bağlı qərar qəbul elədi. Təbii ki, ABŞ Əfqanıstanla əlaqələrini davam etdirəcək. 2020-ci ildə prezident Trampın göstərişi ilə ABŞ uzun illərdən sonra Talibanla bir masa arxasında oturaraq razılaşma əldə etdi. Bu razılaşma həm də Talibanın yenidən Əfqanıstanda hakimiyyəti ələ keçirməsi üçün əsas verdi. Çox güman ki. Vaşinqton gələcəkdə Talibanın quracağı hakimiyyətlə hansısa formada əlaqələri davam etdirəcək. Çünki Əfqanıstan hələ də Vaşinqton üçün mühüm əhəmiyyətli ölkələrdən biridir.

19-cu əsrdə və 20-ci əsrin əvvəllərində Əfqanıstanla 3 dəfə müharibə edən, lakin uğur qazana bilməyən Böyük Britaniya bu gün ehtiyatlı mövqe sərgiləyir. Ancaq bu, Birləşmiş Krallığın Əfqanıstanda fəaliyyətinin olmadığı mənasına gəlmir. Talibanın Əfqanıstanı ələ keçirməsi Londonda hökumətə qarşı sərt tənqidlərlə müşayiət olundu. Media və siyasətçilər hökuməti uğuruszluqda günahlandırdılar. Kəşfiyyatın Talibanın hərəkəti barədə daha əvvəldən məlumat verməməsi, eyni zamanda müttəfiqlərin (ABŞ-ın) Londona informasiya verməməsi kimi ittihamlar irəli sürülüb.

Lakin bütün bu ittihamlar heç də Londonun Əfqanıstanda passiv müşahidəçi olaraq qaldığını göstərmir. Britaniya Əfqanıstanda iki əsrlik hərbi-siyasi təcrübəsinə əsaslanaraq siyasətini davam etdirəcək. Yeri gəlmişkən, hazırda Talibana qarşı yeganə müqavimət cəbhəsi hesab olunan Pəncşir silahlılarının lideri Əhməd Məsud atası kimi Britaniyaya yaxındır, London Kral Kollecində və London Şəhər Universitetində təhsil alıb. Ən əsası bir qayda olaraq Böyük Britaniyanın vassal ölkələrinin liderlərinin təhsil aldığı “Sandhurst” Kral Hərbi Akademiyasında təhsil alıb. Əhməd Məsud Avropaya mesajlar göndərərək dünyəvi, “qadınların daha azad yaşadığı bir ölkə qurmaq üçün” dəstək istəyir. Müşahidəçilərə görə, Əfqanıstan Milli Müqavimət Cəbhəsi yaratdığını elan edən Əhməd Məsudun üzərində, Avropa, xüsusən də Londonun təsiri böyükdür. Bu isə artıq indidən Britaniyanın Əfqanıstanda ciddi rıçaqlarının yarandığını göstərir.

Hazırkı hadisələr fonunda Əfqanıstanda qabarıq görünən daha bir ölkə Türkiyədir. Ankara digər dövlətlərlə müqayisədə Əfqanıstanda yeni oyunçu olsa da, etnik və dini baxımdan Əfqanıstanda bütün tərəflərin etimad etdiyi ölkədir. Üstəlik Ankaranın Pakistan və Qətər vasitəsilə Talibana çıxış imkanları var. Digər tərəfdən, son 20 ildə Əfqanıstanda hərbi kontingenti olan Türkiyənin bu ölkədə müəyyən fəaliyyətləri olub. Ən əsası yerli xalqların, o cümlədən Talibanın əsas dayağı hesab olunan puştunların Türkiyəyə münasibəti normaldır.

Lakin bütün bunlarla yanaşı risklər də var. Çünki Taliban üzərində təsiri olan digər ölkələrin Türkiyəni sıxışdırmaq, yaxud da “əfqan bataqlığına” çəkməsi mümkündür. Bu isə Ankara üçün ciddi riskdir. Bu məsələnin daha bir mürəkkəb tərəfi Türkiyənin NATO çətiri altında Əfqanıstanda olması və ordunu təmin etmək üçün xarici maliyyə dəstəyinə ehtiyacın olmasıdır. Türkiyənin NATO ölkəsi kimi Əfqanıstanda mövcudluğu Talibanın müqaviməti ilə qarşılaşa bilər. Bu səbəbdən də Ankara daha ehtiyatlı şəkildə Əfqanıstanda hərbi-siyasi mövcudluğunu qoruyub saxlamağa çalışır. Təbii ki, bu mövzuda Türkiyə daxilindəki siyasi qüvvələrin müqaviməti də rol oynayır. Keçirilən ictimai rəy sorğularında böyük çoxluq ordunun Əfqanıstandan çıxarılması tərəfdarıdır.

Nəticə etibarı ilə Əfqanıstan hazırda daha bir xaos və qarışıqlıq dövrünü yaşayır. Lakin bugünkü mənzərə 1996-cı ildəki Talibanın işğalı ilə müqayisə etmək olmaz. Proseslər onu göstərir ki, 90-cı illərdən fərqli olaraq Taliban daha çox siyasi legitimlik qazanacaq. Lakin eyni zamanda Talibana qarşı savaşan silahlı müqavimət də dəstəklənəcək. Bununla da Taliban həm də təzyiq altında saxlanılacaq. “Tələbələrin” bu cür daxili və xarici təzyiq altında necə dayanacağını isə zaman göstərəcək.



MƏSLƏHƏT GÖR:

154