28 Oktyabr 2021

Cümə axşamı, 00:17

VALYUTA

«SİYASİ ŞAPALAQLAŞMA»NIN VERDİYİ DƏRSLƏR

Ermənistan parlamentində baş vermiş yumruq davası, sadəcə, növbəti insident deyil, Ermənistan dövlətçiliyi üçün ciddi təhdiddir

Müəllif:

01.09.2021

Parlamentdə yeni hökumətin proqramının təqdim olunması apriori birinci dərəcəli əhəmiyyətə malik şadisədir. Belə vəziyyətlərdə baş nazirdən dəqiq vədlər, oriyentirlər və proqnozlar, komandasından isə ümumi istiqamətlərin detallaşdırılmasını gözləyirlər.

Bu gün Ermənistan parlamentində 3 siyasi qüvvə təmsil olunur. Ali qanunverici orqandakı 107 mandatdan 71-i Paşinyanın «Vətəndaş müqaviləsi» partiyasından olan silahdaşlarına aiddir. Robert Koçaryanın tərəfdarları ilə daşnakları özündə birləşdirən «Ermənistan» alyansı parlamentdə 29, «Şərəfim var» bloku isə cəmi 7 nəfərlə təmsil olunur. İlk baxışdan, Nikol Paşinyan bu vəziyyətdə özünü son dərəcə rahat hiss etməli, müxalifətdən çəkinməməlidir. Amma bu, ilk baxışdan belədir. Parlamentin avqustun 24-də keçirilmiş iclası da bunu təsdiqləyib. Həmin iclasda deputatların və parlamentin təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə baş vermiş yumruq davası hazırda istər Ermənistanda, istərsə də ölkədən kənarda ciddi müzakirə mövzusudur.

 

Parlamentdə yumruq davası

Hər şey «Şərəfim var» blokunu təmsil edən Anna Mkrtçyanın çıxışı zamanı başlayıb. Bu siyasi blok Nikol Paşinyana sərt müxalifətdədir. Onun özəyini Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, «Vətən» partiyasını yaratmış Artur Vanetsyan ilə eks-prezident Serj Sarqsyanın Respublika Partiyasının tərəfdarları təşkil edir (doğrudur, Sarqsyan özü parlament seçkisinə qatılmaqdan imtina edib).

Mkrtçyan kütlənin gözləntilərini artıqlaması ilə doğruldub. O, baş nazirə suallar ünvanlamaqdansa, onun yanlışlarını saymağa başlayıb. Daha sonra deputat Paşinyan parlamentin iclas zalına həddindən artıq çox mühafizəçi ilə gəlməkdə təqsirləndirib. Bir müddət sonra Paşinyanın «Vətəndaş müqaviləsi» partiyasından olan deputatlar yerlərindən qışqırmaqla Mkrtçyana cavab verməyə çalışıblar. Amma bu, nəinki xanım deputatı dayandırmayıb, o, baş naziri «təslimçi» adlandırıb. Bu yerdə artıq spiker Alen Simonyan dözməyib və deputatın mikrofonunu söndürüb. «Söz atışması» bundan sonra da dayanmayıb və belə olan təqdirdə, Simoyan Anna Mkrtçyandan iclas zalını tərk etməsini istəyib. Yeri gəlmişkən, spiker bununla erməni demokratiyasının mahiyyətini də ortaya qoyub. Mkrtçyan bu tələbə əməl etmədikdə Simonyan mühafizəçiləri çağıraraq onlara fitnəkarı zaldan çölə atmağı tapşırıb. Xanım deputatın köməyinə silahdaşları gəlib…

Parlament binasındakı yumruq davasının videosu sosial şəbəkələrdə reklam virusu sürətilə yayılıb. Müxalifətçi «Hayastan» («Ermənistan») blokundan olan deputat Artsvik Minasyan keçirdiyi brifinqdə bildirib ki, parlamentdəki qarışıqlıq zamanı təhlükəsizlik xidmətinin əməkdaşları onun başına və ayaqlarına zərbələr endirib, köynəyini cırıblar. O, məsələyə aydınlıq gətirilməsini tələb edib.

Lakin Nikol Paşinyan mühafizəçilərinin xətrinə dəyməyib. Baş nazir baş verənləri şərh edərkən onlara «vəzifə borclarını» yerinə yetirdikləri üçün təşəkkürünü bildirib. Bununla yanaşı, Paşinyan bildirib ki, o, təhlükəsizlik xidməti əməkdaşlarına «təsadüfən ayaqyolunda heç kimi döyməməyi» tapşırıbmış. «Daşnaksütyun» fraksiyasına müraciət edən baş nazir çoxdan baş vermiş bir qalmaqalı xatırladıb: «Cinayətdən danışırsınızsa, hazırda partiyadaşınız Poqos Poqosyanın «Poplavok» restoranının tualetində qətlə yetirilməsi ilə bağlı proses gedir. On ildir partiyadaşınızın ayaqyolunda döyülərək öldürüldüyünü bildirirsiniz».

Söhbət 2001-ci ilin sentyabrında İrəvandakı «Poplavok» kafesində baş vermiş və ciddi səs-küyə səbəb olmuş insidentdən gedir. O zaman Ermənistanda xristianlığın qəbulunun 1700 illiyi keçirilirdi. Bu münasibətlə ölkəyə xeyli sayda tanınmış qonaq gəlmişdi və «Poplavok» restoranında ulduz qonaqların iştirakı ilə konsert gözlənilirdi. Həmin vaxt Ermənistana rəhbərlik edən Robert Koçaryan da konsertə qatılmaq qərarına gəlmiş, oraya Şarl Aznavuru da dəvət etmişdi. «Poplavok» İrəvanda «demokratiya adası» sayılırdı və bu üzdən, oraya insanların siyahı ilə, xüsusi buraxılışla buraxılmasından söhbət gedə bilməzdi. Nəticədə, qonşu Gürcüstandan olan daşnaklar da prezidentlə yanaşı dayanmaq imkanı qazanmışdılar. Xatırladaq ki, onların lideri olan Poqos Poqosyan həmin illərdə Koçaryanın ünvanına sərt atmacaları ilə tanınırdı. İnsidentə dəqiq nəyin səbəb olduğu bilinmir. Bəziləri deyir ki, hər şey onun prezidentə «Salam, Rob!» deməsi ilə başlayıb. Digər versiyaya görə isə Poqosyan Koçaryana «türk oğlu» deyibmiş. İstənilən halda, konsertin gedişində Koçaryanın mühafizəçiləri Poqosyanı «iki kəlmə söz demək üçün» ayaqyoluna aparıblar və oradan onun meyiti tapılıb.

Hakim «Vətəndaş müqaviləsi» fraksiyasının deputatları ilə müxalifətçi «Ermənistan» və «Şərəfim var» təmsilçiləri arasında daha bir dava parlamentin 25 avqustda keçirilmiş iclasında baş verib. Səbəb hakim partiyadan olan Ayk Sarqsyanın bütün müdafiə nazirlərini satqın adlandırması olub. O, həmin nazirlərin dövründə insanların pul müqabilində hərbi xidmətdən yayındıqlarını bildirib.

«Hesab edirəm ki, hərbi xidmətdən pul müqabilində yayınmağın mümkün olduğu dövrlərdə çalışmış bütün müdafiə nazirləri vətən xainləridir», - deyə Sarqsyan qeyd edib. Bu zaman sabiq müdafiə naziri, «Ermənistan» fraksiyasının rəhbəri Seyran Ohanyan su butulkasını həmkarına atıb və bununla da, ara yenidən qarışıb.

Ermənistan parlamentində baş verən bu insidentlər və Paşinyanın onların ardından verdiyi açıqlamalar ölkədəki vəziyyəti yeni hökumətin proqramından daha aydın ifadə edir.

 

Yumruqlaşmanın gizli tərəfi

Qadın deputatı mühafizəçilərin köməyi ilə zaldan çıxarmağa yol verilirmi? Ümumiyyətlə, parlamentdə hökumətin proqramını açıqladığı vaxt əlbəyaxa dava düşəndə necə reaksiya verilməlidir? Paşinyan bu suallara cavab verməyib. Əvəzində, yenə Qarabağ klanının simasında «sabiqlər»i hədəf göstərib.

Amma parlamentdə baş vermiş yumruqlaşmalar, ilk növbədə, erməni ictimaiyyətində parçalanmanın nə qədər dərin olduğunu ortaya qoyub. Söhbət Paşinyan tərəfdarları ilə devrilmiş Qarabağ klanının tərəfdarları arasındakı uçurumdan gedir. KİV-də və sosial şəbəkələrdə «irəvanlılar»la «qarabağlılar»ın bir-birlərinə nə qədər nifrət etdiyini göstərən kifayət qədər nümunə var. Cəmiyyətdə bu cür klanlararası bölünmə öz-özlüyündə bir təhlükədir. Üstəlik, bir də əgər onu aşkar şəkildə hakimiyyət «malalayır» … Nikol Paşinyan məhz ölkədəki antiqarabağlı əhvalı ilə oynamağa, bu mənada, son resursundan istifadə etməyə çalışır.

İstənilən halda, Alen Simonyanın Anna Mkrtçyanın replikasına reaksiyasından tutmuş, Nikol Paşinyanın şərhinə, həmçinin Seyran Ohanyanın iştirakı ilə baş vermiş insidentədək baş verən bütün hadisələr bir məqamı aydın şəkildə ortaya qoyur: hazırkı baş nazir üçün «sabiqlər» birbaşa və aşkar təhlükə olaraq qalır. Hamıdan yaxşı Paşinyan bilir ki, siyasət küçələrə axırsa, parlamentdəki kürsülərin sayı o qədər də ciddi əhəmiyyət daşımır. Küçədə isə qarabağlıların Paşinyana qarşı ciddi «hərbi yumruq» qaldırmaq imkanı var. Xüsusilə mümkün çevriliş ictimai rəy tərəfindən də dəstəklənərsə…

 

Parlament, küçə və…

Nikol Paşinyan son parlament seçkisində çoxları üçün gözlənilməz, paradoksal qələbə qazanaraq, parlamentdə çoxluğu ələ keçirib, bununla da, hökuməti təkbaşına qurmaq səlahiyyəti əldə edib. Amma bu, əslində, daha çox qarabağlıların əleyhinə verilən səsdir. Ekspertlər isə xatırladır ki, hələ 2018-ci ildə, nisbətən yaxşı dövrdə Nikol Paşinyanın ilk proqramını «tostlar məcmuəsi» adlandırırdılar. İndi onun yeni komandası daha çətin işlərin öhdəsindən gəlməlidir. Onsuz da, can üstə olan Ermənistan iqtisadiyyatını müharibə daha da acınacaqlı vəziyyətə salıb. Üstəlik, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarının talan edilməsi kimi «qazanc»dan da məhrum olub. Artıq İrəvanda tərəvəzlərin «görünməmiş həddə» bahalaşdığından danışırlar. Elektrik enerjisi ilə də bağlı narahatlıqlar var: əvvəllər Qarabağdan Ermənistana böyük həcmdə elektrik enerjisi nəql olunurdusa, bu gün İrəvan özü Xankəndini «yemləmək» məcburiyyətindədir. Unutmayaq ki, bu ölkədə hələ «elektromaydan» dövründən elektrik enerjisi təchizatı və generasiya ilə bağlı problemlər var.

Bütün bunlarla yanaşı, Ermənistan üçün daha bir ağrılı proses davam edir. Söhbət onun özünün kapitulyasiyası ilə ortaya çıxmış şərtlərin yerinə yetirilməsindən gedir. Bu, xüsusilə sərhədlərin delimitasiyası, nəqliyyat dəhlizlərinin açılması və sairdir. Demək, baş nazirin mövqeləri zəifləyəcək. Yaxşı halda «birtəhər dözmək» siyasəti seçiləcək. Pis halda gündəmə yenə də xüsusilə Qarabağ istiqamətində populist avantüralar gələcək. İrəvan bu istiqamətdə de-fakto gərginliyə çalışır. Görünür, o, hazırkı vəziyyətdə bunun ümummilli intihar olacağını anlamır.

Müxtəlif ölkələrin parlamentlərində davalar olur. Belə hala Rusiya Dövlət Dumasında da rast gəlinib, Türkiyə Böyük Millət Məclisində də, Ukrayna Radasında da, Gürcüstan parlamentində də. Ermənistan parlamentində isə yumruqlaşma heç də dramatizmin piki deyil. 1999-cu ilin oktyabrında Nairi Unanyanın başçılıq etdiyi beş terrorçu ölkə parlamentində kütləvi qətliam belə, törətmişdi. Lakin avqustun 24-25-də baş verənlər sadəcə, növbəti yumruq davası deyil. Vəziyyət daha qəlizdir. İndi baş verənlər Ermənistan dövlətçiliyi üçün təhdiddir.



MƏSLƏHƏT GÖR:

25